• cümə, 19 Aprel, 15:23
  • Baku Bakı 25°C

Uşaqlara nağıl danışacaq sayt

29.06.19 11:30 1570
Uşaqlara nağıl danışacaq sayt
Zaman bizdən müasirləşməyi tələb edir. İnternet şəbəkəsinin sürətli inkişafı elektron kitabxanalar yaranmasına səbəb olur və nəticədə bu sahədə tələbat az da olsa ödənilir. Bu gün həyatımızın bütün sahələrinə daxil olan, ən müxtəlif informasiyaları anında əldə etməyə imkan verən internet, əsrlər boyu bilik mənbəyi olan kağız kitabları sıxışdırıb aradan çıxarmağa iddialıdır. Bunun isə mənfi və müsbət tərəfləri var. Müsbət tərəflər öz yerində, məsələnin mənfi tərəfi haqda illərdir ki, danışılır, yazılır, müzakirələr aparılır.

Elektron kitablar günün əsas tələbinə çevrilsə də, hər kəs bundan istifadə etməyi bacarmır. Məsələn, məlumdur ki, cəmiyyətimizdə görmə imkanlarından məhdud olan insanlar az deyil. Artıq onların bu ehtiyaclarını təmin etmək üçün "danışankitab.az” internet portalı yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifarişi əsasında yaradılan sayt həmin kateqoriyadan olan uşaqlar üçün nəzərdə tutulub. İyunun 27-də bu layihənin təqdimatı da keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, məqsəd əsərlərin tanınmış aktyorlar tərəfindən səsləndirilməsi yolu ilə görmə imkanları məhdud uşaqların hər hansı haqq ödəmədən müasir avadanlıqlardan istifadə edərək, bədii və elmi ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə şərait yaradılmasıdır: "Bu da onların cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının dəstəklənməsinə xidmət edir. Sayt həmin uşaqların informasiya əldə etmək imkanlarını asanlaşdırır, onlara müxtəlif əsərləri kompyuter və telefon vasitəsilə rahat şəkildə dinləməyə imkan yaradır. Yaradılan yeni saytda görmə imkanları məhdud uşaqların ehtiyacları, mütaliə zövqü nəzərə alınmaqla, saytda Azərbaycan və dünya müəlliflərinin seçilmiş əsərləri xalq artisti Nurəddin Mehdixanlının, əməkdar artistlər Vidadi Həsənov və Hüsniyyə Mürvətovanın, "Yuğ Dövlət Teatrı”nın aktyoru Amid Qasımovun ifasında səsləndirilərək təqdim edilir. Saytın xüsusi mobil tətbiqində sadə istifadə imkanı mövcuddur və bununla bərabər, inklüzivlik nəzərə alınmaqla, ölkəmizdə ilk dəfə olaraq səslə idarəetmə imkanı verən mobil tətbiq yaradılıb. Layihənin gələcəkdə icrası və daha da inkişaf etdirilməsi nəzərdə tutulur”.
Sözügedən saytın yaradılması görmə məhdudiyyətli uşaqlarla bərabər, valideynlər üçün də bir köməkçi vasitəyə çevrilib. Belə ki, övladlarına nağıl danışmaqda çətinlik çəkən hər bir valideyn sayta daxil olmaqla, seçdiyi nağılı ödənişsiz şəkildə telefonuna yükləyə və istədiyi zamanda övladına dinlətdirə biləcək.
Saytda nağılları səsləndirən əməkdar artist Hüsniyyə Mürvətova bizimlə söhbətində layihənin aktuallığından danışdı. Bildirdi ki, "danışankitab.az” saytının yaradılması görmə məhdudiyyəti olan uşaqlar üçün ən ideal vasitədir: "Sevindirici haldır ki, bu gün görmə məhdudiyyəti olan uşaqlar da sosiallaşır, cəmiyyətdə özlərinə yer tapmağa çalışırlar. O uşaqların hüquqları qorunur, onlara diqqət və qayğı özünü göstərir. Görmə məhdudiyyəti olan uşaqlarımızın nağıllarla böyüməsi çox təqdirəlayiq haldır. Normal, sağlam uşaqlar məktəbdə kitabları oxuyurlar və bu nağıllardan xəbərdar olurlar. Gözdən əlil olan uşaqların valideynlərinin qayğıları bəzən çox olur. Çox zaman uşaqlarına nağıl oxumaq üçün vaxt tapa bilmirlər. Belə olduğu halda, məhz "danışankitab.az” saytı onların köməyinə çataq. Və digər tərəfdən, uşaqlarımız bizim milli nağıllarımızı dinləyərək böyüyəcək. Bu sayt nəinki görmə məhdudiyyəti olan, eyni zamanda böyüməkdə olan yeniyetmə uşaqların da ailələri üçün köməkçi vasitəyə çevriləcək. Çox zaman valideyn övladına nağıl danışanda çətinlik çəkir. Ancaq bu vəsait onun işini yüngülləşdirəcək. Mən bu layihədə daha çox Azərbaycan nağıllarını səsləndirmişəm. Düzdür, radioların birində bəlli bir saatda uşaqlar üçün nağıl zamanı var idi. Amma lazımdır ki, nağıl radioda səsləndiyi vaxtda onu dinləyəsən, əgər bir neçə dəqiqə geciksən, nağıl bitəcək. Ancaq bu sayt vasitəsilə valideynlər istənilən zaman bu nağılları yükləyə və istədikləri nağılı övladlarına dinlətdirə bilərlər. Sayt o qədər asan hazırlanıb ki, hər bir valideyn bunu rahat şəkildə yükləyə bilər”.
H.Mürvətova deyir ki, bu saytın yaradılması övladlarımızı milli nağıllarımıza yönləndirmək üçün bir başlanğıcdır: "Bu gün uşaqlarımızın izlədiyi nağıllar məni tam olaraq qane etmir. Valideynlər çox zaman uşaqların başını qatmaq üçün internetdən bir neçə cizgi filmlər yükləyərək telefonu onlara həvalə edirlər. Uşaqların kor-koranə izlədikləri o nağıllar isə uşaqlara təkəbbür, nifrət, paxıllıq hissi aşılayır. Misal üçün, mən uşaqlarımızın "Maşa və ayı” cizgi filmini izləməyinin tərəfdarı deyiləm. O cizgi filmlərini izləyən uşaqlarda aqressiya yaranır. Uşaqlar Maşanın hərəkətlərini təkrarlamağa çalışırlar. Mən bunun dəfələrlə şahidi olmuşam. Məgər bizim öz nağıllarımız yoxdur ki, uşaqlarımız başqa nağıllara qulaq assın, başqalarının cizgi filmlərini izləsin? Ancaq biz səsləndirdiyimiz nağıllarda uşaqları dostluğa, barışa, sülhə, heyvanlara münasibətdə rəhmli olmağa dəvət edirik. Bu məsəllər çox önəmlidir. Burada təkcə Azərbaycan nağılları deyil, maraqlı hekayələr, rəvayətlər var”.

Saytın redaktoru Tural Cəfərov sayt üçün nağılları seçərkən hamının bildiyi məşhur nağıllara üstünlük verdiklərini bildirdi: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış nağılları tanınmış aktyorlar vasitəsi ilə səsləndirməklə, görmə imkanları məhdud uşaqların pulsuz olaraq telefon, musiqi oxudan, televizor və s. bu kimi müasir avadanlıqlarda rahatlıqla şeir, roman, elmi və bədii ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə və dinləyərək öyrənmələrinə şərait yaradır, onların cəmiyyətə inteqrasiyalarının təmin olunmasına çalışırıq. Səsləndirilmiş kitabların hamı üçün əlçatan olması məqsədi ilə bu saytla yanaşı xüsusi mobil tətbiq də yaradılıb. Layihədə xarici və yerli nağıllar da yer alıb. Çalışdıq ki, uşaqların dünyagörüşünün formalaşmasında əhəmiyyətli olan nağıllara üstünlük verək. Əslində "danışankitab.az” çox faydalı bir layihədir. Bu sayt təkcə görmə imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmayıb. Uşaqlar, hətta böyüklər də bundan istifadə edə bilərlər. Bu saytın uşaq ədəbiyyatının, nağılların məşhurlaşması və nəsildən-nəslə ötürülməsində misilsiz xidməti olacaq. Layihənin digər bir uğuru isə peşəkar aktyor heyəti ilə nağılların səsləndirilməsi oldu. Azərbaycanın ən yaxşı qiraətçilərinə müraciət etdik. Hesab edirik ki, onların ifasında uşaqlar nağılları daha maraqla dinləyəcəklər”.

T.Cəfərov saytda xarici nağılların səsləndirildiyini desə də, daha çox yerli nağıllara üstünlük verildiyini qeyd etdi: "Sayta nəzər yetirsəniz, orda bütün dünyadan hekayələr, nağılların əks olunduğunun şahidi olarsınız. Daha çox üstünlüyü isə Azərbaycan xalq nağıllarına vermişik. Çünki bu nağılların müəllifi xalqdır. Yetişən gənclər bu nağılları bilməlidir. Nağıllar uşaqların mənəvi inkişafında, əxlaqının formalaşmasında böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, saytda daxil olduqdan sonra sevilən nağılları yükləmək ödənişsizdir. Çox rahatlıqla telefona yüklənir. Telefon istifadə etməyənlər isə kompyuterdən yükləmək imkanına malikdirlər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər