AZE | RUS | ENG |

“Uşaqlığın son gecəsi”ndən işıqlı həyata, aydın səhərə çağırış - Fotolar - Video

“Uşaqlığın son gecəsi”ndən işıqlı həyata, aydın səhərə çağırış - Fotolar - Video
Və ya Bakıya vurğunluğun yaratdığı uğurlu film

Filmlərlə kitabların taleyi demək olar ki, eynidir. Bəziləri işıq üzü görəndən sonra toz altında qalıb tezliklə unudulur, digərləri isə əldən-ələ gəzir, yaxud ekranlardan düşmür. Aylar, illər keçsə də, təkrar-təkrar oxunur, baxılır, uzun müddət yaşayır.
 
Azərbaycanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, tanınmış kinorejissor Arif Babayevin ən yaxşı filmləri - "Uşaqlığın son gecəsi”, "Gün keçdi”, "Arxadan vurulan zərbə” belə kino əsərlərindəndir.
 
Kinorejissor A.Babayev milli kinematoqrafiya və televiziya tarixində öz yeri, sözü olan sənətkarlarımızdandır. Cəmi 9 bədii film çəkməsinə baxmayaraq, onların hər biri müasir kino prosesində rejissorun yaradıcılığının yerini müəyyənləşdirmişdir. Babayev son dərəcə müasir sənətkar idi. O, yaşadığı dövrün ruhunu tuta, ab-havasını duya bilirdi. Toxunduğu mövzular bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır. Ona görə də tamaşaçılar Babayevin filmlərinə hər vaxt maraq göstərir, həvəslə baxırlar.
 
 
 
Rejissor A.Babayev qeydlərinin birində yazıb: "Mən birinci tammetrajlı bədii filmdən başlayaraq həmişə bir mövzunu işləyib inkişaf etdirmək istəmişəm: insanın həyatda öz yerini tapmasını”.
 
Bu il 50 yaşı tamam olan "Uşaqlığın son gecəsi” bədii filmi gənclər haqqındadır. Burada şəxsiyyətin formalaşmasından, xarakterin təşəkkül tapmasından, həyata yenicə atılan gəncin özünə düzgün yol müəyyənləşdirməsinin çətinliklərindən, yeniyetmə yaşlarından əsl insan, prinsipial, məsuliyyətli vətəndaş olmağın zəruriliyindən söhbət açılır.
 
Film ilk kadrlardan bizi Bakının köhnə həyətlərindən biri ilə tanış edir. Filmin baş qəhrəmanları - Rüstəm və onun kiçik dostu Murad burada yaşayırlar. Rüstəm bu günlərdə inşaatçı-mühəndis diplomunu almışdır. Murad isə orta məktəbi yenicə qurtarmışdır. Onlar hansısa mühüm tikinti sahəsində işləmək arzusundadırlar. Gənclər ət kombinatının soyuducu sexlərinin tikintisinə təyinat alırlar.
Bu cavanlar xaraktercə müxtəlifdirlər: Murad aramsız olaraq mənasız söhbətləri, qorxaqlığı ilə fərqlənir. Lakin günlərin birində dostunun köməkliyi sayəsində qorxaqlıqdan yaxa qurtarır. Rüstəm isə təmkinli, az danışan, söz və hərəkətlərində möhkəm adamdır.
 
Film qəhrəmanların başına gələn yarı komik, bəzən də tam dramatik hadisələrin uzun və rəngarəng silsiləsindən ibarətdir. Buradakı qəhrəmanlar müxtəlif yaşlı, müxtəlif xarakterli adamlar, müxtəlif peşə sahibləridir: Mənsurə xala (aktyor Ətayə Əliyeva), İsmayıl dayı (Ələkbər Seyfi), nənə (Törə Zeynalova) mehriban qonşulardır. Qonşuların arasında koloritli adam olan, vaxtilə qayışının altında gəzdirdiyi tapançası ilə fəxr edən şofer Davud (Məmmədsadıq Nuriyev) ötən günləri kədərlə xatırlayır. Nəhayət, qəhrəmanların işləməyə gəldikləri tikintidəki adamlar arasında da səmimi və qayğıkeşlər var.
Məhz burada, ət kombinatında filmin əsas və gərgin süjeti inkişaf edib açılır. Yeni sexlərin tikinti meydançası soyuducu binasının qonşuluğundadır. Tikintinin iş icraçılarından biri olan Rüfət, Elyanın və sürücülərdən birinin köməyi ilə soyuducudan ət oğurlayır və onu qabaqcadan çoxlu pul almış olduğu Məcnun adlı bir şəxsə satır. İkinci iş icraçısı Rüstəmin tikintiyə gəlməsi fırıldaqçıların onsuz da çətin olan vəziyyətini daha da mürəkkəbləşdirir. Rüfət soyuducudan əti çıxarıb satmağa davam edir. Lakin yaxşı başa düşür ki, gec-tez buna son qoyulacaq...
 
 
 
Və günlərin birində Murad və Rüstəm ət kombinatının məhsulunu oğurlayan dəstəsinin ifşa edilib tutulmasına köməklik göstərirlər.
Həqiqətən, filmdə ət kombinatı var, oğrular da var. Lakin əgər söhbət təkcə cinayətkarların ifşa olunmasından getsəydi, məsələ çox bəsit şəkildə öz bədii həllini tapardı. Burada oğurluq edən özününkülərdir; Rüstəmin vurulduğu gözəl qadın Elya (Megi Kejeradze), Rüstəmlə bir yerdə çalışan mühəndis Rüfət (Tofiq Mirzəyev), digər işçi, mühəndis Zaur (Qorxmaz Atakişiyev). Bir sözlə, heç fikirləşməzsən ki, bu adamlar oğurluqda iştirak edirlər. Ona görə də Rüstəm heç bir şey hiss etmir, duymur. Murad isə özü də bilmədən, təsadüfən bu fırıldaqların şahidi olsa da, susmağı üstün tutur. Burada təkcə qorxaqlıq deyil, həm də müəyyən həyat mövqeyi üstünlük təşkil edir: susmaq rahat və daha asandır.
Filmin əsas dəyəri ondadır ki, burada tarazlıq gözlənilmişdir: əgər Murad xeyirxah və çox yaxşı oğlan olmasaydı, onun qəflətən həlledici qərar qəbul etməsinə inanmazdıq. Mehriban ailənin ab-havası, böyüklərə hörmət olunması, zəhmətlə qazanılan pulun qədrinin bilinməsi - bütün bunlar barədə filmdə təsadüfən danışılmır. İnsanda xarakter uşaqlıqdan formalaşır. Murad görəndə ki, təkcə onu deyil, Rüstəmi də təhlükə gözləyir, hər şeyi olduğu kimi açıb danışır.
Filmin sonuncu hissəsi, ifşaedici hissə, olduqca maraqlı və cəlbedicidir. Burada əlbəyaxa dava da var, bıçaq da və "kim kimi” söhbəti də... Amma bu filmdə bizi daha çox, məsələ həll olunan hissələr maraqlandırır.
 
Filmdə baş verən bütün hadisələri uşaqlıq dövründən böyük həyata kimi iki yol ayrıcında durmuş Muradın - Ənvər Həsənovun gözləri ilə görürük. Ənvər filmə çəkiləndə orta məktəb məzunu idi. O, bu filmə dəvət alana qədər professor Adil İsgəndərovun kursunda oxuyurdu. Hətta Ənvər rejissor A.Babayevin "İnsan məskən salır” bədii filmində rejissor köməkçisi işləmişdi.
 
 
 
Aktyor Səyavuş Şəfiyev filmdə mühəndis sürətini yaratmışdır. Filmin finalı Rüstəm üçün gözlənilməz idi. Çünki o, Elya və Rüfətin çirkin əməllərlə məşğul olduqlarını xəyalına belə gətirmirdi.
 
Aktyor S.Şəfiyevi tamaşaçılar "Əhməd haradadır?” kinokomediyasından yaxşı tanıyırlar. O, bu filmdə baş rolda – Əhməd rolunda çəkilmişdir. Əslində Səyavuş sirk artisti və rejissoru, akrobat idi. Moskva Dövlət Sirkində çalışırdı.
 
Filmdə tikinti gedən sahədə, kiçik epizodda iki böyük aktyor çəkilib: Yusif Vəliyev böyük iş icraçısı və Məlik Dadaşov sahə rəisi Nağıyev rollarında.
"Uşaqlığın son gecəsi” bədii filmi ümumittifaq ekranlarına buraxılandan sonra yerli və mərkəzi mətbuat "Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bu kino əsəri barədə xoş sözlər yazdılar, filmə yüksək qiymət verdilər. Xüsusilə qeyd olundu ki, rejissor lirik-psixoloji səhnələrin inandırıcı təcəssümünə, natura çəkilişində ifadəliliyə, harmonik aktyor ansamblı yaratmağa nail olmuşdur.
 
Rejissor hər şeydən əvvəl köhnə estetik ölçülərdən uzaqlaşmağa çalışmışdır. Filmdə xüsusi, "səliqəli” mizanlar yoxdur. Rejissor sanki İçəri şəhərin çoxailəli həyətlərinin birində səyyar televiziya kamerası üçün uğurlu bir nöqtə seçmiş və bu həyətin sakinlərinə mane olmadan onların güzəranını, münasibətlərini lentə almışdır. Həqiqətən də rejissorun filmlərində, xüsusilə "Uşaqlığın son gecəsi”ndə İçəri şəhər, qala divarları, Qoşa Qala qapısı, Bakının memarlıq quruluşu böyük məhəbbətlə tərənnüm olunmuş, şəhərimizin qədim binaları, yuxarı nöqtədən çəkilmiş yastı damları koloritli təsvir edilmişdir.
 
Belə canlı və yığcam kadrların çəkilişində filmin baş operatoru Zaur Məhərrəmovun əməyini xüsusi qeyd etmək lazımdır. O, bu filmdəki işi barədə belə demişdir: "Rejissor Arif Babayev təbiətdən yaranmış bir sənətkar idi. Ona görə də peşəkarlıq baxımından bir-birimizi anlayıb başa düşürdük. Filmə baxanda elə bilirsən ki, əzab-əziyyətsiz çəkilmişdir. Əlbəttə, bu, məcazi mənada deyilən fikirdir. Çünki bu filmdə də əziyyətimiz çox olub. Amma ekrandakı şəhər mənzərələrinin genişliyi mənim özümə də ləzzət verir. Xüsusən oradakı qədim binaların damlarının simfoniyası. İçəri şəhərin əyri küçələri, dalanları... Məncə, bizim bu filmdəki uğurumuzun əsas səbəbi hər ikimizin Bakıya vurğunluğumuz idi.
 
 
 
Biz filmin sonunu Polad Bülbüloğlunun bənzərsiz mahnısı ilə tamamladıq. Nəticədə müasir dillə desək, gözəl bir kliplə bitən final alındı”.
Filmin bəstəkarı, xalq artisti Polad Bülbüloğludur. O, "İstintaq davam edir”, "Ən vacib müsahibə”, "Var olun, qızlar”, Səmt küləyi”, "Mən nəğmə qoşuram”, "Babək”, "Qorxma, mən səninləyəm”, "Hökmdarın taleyi”, "Dolu” və s. filmlərə musiqi yazmışdır. "Uşaqlığın son gecəsi” filmində də bəstəkarın musiqisi baş verən dramatik və lirik hadisələrlə yaxşı əlaqələndirilmişdir.
 
Bəstəkar Polad Bülbüloğlu filmdəki işi ilə bağlı müsahibələrinin birində demişdir: "Yaradıcılığımda xüsusi yeri olan "Uşaqlığın son gecəsi” filmindəki "Gəl, ey səhər!” mahnısı səslənəndə yadıma Arif düşür. Bu mahnı filmin sonunda bir epizod kimi səslənir. Həyatın sınağından mətanətlə çıxan gənclərin işıqlı həyata, aydın səhərə bir çağırışı kimi səslənir bu mahnı...
 
Yadımdadır, ilk vaxtlarda bu parça yox idi. Lakin Arif məndən xahiş etdi ki, sonluq üçün bir mahnı yazım. Düzünü deyim ki, mən filmdə mahnı üçün heç bir yer görmürdüm. Və fikrimi Arifə bildirəndə o, inad etdi: "Yaz. Mən bilirəm necə istifadə edəcəyəm...”.
Və... qəhrəmanların ovqatından çıxış edərək, mən "Gəl, ey səhər!”i yazdım. Mahnı Arifə o qədər təsir etmişdi ki, "Görərsən, bu mahnı sənin ən məşhur mahnılarından birinə çevriləcək” dedi”.
 

 
Bəli, 50 ildir ki, görkəmli bəstəkar Polad Bülbüloğlunun bu gözəl mahnısı telekanallarda, radio dalğalarında daim səslənir, insanlara xoş bir ovqat bəxş edir.
Film yazıçı və kinodramaturq Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilmişdir. Xalq yazıçısı M.İbrahimbəyovun ssenariləri üzrə istər Azərbaycanda, istərsə də keçmiş SSRİ kinostudiyalarında xeyli filmlər yaradılmışdır. Bunların arasında "Bizim Cəbiş müəllim”, "Gənc qadın üçün kişi”, "Ən vacib müsahibə”, "Qoy o bizimlə qalsın”, "Sən mənim nəğməmsən”, "Truskavetsə kim gedəcək” və s. bədii filmlər vardır. Filmə bədii tərtibatı istedadlı kino rəssamı Elbəy Rzaquliyev vermişdir. Burada biz rəssamın özünəməxsus təsvir və yaradıcılıq təxəyyülünün cizgilərini, ekranda baş verən hadisələrin obrazlı həllini görürük.
Bu film Azərbaycan kinosu tarixində əlamətdar hadisə kimi yadda qalmışdır.

Aydın Kazımzadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170