• cümə, 29 Mart, 11:29
  • Baku Bakı 5°C

Uşaqların sayəsində səbirli olmuşam

24.05.16 13:26 4095
Uşaqların sayəsində səbirli olmuşam
Mayın 14-də Abdulla Şaiq adına Kukla Teatrının tanınmış aktrisası, fəxri mədəniyyət işçisi Səriyyə Mansurovanın "20+20=20” yubiley gecəsi keçirildi. 22 ildir ki, Kukla Teatrında biri-birindən maraqlı obrazlarla çıxış edən Səriyyə nəinki teatrın yaradıcı kollektivinin, hətta teatra üz tutan uşaqdan böyüyə qədər hər kəsin sevimlisinə çevrilib.

40 yaşlı Səriyyə öz dövrünün ən çox təcrübəsi olan aktrisalardandır. Biz də sənətkarın 22 illik yaradıcılığına işıq salmaq üçün onu redaksiyamıza dəvət etdik. Beləliklə, qonağımız yaşı az, iş təcrübəsi çox olan Kukla Teatrın "kuklası” Səriyyə Mansurovadır. Söhbət zamanı anladıq ki, o, istedadlı aktrisa olmaqla yanaşı, həm də maraqlı müsahib imiş.

- Səriyyə xanım, aktrisa olmaq sizin uşaqlıq arzunuz olub, yoxsa təsadüf nəticəsində bu sahəyə düşdünüz?

- Bu sənətə heç də təsadüf nəticəsində gəlməmişəm. Atam (əməkdar artist Mansur Mansurov) uzun müddət idi ki, Kukla Teatrında çalışırdı. Hazırda təqaüddədir. Yəni deməyim odur ki, özümü anlayandan, dərk edəndən Kukla Teatrında olmuşam. Hər zaman demişəm ki, mənim iki ailəm var – biri teatr, digəri özəl həyatım. Hər bir valideyn istəyir ki, övladının səsi ən gözəl vəzifələrdən gəlsin. Atam incəsənətə gəlməyimi istəmirdi. O, düşünürdü ki, əgər incəsənətə gəlsəm, mənim üçün çox çətin olacaq. Mən də onun fikrindən xəbərdar idim. Bu səbəbdən evdən xəbərsiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi təqdim etdim və qabiliyyət imtahanlarından keçdim. Nəticədə "Dram kino aktyorluğu” ixtisasına qəbul olundum. Bunu ailədə necə deyəcəyimi düşündüyüm halda, məndən imtahan götürən mərhum sənətkarımız Həsən Turabov artıq məsələni həll etmişdi (gülür). İmtahandan sonra Həsən Turabov təsadüfən çay evində atamı görəndə onu təbrik edərək mənim imtahandan keçdiyimi bildirib. Atam dəfələrlə onun yanıldığını desə də, Həsən müəllim israr edib. Həsən Turabov deyib ki, qızınız imtahan verib qəbul olduqdan sonra biz xəbər tutmuşuq ki, Səriyyə sizin qızındır. Atam evə gələndə mənə bircə kəlmə söz dedi: "Sən öz bildiyini etdin”. Başqa heç bir söz-söhbət olmadı. Çünki bizim evdə məcburiyyət olmayıb.

- Bu sənətə hansı arzu və istəklərlə gəlmişdiniz?

- İncəsənəti seçərkən bir məqsədim var idi – atamın yolunu davam etdirmək. Düzdür, Kukla Teatrına gələnə qədər və burada çalışdığım müddət ərzində digər teatrlardan da çox təkliflər aldım. Bəlkə başqa teatrlarda göz önündə olub, daha çox parlaya bilərdim. Ancaq Kukla Teatrı məni çox özünə cəlb edirdi və indi də bura mənim evim, doğma məkanımdır. Burada ruhum dincəlir.

- Yəqin ki, bu sənəti seçərkən onun gəlirli sahə olmadığını, gələcəkdə bu sənətdən milyonlar qazana bilməyəcəyinizi də nəzərə almışdınız.

- Əlbəttə, mən sovet dönəmində böyüyən nəslin nümayəndəsiyəm. O vaxtlar hər şey başqa cür idi, indi tamam başqa cürdür. O zamandan bu sənət çox çətin olub. Bilirdim ki, bu yolu seçsəm, məni çətinliklər gözləyəcək.

- İstərdik "20+20=20” riyazi oyununu bir az bizə açıqlayasınız.

- 40 yaşım tamam oldu. Adətən deyirlər ki, 40 illiyi qeyd etməzlər, bunun düşər-düşməzi olur. 22 ildir ki, teatrda çalışıram. Düşündük ki, bütöv bir tarix olsun. 40 yaşım varsa, onun yarısını teatra həsr etmişəm.

- Teatrda keçirilən yubiley tədbiri sizi qane etdimi?

- Əlbəttə. Unudulmayacaq bir yubiley keçdi. Sürprizləri sevirəm. İncəsənət adamları diqqəti, qayğını çox sevir. Mən hər zaman o diqqəti atama göstərmişəm. İndi atam bir qədər nasazdır. Yubiley gecəmdən çox razı qaldım. Bu qədər mükəmməl olacağını gözləmirdim. Bilirdim ki, yaradıcı heyətimiz həmin gecə üçün nəsə hazırlayır. Rejissordan, aparıcıdan repertuarı soruşduqda, onlar hər şeyi məndən gizlədirdilər. Qorxurdum ki, qonaqların qarşısında nəsə düz getməz. Mən bu teatrınam, birdən səhnədə nəsə qaydasında olmaz kimi düşünüb, həyəcan keçirirdim. Məni bu teatr yetişdirib. Ona görə də burada hər bir tamaşada, yubileydə, tədbirdə məsuliyyət hiss edirəm. O səhnədə nə baş verirsə, hamısı bizim adımızadır.

- Bəs, yubileyiniz kimin təşəbbüsü ilə keçirildi?

- Yubileyimlə bağlı nəsə etmək istəyirdim. Teatrımızın rəhbəri Rəşad Əhmədzadənin qəbuluna düşdüm, ona öz istəyimi bildirdim. O da düşünmədən belə bir yubileyin keçirilməsinə razılıq verdi. Sağ olsun, mənə çox böyük dəstək oldular. Bu müddət ərzində həm də yeni tamaşalar üzərində işləyirdik. Mənə dedilər ki, bu gün sənin ad günündü, bəlkə tamaşada oynamayasan. Dedim ki, mən səhnədə boş-bekar otura bilmərəm. Buna öyrənməmişəm.

- Kukla Teatrının repertuarına nəzər salanda, demək olar ki, əksər tamaşalarında əsas obrazları canlandırırsınız. Bu, gənclər tərəfindən qısqanclıqla qarşılanmır ki?

- Əsla. Hər zaman rejissorlarımıza da demişəm ki, mənə dublyorları verin. Kukla Teatrının hər aktyor və aktrisası çalışqandır. Teatr kollektiv sənətdir. Bacardığım qədər yeni nəslə dəstək olmağa çalışıram. Hər birimiz onların dövrünü keçmişik. Ona görə gəncləri daha yaxşı başa düşürük.

- Bu gün səhnəyə çıxanda həyəcan hiss keçirirsinizmi, yoxsa o hisslər artıq sizə yaddır?

- Mən daha çox alqışları eşidəndə həyəcan keçirirəm. Alqışları eşidəndə düşünürəm ki, tamaşaçı hədər yerə gəlib bizi izləməyib. Atam hər zaman deyir ki, nə problemin olursa-olsun, əgər sən səhnəyə çıxmısansa, tamaşaçını düşünməlisən. Tamaşaçını sənin heç bir problemin maraqlandırmır.

- Sizi atanızın davamçısı hesab etmək olarmı, yoxsa öz dəst-xəttiniz var?

- Atamdan çox şey öyrənmişəm. Ən birinci ondan səmimiliyi, ikiüzlü olmamağı, yalan danışmamağı, ağa ağ, qaraya qara kimi baxmağı öyrəndim. Yalanlarla həyat qurmaq olmaz. Ayın 14-də hiss etdim ki, doğrudan da mənim kifayət qədər tamaşaçım var. O ki qaldı dəst-xəttimə, hesab edirəm ki, mənim dəst-xəttim tamam başqadır.

- Uşaqların zövqünü tutmaq, onlara xitab etmək necə, çətindirmi?

- Çox çətindir. XXI əsrdə texnologiyaların bu qədər inkişaf etdiyi dövrdə uşaqlarımız rəngarəng bir həyat yaşayır. Bir 45 dəqiqə uşaqların diqqətini özümüzdə saxlamaq üçün aktyorlardan böyük səbir və peşəkarlıq tələb olunur. Kukla Teatrına gələn hər bir aktyor və ya aktrisa anlamalıdır ki, onun tamaşaçısı böyüklərdən çox uşaqlardır. Onlar bunu dərk edib teatra gəlməlidir. Mən də Kukla Teatrında yetişdiyim üçün bilirdim ki, mənim pərəstişkarlarım məhz uşaqlar olacaq. İşimiz hövsələ tələb edir. Bəlkə də elə uşaqların sayəsində mən çox səbirli olmuşam. Öz problemlərim özümə bəs edir. Axşam evə gedəndə uşağımın qayğısına qalıram. Uşaqlara qarşı çox həssasam. Əgər uşaq mənim üzərimə pənah gətirib nəsə istəyirsə, necə olursa-olsun mən onu etməliyəm.

-2003-2007-ci illərdə teatrdakı fəaliyyətinizə ara verdiniz. Bu nə ilə bağlı idi?

- Həmin ərəfələrdə şəxsi həyatımda bəzi problemlər var idi. Övladımın yaşı az idi. Bundan əlavə, problemlərim çox idi. Həmin ərəfələr həyatımda dəyişikliklər olurdu. Mən də həyatdan küsdüm, hətta elə bir vəziyyət yarandı ki, teatrdan da küsməli oldum.

- Bəs necə oldu ki, yenidən teatra qayıtdınız?

- 2007-ci ildə teatrımız təmir olunmuşdu və səhnəmizdə böyük bir açılış olacaqdı. Prezidentimiz cənab İlham Əliyev də həmin açılışa gələcəkdi. Uşaqlar arasında kastinq keçirildi. Mənim oğlum da o kastinqə qatıldı. O, açılışda Cırtdan obrazını canlandırırdı. Mən də oğlumu mütəmadi olaraq məşqlərə aparırdım. Teatrımızın yaradıcı heyəti tez-tez məndən qayıdıb-qayıtmayacağımı soruşurdu. İsrarla bildirirdim ki, bir daha teatra qayıtmayacağam. Açılışa sayılı günlər qalırdı, tamaşa bir həftəyə təhvil verilməli idi. Elə alındı ki, tamaşada baş rolu oynayan aktrisa ərizəsini yazıb işdən çıxdı. Mənə dedilər ki, bu rolu sən oynayacaqsan. Bildirdim ki, mən teatra qayıtmaq və heç bir tamaşada oynamaq istəmirəm. Onlar da təklif etdilər ki, açılışı edib, tamaşanı təhvil verdikdən sonra istəməsəm, yenə teatra gəlmərəm. Məni bu şəkildə aldadıb təzədən teatra gətirdilər.

- Səhnənin dadını görən biri üçün səhnədən kənar düşmək heç də asan məsələ deyil. 4 il müddətində səhnəsiz necə dözdünüz?

- Çox darıxdırıcı keçdi. Sənətimiz çox çətindir. Bizim sadəcə olaraq insanların diqqətinə və qayğısına ehtiyacımız var. Sağ olsun dövlətimiz, bu diqqəti məndən əsirgəməyib. Belə ki, ötən ilin mart ayında mənə fəxri mədəniyyət işçisi adı verildi.

- Səriyyə xanım, Mansur Mansurovun qızı olduğunuza görəmi hər zaman qarşınızda yaşıl işıq yanıb, yoxsa bu uğuru siz özünüz qazanmısınız?

- Heç zaman getdiyim yerdə deməmişəm ki, mən Mansur Mansurovun qızıyam. Yəni atamın adından heç vaxt istifadə etməmişəm. Atam hər zaman məni yönləndirib, istiqamət verib. O, deyirdi ki, bu işlə məşğul olursansa, onun dərinliklərinə varmalısan, əgər bu səndə ötəri həvəsdirsə, o zaman kənarda dayan.

- Televiziya verilişlərinə, seriallara necə, təkliflər yenə də gəlirmi?

- Müəyyən illərdə verilişlərə də, seriallara da çəkilmişəm. Serial elədir ki, orada bütün günün gedir. Efirdə gündəlik görünsək də, mənim uşağım diqqətdən kənarda qalır. Çünki onun hər bir problemi ilə özüm maraqlanıram. Teatrda işləyə-işləyə televiziyalarla əməkdaşlıq etdiyim illər də olub. Belə ki, Azərbaycan Dövlət Televiziyasında "Cəsurlar, çeviklər”, "Nağıllar aləmi”, ANS-də "Bala dili” verilişlərinin aparıcısı olmuşam. Daima uşaqlarla işləmişəm. Hazırda televiziyalarda uşaq proqramlarına çox az yer ayrılır. Demək olar ki, uşaq proqramlarımız yoxdur. Bizdə uşaq verilişlərinə sponsor tapmaq çox çətin məsələdir. Oğlumun yaşı az olanda o da xarici uşaq verilişlərinə baxırdı. Düzdür, onun xarici verilişlərə baxıb xarici dil öyrənməyi müsbət haldır, ancaq niyə özümüzün maraqlı uşaq verilişlərimiz, animasiya filmlərimiz olmasın. Biz hər zaman bu problemlə üzləşmişik.




Xəyalə Rəis

banner

Oxşar Xəbərlər