• cümə axşamı, 18 aprel, 11:33
  • Baku Bakı 12°C

Uşaqlara internet klub qadağası Araşdırma

12.06.13 09:14 3800
Uşaqlara internet klub qadağası Araşdırma
“On bir yaşlı oğluma hər gün məktəbə gedəndə 1 manat verirdim ki, özünə peçenye, su alsın. Hərdən uşaq 2 manat alırdı ki, pul çatmır. Sonra öyrəndim ki, uşaq bir neçə aydır ki, hər gün dərsdən sonra 1 saat məktəbin yaxınlığındakı İnternet kluba gedir. Hətta 2-3 dəfə müəlliminə yalandan bizimlə qonaq getdiyini deyib son dərsdən də icazə alıb”.
“Pul üçün uşaqlarımızın gələcəyini çalırlar”
Bu sözləri bizimlə söhbətində oğlu 5-ci sinfə keçən Nazilə İsmayıllı bildirdi. Nazilə xanım 2 həftədən bir məktəbə gedib müəllimlə danışdığını, oğlunun dərsləri ilə maraqlandığını da dedi: “Amma necə olubsa, mən bunu hiss etməmişəm. Həmişə getdiyi İnternet klubun meneceri ilə də danışdım. Bildirdi ki, oğlum hər gün oyun oynayırmış”.
N.İsmayıllı bu işdə İnternet klub sahiblərini günahlandırdı: “Pul qazanmaq üçün uşaqlarımızın gələcəyini çalırlar. Görürlər ki, 11 yaşı var, bunun İnternet klubda nə işi var, dərslə məşğul olmasının problemi yoxdur. Amma uşaqların İnternet klublarda oyunlar oynamasına, lazımsız saytlara baxmasına qadağa qoyulmalıdır”.
Təkliflər hökumətə təqdim ediləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) də yaxın vaxtlarda hökumətə uşaqların internetdə təhlükəsizliyini təmin edən təkliflər paketini təqdim edəcək. Komitədən hafta-ichi.az-a verilən məlumata görə, təkliflər internet-klublarda uşaqlara nəzarəti təmin edəcək tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bura internet-klubun administratorunun klubda uşaqların təhlükəsizliyin təminatçısı rolunda çıxış etməsi də planlaşdırılır. Belə ki, internet-klublarda uşaqlar üçün nəzərdə tutulmuş kompüterlər böyüklər üçün olan kompüterlərdən ayrı yerləşdirilməlidir və xüsusi filtrasiya sistemi ilə təchiz edilməlidir və onların internetdəki fəaliyyətinə nəzarət edilməlidir”.
Komitənin hazırladığı sənədə əsasən, İnternet kluba 12 yaşından aşağı uşaqlar buraxılmamalıdır: “Uşaqlar dərs vaxtında İnternet kluba buraxılmamalıdır və 2-3 saatdan yuxarı orada vaxt keçirməməlidirlər. Artıq 17-18 yaşına çatmış yeniyetmələr İnternet klubda davamlı oıaraq 3 saat otura bilərlər. Bütün bu şərtlər yerinə yetirilmədikdə sahə inspektorunun, İnternet klubun administratorunun məsuliyyətə cəlb edilməsi ilə bağlı təkliflər təqdim edilib”.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, uşaqlar dərsdən yayınaraq günlərini İnternet klublarda keçirdikdə belə hüquq-mühafizə orqanlarının kimsəni məsuliyyətə cəlb etmək səlahiyyətləri yoxdur.
Oyunlar şəhər kənarlarında dəbdədir
Vəziyyəti öyrənmək üçün “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığındakı bir neçə İnternet klubda olduq. 12-15 yaşlı uşaqlar demək olar ki, gözə dəymirdi. Yalnız iki İnternet klubda 13 və 14 yaşlı yeniyetmələrlə qarşılaşdıq. Onlardan biri kinoya baxır, digəri isə facebookda dostları ilə danışırdı. Dostları ilə facebookda danışan 14 yaşlı Elxan (ad şərtidir – L.M.) əvvəlcə danışmaq istəməsə də, adını və şəklini verməyəcəyimizi deyib onu danışmağa razı saldıq. Bildirdi ki, şəhərin mərkəzindəki İnternet klublarda kompüterlərdə oyun olmur: “Ancaq həyətlərin içərisində olan İnternet klublarda oyun oynamağa icazə var”.
Valideynlərinin Elxanın sosial şəbəkədən istifadə etməsindən xəbərdar olmasına gəlincə, müsahibimiz dedi ki, evdə heç kim bunu bilmir: “Evdə bilsələr, qoymazlar. Heç İnternet klubda oyun oynamağıma da icazə vermirlər. Dərslərim qurtarıb, mən də boş-bekar evdə oturmaqdan yoruluram. Buna görə də oyun da oynayıram, “facebook”a da, “odnaklasnik”ə də girirəm”.
Olduğumuz 4 İnternet klubda menecerlər bildirdilər ki, onlar kompüterlərə oyun yükləmirlər: “Oyun olan yerdə səs-küy olur. Həm də oyunlar olan İnternet klublara məktəbyaşlı uşaqlar gəlir. Bu zaman polislər tez-tez belə klubları ziyarət edirlər. Buna görə də bizə sərf etmir”.
Adının çəkilməsini istəməyən İnternet klub sahibinin sözlərinə görə, şəhərin mərkəzindəki İnternet-klubların əksəriyyətində polisin qorxusundan kompüterlərə oyunlar yükləmirlər: “Ancaq şəhərin kənarındakı qəsəbələrdə, xüsusilə rayonlarda, kəndlərdə uşaqlar kompyuter oyununun xəstəsinə çevrilirlər. Bu iş yaxşı pul gətirir. Çünki uşaqlar nə yolla olur-olsun pul tapıb oyun oynamağa gəlirlər və belə İnternet klublarda zallar adətən boş olmur”.
İnternet asılılığı xəstəliyi
Təhsil üzrə ekspert Əjdər Ağayev bizimlə söhbətində 12 yaşdan aşağı uşaqların İnternet klublara buraxılmamasının düzgün olmadığını bildirdi: “12 yaşdan sonra o uşaq özü İnternetdən istifadə edə bilməyəcək və heç istəməyəcək də. Buna görə uşaqları başa salmaq lazımdır ki, İnternetdən yaxşı istiqamətdə istifadə etsinlər, yoxsa qadağa ilə heç bir şey düzəlməyəcək”.
Psixoloq Nərmin Səmədova isə bildirdi ki, 10-12 yaşlı uşaqları başa salmaq o qədər də asan deyil: “Düzdür, başa düşənlər ola bilər. Amma uşaq olduqları üçün kompyuter oyunları onlar üçün maraqlıdır. Buna görə də uşağa oynamamağın yaxşı tərəflərini başa salmaq çətindir. Ən yaxşısı İnternet klublara 13-14 yaşından yuxarı uşaqları buraxmaqdır”.
N.Səmədova bizimlə söhbətində İnternetin uşaqlara zərərindən də danışdı. Bildirdi ki, İnternetdən çox istifadə uşaqlarda asılılıq yaradır: “Bu asılılıq narkotikdən asılılığa bənzəyir. Uşaqlar haradan olur-olsun pul tapıb İnternet klublara gedirlər. Daha sonra isə kompüterdə oyun oynayaraq böyüyən uşaqlar yeniyetmə olanda yaşlarına uyğun olmayan saytlara girirlər. ABŞ, Kanada, Çin, Rusiya, Cənubi Koreya və digər ölkələrdə internet asılılığı xəstəlik kimi tibb müəssisələrində müalicə edilir”.
Komyuter qarşısında ölənlər
N.Səmədova məsləhət görür ki, 13 yaşına qədər uşaqlar dərs çalışmaq üçün İnternet kluba gedərkən mütləq yanlarında valideynləri olmalıdır. Yaxşı olardı ki, hər bir evdə kompyuter, internet olsun və uşaqlar valideyn nəzarəti altında gün ərzində fasilələrlə 2 saat İnternetdən istifadə etsinlər. Çünki bu, zamanın tələbidir. Uşaqlara kompüteri qadağan etmək də doğru deyil”.
Psixoloq məsləhət görür ki, uşaqları boş vaxtlarını keçirmək üçün rəqs, idman, rəsm, çalğı alətləri, xarici dil kurslarına yazdırmaq olar: “Bu zaman heç onların İnternet klublarda oyunlar oynamağa vaxtı və həvəsi olmayacaq”.
Qeyd edək ki, bir neçə il əvvəl Sumqayıtda ali məktəbə hazırlıq kursu keçən 18 yaşlı oğlan kompyuter qarşısında qıcolmadan vəfat etmişdi. 17 yaşlı Bakı sakini isə üç il əvvəl kompyuter qarşısında yemədən, içmədən saatlarla oturduğuna görə qan azlığına tutulmuş, sonda qan xərçəngindən dünyasını dəyişmişdi. Nəzərə alaq ki, uşaqların orqanizmi kompyuterin buraxdığı şüalara qarşı daha həssasdır.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər