• şənbə, 20 Aprel, 02:49
  • Baku Bakı 15°C

“Uşaqları sevmədən pediatr işləmək çətin olar” - Uğur hekayəsi

27.04.18 11:00 4233
“Uşaqları sevmədən pediatr işləmək çətin olar” - Uğur hekayəsi
Tövsiyə olunan pediatr axtarılanda bir çox hallarda onun adını eşidirik. Sosial şəbəkələrdə gənc anaların paylaşımlarında da ona ünvanlanan xoş sözlər tez-tez qarşımıza çıxır. Deyir ki, əgər bir pasient onun haqqında xoş sözlər yazırsa, deməli, bunun üçün enerjisini sərf edir. "Həkimin ən yaxşı reklamı onun xəstəsinin məmnun qalmasıdır” – deyən müsahibimiz pediatr Günay Rəsulovadır.

- Günay xanım, ilk olaraq tibb sahəsini seçməyinizdən danışaq. Bu, öz seçiminiz olub, yoxsa valideynlərin "qızımız həkim olsun” istəyi də var idi?
- Ailəmizdə nəinki həkim, heç tibb işçisi də olmayıb. Bunu təbiətin mənə verdiyi bacarıq adlandıra bilərik. 5 yaşımdan artıq həkim kimi fəaliyyət göstərmişəm. Guya babama iynə vururdum, təzyiqini ölçürdüm ki, həkiməm. Xəstələrə baxmağa gələn həkimləri heyranlıqla seyr edirdim. Onların hərəkətlərini gedəndən sonra bir-bir təkrarlayırdım. O vaxt şprislər indiki kimi bir dəfə istifadə üçün deyildi. Qaynadıb davamlı istifadə edirdilər. Mənim də dəmir qabım var idi, həmişə içində şpris qırıqları olurdu. O vaxtdan artıq həkim olmaqla bağlı qərar vermişdim və bu, mənim ən böyük arzuma çevrilmişdi. Ailəm, nənəm, babam məni hər zaman dəstəkləyib, "səni həkim kimi görmək istəyirik” deyirdilər. Mən də həmişə onların arzularını həyata keçirən bir övlad olmağa çalışmışam.


- Uşaq vaxtı çox qız həkim olmaq istəyir. Amma məktəbin son ilində heç də hər kəs o fikirdə qalmır...
- Mən bir gün belə, özümü başqa ixtisasda düşünməmişəm. Universitetə qəbul olmağımın maraqlı tarixçəsi var. Balakəndə liseydə oxumuşam. Həmin kollektivin çox yaxşı müəllim heyəti var idi. Direktorumuz Nəzakət Həsənova bizə çox dəstək olurdu. Mən də aktiv və çalışqan şagird idim. Bizim liseydə mənə qədərki 7 ildə heç kim Tibb Universitetinə qəbul ola bilməmişdi. Ora qəbul olmaq artıq bir xəyala çevrilmişdi. 11-ci sinfə çatanda direktorumuz məni çağırıb dedi ki, "Günay, sənə heyfim gəlir, çox aktivsən, yaxşı oxuyursan, nəticələrin də gözəldir. Qorxuram ki, sən Tibb Universiteti deyib durasan və qəbul ola bilməyəsən”. O məsləhət gördü ki, başqa ixtisaslar da seçim. Dedim ki, qəbul olmasam, növbəti il yenə imtahan verərəm, yenə olmaz, bir də imtahana gedərəm, tələsmirəm, məqsədimə çatacam. Birinci yerdə də pediatriyanı yazdım, amma müəllimlik ixtisasını da sonrakı yerlərdə seçmişdim. O vaxt qəbul xəbəri "Abituriyent” jurnallarında çıxırdı. Bakıdan xəbər gəldi ki, sən Bakı Dövlət Universitetinin kimya-biologiya fakültəsinə qəbul olmusan. Anam çox sevindi. Ona tibb sahəsi çətin gəlirdi. Özü də müəllimədir və mənim də bu istiqamətə qəbul olmağım onu sevindirirdi. Dedi ki, sənin çox yaxşı müəllim olacağına əminəm. Dedim ki, yox, olmayacam, gələn il bir də bu imtahanı verəcəm. Anam dedi ki, vaxtın gedir, bir il daha hazırlaşmalısan. Dedim ki, yox, mən məqsədimə çatmalıyam. Atam rəhmətlik mənə dəstək oldu, dedi ki, qızım, istəsən yenə imtahan verərsən. Müzakirəmizdən bir saat sonra xəbər gəldi ki, sən demə, səhv baxıblar, mən Tibb Universitetinin pediatriya fakültəsinə daxil olmuşam. Həm də ödənişsiz əsaslarla. Anam qorxurdu ki, ödənişliyə qəbul olsam, oxuda bilməzlər.

- Üstündən bu qədər vaxt keçsə də, danışanda gözləriniz dolur.
- Düşünürəm ki, 50 il bundan sonra da o hadisəni danışanda kövrələcəm. O sevinc başqa idi. Çünki sevdiyim ixtisasa qəbul olmuşdum.


- Bəzən kənardan görünənlə işin məğzi başqa ola bilir. İxtisasınız xəyalınızdakı kimi oldumu?
- Uşaqları o qədər çox sevirəm ki... Onlarla işləməyin mənə böyük zövq verəcəyini, onlarla çalışarkən heç bir zaman yorulmayacağımı düşünürdüm. Təxminim düz oldu. Hətta bu gün də fikirləşirəm ki, o vaxt 16-17 yaşlı bir gənc bu barədə necə də doğru qərar verib.

- Uşaqlarla işləmək çətin deyil?
- Uşaqları sevmədən bu işi görmək çətin olar. Özüm çoxuşaqlı ailədə böyümüşəm. 6 uşaq idik. Məndən sonra 3 balaca bacım dünyaya gəlib. Biz uşaqların içində böyümüşük, uşaqlara böyük sevgim olub. Rəfiqələrimlə küçədə gəzəndə yolda hansısa uşağı oynatmışam, çox şirin olduğunu demişəm. Bəzən elə uşaqlar olub ki, rəfiqələrim deyiblər ki, biz heç vaxt bu uşağı əzizləyə bilmərik, sən dediyin qədər də şirinliyi yoxdur. Mənim gözümdə başqa cür uşaq yoxdur, hamısına eyni gözlə baxıram. Eyni sevgi ilə də sevirəm. Bu sevgi olmadan bizim işin çətinliyinin, məsuliyyətinin, yoruculuğunun öhdəsindən gəlmək qətiyyən mümkün olmaz.

- İlk vaxtlar bütün ixtisaslarda hər kəs təhsil alır, amma müəyyən bir gün gəlir ki, adam ixtisasının məsuliyyətini, çətinliyini dərinliyinə qədər dərk edir. Bu, sizdə də oldu?
- Bu, təcrübə sayəsində olur. Universitetdə oxuyanda obrazlı desək, ağzımız isti yerdə idi. Biz otururduq, müəllimlərimiz xəstəyə baxırdı. Kənardan da hər şey çox rahat görünürdü. Amma işləməyə başladıqdan sonra bu fikirlərimiz gedir. Xəstə qəbul edirsən, ardından zəng edir ki, qızdırması düşmür, nə edim? Valideyn həyəcan içində zəng edir. Bu zaman artıq sən işin məsuliyyətini, ağırlığını daha yaxşı dərk edirsən. Ona yardım etmək məcburiyyətindəsən və bunu bacarmalısan. Şükür ki, mən bu məsuliyyəti birinci kursdan dərk etmişəm. Dərslərimi əla qiymətlərlə oxumuşam ki, sabah məndən yardım uman bir ananın qarşısında aciz qalmayım. Tibbi nəzəriyəm, praktikam o qədər möhkəm olsun ki, mənə uzadılan əllərə köməklə geri dönüm.

- Mövzu uşaqlardırsa, valideynlər narahat olurlar. Bu da o deməkdir ki, həkimi gecə saatlarında da narahat edirlər...
- Pediatriya elə bir sahədir ki, biz "filan saatda zəng et, filan saatda yox” deyə bilmirik. Uşaq saat gözləmir. Əslində, ilk müraciət təcili tibb yardıma olmalıdır. Çünki biz ancaq məsləhət veririk, əlimiz çatmaya bilər. Amma vəziyyət təcili olanda əlimdən gələn, fiziki olaraq çatdıra biləcəyim qədər yardımçı olmağa çalışıram. Hətta tanımadığım valideynlər də bəzən gecə saat 1-də, 2-də zəng edir, mesaj yazır ki, uşağın qızdırması var. Nəsə etməyə çalışıram, amma zəng, mesaj həddindən artıq çox olduğu üçün bəzən çatdıra da bilmirəm. Çünki həkimin də ailəsi, uşaqları, başqa işləri var. Mümkün qədər yardımçı olmağa çalışırıq. Razı qalanlar da var, yetərsiz görənlər də olur. İş saatında xəstələrlə söhbətimiz yarımçıq qalmasın deyə, bizə yardımçılarımız kömək edir. Onlar telefonları açır. Məcburi durumlarda telefonu mənə verirlər.

- Bir çox gənc anaların feysbuk paylaşımında sizin adınızı çox görürük, xoş sözlər yazırlar.
- Hər bir həkimin ən yaxşı reklamı onun xəstəsinin məmnun qalmasıdır. Həmişə deyirəm ki, qapıda 20 xəstə gözləsə belə, içəridəki xəstə ilə tam maraqlanaram, ananın suallarını cavablandıraram. Onu qane edərək yola salmaq istəyirəm. Təbii ki təcili vəziyyətlər başqa. Biri var həkimin qəbuluna düşə bilmədiyini deyir, bir də var deyir ki, qəbula düşdüm, razı qalmadım. Ona görə də kəmiyyəti deyil, keyfiyyəti artırmaq mənim amalımdır. Qəbuluma düşən hər xəstə əgər məmnun qalırsa, deməli, bunun üçün enerji sərf edirəm. Qane olursa, gedib bir yaxınına da tövsiyə edir. Beləliklə də zəncir yaranır. Pediatr axtarılanda tövsiyə olunan həkimlər siyahısında adım keçməyinə sevinirəm. Bu, mənim uğurumdur. Xəstə uşaqların şəfa tapmasına, gələnlərin məmnun qalmasına çalışıram.


- Bir dəfə ağır yanıq xəsarəti olan uşağı müalicə edirdiniz, dünyasını dəyişmişdi, həmin vaxt paylaşımlarınızda hiss olunurdu ki, sizə pis təsir edib. Bu cür məqamların psixoloji qalıcılığı olurmu?
- Bir çox uşaqlar var ki, anadan olandan onları izləyirəm. Elə pasientlərlə biz ailə kimi oluruq. Ümid də dünyaya gələndən onu izləyirdim. Bir dəfə sosial şəbəkədə yanan uşaq gördüm, ona bənzətdim. Sonra votsapa baxanda gördüm ki, anası mənə uşağın yandığını yazıb. Mən onun üçün əlimdən gələn qədər hər şey etdim. Həmkarlar kömək etdi, paylaşımlarımıza səs verən, kənardan maddi dəstək göstərənlər də çox oldu. Maddi sıxıntı olmadı, amma aldığı travma çox böyük idi, ona görə xilas edə bilmədik. Mənim ona biganə qalmağım mümkünsüz idi. Bütün uşaqları övladım gözündə görürəm. Adicə bəzən izlədiyim uşağın evinə gedib baxa bilərəm ki, yaxşı olmasından əmin olub evimdə rahat oturum. Mənim üçün bu qədər əziz və dəyərli olurlar. Çünki uşaqlara pediatr yox, valideynlərinin gözü ilə baxıram. Bu dünyada öz övladım üçün edə biləcəyim nə varsa, pasientim olan hər uşağa onu edirəm və edəcəm. Bu zaman artıq biz psixoloji sağlamlığımızı deyil, uşağın həyatını xilas etməyi düşünürdük. Ona görə bəzi məqamlar olur ki, psixoloji qorunmasız qalırıq. Amma bu da bizim işimizdir. Allah qorusun, faciəvi anlar heç bir ailədə yaşanmasın.

- Başqalarının uşağına bu diqqət qayğı, öz uşağınıza az vaxt ayırmağınıza səbəb olmur?
- Əlimdən gələn qədər uşaqlarıma da vaxt ayırıram. Hətta rəfiqələrim deyir ki, sən uşaqlarınla çox vaxt keçirirsən. Heç nə olmasa da, hər gün biz bir saat açıq havada piyada gəzirik. Topla oynayırıq, velosiped sürürlər. Artıq onlar da başa düşürlər ki, anaları işləyir. Qızımın 6 yaşı var, bu il birinci sinfə gedəcək. Oğlum balacadır, 4 yaşı var. Həmişə işə gedəndə arxamca ağlayırdı. Son günlər özündə iradə toplayıb deyir ki, ana, bundan sonra sən işə gedəndə ağlamayacam. Deyir və gözləri dolur.

- Həkim ana uşaqlarının sağlam böyüməsi üçün evdə nələrə diqqət edir?
- Uşaqlara əsasən baxıcı nəzarət edir. İlk tələbim 3 şeyin uşağa verilməməsidir. Birincisi çörəkdir. Sonra şirin çay və ya çay da olmaz. Bizim evdə çay qonaq gələndən-gələnə qaynayır. Ancaq su içirik. Bir də heç bir abur-cubur istifadə etmirik. Günün çox hissəsini açıq havada keçirməyə çalışırıq. Soyuq havada da belə olur, istidə də. Hər bir hava durumuna uyğunlaşmalıdırlar. Mənim bir qonşum var, çox diqqətli və məsuliyyətli xanımdır. Biz onunla bir yerdə, uşaqlarla sağlıqlı yeməklər hazırlayırıq. Uşaqlar həm sağlam qidalanır, həm də əylənirlər. Əgər nə isə şirniyyat hazırlasaq, bal və bəkməzlə edirik. Bir valideynin övladına verə biləcəyi ən böyük miras onu sağlam həyat tərzinə alışdırmaqdır. Mən də bunun üçün çalışıram.

- Ənənəvi sualımız: Uğurunuzun sirri nədir?
- Özümü tam uğur qazanmış həkim adlandıra bilmirəm. Çünki daha böyük planlarım var. Kənardan əgər uğurlu görünürsə, nə xoş mənə. Bu gün bir yerə gəlsəm də, dayanmıram. Mənə görə istənilən sahədə uğur qazanmağın sirri işini sevmək və onu mükəmməl görməyə çalışmaqdır. Müəllimliyi seçsəydim, orda da işimi mükəmməl görmək üçün çalışardım. Pediatriyada olan yeniliyi bilməməyi özümə sığışdırmıram. Tutaq ki pediatrik bir protokol var, onu biz tətbiq etməliyik. Özünə hörmət edən adam işini bilməlidir. Əgər bu sahədə çalışırıqsa, işi mükəmməl görməyə çalışmalıyıq ki, kimsə bizə irad tutmasın, səhv etməyək. Bizim səhv etmək şansımız yoxdur. Çünki kontingentimiz uşaqlardır, səhvimizin bədəli çox ağır ola bilər. Allah heç bir həkimə və valideynə göstərməsin.

Aygün Asimqızı






banner

Oxşar Xəbərlər