Uşaqları payız tətili günlərində hansı tədbirlər gözləyir?
Tətil günlərində Rusiyada uşaq cizgi filmlərindən
ibarət festival keçirilməsi nəzərdə tutulub. Həmin günlərdə 40-a yaxın Rusiyanın
ən yaxşı cizgi filmi repertuara daxil ediləcək. Təbii ki, tətil günlərində
animasiya və cizgi filmlərinin nümayişi uşaqlar üçün ən gözəl bayram olacaq.
Çünki cizgi filmləri uşaqların nağıl dünyasının əlvan rəngə boyanması üçün ideal
vasitədir.
Bizə gəldikdə isə, bizim dövrün insanları Sovet dönəmində
çəkilən cizgi filmlərini izləyərək böyüyüb. Elə bu gün də yeri gələndə həmin
cizgi filmlərini izləyirik. Düzdür, ölkəmiz müstəqillik əldə etdikdən sonra yerli
cizgi filmlərimiz də çəkilir. Amma əvvəllər izlədiyimiz həmin cizgi filmlərindən də qopa bilmirik. Bu
bir az da zövq məsələsidir desək, yəqin ki, yanılmarıq. Bəs görəsən, bizim
ölkəmizdə uşaqların tətil günlərini səmərəli keçirməsi və onların əylənməsi
üçün hansı layihələr həyata keçirilir?
Qarşıdan gələn payız tətilini uşaqların asudə və
səmərəli keçirməsi üçün hansı imkanlar yaradılır? Bu sahədə lazımi şərait
varmı? Bu kimi suallara cavab axtardıq.
"Uşaqlarla bağlı heç bir layihəmiz nəzərdə tutulmayıb”
Mövzu ilə bağlı "Azərbaycanfilm”
kinostudiyasının direktoru Müşfiq Hətəmov deyir ki, əslində belə
layihələrin bizdə də olmasını çox istəyərdi: "Düzünə qalsa, 2017-ci ildə
tammetrajlı animasiya filmləri çəkməmişik. Kinostudiya olaraq qısametrajlı
sənədli filmlər çəkirik. Animasiya filmlərinin çəkilməsi üçün "Azanfilm” studiyası
fəaliyyət göstərir. Uşaq filmləri məhz bu studiyada hazırlanır. "Azanfilm”
studiyası peşəkar komandası, kreativ yaradıcı heyəti ilə audiovizual
materialların sürətli və ən yüksək səviyyədə hazırlanmasına qadirdir. Bu
studiyada bir neçə animasiya filmlərimiz hazırlanıb. Sırf uşaqların tətil
günlərində belə layihələrimiz olmur. Ancaq məxsusi bayram günlərində kinoteatrlarımızda,
bəzi uşaq təşkilatlarında animasiya filmlərimiz göstərilir. Misal üçün, "Dərs”
filmi mütəmadi olaraq göstərilir. Bundan başqa, hazırladığımız animasiyalar
bəzi tədbirlərdə nümayiş olunur”.
Müşfiq Hətəmov deyir ki, ölkəmizdə keçirilən və
gələcək illərdə keçilməsi gözlənilən festivalların içərisində cizgi filmləri
ilə bağlı bir layihə yoxdur: "Bu yaxınlarda "Turizm film festivalı”nın
keçirilməsi planlaşdırılır. Gələn ildə qısametrajlı bədii filmlər festivalının
keçirilməsi gözənilir. 2019-cu ildə tammetrajlı film festivalı keçirmək üçün
danışıqlar aparılır. Hələ ki uşaqlarla bağlı layihə və ya festivallarımız nəzərdə
tutulmayıb”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət
Məmmədov qəzetimizə açıqlamasında onların tabeliyindəki təhsil müəssisələrində
məktəbdənkənar təhsilin əsas istiqamətləri üzrə işlərin tənzimləndiyini, təhsil
müəssisələrində tərbiyə işinin təşkilinə və məktəbdənkənar təhsil sahəsinə dair
çoxşaxəli fəaliyyətin yerinə yetirilməsinə ümumi rəhbərliyin həyata keçirildiyini
dedi: "Hər ilməktəbdənkənar təhsilin prioritet istiqamətlərinin
formalaşdırılması və bu istiqamətlər üzrə müvafiq zəruri işlərin həyata
keçirilməsi, uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının
müəyyənləşdirilməsi, onların yaradıcılıqlarının, asudə vaxtlarının səmərəli
təşkili, şagirdlərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə
bağlı maarifləndirmətədbirlərinin təşkil edilməsi və daim
təkmilləşdirilməsi yerinə yetirilir. Məktəblilərin tətilgünlərində ümumi
təhsil məktəbləri şagirdlərinin dünyagörüşünü genişləndirmək məqsədilə YARAT
Müasir İncəsənətMərkəzinə ekskursiyaların təşkili nəzərdə tutulub. Fərqli
yaş qruplarının tələbatlarına uyğun olaraq hazırlanan ekskursiyalar qısa
mühazirə və bir çox yaradıcı oyunlardan ibarətdir. Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri və
idman məktəbləri tətil günlərində öz fəaliyyətlərini davam etdirirlər. Bu
müəssisələrdətətil günlərində uşaq, yeniyetmə və gənclərin maraq,
meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin
inkişafı üçün əlverişli şərait yaradılır, onların istirahətləri, asudə
vaxtları, əyləncələri mənalı təşkil edilir”.
B.Məmmədovun
sözlərinə görə, həyata keçirilən tədbirlər yeni nəslin intellektual
səviyyəsinin yüksəldilməsinə və sosial aktiv gənclərin formalaşdırılmasına
xidmətgöstərir: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi
təhsil müəssisələrinin şagirdləri üçün maarifləndirici tədbir və yarışlar
keçirilib. Onların tarixi məkanlara, kitabxanalara, istirahət yerlərinə
ekskursiyaları təşkil olunub. Məktəblilər üçün maarifləndirici tədbir, yarış və
ekskursiyaların təşkil olunmasının əsas məqsədi asudə vaxtdan səmərəli istifadə
etmək, həmçinin şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan
ibarətdir.Eləcə də paytaxt məktəbliləri üçün "Məktəblinin dostu” layihəsi
çərçivəsində "Yay məktəbi” fəaliyyət göstərib. Onu da qeyd edək ki, paytaxt
məktəblilərinin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması
üçün silsilə tədbirlər təşkil edilib”.
"Uşaqlar üçün yalnız sosial aksiyalar keçiririk”
Cizgi filmləri nümayiş olunan ən ideal məkanlardan
biri də kinoteatrlardır. Biz də ölkəmizdə nüfuz qazanmış və tanınmış kinoteatr
olan "Nizami” Kino Mərkəzinin direktor
müavini Arzu Əhədova ilə söhbət etdik. Arzu xanım deyir ki, kinoteatrda hər hansı film nümayiş olunarkən
orada yaş həddinə mütləq nəzarət olunur: "Təbii ki, uşaqlar bizim üçün əzizdir.
Kinoteatrda film seçərkən onların da zövqünü nəzərə alırıq. Böyüklərlə bərabər
uşaqlar da bizim mərkəzə üz tuturlar. Distribüter bizə hər hansı cizgi filmini
təqdim edəndə, mütləq götürürük. 2 həftədən bir də olsa, cizgi filmini
repertuara daxil edirik. Valideynlər uşaqlarını cizgi filminə gətirməkdə
maraqlıdırlar. Biz də onların istəklərini nəzərə alırıq. Bundan başqa, uşaqlar
üçün sosial aksiyalar keçiririk. Tətillərdə məktəbliləri, uşaq evlərini
kinoteatra dəvət edirik. Onlara ya uşaq filmi, ya da animasiya filmlərini
təqdim edirik. Payız tətilində də şagirdləri kinoteatra dəvət edəcəyik”.
"WaltDisney”in məşhur cizgi filminin motivləri əsasında "Soyuq ürək”
Payız tətilində Heydər Əliyev Sarayı da öz azyaşlı tamaşaçılarını qəbul
etməyə hazırdır. Saray xarici cizgi filmi motivləri əsasında hazırlanmış şou
hazırlayıb. Belə ki, Bakıda ilk dəfə olaraq "WaltDisney” şirkətinin məşhur cizgi
filminin motivləri əsasında "Soyuq ürək” adlı şou göstəriləcək. Şou bütün ailə
üzvləri üçün nəzərdə tutulub.
Sarayın mətbuat
xidmətinin rəhbəri Anar Fərəczadə deyir ki, heyrətamiz
tamaşa 12 noyabr tarixində Heydər Əliyev Sarayında nümayiş etdiriləcək. Tamaşada
"Made in Odessa” Prodüser Mərkəzinin (Ukrayna) teatrının aktyorları iştirak edəcəklər:
"Balacalar və valideynlər üçün nəzərdə tutulmuş inanılmaz tamaşa "WaltDisney”
şirkətinin tarixi ərzində kassa yığımı ən yüksək olan və bütün dünya
uşaqlarının ən sevimli "Soyuq ürək” cizgi filminin motivləri əsasında
hazırlanıb. Cizgi filmi H.K.Andersenin "Qar kraliçası” əsərinə
əsaslanır.Tamaşaçılar nağıl qəhrəmanları ilə birlikdə şən şaradalar həll
edəcəklər və "Soyuq ürək" tamaşasının qəhrəmanlarına çətin
vəziyyətlərdən necə çıxmağı öyrədəcəklər. Macəralardan sonra uşaqları
heyrətamiz Yeni il macəralarının bütün qəhrəmanları ilə birlikdə fotosessiya
gözləyir”.
Noyabrın 9-dan "Ağ pələnglər atraksionu” başlayacaq
Bak Dövlət Sirkinin
mətbuat xidmətinin rəhbəriMahirHümbətov isə
deyir ki, yeni mövsümə bir ay öncədən başlanılsa da, Sirk öz planlarını məhz
uşaqların payız tətili üçün hazırlayıb. Noyabrın 9-dan mövsümün açılışı
münasibətilə möhtəşəm proqram hazırlanıb. Belə ki, Bakı Dövlət Sirki "Ağ
pələnglər atraksionu” adlı yeni şounu tamaşaçılarına təqdim edəcək. 2 saat davam
edən şou noyabrın sonuna qədər nümayiş olunacaq. M.Hümbətov bildirdi ki,
məktəblilərin payız tətili üçün nəzərdə tutulmuş konsert proqramında biri-birindən
maraqlı şoular nümayiş olunacaq: "Payız tətilində fasiləsiz olaraq şoumuz
nümayiş olunacaq. Artıq "Ağ pələnglər atraksionu” adlı yeni şounun 40-a yaxın
heyəti Bakıdadır. Biz böyük heyətlə işə başlayırıq. Bu şouda hava nömrələri,
jonqlyorlar, təbiətin möcüzəsi olan ağ pələnglər, qeyri-adi illüziya, "İriston”
cigidlər qrupu, əhliləşdirilmiş itlər, hava gimnastları, unikal yelləncəkdə
akrobatlar, həlqələrdə rəqs, şən klounlar olacaq”.
Xəyalə Rəis