Uşaqlara ad seçərkən nələrə diqqət etməli? - Gənclərə məsləhət
Uşaqlara
ad qoymaq məsələsi çox vaxt ailələrdə mübahisəli mövzu olur. Bu həm də, ümumi
olaraq cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Kimisi yaşlı nənə-babanın
adını uşaqlarında yaşatmaq istəyir, kimisi baxdığı serial qəhrəmanının adını
verir, kimisi də hansısa məşhurun və s. Amma seçilən adın uşaq psixologiyasına
təsiri məsələsi də var. Bəs bu təsir nə dərəcədədir? Bunları nəzərə alaraq ad
seçimini necə aparmalıyıq?
Bu
mövzuda həmsöhbətimiz psixoloq Gülnarə
Əliyeva oldu. Psixoloq deyir ki, adların uşaq psixologiyasına təsiri
böyükdür, ona görə, bu məqamda diqqətli olmaq lazımdır: "Ümumiyyətlə, ad
dediyimiz sözdən ibarətdir. Sözün isə insan psixologiyasına təsiri böyükdür. O
sözü, yəni adımızı isə gündə 50 dəfə eşidirik. Heç də bu məsələyə ötəri
yanaşmaq olmaz”.
G.Əliyevanın
sözlərinə görə, valideynlər öz ata-analarının adını yaşatmaq üçün övladlarına
köhnə adları verməkdən çəkinməlidirlər: "Ad qoymaq ümumiyyətlə, valideynlərin
borcudur. Valideynlər bəzən öz ata-analarının adını yaşatmaq üçün uşaqlarına
bir qədər köhnə adları qoyurlar. Fikir versək görərik ki, çox vaxt da həmin
adla çağırmırlar, qondarma adlardan istifadə edirlər. Bu adla
çağırmayacaqlarsa, niyə qoyurlar? Yaxud çağırırlar, amma əgər sən öz nənə-babanı,
ata-ananı sevirsənsə, bunu ürəyində yaşat. Nənə-babanın adı öz dövrləri üçün
aktual olub, bu gün o, uşağa yaraşmaya bilər. Uşaq özünü dərk etdikcə, öz
adından utanmağa başlayır”.
Psixoloq
Ceyran, Cüyür, Maral, Aslan və s. heyvan adlarının da uşaqlara verilməsinin
doğru yanaşma olmadığını söylədi: "Bunu valideynlər ona görə qoyurlar ki, həmin
heyvanlara xas olan "yüksək keyfiyyətlər” uşaqlarında da olsun. Amma hansı
heyvanın şüuru, milli-mənəvi dəyərləri, şəxsiyyəti, xarakteri insandan nə dərəcədə
üstün ola bilər ki, buna görə heyvan adını övladına qoyasan?”
G.Əliyeva
deyir ki, uşaqlara əşya adları verilməsinin də tərəfdarı deyil: "Bir də türk
adlarını son vaxtlar uşaqlara verirlər. Ad da deməzdim, cansız əşyaların
adlarını. Yağmur, Su, Damla və s. Uşaq böyüdükdə, öz adının mənasını
araşdırmağa başlayacaq. Öz adındakı dərinliyi, keçmişi, tarixi bağlantını,
milli mənəvi dəyərlərin olmadığını anlayanda, məyus olacaq. Buna görə, cansız əşyaların
uşaqlara ad kimi qoyulmasının tərəfdarı deyiləm”.
Bir
qisim adlar var ki, onlar uşaqların üstünə müəyyən məsuliyyət yükləyir.
Psixoloq bildirdi ki, belə adlardan da istifadə etmək düz deyil: "Ən çox oğlan
uşaqlarında belə adları görürük. Uğur, Qəhrəman, Hünər, Afərin və s. kimi
adları qoyurlar, bununla övladlarının üzərinə adlarının məsuliyyətini yükləyirlər.
Və uşaq böyüdükcə daim "adına layiq övlad olasan” fikrini eşidir. "Qəhrəman”
adına sahib uşaqlar ən çox da ərgənlik dönəmində adına layiq olmaq üçün
fantastik qəhrəmanlıqlar edə bilərlər. Yaxud "Uğur” adını daşıyan uşaqlar üzərilərində
məsuliyyət hiss edərlər ki, adım Uğurdursa, deməli, daim
uğur qazanmalıyam, valideynlərimi məyus edə bilmərəm. Uşaq hər hansı
uğursuzluqla qarşılaşanda ana-atanın normativlərini yerinə yetirmədiyi, adına
layiq olmadığı üçün depressiyaya düşə bilər”.
Psixoloq
sonda qeyd etdi ki, adın anlamının olmasına fikir verilsə, yaxşı olar: "Əslində,
mən düşündüklərimi dedim. Ümumilikdə, hər kəs övladına istədiyi adı verə bilər
və bunda sərbəstdir. Amma o adların tərəfdarıyam ki, qoyduğumuz insan adı
olsun. Tarixi adlar ola bilər. Uşaq araşdırdığı zaman, adın mənası, məğzi,
keçmişi, kökü olduğunu görsün. Yerdənçıxma bir ad olmasın”.
Aygün