“Uşaqları sevmədən pediatr işləmək çətin olar” - Uğur hekayəsi
Tövsiyə
olunan pediatr axtarılanda bir çox hallarda onun adını eşidirik. Sosial şəbəkələrdə
gənc anaların paylaşımlarında da ona ünvanlanan xoş sözlər tez-tez qarşımıza
çıxır. Deyir ki, əgər bir pasient onun haqqında xoş sözlər yazırsa, deməli,
bunun üçün enerjisini sərf edir. "Həkimin ən yaxşı reklamı onun xəstəsinin məmnun
qalmasıdır” – deyən müsahibimiz pediatr
Günay Rəsulovadır.
- Günay xanım, ilk olaraq tibb sahəsini seçməyinizdən
danışaq. Bu, öz seçiminiz olub, yoxsa valideynlərin "qızımız həkim olsun” istəyi
də var idi?
- Ailəmizdə nəinki həkim, heç tibb
işçisi də olmayıb. Bunu təbiətin mənə verdiyi bacarıq adlandıra bilərik. 5
yaşımdan artıq həkim kimi fəaliyyət göstərmişəm. Guya babama iynə vururdum, təzyiqini
ölçürdüm ki, həkiməm. Xəstələrə baxmağa gələn həkimləri heyranlıqla seyr
edirdim. Onların hərəkətlərini gedəndən sonra bir-bir təkrarlayırdım. O vaxt
şprislər indiki kimi bir dəfə istifadə üçün deyildi. Qaynadıb davamlı istifadə
edirdilər. Mənim də dəmir qabım var idi, həmişə içində şpris qırıqları olurdu.
O vaxtdan artıq həkim olmaqla bağlı qərar vermişdim və bu, mənim ən böyük
arzuma çevrilmişdi. Ailəm, nənəm, babam məni hər zaman dəstəkləyib, "səni həkim
kimi görmək istəyirik” deyirdilər. Mən də həmişə onların arzularını həyata
keçirən bir övlad olmağa çalışmışam.
- Uşaq vaxtı çox qız həkim olmaq istəyir.
Amma məktəbin son ilində heç də hər kəs o fikirdə qalmır...
- Mən bir
gün belə, özümü başqa ixtisasda düşünməmişəm. Universitetə qəbul olmağımın
maraqlı tarixçəsi var. Balakəndə liseydə oxumuşam. Həmin kollektivin çox yaxşı
müəllim heyəti var idi. Direktorumuz Nəzakət Həsənova bizə çox dəstək olurdu. Mən
də aktiv və çalışqan şagird idim. Bizim liseydə mənə qədərki 7 ildə heç kim
Tibb Universitetinə qəbul ola bilməmişdi. Ora qəbul olmaq artıq bir xəyala
çevrilmişdi. 11-ci sinfə çatanda direktorumuz məni çağırıb dedi ki, "Günay, sənə
heyfim gəlir, çox aktivsən, yaxşı oxuyursan, nəticələrin də gözəldir. Qorxuram
ki, sən Tibb Universiteti deyib durasan və qəbul ola bilməyəsən”. O məsləhət
gördü ki, başqa ixtisaslar da seçim. Dedim ki, qəbul olmasam, növbəti il yenə
imtahan verərəm, yenə olmaz, bir də imtahana gedərəm, tələsmirəm, məqsədimə
çatacam. Birinci yerdə də pediatriyanı yazdım, amma müəllimlik ixtisasını da
sonrakı yerlərdə seçmişdim. O vaxt qəbul xəbəri "Abituriyent” jurnallarında
çıxırdı. Bakıdan xəbər gəldi ki, sən Bakı Dövlət Universitetinin kimya-biologiya
fakültəsinə qəbul olmusan. Anam çox sevindi. Ona tibb sahəsi çətin gəlirdi. Özü
də müəllimədir və mənim də bu istiqamətə qəbul olmağım onu sevindirirdi. Dedi
ki, sənin çox yaxşı müəllim olacağına əminəm. Dedim ki, yox, olmayacam, gələn
il bir də bu imtahanı verəcəm. Anam dedi ki, vaxtın gedir, bir il daha
hazırlaşmalısan. Dedim ki, yox, mən məqsədimə çatmalıyam. Atam rəhmətlik mənə dəstək
oldu, dedi ki, qızım, istəsən yenə imtahan verərsən. Müzakirəmizdən bir saat
sonra xəbər gəldi ki, sən demə, səhv baxıblar, mən Tibb Universitetinin
pediatriya fakültəsinə daxil olmuşam. Həm də ödənişsiz əsaslarla. Anam qorxurdu
ki, ödənişliyə qəbul olsam, oxuda bilməzlər.
- Üstündən bu qədər vaxt keçsə də, danışanda gözləriniz
dolur.
-
Düşünürəm ki, 50 il bundan sonra da o hadisəni danışanda kövrələcəm. O sevinc başqa
idi. Çünki sevdiyim ixtisasa qəbul olmuşdum.
- Bəzən kənardan görünənlə işin məğzi başqa ola
bilir. İxtisasınız xəyalınızdakı kimi oldumu?
-
Uşaqları o qədər çox sevirəm ki... Onlarla işləməyin mənə böyük zövq verəcəyini,
onlarla çalışarkən heç bir zaman yorulmayacağımı düşünürdüm. Təxminim düz oldu.
Hətta bu gün də fikirləşirəm ki, o vaxt 16-17 yaşlı bir gənc bu barədə necə də
doğru qərar verib.
- Uşaqlarla işləmək çətin deyil?
- Uşaqları
sevmədən bu işi görmək çətin olar. Özüm çoxuşaqlı ailədə böyümüşəm. 6 uşaq
idik. Məndən sonra 3 balaca bacım dünyaya gəlib. Biz uşaqların içində
böyümüşük, uşaqlara böyük sevgim olub. Rəfiqələrimlə küçədə gəzəndə yolda
hansısa uşağı oynatmışam, çox şirin olduğunu demişəm. Bəzən elə uşaqlar olub
ki, rəfiqələrim deyiblər ki, biz heç vaxt bu uşağı əzizləyə bilmərik, sən
dediyin qədər də şirinliyi yoxdur. Mənim gözümdə başqa cür uşaq yoxdur,
hamısına eyni gözlə baxıram. Eyni sevgi ilə də sevirəm. Bu sevgi olmadan bizim
işin çətinliyinin, məsuliyyətinin, yoruculuğunun öhdəsindən gəlmək qətiyyən
mümkün olmaz.
- İlk vaxtlar bütün ixtisaslarda hər kəs təhsil
alır, amma müəyyən bir gün gəlir ki, adam ixtisasının məsuliyyətini, çətinliyini
dərinliyinə qədər dərk edir. Bu, sizdə də oldu?
- Bu, təcrübə
sayəsində olur. Universitetdə oxuyanda obrazlı desək, ağzımız isti yerdə idi.
Biz otururduq, müəllimlərimiz xəstəyə baxırdı. Kənardan da hər şey çox rahat
görünürdü. Amma işləməyə başladıqdan sonra bu fikirlərimiz gedir. Xəstə qəbul
edirsən, ardından zəng edir ki, qızdırması düşmür, nə edim? Valideyn həyəcan içində
zəng edir. Bu zaman artıq sən işin məsuliyyətini, ağırlığını daha yaxşı dərk
edirsən. Ona yardım etmək məcburiyyətindəsən və bunu bacarmalısan. Şükür ki, mən
bu məsuliyyəti birinci kursdan dərk etmişəm. Dərslərimi əla qiymətlərlə
oxumuşam ki, sabah məndən yardım uman bir ananın qarşısında aciz qalmayım.
Tibbi nəzəriyəm, praktikam o qədər möhkəm olsun ki, mənə uzadılan əllərə köməklə
geri dönüm.
- Mövzu uşaqlardırsa, valideynlər narahat olurlar.
Bu da o deməkdir ki, həkimi gecə saatlarında da narahat edirlər...
-
Pediatriya elə bir sahədir ki, biz "filan saatda zəng et, filan saatda yox” deyə
bilmirik. Uşaq saat gözləmir. Əslində, ilk müraciət təcili tibb yardıma
olmalıdır. Çünki biz ancaq məsləhət veririk, əlimiz çatmaya bilər. Amma vəziyyət
təcili olanda əlimdən gələn, fiziki olaraq çatdıra biləcəyim qədər yardımçı
olmağa çalışıram. Hətta tanımadığım valideynlər də bəzən gecə saat 1-də, 2-də zəng
edir, mesaj yazır ki, uşağın qızdırması var. Nəsə etməyə çalışıram, amma zəng,
mesaj həddindən artıq çox olduğu üçün bəzən çatdıra da bilmirəm. Çünki həkimin
də ailəsi, uşaqları, başqa işləri var. Mümkün qədər yardımçı olmağa çalışırıq.
Razı qalanlar da var, yetərsiz görənlər də olur. İş saatında xəstələrlə söhbətimiz
yarımçıq qalmasın deyə, bizə yardımçılarımız kömək edir. Onlar telefonları
açır. Məcburi durumlarda telefonu mənə verirlər.
- Bir çox gənc anaların feysbuk paylaşımında sizin
adınızı çox görürük, xoş sözlər yazırlar.
- Hər
bir həkimin ən yaxşı reklamı onun xəstəsinin məmnun qalmasıdır. Həmişə deyirəm
ki, qapıda 20 xəstə gözləsə belə, içəridəki xəstə ilə tam maraqlanaram, ananın
suallarını cavablandıraram. Onu qane edərək yola salmaq istəyirəm. Təbii ki təcili
vəziyyətlər başqa. Biri var həkimin qəbuluna düşə bilmədiyini deyir, bir də var
deyir ki, qəbula düşdüm, razı qalmadım. Ona görə də kəmiyyəti deyil, keyfiyyəti
artırmaq mənim amalımdır. Qəbuluma düşən hər xəstə əgər məmnun qalırsa, deməli,
bunun üçün enerji sərf edirəm. Qane olursa, gedib bir yaxınına da tövsiyə edir.
Beləliklə də zəncir yaranır. Pediatr axtarılanda tövsiyə olunan həkimlər
siyahısında adım keçməyinə sevinirəm. Bu, mənim uğurumdur. Xəstə uşaqların şəfa
tapmasına, gələnlərin məmnun qalmasına çalışıram.
- Bir dəfə ağır yanıq xəsarəti olan uşağı müalicə
edirdiniz, dünyasını dəyişmişdi, həmin vaxt paylaşımlarınızda hiss olunurdu ki,
sizə pis təsir edib. Bu cür məqamların psixoloji qalıcılığı olurmu?
- Bir
çox uşaqlar var ki, anadan olandan onları izləyirəm. Elə pasientlərlə biz ailə
kimi oluruq. Ümid də dünyaya gələndən onu izləyirdim. Bir dəfə sosial şəbəkədə
yanan uşaq gördüm, ona bənzətdim. Sonra votsapa baxanda gördüm ki, anası mənə
uşağın yandığını yazıb. Mən onun üçün əlimdən gələn qədər hər şey etdim. Həmkarlar
kömək etdi, paylaşımlarımıza səs verən, kənardan maddi dəstək göstərənlər də çox
oldu. Maddi sıxıntı olmadı, amma aldığı travma çox böyük idi, ona görə xilas edə
bilmədik. Mənim ona biganə qalmağım mümkünsüz idi. Bütün uşaqları övladım
gözündə görürəm. Adicə bəzən izlədiyim uşağın evinə gedib baxa bilərəm ki,
yaxşı olmasından əmin olub evimdə rahat oturum. Mənim üçün bu qədər əziz və dəyərli
olurlar. Çünki uşaqlara pediatr yox, valideynlərinin gözü ilə baxıram. Bu
dünyada öz övladım üçün edə biləcəyim nə varsa, pasientim olan hər uşağa onu
edirəm və edəcəm. Bu zaman artıq biz psixoloji sağlamlığımızı deyil, uşağın həyatını
xilas etməyi düşünürdük. Ona görə bəzi məqamlar olur ki, psixoloji qorunmasız
qalırıq. Amma bu da bizim işimizdir. Allah qorusun, faciəvi anlar heç bir ailədə
yaşanmasın.
- Başqalarının uşağına bu diqqət qayğı, öz
uşağınıza az vaxt ayırmağınıza səbəb olmur?
- Əlimdən
gələn qədər uşaqlarıma da vaxt ayırıram. Hətta rəfiqələrim deyir ki, sən
uşaqlarınla çox vaxt keçirirsən. Heç nə olmasa da, hər gün biz bir saat açıq
havada piyada gəzirik. Topla oynayırıq, velosiped sürürlər. Artıq onlar da başa
düşürlər ki, anaları işləyir. Qızımın 6 yaşı var, bu il birinci sinfə gedəcək.
Oğlum balacadır, 4 yaşı var. Həmişə işə gedəndə arxamca ağlayırdı. Son günlər
özündə iradə toplayıb deyir ki, ana, bundan sonra sən işə gedəndə ağlamayacam.
Deyir və gözləri dolur.
- Həkim ana uşaqlarının sağlam böyüməsi üçün evdə nələrə
diqqət edir?
-
Uşaqlara əsasən baxıcı nəzarət edir. İlk tələbim 3 şeyin uşağa verilməməsidir.
Birincisi çörəkdir. Sonra şirin çay və ya çay da olmaz. Bizim evdə çay qonaq gələndən-gələnə
qaynayır. Ancaq su içirik. Bir də heç bir abur-cubur istifadə etmirik. Günün
çox hissəsini açıq havada keçirməyə çalışırıq. Soyuq havada da belə olur, istidə
də. Hər bir hava durumuna uyğunlaşmalıdırlar. Mənim bir qonşum var, çox diqqətli
və məsuliyyətli xanımdır. Biz onunla bir yerdə, uşaqlarla sağlıqlı yeməklər
hazırlayırıq. Uşaqlar həm sağlam qidalanır, həm də əylənirlər. Əgər nə isə
şirniyyat hazırlasaq, bal və bəkməzlə edirik. Bir valideynin övladına verə biləcəyi
ən böyük miras onu sağlam həyat tərzinə alışdırmaqdır. Mən də bunun üçün
çalışıram.
- Ənənəvi sualımız: Uğurunuzun sirri nədir?
- Özümü
tam uğur qazanmış həkim adlandıra bilmirəm. Çünki daha böyük planlarım var. Kənardan
əgər uğurlu görünürsə, nə xoş mənə. Bu gün bir yerə gəlsəm də, dayanmıram. Mənə
görə istənilən sahədə uğur qazanmağın sirri işini sevmək və onu mükəmməl görməyə
çalışmaqdır. Müəllimliyi seçsəydim, orda da işimi mükəmməl görmək üçün
çalışardım. Pediatriyada olan yeniliyi
bilməməyi özümə sığışdırmıram. Tutaq ki pediatrik bir protokol var, onu biz
tətbiq etməliyik. Özünə hörmət edən adam işini bilməlidir. Əgər bu sahədə
çalışırıqsa, işi mükəmməl görməyə çalışmalıyıq ki, kimsə bizə irad tutmasın, səhv
etməyək. Bizim səhv etmək şansımız
yoxdur. Çünki kontingentimiz uşaqlardır, səhvimizin bədəli çox ağır ola bilər.
Allah heç bir həkimə və valideynə göstərməsin.
Aygün
Asimqızı