Uşaqlara zərərli informasiya ötürənlər cəzalandırılacaq
Azərbaycanda yaş
təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasının
hansı formada keçiriləcəyi müəyyən edilib. Trend-in məlumatına görə, bununla
bağlı tələblər və şərtlər Milli Məclisdə I oxunuşda qəbul edilən
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun
layihəsində öz əksini tapıb. Layihəyə əsasən, yaş təsnifatının aparılması
məqsədi ilə informasiya məhsulunun ekspertizası müvafiq icra hakimiyyəti
orqanından ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən
həyata keçiriləcək. Layihəyə əsasən, müvafiq dövlət orqanlarının təşəbbüsü ilə
aparılan ekspertiza üzrə ekspert rəyi yol verilmiş pozuntu hallarının təxirə
salınmadan aradan qaldırılması barədə həmin orqan tərəfindən pozuntu törədən
şəxsə yazılı xəbərdarlıq edilməsi üçün əsasdır. İnformasiya məhsulunun
istehsalçısı və (və ya) yayıcısı xəbərdarlıqda göstərilən müddətdə pozuntu
hallarını aradan qaldırmadıqda müvafiq dövlət orqanları informasiya məhsulunun
uşaqlar arasında yayılmasının qarşısının alınması və bu Qanunun tələblərinin
pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq
tədbirlər görəcək.
Qeyd edək ki, layihəyə
əsasən, informasiya məhsulları dedikdə ölkə ərazisində dövriyyə və istehlak
üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual
məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər
və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya
məhsulları başa düşülür.
Qanunun növbəti mərhələdə
hansı effektləri verəcəyini və işlək mexanizmə çevrilməsi üçün hansı addımları
atmaq lazım olduğunu öyrənməyə çalışdıq.
Uşaq hüquqları üzrə beynəlxalq ekspert Nabil
Seyidov bildirdi ki, bu cür qanunun qəbul olunması çox
müsbət haldır: "Biz deyə bilmərik ki, bu qanun bütün təhlükələrin qarşısını ala
bilər. Çünki texnika və texnologiya inkişaf etdikcə, yeni təhlükələr,
təhdidlər, risklər ortaya çıxır. Amma düşünürəm ki, qəbul edilən bu qanunun
müsbət nəticələri olacaq. Bu qanun vasitəsilə zərərli informasiyaların uşaqlara
əlçatanlığının qarşısı alınır. Məlumatların zərərliliyi nəzərə alınaraq,
onların televiziyada, radioda, internet mediasında verilmə saatlarına nəzarət
etmək lazımdır. İnformasiyalar zərərlilik səviyyəsinə görə, müxtəlif
kateqoriyalara bölünməlidir. Bu kateqoriyalar əsasında da onların uşaqlara
əlçatanlığı məhdudlaşdırılmalıdır. Biz artıq neçə il idi ki, bu istiqamətdə
işlər aparırdıq. Qanunun qəbul edilməsi icazə verəcək ki, bu tip oyunlar
hazırlayanlara, zərərli informasiyaları mətbuatda, televiziyada və saytlarda
yayanlara qarşı müvafiq təlimatlar hazırlansın və tətbiq edilsin. Bu da
uşaqlarımızı qorumağa imkan verəcək”.
Ekspert
bildirir ki, tətbiq ediləcək sanksiyalar, cərimələrlə qanunun işləkliyinə nail olmaq
mümkündür: "Son dövrlə cizgi filmlərinin, kinoların çəkilişi artıb. Hazırda gənclərimiz
də hazırda bunlara baxmağa böyük maraq göstərirlər. Xüsusilə də kinoteatrlarda,
müxtəlif film mərkəzlərində bu kinoları izləyirlər. Amma təəssüflər olsun ki,
bir çoxunda filmlərə hansı yaşda uşaqların
baxa bilməsinə icazə verildiyi qeyd edilmir. Çəkilən kinoların hamısında
onların hansı yaşa aid oduğu (6+, 12+, 18+) filmin əvvəlində anons edilməlidir.
Bundan başqa, kassalardan bilet alarkən şahidi olduğumuz mənzərələrdən biri də
həmin yerlərdəki monitorlarda açıq saçıq film səhnələrinin reklam olunmasıdır.
Hansı ki, bu səhnələr də həmin ziyanlı saydığımız informasiyalardandır və birbaşa
uşaq hüquqlarının pozulmasına səbəb olur. Hesab edirəm ki, tətbiq ediləcək
sanksiyalar və cərimələr nəticəsində qanunun işləkliyi təmin olunacaq”.
N. Seyidov
dünya təcrübəsindən də danışdı: "Artıq neçə illərdir ki, Rusiya
telekanallarında efirə verilən hər bir materialın yaş kateqoriyasını
müəyyənləşdirirlər. Yəni verilən kino və ya verilişdən əvvəl, onun hansı yaş
aralığındakı insanlar üçün məqbul olduğu qeyd edilir. Bizdə isə bu yaş aralığı
milli düşüncə və psixologiyası nəzərə alınaraq hesablanmalıdır. Çünki tutaq ki,
Rusiyada 13+ icazəsi o demək deyil ki, Azərbaycanda da belədir. Ona görə, bu
məsələlər üçün xüsusi ekspertlər - psixoloqlar, pedaqoqlar olmalıdır. Onlar
filmlərin meyarlarının hazırlanmasında iştirak etməlidirlər. Ümumiyyətlə, yaxşı
olardı ki, televiziyalar bütün günü ekranın sol küncündə efirə gedən
informasiyanın yaş aralığını göstərən bildiriş qoysunlar”.
Sosioloq
Cavid İmamoğlu qanunun işləkliyinə nail olmaq
üçün ciddi maarifləndirmə işi aparılmalı olduğunu vurğuladı: "Uşaqların
psixoloji sağlamlığının qorunması çox önəmli vəzifədir. Və bu sağlamlığı
qorumaq üçün cəmiyyət olaraq əlimizdən gələni etməliyik. Bu vəzifələrin həyata
keçirilməsi üçün təkcə qanun və qanundan irəli gələn tələblər yox, həmçinin də
vətəndaş nəzarəti, xüsusilə də valideynlərin bu məsələdə maarifləndirilməsinə
böyük ehtiyac var. Qanun qəbul olunduqdan sonra qanundan irəli gələn müəyyən
tədbirlər planı həyata keçiriləcək, dövlət müəyyən layihələrlə üzərinə düşən
işi görəcək. Amma qanunun qəbul edilməsi ilə iş bitmir. Onun işləkliyinə nail
olmaq üçün hamımız birgə fəaliyyət göstərməliyik. Yəni 0-18 yaş aralığındakı
uşaqlar evdə, məktəbdə və bəzi kompüter oyunları salonlarında vaxt keçirirlər.
Bu halda biz evdəki valideynləri, məktəbdəki müəllimləri və oyun salonlarındakı
məsul şəxsləri maarifləndirsək, qanunun işləkliyini təmin etmiş olar və həmçinin
uşaqlarımız zərərli informasiyadan yayınarlar”.
Günel
Azadə