• çərşənbə axşamı, 19 mart, 12:02
  • Baku Bakı 8°C

Uşaqların aşura mərasimlərinə aparılmaması üçün maarifləndirmə işi davam etdirilməlidir

20.09.18 18:19 1125
Uşaqların aşura mərasimlərinə aparılmaması üçün maarifləndirmə işi davam etdirilməlidir
Aşura mərasimlərində uşaqların iştirakı məsələsi hər zaman cəmiyyətin müzakirə mövzusu olub. Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti belə mərasimlərdə uşaqların iştirakının doğru olmadığını dilə gətirirlər. Çünki yetkinlik yaşına çatmayan uşaqlar Aşuranın mahiyyətini şüurlu şəkildə dərk edə bilmir. Eləcə də psixoloqlar qeyd edirlər ki, mərasim zamanı yaranan səs-küy uşaqlarda psixoloji fəsadlara yol aça bilər. Ona görə də valideynlərə uşaqlarını belə mərasimlərdən uzaq tutmaq tövsiyə olunur və bu məsələ ilə maarifləndirmə işləri aparılır. Lakin aparılan maarifləndirmə işinə, müzakirələrə baxmayaraq, yenə də uşaqları bu mərasimlərə aparmaq istəyənlər tapılır.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvada da vurğulanır ki, ibadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, müstəqil Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub hüquqi, dünyəvi, demokratik bir ölkədir: "Əsası ulu öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Ölkənin bütün dini ocaqlarında həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası, 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dövlət başçısının xalqımızın milli-mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsidir”.

N.Həmzəyev vurğuladı ki, ölkəmizdə hər bir vətəndaşın dini ayinlərin azad şəkildə keçirməsi üçün hər cür şərait yaradılıb: "Lakin bəzən valideynlər özləri ilə dini mərasimlərə yetkinlik yaşına çatmamış uşaqları aparırlar. Belə hallar dini, psixoloji və hüquqi cəhətdən yolverilməzdir. Valideynlər uşaqların hüquqlarını pozmamalı, övladlarını dini mərasimlərə cəlb edərkən bilməlidirlər ki, səs-küylü mərasimlər azyaşlı uşaqların psixologiyasına mənfi təsir göstərir. Bu da gələcəkdə çox ciddi fəsadlara yol açır. Belə halların qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirmək lazımdır. İslam mədəniyyəti, ənənələri düzgün təbliğ edilməlidir ki, xurafat günümüzün bəlasına çevrilməsin, valideynlərin nəzarətsizliyi ucbatından məktəblilər təhsildən yayınaraq, əzadarlıq məclislərinə qatılmasınlar. Sabahımız olan gənc nəslə bədbinlik əhval-ruhiyyəsi deyil, Vətən sevgisi, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizə ruhu hakim kəsilməlidir”.

Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bildirdi ki, yetkinlik yaşına çatmayan uşaqların Aşura mərasimlərinə aparılmaması məsələsində məsuliyyət ilk növbədə valideynlərin üzərinə düşür: "Valideynlər uşaqları məktəbdən yayındırmamalıdırlar. Həm də məktəbəqədər yaşlı uşaqların mərasimlərdə iştirakı psixoloqlar tərəfindən də doğru qarşılanmır. Çünki uşaqlar həssasdırlar və bu cür mərasimlər onların psixologiyasına təsir edə bilər. İnsanlar Aşura mərasimlərinə gedirlər ki, burada İmam Hüseynin şəhidlik məktəbini öyrənsinlər, bundan dərs alsınlar və orada özləri üçün nə isə öyrənib mənəviyyatlarını zənginləşdirsinlər. Bunun üçün də insanlar yetkinlik yaşda olmalı və məsələnin məğzini şüurlu şəkildə anlamalıdırlar. Azyaşlı uşaqların bunu dərketmə qabiliyyəti aşağı səviyyədədir. Eyni zamanda, uşaqlar kütlənin içərisində qalaraq xəsarət ala bilərlər. Ona görə də tövsiyə edərdim ki, valideynlər uşaqlarını bu şəkildə keçirilən kütləvi mərasimlərə aparmasınlar və məktəbdən yayındırmasınlar. Düşünürəm ki, bu mərasimlərlə bağlı neqativ hallar yaxın gələcəkdə tamamilə aradan qalxacaq”.

A.Şirinov qeyd etdi ki, Aşura mərasimindən 2-3 ay əvvəl maarifləndirmə işləri aparılmalıdır: "Onu qeyd edim ki, bu sahədə maarifləndirmə işləri həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən aparılır. Sevindirici haldır ki, bu işlər öz müsbət təsirini göstərir. İndi Azərbaycanda Aşura günü qan çıxaran insanları görə bilməzsiniz, bizimkilər artıq qanvermə aksiyalarına qoşulurlar. Bu da o deməkdir ki, maarifləndirmə tədbirləri öz nəticəsini verir.

Onu qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutu da Aşura mərasimi ilə bağlı qanvermə aksiyasına qoşuldu. Təhsil ocağı olaraq, belə aksiyalara qoşuluruq ki, insanlara nümunə olsun. Yəni, ilahiyyatçılar tövsiyə edirlər ki, Aşura mərasimlərində, İmam Hüseyni anma məclislərində insanlar özlərinə fiziki zərər verməsinlər, bunun müqabilində qanvermə aksiyalarında iştirak etsinlər. Necə ki, Həzrəti Hüseyn öz şəhadəti və haqq uğrunda mübarizəsi ilə cəmiyyətə xeyir vermişdi, Yezid kimi zülümkarın əməllərindən insanları agah etmişdi, eyni şəkildə də biz qan verərək cəmiyyətə xeyir verməli, qana ehtiyacı olan insanların həyatının xilas olması üçün çalışmalıyıq. Hesab edirəm ki, ən sivil yol budur. Həm də qeyd edim ki, maarifləndirmə tədbirləri çərçivəsində institutumuz tərəfindən Kərbəla hadisəsinə dair "Kərbəla hadisəsinə tarixi, sosio-psixoloji və ədəbi baxış” adlı dəyirmi masa keçirilib və tədbirdə Azərbaycanda fəaliyyət göstərən ilahiyyatçı alimlər iştirak ediblər”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər