• şənbə, 20 Aprel, 10:40
  • Baku Bakı 14°C

Uşaqlarımıza milli ruhda yazılmış mahnılar təqdim olunmalıdır

21.10.14 17:55 3255
Uşaqlarımıza milli ruhda yazılmış mahnılar təqdim olunmalıdır
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatı baş tutdu. Tədbirdə uşaq mahnılarının milli bazasının zənginləşdirilməsi məqsədilə “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomu, eləcə də audiodiskdən ibarət toplunun tərtibi və buraxılması ilə bağlı tədbir iştirakçılarına məlumatlar verildi.
“ELS”in təşəbbüsü ilə “Bənövşə” Uşaq Xorunun ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir, Mərkəzin rəhbəri İradə Yaqubovanın çıxışı ilə davam etdi. Onun sözlərinə görə, 2011-ci ilin fevral ayında ELS-in “bəstəkar və şairlər, gənc bəstəkarlar arasında uşaq mahnılarının bəstələnməsinə marağın artması məqsədilə uşaq mahnısı müsabiqələri təşkil edilməli, qalib mahnılar isə disklərdə buraxılmalıdır” təklifindən irəli gələn təşəbbüs 2 ildən sonra real işlə nəticələndi. İ.Yaqubova “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Azərbaycanın tarixində ilk dəfə olaraq 2013-cü ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ELS” tərəfindən keçirildiyini bildirdi: “Biz “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları-2013” müsabiqəsini həyata keçirdik. Qalib mahnılarından ibarət disklərin buraxılışı və notların dərcini reallaşdırmaq üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət etdik və layihəmiz 217 qalib layihə sırasında yer aldı. Bu gün uşaq yaradıcılıq mərkəzləri və Bakı şəhəri orta təhsil məktəblərinə payladığımız not albomuna müsabiqədə ilk 15 yeri tutan mahnıların notlarını daxil etmişik”. İ.Yaqubova uşaqlarımızın zövqünü oxşayacaq yeni mahnıların ərsəyə gəldiyini və gələcəkdə də bu istiqamətdə Mərkəzin fəaliyyətinin davam edəcəyini vurğuladı.
Tədbirdə çıxış edən xalq artisti, bəstəkar Oqtay Zülfüqarov belə layihələri dəstəklədiyini və layihə təşkilatçılarının qarşısında baş əydiyini dilə gətirdi: “Bu gün uşaqlar cəmiyyət tərəfindən sanki unudulub. İstedadlı bəstəkarlarımız çoxdur, ancaq indiyə kimi yeni uşaq mahnılarına az hallarda rast gəlirdik. Hər zaman demişəm və bu gün də deyirəm ki, uşaq mahnılarının zəif inkişaf etməsinin əsas səbəbi onun kifayət qədər təbliğ olunmamasıdır. Sözdə deyilir ki, uşaq mahnıları yazılmır, ancaq heç bir fəaliyyət də göstərilmir. İradə xanıma təşəkkürümüzü bildiririk ki, belə bir layihə həyata keçirib. Atalarımızın bir misalı var, “Soğan olsun, nağd olsun”. İnşallah, ardı gəlsin”.
Dövlət Konservatoriyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə qeyd etdi ki, bu gün azyaşlı uşaqların milli musiqilərimizə böyük ehtiyacı var: “Uşaqlarla dil tapmaq, onları musiqi ilə tərbiyələndirmək təqdirəlayiqdir. Bu işinizin təkcə respublika çərçivəsində deyil, respublikadan kənarda da səs salacağına ümid edirəm. Həyata keçirdiyiniz bu layihə əslində çox geniş bir işdir. Danılmaz faktdır ki, musiqi uşaqların tərbiyəsində böyük rol oynayır. Bu layihəyə görə gələcək nəsil ünvanınıza minnətdarlığını bildirəcək”.
Bakı Musiqi Kollecinin rektoru Nazim Kazımov layihənin gələcək nəsil üçün əhəmiyyətindən bəhs etdi: “Çoxdandır yeni ruhda yazılmış uşaq mahnıları eşidilmir. Bu layihə çərçivəsində müasir yazarları və uşaq mahnılarını eşitmək bizə nəsib oldu. İnanıram ki, müasir milli uşaq mahnılarımızı dinləyən azyaşlı uşaqların zövqü dəyişəcək. İndiki uşaqlar əcaib mahnılara qulaq asırlar. Hesab edirəm ki, milli ruhda yazılmış mahnılar onların zövqünə təsir edəcək. İradə xanım böyük qəhrəmanlıq göstərib ki, belə bir layihəyə rəhbərlik edir. Ona bundan sonrakı layihələrində də uğurlar arzulayıram”.
Əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyov nümayiş olunan layihənin Azərbaycan xalqının əxlaqına xidmət göstərdiyini qeyd etdi: “Biz nə qədər interqasiya və inkişaf etsək də, bu, uşaq musiqisinin inkişafına elə də təsir göstərmir. Beş professor yetişdirməkdə çətinlik çəkdiyimiz halda, narkomanların sayı getdikcə çoxalır. Bu gün gələcəyimizi təhvil verəcəyimiz uşaqlara diqqət yetirmək və onların təlim-tərbiyəsi ilə yaxından maraqlanmaq lazımdır. Belə layihələr uşaqların düzgün istiqamətdə inkişaf etməsinə xidmət edir. Biz də əlimizdən gələn köməkliyi etməyə hazırıq”.
Qeyd edək ki, Uşaq yaradıcılıq mərkəzlərinin rəhbərləri və Bakı şəhər orta təhsil məktəblərinin təmsilçilərinin iştirakı ilə keçirilən təqdimatda aidiyyəti rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət, elm və incəsənət xadimləri, yerli QHT-lərin, beynəlxalq təşkilatlar və KİV nümayəndələri də iştirak edirdilər.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər