AZE | RUS | ENG |

Uşaqların dünyagörüşünü səyahətlə zənginləşdirmək yolu

Uşaqların dünyagörüşünü səyahətlə zənginləşdirmək yolu
Ekspertlərin fikrincə, məktəbli turlarının təşkili şagirdləri qapalı şəraitdən, məhdud dairədən çıxara, geniş dünyaya qovuşdura bilər

Rusiyanın, eləcə də Ukrayna və Belarusun ayrı-ayrı şəhərlərində  məktəblilərin kütləvi şəkildə ekskursiyaya gəlmələrini müşahidə etmək mümkündür. Uşaqlar qrup rəhbərlərinin nəzarəti altında 2-3 gün oteldə qalır, şəhərin görməli yerlərini gəzir, sonra da avtobusla və ya qatarla evlərinə geri qayıdırdılar. MDB ölkələri sovet dövründən qalan bu ənənəni hələ də qoruyub saxlamaqda davam edirlər. Rusiyada və digər ölkələrdə tur operatorlar bu cür turları təklif etməklə "Biz belə turları təşkil edib balaca dostlarımız üçün ekskursiyaların rahat və maraqlı keçməsinə çalışırıq” deyirlər. Məktəblilərin bu tip turları isə çoxsaylı rəylərlə müşahidə olunur. Hər şeydən əvvəl, məktəbli turları – səyahətlər, ekskursiyalar onların bütün həyatı boyu xatırlanır. Bu gəzintilər uşaqlara unudulmaz təəssüratlar bəxş etməyin ən gözəl üsulu, təhsil prosesinin isə vacib hissəsidir. Ekspertlər bildirirlər ki, məktəb gəzintiləri uşaqların dünyagörüşünü genişləndirməklə yanaşı, müstəqil olmağı, ən əsası, başqa kollektivlərlə ünsiyyət qurmağı, cəmiyyətə adaptasiyanı öyrədir. Bu cür turlar həmçinin onlar üçün qısa vaxt ərzində tam istirahətdir. Bu turlar şagirdlərin hətta heç vaxt dərsliklərdə eşitmədiyi yerlərlə tanışlığıdır.
Tur operatorların məktəblilər üçün təklif etdikləri proqramlar öz rəngarəngliyi ilə fərqlənir. Rahat avtobusdan tutmuş otelə, yeməklərə qədər... Ekskursiya proqramları əyləncəli təşkil olunur. Akvapark, zoopark, muzeylərə gəzintilər, əyləncəli məkanlar proqrama daxil edilir. Əgər uşaqlara yay tətili zamanı düşərgələrdə dincəlmək lazımdırsa, tur operatorlar bu xidmətləri də təşkil edirlər. 
Bəs bizim ölkədə bu sahədə vəziyyət necədir? Tətillərdə istirahət etmək istəyən, çevrəsi televizor, mobil telefonlar, kompüter və planşetlərlə, ən yaxşı halda, internet klublarla zəngin olan uşaqlarımıza ölkə daxilində və ya ölkədən kənara çıxmaları üçün hansı imkanlar təklif olunur? Turizm şirkətlərinin bu istiqamətdə hazır təklifləri varmı?
Əlbəttə, sosial şəbəkələrdə "Məktəblilər üçün turlar” elanı ilə daxili turizm şirkətlərinin paketlərinə ara-sıra rast gəlmək olur. Ancaq bu, hələ məktəblilər üçün yaxın ölkələrə, məsələn Gürcüstana, MDB ölkələrinə və ya qardaş Türkiyəyə ekskursiyalar təklifindən fərqlidir. Uşaqların fərqli ölkələri görməsi, fərqli dadı hiss etməsi, fərqli mədəniyyətlərlə tanışlıqları üçün onlar üçün ekskursiyaların təşkilinə ehtiyac var. Düzdür, bəzən valideynlər uşaqlarını gözdən uzağa buraxmaq istəməsələr də, zamanla müasir dünyanın tələbləri ilə barışırlar. İndi onlar övladlarının dörd divar arasında, əlində kitab böyüməyindənsə, dünyanı gəzib təcrübə toplamalarını daha üstün sayırlar. Bir şərtlə ki, onlara sərfəli təkliflər olsun...
Dövlət Turizm Agentliyi gələcəkdə bu istiqamətdə işlərin görüləcəyini istisna etmir: "Bizdə hələ o mərhələ yoxdur” deyən qurumun əməkdaşı Kənan Quluzadə bildirdi: "Yəqin ki, gələcəkdə bizdə də bu cür turlar həyata keçiriləcək”.
 
Dünyagörüşü üçün
 
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, məktəblilərin, xüsusən yuxarı sinif şagirdlərinin ekskursiyalarını təşkil etmək üçün bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır. Belə ki, həm rayon təhsil müəssisələrində, həm də məktəblərdə bu cür turların aktivləşdirilməsi üçün təbliğata ehtiyac var: "Sovet dövründə bu cür ekskursiyalar həyata keçirilirdi. Rusiyaya, Belarusa məktəbliləri qatarla 10 günlük səyahətə göndərirdilər. Eləcə də, həmin ölkələrin şagirdlərini ucuz qiymətə biz qəbul edirdik. Bizim məktəblilər o ölkələrə gedəndə internat məktəblərində qalırdılar. Yay tətillərində şagirdlər üçün həmin məktəblərdə yer təşkil olunurdu”. M.Ağakərimov hesab edir ki, məktəblilərin ekskursiyası üçün «Ölkəmizi tanıyaq» layihəsi çox uğurlu idi. Yəni uşaqlar ölkəmizin ayrı-ayrı regionlarını gəzir, həmin yerlərin tarixi, coğrafiyası, ənənələri və s. haqda məlumat əldə edir, dünyagörüşləri genişlənirdi: "Bu layihəni ölkənin hüdudlarından kənara çıxarıb, məsələn, MDB ölkələri arasında təşkil etmək olar. Məktəbliləri müəllimlərin rəhbərliyi altında bu cür səyahətlərə göndərmək ənənəsi var. Eləcə də müxtəlif ölkələrin məktəblilərini mübadilə əsası ilə özümüz qəbul edə bilərik. Hesab edirəm ki, bu cür səfərləri qatarla təşkil etmək daha ucuz başa gələr və valideynlərin də buna imkanı çatar». M.Ağakərimov hesab edir ki, bu cür səyahətlərin təşkili məktəbliləri, gəncləri qapalı şəraitdən, məhdud dairədən çıxara, geniş dünyaya qovuşdura bilər: "Məktəblilər başqa ölkələrə səyahət etməklə, real vəziyyətdə dünya görüşlərini artıra bilərlər. Onlar həmçinin belə səfərlərdə başqa ölkələrin mədəniyyəti, tarixi, coğrafiyası, mətbəxi, adət-ənənəsi ilə tanış olurlar». M.Ağakərimov hesab edir ki, indi müasir dövrdə yaşadığımızdan, valideynlərin də belə səyahətlərə münasibəti müsbət olar: "Əslində, bu cür səyahətlər sovet dövründən həyata keçirilir. Valideynlər övladlarının açıq fikirli, geniş dünyagörüşlü böyüməsi üçün bu cür səyahətlərə icazə veriblər. Digər tərəfdən onların yanında müəllimləri olur. Bütün ekskursiya qrup halında həyata keçirilir. Bu təcrübə bizdə vaxtilə olub. Mən özüm də universitet tələbəsi olarkən qatarla uşaqları Moskvaya aparırdım. Təxminən 250-300 şagirdlərə rəhbərlik edərək, onları ekskursiyaya aparmışam. Uşaqlar muzeylərlə, tarixi yerlərlə tanış olurdular. Bu təcrübənin müsbət tərəfindən istifadə etmək lazımdır. Xüsusən, yuxarı sinif şagirdlərinin başqa ölkələrlə tanış olmalarının böyük əhəmiyyəti var”. M.Ağakərimov hesab edir ki, bu cür turları Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə rayon təhsil müəssisələri və məktəblər təşkil edə bilər: "Biz ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, siyasətini şagirdlərə geniş şəkildə təqdim etməklə dünyaya pəncərə açırıq. Eyni zamanda, yeni ekskursiya mətnləri hazırlanmalıdır. Uşaqlar böyüyüb ali məktəbə daxil olanda artıq geniş dünyagörüşünə malik ola bilərlər. Yəni dünyagörüşü təkcə kitab oxumaqla deyil, həmçinin səyahətlə zənginləşdirmək olur”.  
 
Hərəkata start vermək
 
"Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəri Ruslan Quliyev məktəbli turlarının və yeniyetmələrə yönəlik turların köklü tarixinin, ənənələrinin olduğunu bildirir: "Bu cür turların ənənəsi mövcuddur. Sovet ittifaqının süqutundan əvvəl ümumittifaq miqyasında bir sıra məşhur kurortlar, düşərgələr vardı. «Artek», «Orlyonok» kimi düşərgələr, o cümlədən Ukrayna, Belarus və Azərbaycanda bu cür istirahət məkanları mövcud idi. Bu məkanlara kütləvi şəkildə yeniyetmələrin turları təşkil olunurdu. Təhsildə uğur əldə etmiş gənclər postsovet məkanlarına istirahətə göndərilirdi. Bu proqram xarakterli bir fəaliyyət idi. Ancaq Sovet İttifaqının süqutundan sonra bu sahədə də bir durğunluq müşahidə olundu”. R.Quliyevin dediyinə görə, son 5 il ərzində bu sahədə yenə canlanma müşahidə olunur. Belə ki, «Ölkəmizi tanıyaq» layihəsi çərçivəsində müxtəlif regionlarda yaşayan məktəblilər başqa regionlara səfər edirlər: "Belə hərəkata start verilməsi bu sahədəki boşluğu nisbətən doldurdu. Əlbəttə, məktəblilər üçün yerli turizm şirkətləri tərəfindən həftə sonları bir-iki günlük səfərlər də təşkil olunur. Bir günlük ekskursiyalar və ya kamplar şəklində səyahətlər həyata keçirilir”. Turizmçinin bildirdiyinə görə, "Turizm haqqında” qanunda, həmçinin "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bu müddəalar yer alıb: "Bu məsələnin həllində təhsil strukturları ilə işin düzgün formada qurulması da önəmli məsələdir. Bəzi hallarda müəyyən baryerlər mövcud olub. Hazırda özünü doğruldan müxtəlif assosiasiyalar və tur operatorlar bu fəaliyyətə cəhd edilirlər. Hesab edirəm ki, bu sahənin inkişafı ilə bağlı dövlətin də dəstək və təşviq siyasəti həyata keçirilməlidir. Əlbəttə, Azərbaycanın milli mentalitetini nəzərə alaraq deyə bilərik ki, valideynlər bəzən belə məsələlərə çox da müsbət yanaşmırdılar. Ancaq son iki-üç ildə müxtəlif regionlarda – Qubada, Qəbələdə, Qusarda, Şəkidə yay məktəbləri formatında düşərgələr təşkil olunur”. 
Təbii ki, yay düşərgələrinin formatı ekskursiyalardan fərqli olduğundan, uşaqlar üçün eyni zamanda bu tip səyahətlərin təşkilinə ehtiyac var. Belə deyək, sovet dövründəki ənənəni bu mənada qaytarmaq pis olmaz. Bir halda ki, "ən yaxşı təzə -unudulmuş köhnədir” deyiriksə...
 
Təranə Məhərrəmova
 
 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9005
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6843
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2798