AZE | RUS | ENG |


“Uşaqları “filankəsin balası” ilə müqayisə etmək olmaz” - Mənim balam

“Uşaqları “filankəsin balası” ilə müqayisə etmək olmaz”  - Mənim balam
Cəlalə Nəzəroğlu: “Çünki onlar da bir gün “filankəsin atası, anası” deyib, bizə layiq olduğumuz cavabı verəcəklər”


"Mənim balam” rubrikamızın qonağı nitq mədəniyyəti üzrə mütəxəssis, "ASAN radio”nun redaktoru və aparıcısı Cəlalə Nəzəroğludur. Cəlalə xanımın 4 yaşında Nicat adlı şirin bir övladı var. 4 ildir ki, Nəzəroğlu ailəsinə xoşbəxtlik gətirən Nicat həm də onların köhnə düzənini dəyişib. Belə ki, ailə üzvləri atdıqları hər addımda ilk növbədə Nicatın istəklərini və tərbiyəsini öndə tuturlar. Cəlalə xanım övladının tərlim-tərbiyəsi ilə bağlı "Kaspi”yə danışır.
 
- Övladınızı tərbiyə edərkən daha çox hansı üsuldan yararlanırsınız?

 
- Biz tələbə, sürücü və sair olmaq üçün imtahan veririk. Kimlərsə bizim buna layiq olub-olmadığımızı test edir, qərar verir. Amma valideynliyi bacarıb-bacarmadığımızı  heç kim yoxlamır. Yalnız valideyn olandan  sonra insan dərk edir ki, bu, nə qədər məsuliyyətli, ağır statusdur. 9 ay keçirdiyim hamiləlik boyunca günüm ancaq uşaqların qidasını, psixologiyasını, tərbiyəsini araşdırmaq və oxumaqla keçib. Ancaq reallıq bir başqadır. Bəzən elə vəziyyətlərlə qarşılaşıram ki, mütləq şəkildə kiminləsə məsləhətləşməyə ehtiyacım olur.
 
-             Bəs araşdırmalarınız hansı istiqamət üzrə idi?
 

-             Türklərin "Super dadı” proqramından daha çox yararlanmışam. Bu, bir layihədir, rəhbəri pedaqoq və psixoloq olan xanımdır. Valideynlər övladları ilə onun təlimatına əsasən davranırlar və effektini də görürlər. Misal üçün, dəfələrlə uşaq bir şeyi inadkarcasına istəyirsə, onun üçün ağlayırsa, qışqırırsa, bu vəziyyətdə valideyn nə etməlidir? Bəzi analar bağırır, uşağa uzun-uzadı cümlələrlə vəziyyəti başa salır, təhdid edir, ya da acizcəsinə onu razı salmağa çalışır. Həmin proqramdan öyrəndim ki, uşağa "olmaz”ın mahiyyətini qısaca izah etdikdən sonra onun isterik vəziyyətinə (ağlamaq, oyuncaqları tullamaq, qışqırmaq) tam soyuqqanlı reaksiya vermək lazımdır. Əlavə söz demək, hətta göz təması belə qurmaq olmaz. Uşaq bir qədər sonra başa düşür ki, qarşısında möhkəm bir valideyn var. 
 
- Biz valideynlərimizin qınağı, qorxusu ilə böyümüşük. Bəzən onlar əsəbləşəndə əllərinə keçən ayaqqabı tayı, telefon, televizorun pultuna da zaman-zaman tuş gəlmişik. Deyəsən indi onlar dəbdən düşüb.
 
- (Gülürük) Uşaqlıq travmaları deyilən bir şey var. Bəzi valideynlər uşaqlıqda gördüklərini təkrarlayırlar. Bəziləri isə daha öncə həmin acını daddığına görə, bunu öz övladına yaşatmır. Biz uşaq vaxtı nəyisə qıranda, üstümüzü batıranda anam əsla bizi danlamayıb. Reaksiyası "sənə nəsə olmadı ki” sualı olurdu. İndi görürəm ki, mən də övladıma qarşı eyni cür davranıram. Uşaqlar aldıqları travmaları heç vaxt unutmurlar. Həmin travmalar da gələcəkdə mütləq özünü göstərir.
 
  - Kiçik yaşlılarla davranışlarda hər bir millətin öz qayda-qanunları var. Misal üçün, amerikalı valideynlər bir dəfə "olmaz” desələr, uşaqlar ikinci dəfə o hərəkəti etməzlər.
 
- Biz hansı insanların bir dəfə "yox” deməyinə daha çox önəm veririk? Əlbəttə, soyuqqanlı, hər zaman eyni vəziyyətdə olan, sözü bir dəfə deyən, əsəbləşməyən, özünü aciz kimi göstərməyən insanların. Uşaqlar da bizim kimidir. Ana var ki, uşağının qarşısında əyilir, "məni niyə yorursan, niyə mənə zülm edirsən?” kimi suallar verir. Bunların hamısı uşağın alt şüuruna yeriyir. Nə olsun ki, həmin valideynin 30 və ya 40 yaşı var? İstənilən halda uşağın gözündə zəif görünür. Uşaqların isə güclü ata-anaya ehtiyacı var. Onlara bu modeli göstərmək lazımdır.
 
- Bir də əcnəbi ailələr övladlarına çox tez-tez "sən bacararsan”, "sən güclüsən”, "sən haqlısan” kimi motivasiya verirlər.
 
- Mütləq. Baxın, bilirik ki, yəhudilər çox ağıllı, uğurlu insanlardır. Tərbiyə üsullarının isə başında motivasiya gəlir. Onlar uşağı lap körpə yaşlarından tərifləyirlər, övladlarını həvəsləndirirlər. Bu zaman uşağın özgüvəni artır. Mən də heç vaxt Nicatı tənqid etmirəm. O, xoşagəlməz nə etsə də, öz dəstəyimi əsirgəmirəm. Misal üçün, Nicat özünü süfrə hazırlayarkən vacib biri hesab edir. Ola bilər ki, salatı apararkən yolda onu dağıtsın. Həmin an "eybi yox, atada da, məndə də olur, hamımızın başına gələn bir şeydir” –deyib onu həvəsləndirirəm. O, bir sözü gündə 10 dəfə desə belə, hər dəfə ilk dəfə eşidirmiş kimi reaksiya verirəm. Buna  görə o da hər dəfə həmin hadisəni ilk dəfə deyirmiş kimi danışır. Neçə dəfə eyni məsələ ilə bağlı sual versə belə, yenidən eyni səbirlə qulaq asıram. Əgər oğlum mən telefonla danışırkən nəsə deyirsə, telefondakı adamdan üzr istəyib, oğlumu dinləyirəm. Ona şəxsiyyət kimi yanaşıram və seçim imkanları verirəm. Geyim, oyuncaq və sair seçimində mütləq fikrini öyrənirəm. Və ən vacibi, "xalxın uşağı” sindromum yoxdur. Uşaqları "filankəsin balası” ilə müqayisə etmək olmaz. Çünki onlar da bir gün "filankəsin atası, anası” deyib bizə layiq olduğumuz cavabı verəcəklər.
 
- Cəlalə xanım, övladınıza nə qədər zaman ayırırsınız?
 
- Bu, mənim yaralı yerimdir (gülürük). Buna görə vicdan əzabı çəkirəm. Nicatı səhər bağçaya aparıram. İşdən döndükdən sonra bu vicdan əzabını kompensasiya etmək üçün hava şəraiti imkan verərsə, oğlumu gəzməyə aparıram.
 
- Bəs özünüzə zaman ayırmırsınız?
 
- Gün ərzində özümə sərf etməyə özəl vaxtım olmur. Əvvəllər işdən sonra üzgüçülüyə gedirdim, kitab oxuyurdum, ya da ki, film və ya serial izləyirdim. İndi yatana qədər vaxtımı Nicat alır. Vəziyyət bu cürdür. Ancaq buna dəyər. Hiss edirəm ki, bəhrəsini görürəm.
 
- Oğlunuza nağıl danışırsınızmı?
 
 - Mütləq. Bilirsiniz ki, eyni zamanda nitq təlimçisi kimi də fəaliyyət göstərirəm. İnsanların yaxşı və ya pis nitqi uşaq vaxtı formalaşır. Çox şükür ki, oğlumun nitqi ilə yaxşı işləmişəm. Hətta hamiləlik vaxtında da onunla söhbət edirdim. Oğlum dünyaya gələndən bu yana onunla hər şey haqqında danışırdım, gördüyü hər şeyi izah edirdim. Mənə deyirdilər ki, körpə səni başa düşmür. Deyirdim əsas odur ki, o, məni görür və eşidir. Bir gün başa düşəcək. Nicat Azərbaycan dilində çox gözəl danışır, fikrini aydın izah etməyi bacarır. O ki qaldı sizin sualınıza, hər axşam ona mütləq nağıl danışıram. Nağılı danışdıqdan sonra fikrini soruşuram ki, mühakimə yürütsün, qərar versin və özünü ifadə etsin. Bir də bacardığım qədər ona "lay-lay” deyirəm. Düşünürəm ki, "lay-lay” nənələrimizin örnəyidir. Və çox faydalı bir şeydir. Hər şeydən əvvəl uşaqda incəsənətə maraq yaradır. İlk musiqini "lay-lay”da  eşidir.
 
- Nicatı gələcəkdə necə görmək istəyirsiniz?
- Adətən, valideynlər reallaşdıra bilmədikləri arzularını uşaqlarının üzərində tətbiq etməyə cəhd edirlər. Mənim üçün fərq etməz. Hətta yaxşı aşpaz da ola bilər.  Nicatdan gələcəkdə nə olmaq istədiyini soruşanda, əvvəllər "heç nə” cavabı verirdi. Bu yaxınlarda bağçaya Pantomima Teatrından aktyorlar gəlib, uşaqlara tamaşa göstəriblər. Bundan həvəslənən Nicat indi aktyor olmaq istədiyini deyir. Düzü, aktyor və müğənni olmağını istəmirəm. Atası kimi Nicatın da robotlara çox böyük marağı var. Hiss edirəm ki, gələcəkdə texnologiya ilə bağlı hansısa layihəsi olacaq. Ya da bu mənim təsəvvürümdür, bilmirəm. Görürəm ki, arzularım o istiqamətdədir.
 
Xəyalə Rəis
 













Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002