• cümə, 19 Aprel, 04:47
  • Baku Bakı 18°C

Uşaqlarını küçəyə atanlar

23.06.15 12:47 2339
Uşaqlarını küçəyə atanlar
Mütəxəssislər əmindir ki, problemin kökündə daha çox mənəvi amillər dayanır
Uşaq səsinə həsrət qalan ailələr övladları olsun deyə, bütün var-yoxlarını verməyə hazırdırlar. Amma bəzi valideynlər uşaqları küçələrə, zibil qutularına atır, uşaq evlərinə verirlər. Uşaq evlərinə verilməni yenə də haradasa başa düşmək olar, o mənada ki, heç bir imkanı olmayan valideyn uşağı dövlətin himayəsinə verir. Amma acınacaqlı hal uşaqların zibil qutularına, yol kənarlarına atılmasıdır. Bəzən ailə qurmayan gənclərə: “Uşağın olmadığı üçün valideynlik hissinin nə olduğunu başa düşmürsən” - deyirlər. Bəs uşaq dünyaya gətirib bu müqəddəs hissi anlamayanlara nə deyəsən?
Bərdədə uşağı küçəyə atıblar
Səhiyyə Nazirliyinin məlumatına görə, 2011-ci ildə valideynləri tərəfindən 20 körpə atılıb, 32 uşaqdan isə imtina olunub. 2012-ci ildə isə valideynlər tərəfindən atılan körpələrin sayı 21, imtina edilənlərin sayı isə 43 olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə aşkar edilmiş və hesaba alınmış uşaq və yeniyetmələrin sayı 933 nəfərdir. Ən son isə Bərdə şəhərində iki belə fakt qeydə alınıb. “Report”un məlumatına görə, yerli sakinlər körpələrdən birini Bərdə şəhəri, Koroğlu küçəsində aşkar ediblər. Təxminən 8 günlük körpə xəstəxanaya aparılıb. Bərdədə digər körpəni nənəsi xəstəxanada ataraq gedib. Belə ki, 15 gün öncə dünyaya gələn qız uşağı 60-65 yaşlarında nənəsi (şəxsiyyəti məlum deyil) tərəfindən xəstəxanaya atılıb. Ağcabədi rayonundan gəldiyini deyən qadın günorta saatlarında şəhər poliklinikasının qəbul şöbəsinə gələrək, özü ilə gətirdiyi körpənin səhhətində problem olduğunu deyib. Növbətçi həkim uşağa baxarkən, həmin şəxs pul kisəsinin avtomobildə qaldığını deyib və onu götürmək adı ilə həkimin otağından çıxıb. Tibb işçiləri bir neçə saat gözləsələr də, həmin şəxs geri qayıtmayıb.
Hər iki körpə Bərdə şəhər 2 saylı Uşaq Xəstəxanasına göndərilib. Karantin müddəti bitdikdən və səhhətləri tam yaxşılaşdıqdan sonra onlar Gəncə şəhərində yerləşən uşaq evlərindən birinə aparılıb.
Çətin vəziyyətdə uşaqlarını atmayan analar...
Millət vəkili Elmira Axundova qəzetimizə açıqlamasında bildirdi ki, normal şəraitdə heç bir valideyn uşağını atmaz. Onun sözlərinə görə, ən çətin vəziyyətlərdə, hətta müharibələr dövründə belə, tənha analar uşaqlarından imtina etməyiblər, hər bir əziyyətə qatlaşaraq böyüdüblər: “Müharibə dövründə insanlar ən çətin vəziyyətlərdə yaşayıblar. Məşhur rəssam Tahir Salahovun ailəsini misal çəkmək istəyirəm. Onun atası xalq düşməni elan edilib, həbsə salınıb və sonra da güllələnib. Onların anası 5 uşağa baxmalı idi. Onları nə internata verdi, nə də küçəyə atdı. Çox çətin bir şəraitdə uşaqlarını böyütdü. Hamısı ali təhsil aldılar, böyük insanlar oldular. Düzdür, sovetlər ölkəsi bir tərəfdən qəddar idi, amma hər halda sosial siyasəti güclü idi. Xalq düşməninin uşaqları pulsuz oxuya, bağçalara gedə bilirdi. Amma yenə də 5 uşağı tək ananın böyütməsi çox çətindir. İşləməyən ana uşaqlarına baxmaq üçün bütün çətin işlərin öhdəsindən gəldi. Bu cür misallar yüzlərlədir. Qaçqınlarımız çətin vaxtlarda uşaqlarını ata bilərdilər. Nadir hallarda qaçqınların uşaqlarının internatda olduğunu görürəm. Onlar ağır şəraitlərdə, vaqonlarda, çadırlarda yaşayırdılar, amma uşaqları yanlarında olurdu”.
İmkansızlıq uşağı küçəyə atmağa rəvac vermir
E.Axundova deyir ki, sosial durumunun qaydasında olmaması belə, heç bir valideynə uşağı küçəyə atmağa haqq vermir. Çünki imkanı olmayan valideynlər uşaqlarını internatlara verə, maddi vəziyyətləri düzəldikdə isə yenidən götürə bilərlər: “Dövlət bu şəraiti yaradır. Ona görə də mən uşağını küçəyə atan valideynə haqq qazandıra bilmirəm. İmkanı yoxdursa, pul qazana bilmirsə, bu başqa məsələ. Bu variantda belə, o, icra hakimiyyətinə, sosial sturukturlara müraciət edə bilər. Dövlət kimsəsiz uşaqlara sahib çıxır. İmkanı zəif olan ailələr uşaqlarını internata verə bilərlər. Şənbə-bazar günləri isə evə gətirə bilərlər. Dövlət şərait yaradıb ki, valideynlər uşaqlarından hansısa problemlərə görə uzaq düşməsinlər. Bizim menatalitetimizdə çətin durumda olanlara yaxınları, qohumları kömək edirlər. Onlar gənc ailələrə dəstək olurlar ki, uşaqlarını böyütsünlər. Belə nümunələr çoxdur. Niyə küçəyə atırlar?"
Ata-analıq hissi aşağı səviyyədə olanlar
Millət vəkilinin sözlərinə görə, bəzi valideynlərdə ata-analıq hissi çox aşağı səviyyədədir. Onlar uşağı dünyaya gətirəndə necə böyük məsuliyyəti üzərlərinə götürdüklərini dərk etmirlər: “Məsuliyyətsizlik, səviyyəsizlik, təhsilsizlik, daxili mədəniyyətin çox aşağı səviyyədə olması bu kimi halların yaranmasına rəvac verir. Orta təhsil alan, ömründə 5-6 yaxşı kitab oxuyan, dünyagörüşü olan bir şəxs heç vaxt bu addımı atmaz. Bizim nənə-babamız heç vaxt uşağı küçəyə atmayıb. Bu indi baş verir. Nə XIX, nə də XX əsrdə bu problem yox idi. XXI əsrin təsadüfüdür. Hamısı mənəviyyatsızlığın baş alıb getməsindən yaranan problemlərdir. Uşağı zibil qutusuna atmaq vəhşilikdir. Heyvanlar belə öz balasına qarşı bu cür davranmır. Elələrinə insan adı yaraşmır”.
İctimai qınaq...
E.Axundova deyir ki, bu məsələdə ictimai qınağın olması da önəmlidir: “Qonşular, məhəllə, ətraf həmin addımı atanları cəmiyyətdən təcrid etməlidir. Uşaq üçün bir tikə çörək qazanmaq o qədər çətin deyil. Ağır şəraitdə o qədər uşaqlarını saxlayan valideynlər var ki, onlar uşaqlarını atmırlar. Deputatlar, icra hakimiyyəti, sosial sturukturlar var ki, onların köməyindən istifadə edilməlidir”.
Problemi iqtisadi yox, mənəvi faktorlar yaradır
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, bu problemin əsasında iqtisadi deyil, daha çox mənəvi amillər dayanır: “Çünki bütün dinlərin hamısı qəti olaraq belə halların əleyhinədir. İmanı olan adam belə iş görməz. Digər tərəfdən, mənəviyyatı zəngin olan adam da bu addımı atmaz. Bu məsələlərin belə olmasının səbəbləri daha çox indiki vaxtda nikah, ailə məsələlərinin get-gedə adiləşməsidir. Əxlaqi normaların get-gedə zəifləməsi, insanların bu sahədəki utanc hissinin azalması, təsadüfi ailələrin çoxalması cəmiyyət üçün arzuolunmaz bir vəziyyət yaradır”.
Abort uşaq taleyini valideyn üçün adiləşdirir
Sosioloq bildirdi ki, uşağın cinsiyyətinin öyrənildikdən sonra ana bətnində məhv edilməsi halları da uşaqların atılmasında böyük rol oynayır: “Uşağın abort edilməsi halları bu gün üçün artıq adi hala çevrilib. Uşağın cinsiyyətinin öyrənildikdən sonra ana bətnindəcə məhv edilməsi mənəvi aşınmaya səbəb olur. Körpələrin taleyini bir az adiləşdirir. Öz bətnində uşağı məhv etdirən ana müəyyən mənada onu qətlə yetirmiş olur. Qadınlar arasında bu prosesin yayılması, uşağın bətndə məhv edilməsinin adiləşməsi onların atılmasına da şərait yaratmış olur”.
Qadınların psixoz vəziyyəti uşağı atmağa təkan verir
Psixoloq Vəfa Rəşidova isə bildirdi ki, uşaqlarını küçəyə atan analar psixoloji yox, ağır forma olan psixiatrik problemlərdən əziyyət çəkənlərdir. O deyir ki, hər bir xanım doğuş zamanı və yaxud doğuşdan sonra müəyyən gərginliklər, travmalar yaşaya bilər: “Çünki doğuş asan bir proses deyil. Bəzi xanımlarda doğuş sonrası psixoz baş verir. Bu da xanımın uşaqdan imtina etməsində rol oynayır. “Mən uşağa baxa bilmərəm”, “Mən analıq hissinə layiq deyiləm”, “Mən uşağı böyütməyin öhdəsindən gələ bilmərəm” kimi düşünənlər olur. Bunlar psixozun nəticəsində formalaşan düşüncələrdir. Qadının uşağı atması tək psixozun nəticəsi də deyil. Bu, sadəcə olaraq, təkanverici bir qüvvədir. Ailədə hansısa problemə bu psixoz təkan verir və qadın uşağından imtina edə bilir”.
Ailə dəstək göstərməyəndə uşağı atmaq çıxış yolu olur
Psixoloqun sözlərinə görə, nikahdankənar doğulan uşaqları üzə çıxara bilməyən qadınlar psixoloji gərginlik keçirirlər və bu, çox vaxt onlardan imtina etməklə nəticələnir: “Çox vaxt nikahdankənar doğulan uşaqları üzə çıxara bilmirlər. Onlar ətrafın qınaqlarından qorxurlar. Eyni zamanda, bu vəzifəni üzərlərinə götürmək istəmədikləri üçün sanki məsuliyyətdən uzaqlaşmış kimi uşağı atmaqla özlərini sığortalamış olurlar. Bu hallarla çox qarşılaşmışam. Həmin xanımlar sonradan etdiklərinə görə çox peşman olurlar. Onlar o qədər stress keçirirlər ki, şüuraltı özlərini və uşaqlarını sanki cəzalandırırlar. Uşağın dünyaya gəlişi ana üçün o qədər də asan olmur, döyülür, söyülür, alçaldılır. Çox zaman bu kimi məqamların nəticəsində həmin hadisələr baş verir”.
V.Rəşidova deyir ki, qadın ailəsi, yaxınları tərəfdən dəstək alsa, heç vaxt uşağını atmaz: “Uşağın dünyaya gətirilməsi çox həssas bir məqamdır. Belə vəziyyətlərdə ailənin dəstəyi böyük önəm kəsb edir. Dəstək olmadığı üçün hadisə bu həddə qədər çatır. Dəstək almadığı və məsuliyyətin altında tək olduğu üçün bəzi analar uşaqlardan imtina edirlər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər