Uşaqlardakı aqressiyanın səbəbi nədir?
Son
dövrlər bəzi valideynlər uşaqlarının aqressiv davranışlarından şikayətlənirlər.
Onların inadla nəyisə istədiyini, bu olmadıqda isə, aqressiv hərəkətlər
etdiklərini deyirlər. Xüsusilə də, bacı-qardaşları ilə olan münaqişələrdə
uşaqlar daha çox aqressivlik göstərirlər. Bəs bunun səbəbi nədir? Uşaqlar nəyə
görə aqressiv olurlar, daha çox hansı yaşdakı uşaqlarda bu hal müşahidə olunur,
bu situasiyalarda valideynlər nə etməlidirlər? Bu kimi suallarımıza cavab
tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq.
Uşaq özünü dünyanın mərkəzi hesab edir
"Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova deyir ki, uşaqlarda aqressiya əsasən şəxsiyyətin formalaşdığı, ideal məni ilə
real məni arasındakı mübarizə zamanı şiddətlənir: "Bu prosesə 3-6 və 12-16 yaş
arası uşaqlarda daha çox rast gəlinir. 3-6 yaş arasında uşaqların ilkin məni
formalaşır. Buna elmi dildə eqosentirizm deyilir. Həmin dövrdə uşaq özünü
dünyanın mərkəzi hesab edir. Və hər şeyin ona məxsus olduğunu düşünür. Bu yaşda
olan uşaqlarda aqressiya, əsəbilik daha çox olur. Qonaq getdiyi yerdə
uşaqlarla, evdə bacı-qardaşı ilə tez-tez münaqişə edə bilər. Eqosentirizm
dövründə valideynlər çox diqqətli olmalı, uşaqların eqolarını, yəni daxili "məni”ni
sındırmamalıdırlar. Həmin dövrdə uşaqların alçaldılması gələcəkdə özgüvəndə
problemlərin yaranmasına səbəb olur”.
Uşağa qarşı getmək olmaz
Mərkəzin rəhbəri deyir ki, uşaq aqressivkən ona qarşı getmək olmaz: "Uşaq
aqressiv olan zaman valideyn əksinə sakit, səbirli olmalıdır. Və çalışmalıdır
ki, uşaqla göz kontaktı qurulmasın. Yaxşı olar ki, valideynlər məsələyə daha
soyuqqanlı yanaşsınlar. Həmin an məkanı dəyişsələr, daha yaxşı olar. Məsələn, 4
yaşında bir uşağın aqressivliyi tutubsa, bunu sakit qarşılamalı, uşağın
gözlərinə baxmamalıdır. Və səs tonunu qətiyyən yüksəltmədən uşaqla danışmağa
cəhd etməlidirlər. Əgər alınmırsa, o zaman uşağın sakitləşməyini gözləmək
lazımdır. Bəzən valideynlər uşaqla uşaq kimi rəftar edir. Bu, situasiyanı daha da
gərginləşdirir və uşağın aqressiv krizis müddəti uzanır. Yəni qətiyyən uşağa
qarşı getmək olmaz. Bu onun aqressiyasını daha artırar. Əgər uşaq çox
aqressivdirsə və bu cür hallar tez-tez baş verirsə, yaxşı olar ki, valideynlər
mütəxəssisə müraciət etsinlər”.
Müsahibimiz qeyd edir ki, uşaqlar doğulduqdan 6 ay sonra psixoloq müayinəsindən
keçməlidir: "Doğulduqdan bir müddət sonra ayda bir dəfə nevropatoloq və psixoloq
müayinələri olmalıdır. Amma sırf uşağın insan kimi formalaşmağına nəzarət etmək
üçün 18 ayından sonra xüsusi diqqət etməli, müayinəyə aparmalıyıq. Uşağın ətraf
aləm haqqında fikirləri, nitqi və psixoloji inkişafı yoxlanmalıdır. Ən gec 2
yaşına qədər hər bir uşaq həm psixoloq, həm nevropatoloq, həm də loqoped
müayinəsindən keçməlidir”.
Oyun dostunun xoşagəlməz
davranışı
Psixoloq Nərgiz Süleymanlı bildirir ki, uşaqların aqressiv olmasının bir neçə səbəbi var: "Uşaq
ana-atasından şəxsiyyətinə qarşı hörmətsizlik, hisslərinə və istəklərinə qarşı
laqeydlik, qoyulan zidd tələblər gördükdə, aqressivləşir. Valideynlər bəzən öz
mənfi emosiyalarını uşaqların üzərinə boşaldırlar. Uşaq haqsızlığa uğradığını,
alçaldıldığını, lazımsız olduğunu hiss edən zaman özünümüdafiə və təstiqetmə
sistemi aqressiv formada işə düşür. Valideynindən fiziki aqressiya görən bir
uşaq daim məsələni həll etmə metodu kimi fiziki aqressiyadan istifadə edəcək.
Uşağın düşdüyü sosial çevrə də böyük əhəmiyyətə malikdir. Bura bağça, məktəb və
ya qonaq getdiyi ev də aiddir. Uşaq burada sonsuz aqressiya nümunələri qazana
bilir. Oyun dostunun xoşagəlməz davranışı buraya misal ola bilər. İstər bu
nümunələri təqlid etmə, istərsə də qarşılıqlı münasibətlərdəki neqativlik
aqressiv davranış kimi ortaya çıxa bilər”.
Psixoloq qeyd edir ki, uşağın aqressiv olmasında televiziyanın da
rolu böyükdür: "Uşağın izlədiyi cizgi filmi, reklamlarda gördüyü şiddət
tərkibli səhnələr aqressiv davranışlarına təkan verir. Şiddət səhnələri ilə bol
olan cizgi filmlərinin daim güc tətbiq edən qəhrəmanları uşaqların sevimlisinə
çevrilir. Bu zaman uşaqların bu davranışları təqlid etmələri qaçılmaz olur”.
Həmsöhbətimiz deyir ki, ananın
hamiləlik dövrünü necə keçirməsinin uşağın psixologiyasına ciddi təsiri var: "Ananın
emosional sisteminin bir parçası olan körpə, sadəcə ananın yemə-içmə
vərdişindən, fiziki hərəkətliliyindən təsirlənmir. Eyni zamanda onun bütün ruhi
vəziyyətindəki çalxalanmalar, yaşadığı stress, depressiya halları və bütün
emosional yaşadıqları uşağın psixologiyasında mühüm rol oynayır. Bu baxımdan,
psixoloji olaraq narahat keçən hamiləlik dövrü uşağın həyatının növbəti
illərində diqqət dağınıqlığı, aqressiv davranışlar, özünə qapanma kimi
problemlərin görülməsinə səbəb ola bilər”.
Cəza sistemi düzgün
qurulmalıdır
Müsahibimizdən "valideyn uşağın inadla istədiyi hər şeyi etməlidirmi”
deyə soruşduq: "Uşaqlar ağlayaraq, aqressiya göstərərək böyüklərin onların istəklərini
həyata keçirməsini tələb edirlər. Təbii ki, bu cür manipulyasiyaya məğlub olmaq
onun mənfi davranışını mükafatlandırmaq deməkdir. Bu zaman uşaq göstərdiyi
davranışının pis olduğunu anlamır. Belə anlarda valideyn qətiyyətli
davranmalıdır. Uşağın hirslə istədiyi tələblərini həyata keçirməmək lazımdır.
Bundan başqa, uşaqları etdiklərinə görə cəzalandırmaq da lazımdır. Amma əlbəttə
ki, uşaqlarda cəza sistemi düzgün qurulmalıdır. Bu zaman uşağın yaş xüsusiyyəti
nəzərə alınmalıdır. Təbii ki, fiziki cəza qəbuledilməzdir. Məsələn, cəza olaraq
uşaq etdiyi davranışının nəticələrini görməlidir. Sevdiyi əşya və məşğuliyyətindən
bir müddətlik məhrum etmə kifayət edər”.
Psixoloq bildirir ki, uşaqla şəxsiyyət kimi davranılması əsasdır: "Lazımi
sevgi görməyən uşaqda aqressiyanın artması qaçılmazdır. Diqqət cəlb etmək
istəyən uşaq öz əşyalarına və ya ətrafdakılara şiddət göstərə bilər. Buna görə
uşağa diqqəti ancaq o anlarda deyil, daim vermək lazımdır. Müsbət davranışlar
mükafatlandırılmalı, mənfi davranışlardan uzaqlaşdırmaq üçün ona düzgün nümunə
olmaq şərtdir. Hisslərinə laqeyd yanaşılmamalıdır. Fikirlərini ifadə etməsinə
şərait yaratmaq lazımdır”.
Valideyn uşağın hər istədiyini etməməlidir
"Aqressivlik deyəndə, çox zaman ərköyünlük başa düşülür və bu daha
çox evin tək uşaqlarında, uzun müddət uşaq sahibi olmamış ailələrdə doğulan
uşaqlarda müşahidə edilir” söyləyən nevropatoloq
Aynur Zeynalova qeyd edir ki, belə etməklə, onlar istədiklərinə nail olmaq,
öz hegemonluğunu göstərmək istəyirlər: "Belə uşaq istədiklərini əldə edə
bilməyəndə, özünü yerə atır, nələrisə vurub sındırmağa başlayır. Hətta özünə
belə xəta yetirə bilər. Valideyn uşağın hər istədiyini etməməlidir. Gərək valideyn
uşağa çox fikir verməsin. Uşağın hər istədiyini etdikcə, o daha çox istəyəcək.
Və zamanla bu, vərdiş halını alacaq. Uşaq aqressivdirsə, onun üstünə getmək
olmaz. Əksinə, məsələyə soyuqqanlı yanaşmaq lazımdır. Uşaq aqressiv ikən ona tərəf
getsək, əzizləməyə çalışsaq, o, bunu daha da şiddətləndirəcək”.
Nevropatoloq deyir ki, uşağın aqressiv olmasına ananın hamiləlik
dövründə yaşadıqları da təsir edir: "Ana hamiləlik dövrünü nə qədər rahat,
stressdən uşaq keçirərsə, uşaq da bir o qədər sakit olar. Hər bir yeni doğulan
uşaq nevropatoloq müayinəsindən keçməlidir. Və əgər valideynlər uşağın inkişaf
dövründə nitqində, davranışında nə isə bir ləngimə, problem hiss edərsə, dərhal
həkimə müraciət etməlidir”.
Günel Azadə