Uşaqları zəmanə tərbiyələndirir  - Mənim balam

Uşaqları zəmanə tərbiyələndirir - Mənim balam

Gənclik qəzeti
25 Aprel 2016, 10:33 3673
“Gənclik qəzeti”nin “Mənim balam” rubrikasının bu həftəki qonağı əməkdar artist, tanınmış aktyor, aparıcı Əkbər Əlizadədir. 3 övlad atası olan müsahibimiz deyir ki, uşaqlarının tərbiyəsi ilə daha çox anaları məşğul olur. Qısqanc xasiyyətə malik olan aparıcımız övladlarına qarşı çox qayğıkeşdir. O deyir ki, övladları yalnız ataları və anaları ilə birlikdə harasa gedə bilərlər.

- Övladlarınızı tərbiyə edərkən hansı üsula əsaslanırsınız? Dədə-baba qaydalarına, yoxsa sizin öz metodlarınız var?

- Elə hesab edirəm ki, uşaqları zəmanə tərbiyələndirir. Biz nə qədər zamanımızda belə etmişik, belə böyümüşük desək də, uşaq nəyi görürsə, onu da götürür. Uşaq valideynlərdən bəhrələnir. Valideynlərin məsləhəti də əsas rol oynayır. Bəzən müasir texniki avadanlıqları biz o qədər tam qavraya bilmirik, amma övladlarımız bizdən daha yaxşı mənimsəyiblər. Çağdaş dövrümüzdə müasir avadanlıqlar artıq onların bir növ qanlarına hopub.

- Sosial şəbəkələrdən necə, övladlarınızın istifadə etməyinə icazə verirsinizmi?

- Mənim qızlarımın yaşı çox azdır. Belə ki, böyük qızımın 10, ortancılın 6 yaşı var. Oğlum isə çox balacadır. Hələ 2 yaşı var. Hiss edirəm ki, böyük qızımın sosial şəbəkələrə böyük marağı var. Misal üçün, mən “İnstagram”-dan istifadə edə bilmirdim. O mənim üçün xüsusi “İnstagram” səhifəsi açıb. O, şəbəkələrdən istifadə etməyi bilsə də, mən ona icazə vermirəm. İnternet vasitəsi ilə yalnız cizgi filmləri izləməyə icazə alıb. Övladlarımla birlikdə filmləri izləyir, kinoteatra gedirik. Uşaqlarla birlikdə filmə baxdıqdan sonra filmdə nədən söhbət getdiyini onlardan xəbər alıram. Öyrənməyə çalışıram, görüm onlar bu filmdən nəyi öyrənə bildilər.

- Uşaqların izlədikləri verilişlərə, filmlərə nəzarət edə bilirsinizmi?

- Mütləq şəkildə nəzarət etməyə çalışıram. Düzdür, çox zamani işlə əlaqədar olaraq evdə olmuram. Anaları hər zaman uşaqları nəzarətdə saxlayır. Uşaqlarım yalnız mənimlə birlikdə harasa gedə bilərlər. Onların özümdən kənar harasa getmələrinə icazə vermirəm. Çünki məni də belə böyüdüblər. Valideynlərimdən belə görüb, belə götürmüşəm. İndiki uşaqlar tez böyüməyə can atırlar. Biz balaca olanda uşaq mahnılarını dinləyir, şeirlər əzbərləyirdik. İndiki uşaqlar böyük filmlərə üstünlük verirlər. Mənim uşaqlarım macəra və qorxulu filmləri daha çox xoşlayırlar. Kiçik qızım davamlı olaraq mənə qorxulu filmlərə baxmaq istədiyini deyir. Qorxulu filmlərin uşaqların psixologiyasına mənfi təsiri olduğunu bilsəm də, onların baxa biləcəyi filmləri seçib ailəmizlə birlikdə izləyirik.

- Atalar qızlarına daha çox bağlı olurlar. Bəs sizdə necə?

- Çox, həddən ziyadə. Bəzən olur ki, işdən evə çox yorğun gəlirəm. Kefim o qədər də yaxşı olmur. Qapını açan kimi, qızlarım qollarını açıb qucağıma qaçırlar. Onları görəndən sonra elə bilirəm ki, evə gələnə kimi baş verən hadisələr sanki bir nağıl idi, ötdü keçdi. Qızlar doğrudan da çox şeytan olur, qılığa girməyi bacarırlar. Bəzən olur ki, mən onlara nəyisə icazə vermirəm. Ancaq onu elə bir tərzdə deyirlər ki, qızlarımın qəlbini qıra bilmirəm. Oğlumu da çox sevirəm. Elə baxanda oğlumu qızlarımdan da çox istəyirəm. Çünki o çox balacadır.

- İstəyərdinizmi, övladlarınız sizin sənətinizi davam etdirsin?

- Böyük qızımın aktrisalıq sənətinə böyük həvəsi var. Ona hər zaman məsləhət verirəm ki, bu sənət çox çətindir. O deyir ki, mən Azərbaycanda aktrisa kimi fəaliyyət göstərməyəcəyəm, Türkiyədə tanınmış aktrisa olacağam və seriallara çəkiləcəyəm. Mən də deyirəm ki, beynəlxalq arenada tanınmaq üçün ilk növbədə bu sənətin sirlərinə yiyələnməlisən. Kiçik qızım gimnastika ilə məşğul olur və bunun öhdəsindən çox gözəl gəlir. Yaşına görə hərəkətləri tamlıqla yerinə yetirdiyi akrobatika mərhələsinə keçib. O, çox bacarıqlıdır.

- Çox zaman qız ataları qısqanc olur. Bəs siz qısqancsınızmı?

- Sözün açığı, mən çox qısqanc insanam. Ancaq belə baxanda görürəm ki, böyük qızım mənə oxşayıb. Çox zaman uşaqları tamaşalara aparıram. Mənim oynadığım tamaşalara uşaqlarım baxanda onlarda qısqanclıq hisslərini müşahidə edirəm. Belə ki, tərəf müqabilimlə hər hansı bir söhbət edəndə, yaxud əl hərəkətləri olanda, qızım həyat yoldaşıma deyir ki, sən atamın səhnədə qadınla söhbət etməsinə necə icazə verə bilirsən. Anası deyir ki, atan aktyordur, bu, normal haldır. Ancaq qızım bununla razılaşmır. Hiss edirəm ki, o bu qısqanc hərəkətlərində mənə bənzəyir. Belə olduğu halda, onun gələcək həyatı məni daha çox narahat edir.

- Bəs gələcəkdə övladlarınızın təhsili və ailə məsələlərinə bir valideyn kimi müdaxilə edəcəksinizmi?

- Açığını desəm, həyat yoldaşımla biz bir-birimizi görüb, sevib, bəyənmişik. Bir-birimizi yaxşı tanıdıqdan sonra ailə qurmuşuq. Ailə məsələlərində mənə ailə üzvlərim heç bir müdaxilə etməyib. Çünki onlar mənə güvəniblər. Bilirdilər ki, mən heç zaman səhv addım atmaram. Gələcəyin nə göstərəcəyini deyə bilmərəm. Tək arzum budur ki, onların gələcək seçimləri onların da, mənim də ürəyimcə olsun.

- Əkbər bəy, deyirlər, “qızını döyməyən dizini döyər”. Siz necə, bu prinsipə əsaslanırsınızmı?

- Gərək qızım elə bir addım atsın ki, mən ona əl qaldırım. İndiyə kimi belə bir hadisə olmayıb. Qızlarım elə bir şərait yaratmayıb ki, mən onlara ağır söz deyim. İnsanların xarakterləri müxtəlifdir. Bəzən deyirlər ki, uşaqları çox döyəndə sırtıqlaşırlar. Olduğundan artığını həyata keçirmək istəyirlər. Hesab edirəm ki, uşaqları sözlə başa salsaq, daha yaxşı olar.

- Həyat yoldaşınızın çox gözəl səsi var. Onun kifayət qədər tanınması üçün əlinizdə hər bir imkan olduğu halda, nə üçün buna qarşı çıxırsınız?

- O, evdə uşaqları və mənim üçün ifa edir (gülür). 1999-cu ildə onunla tanış olanda o, sözünə əməl etdi. Mən universiteti bitirdim, hərbi xidmətə getdim. Bütün bu illər ərzində o məni gözlədi. Bizim bir-birimizə olan münasibətimiz çox səmimi idi. O, Konservatoriyaya daxil olanda, mən ona dedim ki, sən əbəs yerə vaxtını boşa sərf etmə. Çünki sənə oxumağa icazə verməyəcəm, qabaqcadan bunu dedim ki, sonra aramızda problem yaranmasın. O isə dedi ki, bu mənim arzumdur. Konservatoriyaya daxil oldu, təhsilini başa vurdu və mənim xasiyyətimi bildiyi üçün mənə qarşı çıxmadı. Bilirəm ki, böyük qəbahət işlədirəm, ancaq... Bu sənət elə bir aləmdir ki, gərək sən bütünlüklə özünü ona həsr edəsən. Uşaqlarımızın yaşı çox azdır. Onların qayğısına qalmaq, evi idarə etməyin özü çox çətindir. Ona deyirəm ki, sən mənim uğurlarıma sevin, elə öz uğurlarını da məndə gör.

- “Qız atası” serialında Alik obrazınız qayınanası Nəzakət tərəfindən çox təhqir edilir və döyülür. Bu, uşaqlarınız tərəfindən qınağa səbəb olubmu?


- Xeyr. Balaca qızım Nəzakətin Alikin boğazından tutub divarboyu sürüməsi səhnəsini təqlid edir. Uşaqlarım serialda baş verən hadisələrdən xəbərdar olduqları üçün belə sual vermirlər. Çünki mən onlara hər şeyi izah etmişəm. O serialda insanları tərbiyələndirəcək məqamlar da var. Belə ki, hazırda ailədə oğlanla qızın sözü düz gəlmirsə, çox zaman qız anaları deyir ki, get oğlandan boşan. Nəzakət də o sözü deyə bilərdi. Ancaq Nəzakət hələlik malalayır.

Xəyalə Rəis