• cümə axşamı, 25 aprel, 14:14
  • Baku Bakı 23°C

Uşaqların icbari dispanserizasiyası həyata keçirilir

14.10.14 19:12 2355
Uşaqların icbari dispanserizasiyası həyata keçirilir
“Son 10 ay ərzində ölkə üzrə 2 milyon uşaq icbari dispanserizasiyaya cəlb olunub. İlin sonuna qədər bütün ölkə uşaqlarının kompleks tibbi müayinədən keçirilməsi nəzərdə tutulub”. Bu fikirlər Respublika Elmi-Tədqiqat Pediatriya İnstitutunda uşaqların icbari dispanserizasiyasına həsr olunan mətbuat konfransında səslənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirov uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsindən ötrü qəbul edilən “Uşaqların icbari dispanserizasiyası haqqında” qanundan irəli gələrək onların icbari müayinəsindən ötrü kampaniyaya başlandığını bildirib: «Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə təkcə həkimlərin yox, həm də valideynlərin dəstəyi olmalıdır. Dövlət bunu icbari həyata keçirir və bununla bağlı ölkədə qanun var. Bu, uşaqların sağlamlıq statusunu müəyyənləşdirən qanundur”.
Cəmiyyətdə ən çox haqqı pozulanların uşaqlar olduğunu qeyd edən Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev qeyd edib ki, ümumiyyətlə, dünyanın hər yerində uşaqlar doğulan gündən haqsızlığa məruz qalır: «Uşaq dünyaya gəlir, ana onu öz südü ilə qidalandırmır. Bu, çox böyük haqsızlıqdır». 2013-cü ilin aprel ayında ölkəmizdə «Uşaqların icbari dispanserizasiyası haqqında” qanunun qüvvəyə mindiyini xatırladan baş pediatr sənəddən irəli gələrək qanunun icrası ilə bağlı işlək mexanizmin yarandığını, Səhiyyə Nazirliyi tərəfindən müxtəlif əmirlərin verildiyini qeyd edib: «Dünyanın bir çox ölkələrində erkən müdaxilə adlı şöbələr açılır. Məqsəd odur ki, körpələr erkən müayinədən keçsinlər. Dünya ölkələrində uşaqlar 3 yaşına qədər müayinədən keçirlər. Bizdə isə doğulan gündən 18 yaşınadək bütün uşaqlar icbari müayinədən keçməlidirlər». Baş pediatrın sözlərinə görə, ölkəmizdə yeni doğulanlar bir ayda 3 dəfə, 3 yaşa qədər ildə 2 dəfə, 3 yaşdan 18 yaşa qədər isə ildə 1 dəfə müayinədən keçməlidirlər. Qanunun ayrıca valideyn məsuliyyətinə aid maddəsi də var: «Qanun kampaniya xarakterli deyil və müəyyən zamanı əhatə etmir». N.Quliyev qanunun icrası ilə bağlı sərf olunan vəsaitin dövlət hesabına ödənildiyini diqqətə çatdırıb: «Azərbaycan dövləti uşaqların sağlamlığı üçün bütün imkanları yaradır. Həmçinin ölkəmizdə yaşayan xarici vətəndaşların övladları da müayinəyə cəlb edilir». Baş pediatr həmçinin ölkəmizdə icbari dispanserizasiyanın həyata keçirilməsi üçün Dövlət Proqramının da qəbul olunduğunu bildirib. N.Quliyevin sözlərinə görə, son 10 ay ərzində 2 milyon uşaq icbari dispanserizasiyaya cəlb olunub. Belə ki, ilin sonuna qədər bütün ölkə uşaqlarının kompleks tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Baş pediatr müayinələr zamanı uşaqlarda ən çox tənəffüs üzvlərinin, yeni doğulma dövrünün xəstəliklərinin, virusların və yoluxucu xəstəliklərin daha çox rast gəlindiyini bildirib. N.Quliyev ETPİ direktoru həmçinin əldə edilən məlumatların elektron sağlamlıq kartlarına daxil edilməsi üçün tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb.
Ölkəmizdə uşaq ölümü üzrə faktlara toxunan baş pediatr 1992-ci illə müqayisədə uşaq ölümünün 3 dəfə azaldığını qeyd edib: «Əvvəl uşaq ölümü 29 faiz idisə, hazırda 10,8 faizdir».
Bakı şəhər Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev Bakı şəhəri üzrə 680 mindən çox uşağın olduğunu qeyd edərək bunun bir qrupunun məktəbəqədər uşaqlar olduğunu bildirib. Onlardan 67 min uşaqda (12 faiz) müəyyən xəstəliklər aşkarlanıb. 16 min uşaq tam sağalaraq dispanser qeydiyyatından çıxarılıb, digərlərinin isə müalicəsi üzərində işlər davam edir. R.Nağıyevin sözlərinə görə, müayinə 2 qrupda – mütəşəkkil və qeyri-mütəşəkkil qaydada həyata keçirilir. Təhsil müəssisələrində, bağçalarda, həbsxanalarda, internat məktəblərdə və s. olan uşaqlar ildə bir dəfə müayinəyə cəlb olunur. Məktəblər üzrə qarşılıqlı anlaşma yolu ilə müayinələr aparılır. İlkin həkim baxışından sonra ikinci mərhələdə lazımi müayinələr həyata keçirilir. “Əsas odur ki, müayinəyə hamı cəlb olunsun. Qanun səhiyyə işçilərinin və valideynlərin üzərinə böyük məsuliyyət qoyur”. R.Nağıyev rayon və kəndlərdə qanunun icrasının qanuna müvafiq olaraq həkim briqadaları tərəfindən icra hakimiyyəti nümayəndələrinin dəstəyi ilə mövcud poliklinikalarda həyata keçirildiyini bildirib.
Mətbuat konfransında təhsil ocaqlarında mövcud tibb kabinetlərinin fəaliyyətinə də toxunulub. Bakı şəhər Təhsil İdarəsinin aparıcı məsləhətçisi Elvin Məmmədov qeyd edib ki, təhsil müəssisələrində tibb kabinetlərin yaradılması Təhsil Nazirliyi tərəfindən, tibbi xidmət isə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir: «Bir çox məktəblərdə bu cür kabinetlər fəaliyyət göstərir. Ancaq tibb kabinetlərinin bütün məktəblərdə olması üçün işlər həyata keçirilir”.
Qeyd edilib ki, uşaqların icbari müayinəyə cəlb edilməsi üçün təbliğat və təşviqat işlərinə ehtiyac var: «Səhiyyə Nazirliyi yaxın vaxtlarda təbliğat və təşviqat tədbirlərinin də həyata keçirilməsinə başlayacaq. Çünki uşaqların sağlamlıq statusunun müəyyənləşdirilməsi çox vacib məsələdir».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər