Uşaqların dünyası rənglərin dili ilə danışdı

Uşaqların dünyası rənglərin dili ilə danışdı

Mədəniyyət
13 İyun 2019, 12:21 437
Qırmızı, göy, yaşıl, sarı, bənövşəyi… hər rəngin öz cazibəsi. Rənglər uşaqların gözündən, qəlbindən kətan üzərinə süzülərək harmoniya yaratmışdı. Bu şəkillərdə balacaların sərhəd tanımayan  fantaziyasının gücü ilə evlər, şəhərlər, küçələr, insanlar, güllər, heyvanlar və s. şəkillər kətan üzərində yer almışdı. Rəngli boyalarla çəkilən şəkillər seyrçiləri təkcə ayaq saxlamağa deyil, həm də düşünməyə məcbur edirdi. Əsərlərin hər biri uşaqların gördüyü, təsəvvür etdiyi maraqlı və rəngbərəng dünya idi.
 
«Maraqlı art» klubunun ilk dəfə təqdim etdiyi "İnspiration” (ilhamlandırma, ruhlandırma) sərgisi öz seyrçilərinə rəngbərəng, maraqlı əsərlərlə zövqlü anlar yaşatdı. Klubun rəhbəri Nərmin Bəhmənova sərgidə 6 yaşdan yuxarı şagirdlərin 77 işinin sərgiləndiyini qeyd etdi. Belə ki, klubun 25 tələbəsindən 15 nəfərinin işi sərgidə yer alıb. Klubun fəaliyyəti isə artıq öz istedadlı üzvləri və maraqlı əsərləri ilə təkcə ölkəmizdə deyil, onun sərhədlərindən kənarda da diqqət çəkməyə başlayıb. Məsələn, elə bu yaxınlarda MDB üzrə «Şairlərin yubileyləri» adı ilə keçirilən müsabiqədə iştirak edən klubun 6 üzvü diploma layiq görülüb. Klubun Rauf Məmmədov adlı üzvü isə 1-ci yeri tutub.
 
"İnspiration” sərgisi də həmin uğurlardan ilham alaraq öz izləyicilərini başına toplayıb. Klubun üzvlərindən Aylin Qazıyeva (7 yaş), Aysu Bağırova (13 yaş), Leyla Rüstəmova (6 yaş), Rufin Rodolpe (11 yaş) və başqalarının çəkdiyi əsərlər seyrçilərin diqqətini çəkdi.
Xalq rəssamı Ağali İbrahimov sərgilənən əsərlərin böyük istəklə yarandığını qeyd etdi: «Hər bir uşağın öz dünyagörüşü var, hər kəs öz dünyasını çəkib. Gözəl sənət əsərləri bizə həyatı daha gözəl göstərir».
 
Sərgidə əsərləri nümayiş olunan uşaqlara sertifikatlar və hədiyyələr təqdim olundu.    
 
Sərgidə iştirak etdi
Təranə Məhərrəmova