• cümə, 29 Mart, 16:07
  • Baku Bakı 14°C

Uşaqlara həkim təyinatı olmadan vitamin qəbul etdirmək müxtəlif fəsadlara səbəb olur

28.10.21 11:00 223
Uşaqlara həkim təyinatı olmadan vitamin qəbul etdirmək müxtəlif fəsadlara səbəb olur
Payız və qış fəslində, yəni soyuq aylarda immunitet zəifləməyə başlayır. Eyni zamanda, məktəblərin və bir sıra iri ticarət mərkəzlərinin açılışı, bağçalarda kütləviliyin artması infeksiya ilə xəstələnmənin sayına təsir göstərib. Nəzərə almaq lazımdır ki, uşaqların güclü immun sisteminə malik olması üçün düzgün və sağlam qidalanmaları mütləqdir. Körpələr mümkün qədər ana südü ilə qidalandırılmalı, böyüklər isə balanslaşdırılmış qidalardan yararlanmalıdırlar. Həmçinin kiçik yaşlı uşaqların təmiz havada olması olduqca faydalıdır.
AZƏRTACxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin instaqram hesabında canlı yayımda çıxışı zamanı deyib.
Mütəxəssis bildirib ki, həkim məsləhəti olmadan uşaqlara vitamin verilməsi düzgün yanaşma deyil: "Həkim təyinatı olmadan uşaqların vitamin qəbul etməsi müxtəlif fəsadlara səbəb ola bilər. Valideynlər vitamin verməklə övladlarının immun sistemini gücləndirə biləcəklərini düşünürlər. Lakin bəzi vitaminlər orqanizmə yüklənib qalır və nəticədə ciddi fəsadlara səbəb olur. Uşaqlarda mütəmadi müşahidə edilən mədə-bağırsaq pozuntularının başlıca səbəblərindən biri məhz budur. Misal üçün, mədənin qastrit xəstəliyi adətən həkim resepti olmadan qəbul edilmiş vitaminlərdən qaynaqlanır”.
A.Zeynalovanın dediyinə görə, son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb: "Belə ki, 0-13 yaş arasında olan uşaqlarda mədə-bağırsaq sistemi xəstəlikləri 2010-cu ildə 35 min 954 sayda idisə, ötən il bu göstərici 42 min 490 olub. Yəni, rəqəmlərdən də göründüyü kimi uşaqlar arasında mədə-bağırsaq xəstəliklərində artım var. Eyni zamanda, 2010-cu ilin statistikasına əsasən, 13-18 yaşlı uşaqlarda həmin xəstəliklər üzrə göstərici 45 min təşkil edirdisə, 2020-ci ildə 57 min 592-ə çatıb. Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına səbəb düzgün həyat tərzinin təbliğ edilməməsi və qeyri-düzgün qidalanmadır. Uşağa yalnız yeyə biləcəyi miqdarda yemək vermək, onun üçün düzgün və planlaşdırılmış qida rasionu tətbiq etmək lazımdır”.
banner

Oxşar Xəbərlər