
Uşaqlarla böyüklər arasında “Yumruca” körpü - Örnək
Gənclik qəzeti
19 İyun 2020, 16:00
11816
Layihənin müəllifləri:
Onun uğurunu gözləyirdik, amma bu qədər yox
"Mənim adım Yumrucadır, 4
yaşım var. Sizinlə birlikdə dünyanı kəşf edəcəyik. Bir-birindən maraqlı və fərqli
mövzuları müzakirə edəcəyik, bildiklərimizi bir-birimizlə bölüşüb, bilmədiklərimizi
soruşaraq öyrənəcəyik”.
Bu fikirlər Youtube, İnstaqram
və Facebook kanalları vasitəsilə uşaqlarla söhbət edən "Yumruca”ya aiddir. "Yumruca”
adi oyuncaqlar kimi deyil. Uşaqlarla danışır, öz problemlərini bölüşür və həll
yollarını izah edir. Biz də uşaqların həmsöhbəti olan "Yumruca”nın
yaradıcıları, layihə rəhbərləri ilə söhbətləşdik. Görək, "Yumrucan”ın cəmiyyətə
ötürmək istədiyi mesaj nədir?
Bu dəfəki həmsöhbətlərimiz
"Yumruca” kukla layihəsinin həmmüəllifləri Fatimə Məmmədova, İlqar Məmmədov və
Tofiq Sadıxovdur.
İlqar Məmmədov Ağsu rayon
Ərəbmehdibəy kənd tam orta məktəbində 10 ildir ki, riyaziyyat muellimi kimi fəaliyyət
göstərir. Layihəni həyat yoldaşı Fatimə müəllimə ilə birgə ərsəyə gətiriblər. Deyir
ki, layihəni ərsəyə gətirməkdə məqsədləri bütün dünyanı cənginə alan pandemiya
dövründə Azərbaycan təhsilinə öz töhfələrini verməkdir: "Onlayn təhsil dövründə
məktəbəqədər təhsilin inkişafının səngiməməsi, uşaqlarda maraq oyatmaq üçün belə
bir layihə yaratdıq. "Yumruca” kuklanı tikdik, ərsəyə gətirdik. Bunun hər
detalı və incəliyi bizə aiddir. Bu kukla uşaqlara müəyyən maarifləndirici məlumatlar
ötürür. Burada məqsəd asudə vaxtın keçirilməsi deyil, şagirdlərin kukla vasitəsilə
maarifləndirici bilgilər əldə etməsidir”.
Fatimə müəllimə isə Ağsu
rayon Sarvan kənd ümumi orta məktəbində ibtidai sinif müəlliməsidir. Həmçinin Azərbaycan Respublikası
Təhsil İnstitutu tərəfindən həyata keçirilən "İcma əsaslı qrupların
iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması" layihəsinin
Ərəbmehdibəy kənd icmasında müəllimə
kimi fəaliyyət göstərir. Kuklaya dizayn verən, tikən, geyindirən də odur: "İcma
müəllimi olduğum üçün 3-4 yaşlı və ibtidai sinif uşaqları ilə işləyirəm.
Birinci sinfə gedən uşağın əlindən oyuncaqları almırıq. Çünki onlar həm
oyuncaq, həm də dərs arasında qalırlar. O dönəmi bir az yüngül keçirmək
lazımdır. Uşaqlar da oynayaraq öyrənirlər. Fikirləşdim ki, kuklanı elə düzəltməliyəm,
uşaqlar üçün daha cəlbedici olsun. "Yumruca” bütün uşaqlarla çox mehriban
danışır. Heç kimin xətrinə dəymir, mübahisələri düşmür. Onları çox istəyir, nə
isə səhv edəndə də, onu mülayim başa salırıq ki, belə olmaz. Videolarda "Yumruca”
səhvini mənə deyir, mən ona izah edirəm ki, belə olmaz. O, uşaqlara psixoloji təsir
edir. "Yumruca”nın üzündə bir şirinlik var. Hərəkətləri, mimikaları, danışığı
insana xoş təsir bağışlayır”.

-
Bəs layihə necə ərsəyə gəldi?
- Mən istər məktəbin 2-ci
sinfi üçün, istərsə də məktəbəqədər təhsil qruplarının uşaqları üçün onlayn dərslər
keçirdim. Məktəbdəki uşağı dərsə cəlb edə bilirsən, bu asandır. Dərsə rahat
fokuslanırlar və bilirlər ki, öyrənməlidirlər. Amma bağça yaşlı uşaqlar bunu hələ
dərk edə bilmirlər. Çünki bizim orada uşaqlarla ciddiyyətimiz yoxdur. Əslində
bütün uşaqlara həssas yanaşırıq. Amma 3-4 yaşlı uşaqların idrak, dərk etmələri
fərqli olduğu üçün, onlara münasibət də eyni deyil. O dönəmlərdə də mən onları
görüntülü danışığa cəlb edə bilmirdim. Bizim proqramımız var, icmada həftə ərzində
hər gün bir dərsimiz olur. Bir həftə meyvələri, gələn həftə tərəvəzləri öyrənirik.
Onlayn dərs zamanı gəlib otururdular. Mən dərs danışmağa başlayanda, görürdüm
ki, onlar dərsə maraqlı deyillər. Oynamaq istəyirlər. Qeyd etdiyim kimi, bu
yaşda uşaqlar oynayaraq öyrənirlər. Təlimdə bizə həmişə deyirdilər ki,
uşaqlarla kuklalar üzərindən danışın. Kukla da olmasa, kağızın üzərində nəyisə
çəkib danışın, elə bilsin ki, kağızda çəkdiyiniz danışır. Biz evdə də uşaqlarla
oynayanda nəyəsə səslənirik, guya kukla danışdı. İcmamızda da bunu belə etdik.
Əvvəlcə müəyyən parçaları əlimə keçirib, əli tərpədirdim. Sonra əl kuklasını
düzəltdim. İnternetdə kuklaların tikilməsi, düzəldilməsi ilə bağlı araşdırmalar
apardım. Gördüm, elə kuklalar var ki, onu danışdıran şəxsin ağzı tərpənmir.
Ağız tərpənməyəndə, uşaq həqiqətən də inanır ki, danışan kukladır. Əvvəl kuklam
balaca idi. Sonra düşündüm ki, bunu uşaq boyda edim ki, onunla həmyaşıdı kimi
davransınlar. Fikirləşdikcə də mənə ideya, həvəs gəldi və o kuklanı tikdim.

İlqar:
- Fatimə kuklanın dili ilə
məktəbəqədər şagirdlərə maarifləndirici məlumatlar ötürür. Kuklanın forması üzərində
işləyərkən də onun bizim millətin nümayəndəsi kimi görünməsinə çalışdıq. Milli
saç düzümü, üzünün yumru olması, yanaqları qırmızı, hörüklü, xüsusi geyimi ilə
bizə oxşaması vacib idi. Ölkəmizin milli dəyərləri, adət-ənənələri var ki, biz
ona hər zaman sadiq qalmalı və çalışmalıyıq ki, o dəyərlər toxunulmaz olsun.
-
Mövzu seçərkən nələrə diqqət edirsiniz? Mövzular necə seçilir? Uşaqlar bəyənirmi?
İlqar:
- Mövzular elə formada
seçilir ki, şagirdlərin marağını cəlb edə bilsin. Mövzular son dərəcə həssas
olmalıdır ki, 3-4 yaşda uşaqlar kifayət qədər maarifləndirici məlumat əldə
etsinlər. Bu gün kanallarda rus, ingilis, türk dillərində bu formatda olan
kukla verilişləri çoxdur. Amma belə formada olan layihələr çox azdır. Ona görə
də bu layihə şagirdlər və valideynlər tərəfindən yaxşı qarşılandı. Valideynlər
bəzən bizimlə əlaqə saxlayıb mövzuların seçilməsində müəyyən köməkliklər göstərirlər.

Fatimə:
- Uşaqların reaksiyası gözlənildiyindən
də müsbətdir. Uşaqlara da kuklanın danışması qəribə gəlmişdi. Kukla ilə mənim
dialoqumu görəndə, daha çox təəccüblənirlər. Bəzən uşaqlarla canlı görüşürdük.
Onların arasında qısqanclıq yaranırdı, biri deyirdi, "Yumruca” mənim dostumdur,
digəri deyirdi mənim. Onlar kuklanı öpür, qucaqlayırlar. Üzdə görünən tərəfi
odur ki, uşaqlar əylənir və sevinirlər. Bunun görünməyən bir tərəfi də var. Mənim
əsas məqsədim odur ki, valideynlər uşaqlara daha həssas yanaşsınlar, çox vaxt
ayırsınlar. Uşaqlarla danışdıqları zaman daha diqqətli olsunlar. Düzdür, hər
evdə problemlər ola, uşaq diqqətdən kənarda qala bilər. Valideynlərə əsas
mesajım odur ki, əgər evdə uşaq böyüdürsünüzsə, çalışın ki, onunla oyun qura
biləsiniz. Ata, ana kimi vaxt ayırıb onunla söhbət edəsiniz. Təbii ki, oyunu da
istədiyiniz şəkildə qura bilərsiniz. Mənim "Yumruca” ilə olan münasibətim də
bütün ailələrdə uşaqlarla olan kimidir. Biz onunla hərdən mübahisə də edirik,
lakin mülayimcəsinə. Uşaqlara qarşı valideynlərdə səbr olmalıdır. Diqqət yetirsəniz,
bizim qurduğumuz bu oyunda bir ailə var: ata, ana və uşaq. Bu oyunda ana, ata
diqqəti, qayğısı, atanın anaya olan dəstəyi var. "Yumruca” da bir "canlı”dır və
o, bir ailədə böyüyür. Çalışdığımız qədər, evdə olan problemi uşağa bildirməməliyik.
Sən uşağa necə tərbiyə verəcəksənsə, necə yönləndirəcəksənsə, uşaq da elə böyüyəcək.
Müəllimlik həyatı da mənə uşaqlarla münasibətdə çox məqamı öyrətdi. Tək icma
uşaqlarına qarşı deyil, məktəbə olan uşaqlara qarşı da həssaslıq göstərirəm.
Ola bilər ki, uşaq istedadlı olsun və başqa qabiliyyəti olmasın. Müəllim kimi
biz onları başa düşməliyik. Hər uşaqdan "bunu etməlisən, bunu bacarmalısan” - tələbimiz
yoxdur. Hansı bacarıqları varsa, ora yönəlsinlər və istəklərinə çatsınlar. Bu
mövzuda da uşaqlara dəstək olmağa çalışıram. Çalışdığım qədər, uşaqlara sərbəstlik
verirəm ki, rahat olsunlar. Uşaqların bacarıqlarını üzə çıxarır, onlarla işləyir,
maarifləndirirəm. Bu kukla layihəmizlə fəxr edirəm ki, karantin dövründə nəsə
bir səmərəli işlə məşğul olmağı bacarırıq.

Tofiq
Sadıxov:
- Bu bizim, Təhsil
İnstitutu tərəfindən həyata keçirilən "İcma
əsaslı qrupların iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin
yaxşılaşdırılması" layihəsindən yola çıxaraq ərsəyə gətirdiyimiz
bir ideyadır. Layihə çərçivəsində estoniyalı mütəxəssislər müəllimlərimiz üçün
məktəbəqədər təhsil prosesində kuklalarla bağlı təlim keçirdilər. Fatimə müəllimə
bu ideyanı daha çox mənimsəyərək belə kuklalar tikməyə başladı. Proses zamanı
gördük ki çox gözəl effekt verir və uşaqların marağına səbəb olur. Biz də ona dəstək
olaraq, ideyanı peşəkar formada ərsəyə gətirdik. Beləcə, "Yumruca” kukla kanalı
meydana gəldi. Layihənin iki ayı hələ tamam olmayıb. Amma artıq medianın və
ictimaiyyətin diqqətini çəkməyi bacarmışıq. Bu haqda nə qədər çox insan bilsə, "Yumruca”
bir o qədər məşhur olacaq. Uşaq inkişafı mütəxəssisləri danışan kuklaların erkən
uşaq inkişafında əvəzsiz rol oynadığını deyirlər. Ana və
yaxud müəllimə obrazını kuklanın dilindən dinləyəndə, uşaqlara daha maraqlı
olur. Mənim qızımın 5 yaşı var və o "Yumruca”nın paylaşımlarını diqqət və
maraqla izləyir. Eləcə də digər uşaqlarla söhbətdə görmüşəm ki, onlar da eyni
hisslər keçirirlər. "Yumruca”ya maraq böyükdür. İkinci məsələ odur ki, Azərbaycan
dilində məktəbəqədər tədris proqramında material çox azdır. Bizim məktəbəqədər
təhsil layihəmiz var ki, 3-4 yaşlı uşaqları əhatə edir. Əsasən də bölgələrdə
harda ki bağça təhsili yoxdur, həmin kənd məktəblərində 3-4 yaşlı uşaqlar tədrisə
cəlb olunurlar. O layihədə görürük ki, barmaqla sayılası normal resurs var. Bu
3-4 ildə bu layihə çərçivəsində yeni resurslar yaratmağa çalışırıq. "Yumruca”
kukla da ayrıca bir vəsaitdir. İcma layihəsinə birbaşa aidiyyəti yoxdur. Həmin
layihədən qaynaqlanaraq yaransa da, tam müstəqil olaraq inkişaf edən bir layihə
olacaq. Və layihənin gələcəyini onda görürəm ki, bu davamlı bir Youtube kanalı
olacaq. Daha çox erkən uşaq inkişafı ilə bağlı öyrədici bir kanala çevriləcək. "Yumruca”
kukla təkcə uşaqlar üçün deyil, həm də gənc valideynlər üçün çox faydalı bir
resurs olacaq. "Yumruca”nın uğurunu gözləyirdik, amma bu qədər yox. Ayyarımlıq nəticə
üçün "Yumruca”nın yaşı çox balacadır. Onun bu qədər diqqət çəkməsi bizim üçün
böyük fəxr və uğurdur.
Aygün ƏZİZ
Digər xəbərlər