AZE | RUS | ENG |

Uşaqlara ad seçərkən nələrə diqqət etməli? - Gənclərə məsləhət

Uşaqlara ad seçərkən nələrə diqqət etməli? - Gənclərə məsləhət
Gülnarə Əliyeva: “Ən acınacaqlı vəziyyət serialların baş qəhrəmanlarının adlarının uşaqlara verilməsidir”

Uşaqlara ad qoymaq məsələsi çox vaxt ailələrdə mübahisəli mövzu olur. Bu həm də, ümumi olaraq cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Kimisi yaşlı nənə-babanın adını uşaqlarında yaşatmaq istəyir, kimisi baxdığı serial qəhrəmanının adını verir, kimisi də hansısa məşhurun və s. Amma seçilən adın uşaq psixologiyasına təsiri məsələsi də var. Bəs bu təsir nə dərəcədədir? Bunları nəzərə alaraq ad seçimini necə aparmalıyıq?

Bu mövzuda həmsöhbətimiz psixoloq Gülnarə Əliyeva oldu. Psixoloq deyir ki, adların uşaq psixologiyasına təsiri böyükdür, ona görə, bu məqamda diqqətli olmaq lazımdır: "Ümumiyyətlə, ad dediyimiz sözdən ibarətdir. Sözün isə insan psixologiyasına təsiri böyükdür. O sözü, yəni adımızı isə gündə 50 dəfə eşidirik. Heç də bu məsələyə ötəri yanaşmaq olmaz”.

G.Əliyevanın sözlərinə görə, valideynlər öz ata-analarının adını yaşatmaq üçün övladlarına köhnə adları verməkdən çəkinməlidirlər: "Ad qoymaq ümumiyyətlə, valideynlərin borcudur. Valideynlər bəzən öz ata-analarının adını yaşatmaq üçün uşaqlarına bir qədər köhnə adları qoyurlar. Fikir versək görərik ki, çox vaxt da həmin adla çağırmırlar, qondarma adlardan istifadə edirlər. Bu adla çağırmayacaqlarsa, niyə qoyurlar? Yaxud çağırırlar, amma əgər sən öz nənə-babanı, ata-ananı sevirsənsə, bunu ürəyində yaşat. Nənə-babanın adı öz dövrləri üçün aktual olub, bu gün o, uşağa yaraşmaya bilər. Uşaq özünü dərk etdikcə, öz adından utanmağa başlayır”.

Psixoloq Ceyran, Cüyür, Maral, Aslan və s. heyvan adlarının da uşaqlara verilməsinin doğru yanaşma olmadığını söylədi: "Bunu valideynlər ona görə qoyurlar ki, həmin heyvanlara xas olan "yüksək keyfiyyətlər” uşaqlarında da olsun. Amma hansı heyvanın şüuru, milli-mənəvi dəyərləri, şəxsiyyəti, xarakteri insandan nə dərəcədə üstün ola bilər ki, buna görə heyvan adını övladına qoyasan?”
 


G.Əliyeva deyir ki, uşaqlara əşya adları verilməsinin də tərəfdarı deyil: "Bir də türk adlarını son vaxtlar uşaqlara verirlər. Ad da deməzdim, cansız əşyaların adlarını. Yağmur, Su, Damla və s. Uşaq böyüdükdə, öz adının mənasını araşdırmağa başlayacaq. Öz adındakı dərinliyi, keçmişi, tarixi bağlantını, milli mənəvi dəyərlərin olmadığını anlayanda, məyus olacaq. Buna görə, cansız əşyaların uşaqlara ad kimi qoyulmasının tərəfdarı deyiləm”.

Bir qisim adlar var ki, onlar uşaqların üstünə müəyyən məsuliyyət yükləyir. Psixoloq bildirdi ki, belə adlardan da istifadə etmək düz deyil: "Ən çox oğlan uşaqlarında belə adları görürük. Uğur, Qəhrəman, Hünər, Afərin və s. kimi adları qoyurlar, bununla övladlarının üzərinə adlarının məsuliyyətini yükləyirlər. Və uşaq böyüdükcə daim "adına layiq övlad olasan” fikrini eşidir. "Qəhrəman” adına sahib uşaqlar ən çox da ərgənlik dönəmində adına layiq olmaq üçün fantastik qəhrəmanlıqlar edə bilərlər. Yaxud "Uğur” adını daşıyan uşaqlar üzərilərində məsuliyyət hiss edərlər ki, adım Uğurdursa, deməli,   daim uğur qazanmalıyam, valideynlərimi məyus edə bilmərəm. Uşaq hər hansı uğursuzluqla qarşılaşanda ana-atanın normativlərini yerinə yetirmədiyi, adına layiq olmadığı üçün depressiyaya düşə bilər”.

G.Əliyeva deyir ki, ən acınacaqlı vəziyyət serialların baş  qəhrəmanlarının adlarının uşaqlara verilməsidir: "Feriha, Yaman, Neslihan və s. Valideyn o qəhrəmanı sevə bilər, ancaq uşağı böyüyəndə həmin adın heç bir anlamı qalmayacaq. O serialdan bu gün təsirlənə, qəhrəmanı bəyənə bilərsən, amma üstündən 10 il keçəndən sonra uşaq üçün həmin ad o qədər də əhəmiyyətli olmayacaq, öz adından bəlkə də utanacaq. Ona görə, ad qoymamışdan əvvəl diqqətli olmağı tövsiyə edərdim”.
Psixoloq sonda qeyd etdi ki, adın anlamının olmasına fikir verilsə, yaxşı olar: "Əslində, mən düşündüklərimi dedim. Ümumilikdə, hər kəs övladına istədiyi adı verə bilər və bunda sərbəstdir. Amma o adların tərəfdarıyam ki, qoyduğumuz insan adı olsun. Tarixi adlar ola bilər. Uşaq araşdırdığı zaman, adın mənası, məğzi, keçmişi, kökü olduğunu görsün. Yerdənçıxma bir ad olmasın”.
 
Aygün

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056