Uşaqların ifasında “Şənlən, mənim xalqım” konserti təqdim olundu - Fotolar
Onun mahnıları ilə böyüdük,
boy atdıq, o mahnılar dilimizin əzbərinə çevrildi. İndi isə həmin mahnılar
övladlarımızın dillər əzbərinə çevrilib. Yazıçı, rejissor, uşaq mahnılarının
bəstəkarı, bir sözlə, yaradıcı insan olan Oqtay Zülfüqarov 3 ildir ki, aramızda
yoxdur. Ancaq onun yoxluğu o qədər sezilmir. Çünki özündən sonra bizlərə
mahnılarını, yetirmələrini ərmağan qoyub.
İyunun 4-də Azərbaycan
Dövlət Akademik Musiqili Teatrında "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin
təşkilatçılığı ilə Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun anım gecəsi
keçirildi. Uşaqların ifasında bəstəkarın mahnıları ifa olundu, yox təkcə ifa
olunmadı, eyni zamanda peşəkar səviyyədə səhnələşdirildi. Bir sözlə, "Şənlən,
mənim xalqım” konsert böyük maraq doğurdu.
"ELS” Müstəqil Araşdırmalar
Mərkəzinin rəhbəri İradə Yaqubova çıxışında bildirdi ki, 500-dən artıq
bəstələdiyi uşaq mahnıları ilə neçə-neçə nəslin qəlbinə yol tapmış Oqtay
Zülfüqarov uşaqlıqdan onun qəlbinə yol tapıb: "Bizim üçün Oqtay baba olub. Biz
onun mahnılarının sədaları altında böyüyüb formalaşmışıq. Mayın 31-də Oqtay
müəllimin ad günüdür və həyatda olsaydı onun yubileyini, yəni 90 yaşını qeyd
edəcəkdik. Uşaq musiqi dünyasını rəngarəng və ecazkar əsərləri ilə
zənginləşdirən bu böyük şəxsiyyəti yad etməklə, onun uşaq mahnılarını bir daha
gündəmə gətirməyi mənəvi borcumuz hesab edirik. Oqtay müəllimi özümüz üçün bir
tərəfdaş, dost, müəllim kimi 2010-cu ilin sonunda aşkar etmişik. Çünki o zaman
biz uşaqların mənəvi-mədəni tərbiyələndirilməsi sahəsində müəyyən boşluqları
aşkar etdik və həmin istiqamətdə fəaliyyətə başladıq. Bu gün bir daha onu yad
etmək, neçə-neçə nəslin dillər əzbəri olmuş mahnıları dinləmək üçün burdayıq.
Biz bu layihəni gerçəkləşdirməklə, Oqtay müəllimin əziz xatirəsini yad etmək və
təkrarolunmaz əsərlərini bir daha gündəmə gətirib onlara yeni nəfəs vermək
istədik”.
Qala-konsertin
iştirakçıları olan 2 və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Respublika
İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivlərin rəngarəng və maraqlı
çıxışları tamaşaçılara əsl bayram ab-havası yaşatdı.
Bəstəkarın dillər əzbəri
olan "Yaz gəlir”, "Maşınımı sürürəm”, "Qucağında nənə, sən”, "Lavaş”, "İdman”,
"Futbolçular”, "Sərçə”, "Can nənə”, "Qonaqlıq”, "Nağara”, "Göy Xəzər”, "Gözəl
Bakı”, "Bayraq”, "Gözəl Vətən”, "Ad günü”, "Haralısan deməyin” və digər
mahnıları yeni aranjemanda səsləndi. Sonda isə qala-konsertin bütün
iştirakçıları bəstəkarın "Musiqi bayramı” mahnısını birgə ifa etdilər.
Qala-konsertdə rəsmi dövlət
qurumlarının təmsilçiləri, tanınmış incəsənət xadimləri, bəstəkarın ailə
üzvləri, ictimai təşkilatlar, mətbuat nümayəndələri və nəhayət O.Zülfüqarovun
ən balaca və sevimli tamaşaçıları iştirak edirdi.
Konsertdə iştirak edən müəssisələrin
rəhbərləri diplomla təltif edildi. AMK tərkibindəİncəsənət GimnaziyasınındirektoruAytənƏhmədova
konsertin ona böyük zövq bəxş etdiyini, İradə xanımın üzərinə böyük yük
götürdüyünü və bu məsuliyyətin öhdəsindən peşəkar səviyyədə gəldiyini dedi: "Bu
gün İradə Yaqubovanın təşkilatçılığı ilə möhtəşəm bir konsert izlədik. Oqtay
Zülfüqarovun Azərbaycanın ictimai həyatındakı yeri, milli musiqimizin təbliği,
gənc nəslin mədəni-mənəvi inkişafı, layiqli vətəndaş kimi formalaşması
istiqamətindəki fəaliyyətinə nəzər salsaq, onun əziz xatirəsini yaşatmaq üçün
həyata keçirilən bu layihəni alqışlayıram”.
Qeyd edək ki, qala-konsert "ELS”
Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə
"Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili”
layihəsi çərçivəsində təşkil olunmuşdu.
Konsert proqramı bildiyiniz
normal standartlar çərçivəsində deyil, ailə tədbiri olaraq qeyd edildi. Belə
ki, ailə bayramı əhval-ruhiyyəsi konsertin hər anında hiss edilirdi. Burada
təkcə valideynlər deyil övladları, həyat yoldaşları, nənələr, babalar da
iştirak edirdi. İnsanlar ailəvi şəkildə uşaq bayramında iştirak edir, səslənən
musiqi sədaları altında özləri də uşaqlıq illərinə qayıtmış olurdular.
Konsertdə iştirak edən O.Zülfüqarovun ailəsinin sevincinin isə həddi hüdudu yox
idi. Onlar böyük coşqu ilə mahnıları dinləyir, səhnədə çıxış edən uşaqları
ürəklə alqışlayırdılar. Qəribə də orası idi ki, elə zənn etdim ki, sanki O.Zülfüqarov
orada idi. Özü kənardan mahnıları dinləyir, uşaqların ifasında möhtəşəm
hazırlanmış konsertdən zövq alırdı.
Qala-konsertin rejissoru
Leyla Zülfüqarova, musiqi rəhbəri bəstəkar Cahangir Zülfüqarov idi. Konsertdə
səslənən mahnıların demək olar ki, hamısı yeni aranjeman olunmuşdu. Sanki
onlara yenidən həyat verilmişdi. Səslənən mahnılar isə teatral formada təqdim
edilirdi. Konsertdə iştirak edən hər bir ailə məmnun görünürdü.
Xəyalə
ELGÜN