• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

Uşaqların “Tik-Tok” sevgisi

20.03.21 11:30 1092
Uşaqların “Tik-Tok” sevgisi
Amma onları elə maarifləndirə bilərik ki...
"Sosial şəbəkələrdəki təhlükəsizlik qaydaları barədə övladınızla neçə yaşında danışmalısınız? Onların daşıdıqları əsas təhlükələr nələrdir və uşaqlarınızı necə qorumalısınız?” Rusiya Təhsil Nazirliyinin mütəxəssislərin də iştirak etdiyi açıq valideyn toplantısında bu kimi suallara cavab axtarılıb. Təkcə "BKontakt”da 200 mindən çox insanın izlədiyi onlayn valideyn iclasının ayda bir dəfə keçirilməsi nəzərdə tutulub. Qeyd edilib ki, bu görüşlərdə sosial şəbəkələrdə uşaqlar üçün yarana biləcək əsas təhlükələr, o cümlədən onların təhsildən uzaq düşməməsi və s. kimi məsələlər haqqında fikirlər səslənəcək, problemin həlli yolları axtarılacaq. Valideynlərdən bəziləri telefon və planşetlərdən asılılığın qarşısını almaq üçün vasitələr düşünməyin vaxtının çoxdan çatdığını bildiriblər. Xüsusən son dövrlər 150-dən çox sosial platforma bazarında 75 dildə istifadə olunan, dünyada ən sürətlə böyüyən sosial media platforması sayılan, "Appstor"da ən çox yüklənən proqram olan, bir milyarddan çox aktiv istifadəçiyə malik "Tik-Tok”a marağın get-gedə çoxalması valideynləri narahat edib. Mütəxəssislər hətta həyəcan təbili çalaraq pornoqrafiyaya təşviq etmə iddiası ilə sözügedən proqramın istifadəsinin bir neçə həftə Hindistanda qadağan edildiyini bildiriblər. Belə ki, son vaxtlar Hindistan parlamentində "Tik-Tok”un birdəfəlik məhdudlaşdırılması da müzakirə olunur. ABŞ Federal Ticarət Komissiyası isə 13 yaşdan kiçik uşaqların məlumatlarını toplamasını əsas gətirərək, şirkəti 5.7 milyon dollar məbləğində cərimələyib.
Maraqlı olduğu qədər də, təhlükəli
"Uşaqlara zaman ayırmaq, onlarla offlayn-da vaxt keçirmək üçün valideyn öz vaxtını müəyyənləşdirməli və onları nəyin narahat etdiyini öyrənməyə çalışmalıdır. Xüsusən, istirahət günlərində”- deyə nazirlik rəsmilərindən birinin fikirlərinə psixoloqlardan biri "Küləklə mübarizə edə bilməzsən” cavabını verib: "Tik-Tok” artıq gəlib çatıb və uşaqlar bu dünyanın içərisində yaşayırlar. Əgər bir uşaq üç saatını qısa videolara baxmağa sərf edərsə, bundan sonra heç bir ciddi məlumat və hətta daha az təhsil məzmunu onun qavrayışının "qapısından” keçməyəcəkdir. Sosial şəbəkələr vasitəsilə aldığımız məlumat axını intensivliyi və gözlənilməzliyi ilə real dünyada heç bir şeylə müqayisə edilə bilməz. Və bu, həqiqətən bir problemdir, çünki beyin adrenalin istehsal edir, öyrəşir. "Çöldə” isə artıq hər şey cansıxıcıdır”. Rusiyalı psixoloqlar xəbərdarlıq edirlər: əksər uşaqlar sosial şəbəkəyə təxminən 11-12 yaşında aludə olurlar. Onlarla təhlükəsizlik haqqında 6-8 yaşından tez, valideynlərə maksimal inamlarının olduğu vaxtdan tez danışmaq lazım deyil.
"Kasperski laboratoriyası”nın rəhbəri Andrey Sidenko uşaqların özləri haqqında məlumatları sosial şəbəkələrdə yerləşdirmələrini təhlükəli məqam adlandırıb: "Uşaqlar internetdə özləri haqqında çoxlu məlumatlar saxlayırlar. Fotolar, rəylər, statuslar, pasport məlumatları, telefon nömrələri, ev ünvanları və s. şəxsi məlumatları paylaşırlar. Uşağın internetlə təması yarananda onları bu barədə məlumatlandırmaq lazımdır ki, şübhəli fləşmoblarda iştirak eləməsin. Qoy fırıldaqçılar da onların şəxsi məlumatlarını əldə edə bilməsinlər. Məsələn, fırıldaqçılar hər hansı oyun, mükafat müqabilində onlardan valideynlərinin bank kartlarının kodunu istəyə bilərlər”. Mütəxəssislər məsləhət görür ki, valideynlər uşaqların maraqlarının hansı məzmunda olmasına nəzarət etməlidirlər. "Xüsusən uşaqlar "Tik-Tok”a meyllidirlər. Bu sosial platforma maraqlı olduğu qədər də, təhlükəlidir”.
11-14 yaş arası uşaqlara daha çox nəzarət
Qeyd edək ki, oxşar vəziyyət bizdə də hökm sürür. Xüsusən pandemiya dövründə evə qapanmaları uşaqları internetlə daha da "doğmalaşdırıb”. Valideynlər təkcə onlayn təhsilin keyfiyyətindən deyil, həmçinin uşaqlarının sosial şəbəkələrdə paylaşılan müxtəlif məzmunlara maraqlarından, videolardan, "Tik-Tok”-a meyl göstərmələrindən şikayətlənirlər.
Azərbaycan Pedaqoji Universitetinin müəllimi Xalidə Həmidova bildirir ki, hazırda yalnız "Tik-Tok” yox, ümumiyyətlə, uşaqların sosial şəbəkədən istifadəsi həddindən artıq çoxalıb: "Onlayn tədris sisteminə keçidlə bağlı valideynlər uşaqlarına telefon, planşet, kompüter və s. elektron alətlər vermək məcburiyyətində qaldılar. Uşaq elektron vasitələrdən daha çox asılı vəziyyətə düşdü. Dünən daha az istifadə qaydalarını bilirdilərsə, hazırda alətlər daha çox əllərində olduğu üçün qaydaları öyrənib istifadə edirlər. Hətta böyüklərin bilmədiyi şəbəkələrə qoşula bilirlər. Düzdür, hər bir sosial şəbəkədə olan proqramların həm müsbət, həm də mənfi cəhətləri var. İstifadə daha çox məlumat almaq baxımından olarsa, elektron resursların böyük əhəmiyyəti var”. Uşaq və yeniyetmələrin "Tik-Tok” dan istifadəsinə gəlincə, X.Həmidova bildirir ki, uşaqlar bu platformadan onları cəlb edən məlumatları daha maraqlı formada əldə edə bilərlər. Digər tərəfdən, orda elə hesablar var ki, ziyanlı məlumatlar ötürür və uşaqları lazımsız informasiya ilə yükləyirlər. Nəinki uşaqlar, hətta böyüklər üçün bu platformada çoxlu lazımsız informasiya yer alıb. Məsələn, ölüm, cinayət hadisələrini bəzəyib-düzəyib təqdim edirlər. Bu, uşaqlarda aqressiya yaradır, psixoloji vəziyyətin dəyişməsi kimi təsirlər göstərir”. X.Həmidova bu cür təsirlərin aradan qaldırılması ilə bağlı hələ ki, bizdə hər hansı addımların atılmadığnı bildirir: "Yaxşı olar ki, bunları aradan qaldıraq. Təəssüf ki, bununla bağlı hələ ki, bizdə heç bir iş görülmür, valideynlərlə, uşaqlarla maarifləndirici işlər həyata keçirilmir. Ancaq fərqli-fərqli məktəblər psixoloqlarla görüşlər təşkil edirlər. Məsələn, Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında 9-cu sinif şagirdlərinin psixoloqla onlayn görüşü keçirilir. Etiket dərslərində uşaqlara nədən istifadə etmələri ilə bağlı məlumatlar verilir. Yaxşı olar ki, Təhsil Nazirliyi və ya məktəblər dərsdən sonra maraqlı tədbirlərin keçirilməsi, əhəmiyyətli informasiyaların verilməsi, müxtəlif layihələrə uşaqları cəlb etməklə onları "Tik-Tok”, "Facebook” kimi platformalardan uzaqlaşdırsınlar. Məsələn, Təhsil Nazirliyinin təşkil etdiyi "Mənim büdcəm” layihəsi var. Həftədə bir dəfə keçilən dərsdə uşaqlar iştirak edir, dərsdən sonra müəyyən araşdırmalar aparırlar. Belə maraqlı layihələr təklif olunsa, əlbəttə, uşaqları sosial şəbəkələrdən bir qədər uzaqlaşa bilər. Yaxud "Tik-Tok” kimi tətbiqlərdən istifadə etsələr belə, faydalı məqsəd üçün yararlanar, lazım olan informasiyanı axtarmaq üçün istifadə edərlər”. X.Həmodova hesab edir ki, məhz bu istiqamətdə bizdə də valideynlərlə iclaslar keçirilsə yaxşı olar: "Ayrı-ayrı qurumlar, şəhər və rayon təhsil idarələri valideynlərlə maarifləndirmə iclasları keçirsələr yaxşı olar. Biz əlbəttə, texnoloji alətlərdən istifadəni uşaqlara birdəfəlik qadağan edə bilmərik. Bu, mümkün deyil. Uşaqların əlindən İKT-ni alsaq onlar nə dərsə daxil ola, nə də araşdırma apara bilərlər. Amma valideynlərə o tətbiqlərdən necə istifadə etmək, onları telefona necə yükləmək, o proqramları necə formalaşdırmaq və s. kimi məlumatlar versək, daha faydalı olar. Elə tətbiqlər var ki, telefona yükləməklə uşağın hansı işlə məşğul olduğunu izləyə bilirsən. Bunlardan istifadə etməklə daha çox şey əldə edərik. Bu proseslər uşaqların psixoloji inkişafına, sosial vəziyyətinə də təsir edir. Xüsusən daha çox keçid dövründə olan yeniyetmələrə təsirsiz ötüşmür. Valideynlər 11-14 yaşarası uşaqlara daha çox nəzarət eləsələr və uşaqlarına psixoloji təsir etmədən düzgün idarəetmə bacarıqları formalaşdırsalar, daha uğurlu nəticələr əldə etmək olar”.
Düzgün ünsiyyət və münasibət
Klinik psixoloq, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası Şöbəsinin kiçik elmi işçisi Narınc Rüstəmova bütün dünyada olduğu kimi Azərbaycanda da "Tik-Tok” proqramının geniş yayılmasına təəssüf edir: "Xüsusən uşaq, yeniyetmə və gənclər arasında populyarlıq qazanan bu proqramın faydasından daha çox mənfi təsirlərini görürük. "Tik-Tok” videoları uşaqları şiddət, söyüş, bayağı ifadələr, cinsəllik, cinsi və psixi istismar və s. kimi yollara sürükləyə bilir. Uşaqlar bu cür videoları çox rahatlıqla çəkib paylaşa bilirlər. İstifadəçilərin məxfi kimlik bilgilərini ələ keçirmək bu proqramda daha asandır. Uşaq və yeniyetmələrimiz bir tərəfdən də bu yolla təhlükəli, psixopat insanların təsirinə məruz qala bilərlər”. Psixoloq qeyd edir ki, bu platformalar eyni zamanda hədsiz asılılıq yaradır və müntəzəm istifadə zamanı müxtəlif psixoloji və psixiatrik problemlərin yaranmasına səbəb olur. N.Rüstəmova qeyd edir ki, valideynlərin bu prosesi tənzimləmələri, ilk növbədə rahat və düzgün həll edə bilmələri üçün övladları ilə emosional bağlar düzgün qurulmalıdır: "Sizdən qaçmayan, nələrisə gizlətmək məcburiyyətində olmayan uşaq onsuz da etdiklərini bölüşəcək və ya sizin hər hansı müdaxilənizə aqressiv reaksiya verməyəcəkdir. Odur ki, hər bir şeydə olduğu kimi, burda da işin başında övladımızla düzgün ünsiyyət və münasibət qura bilməyimiz durur”. Psixoloq hesab edir ki, valideynlər bu proqramların müxtəlif filtrləmə, istifadəni məhdudlaşdırma funksiyalarını öyrənib onları aktiv etsələr yaxşı olar: "Bununla bir az da olsa balalarımızı sosial medianın mənfi təsirlərindən qoruya bilərik. Ən yaxşı versiyalardan biri kimi uşaqlarla birlikdə bu proqramlardan istifadə edə bilərik. Birlikdə videolar çəkmək, şəkillər hazırlamaq və s. faydalı olar. Bu yolla onları nəzarətdə saxlamaq daha rahat olacaqdır. Mütləq uşağın internetdən, telefondan, xüsusən sosial şəbəkələrdən istifadəsinə müəyyən saat aralığında icazə verilməlidir. Bunu isə öncədən uşaqla uyğun bir dillə danışmaq lazımdır. Məsələn, "gün ərzində ancaq üç saat istifadə edə bilərsən” deyə başa salmaq olar. Saatları isə gündəlik rejiminizə uyğun olaraq yenə birlikdə qərarlaşdıra bilərsiniz”. N.Rüstəmova bildirir ki, hazırda uşağı telefondan, oyunlardan, sosial şəbəkələrdən asılı vəziyyətdə olan, evdə, məktəbdə, ümumiyyətlə cəmiyyətdə ünsiyyətə qapanmış, aqressivləşmiş, dilində söyüş və uyğunsuz ifadələr yaranmağa başlamış, intihar fikirləri olan və ya cəhd etmiş uşaq və yeniyetmələrimiz varsa, mütləq gecikmədən bir mütəxəssis yardımı almalıdır: "Çünki düzgün olmayan valideyn müdaxiləsi də çox pis nəticələrə gətirib çıxara bilir. Xüsusən, yeniyetməlik dövründə valideynlərin daha çox diqqətli olmalarında fayda var. Biz övladlarımızı bunlardan tamamilə məhrum edə bilmərik. Bu, düzgün də deyil. Amma onları elə maarifləndirə bilərik ki, internetin faydalı tərəflərindən daha çox yararlansınlar, zərərli yönlərinə qarşı "yox” deyib, özlərini qoruya bilsinlər”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər