AZE | RUS | ENG |

Uşaqlar virtual hədəfdə

Uşaqlar virtual hədəfdə
Ekspertlər uşaqların internetdən qorunması üçün təcili addımların atılmasını vacib hesab edirlər

Uşaqların internetdən aşırı istifadəsi dünya ölkələrini narahat etməkdədir. Elə sentyabrın 1-də Rusiyada qüvvəyə minən qanun da təkcə qonşu ölkənin deyil, həmçinin bu təhlükənin yaşandığı əksər dövlətlərin narahatlığını ifadə edir. Rusiya dövlətinin başçısı Vladimir Putun “Heç kəs uşaqları zərərli informasiyalardan qorumaq, onların internetdən istifadədə azadlıqlarını məhdudlaşdırmaq üçün bu qanundan alət kimi istifadə etməyə hazırlaşmır. Uşaqlar haqqında qanun internetlə mübarizə silahı deyil”- deyə sənədə qarşı çıxanlara səslənib. Materialların internet resurslarda və KİV-də yayımına nəzarət edəcək qanunun müəllifləri hazırda dövlət orqanlarında uşaqların əxlaqi-psixoloji davranışlarına mənfi təsir göstərən amillərin yer aldığını qeyd ediblər. Hərçənd bəzi ekspertlər sənədin tam formalaşmamasını əsas gətirərək hansısa repressiyalar üçün şərait yaradacağından narahatlıqlarını dilə gətiriblər. Amma dövlət başçısı bildirib ki, qanundan yalnız uşaqları müdafiə məqsədilə istifadə olunacaq: “Mənə maraqlıdır, məgər başqa ölkələrdə, o cümlədən, internetdə uşaq parnoqrafiyasını qadağan edən qanunlar yoxdurmu? Var, amma bizdə o vaxtdan yoxdur”- deyə V.Putin bildirib. Rusiya prezidentinin narahatlığına əsas var: ümumilikdə Rusiyada qlobal şəbəkədə 70 milyon istifadəçidən 12 milyonu həddi-buluğa çatmayan uşaqlardır. Məsələn, keçən il “Qaynar xətt”ə internet portallarda yayımlanan uşaq pornoqrafiyası ilə bağlı 4 minə yaxın xəbər daxil olub. Uşaqların ehtiyacı Rusiyalı ekspertlər hesab edirlər ki, həqiqətən uşaqların belə müdafiəyə ehtiyacı var. Yəni ölkənin gələcəyi, onun balaca vətəndaşlarının düzgün istiqamətlənməsi üçün internet iştirakçılarının yaydıqları hər xırda detala belə nəzarət etməli, xüsusən şəbəkədə məşğul olan uşaqlara diqqət ayırmalıdır. Qeyd edək ki, bizim ölkəmizdə də hələlik bu istiqamətdə əhəmiyyətli addımlar atılmır. Yəni uşaqların sosial şəbəkələrdə məşğulluğuna görə heç kəs məsuliyyət daşımır. Belə ki, istifadəçi sosial şəbəkədə istənilən qrup yaratmaq, istədiyi informasiyanı yaymaq, istədiyi fikri bölüşmək, o cümlədən, hər hansı zorakı süjetli videoçarxları izləməkdə azaddır. O cümlədən uşaqların belə sərbəstliyi var. Son illər ölkədə internet imkanları genişləndiyindən zərərli informasiyalardan uşaqların qorunması ciddi problemə çevrilib. Təkcə ona görə yox ki, müasir texnologiyalar dövrüdür, həm də ona görə ki, internetdə məşğulluq uşaqların həyat tərzinə çevrilib. Bizim uşaqlar da internet klubların daimi sakininə çevriliblər. Onların bir hissəsi demək olar ki, günlərini az qala sosial şəbəkədə başa vurur. Elə keçən dərs ilində Bakı Təhsil İdarəsinin dərsdə yayınmalarla bağlı reydinin nəticələri vəziyyət barədə müəyyən mənada xəbər verir. İnternet klublarda keçirilən monitorinqdən sonra məlum olub ki, şagirdlər dərsdən yayınaraq bu klublarda vaxt keçirirlər. Əsasən də oğlanlar dərslərdən yayınaraq daha çox oxuduqları məktəblərə yaxın internet klublara ayaq açırlar. Problemin qarşısını almaq üçün internet klublarının rəhbərlərinə dərs vaxtı şagirdlərin kluba daxil olmalarına mane olmaq tapşırılıb. Təhsil eksperti Etibar Əliyev hesab edir ki, bizim ölkəmizdə də uşaqların internetdən müdafiəsi ilə bağlı qanuna ehtiyac var: “Əgər Rusiyada bu qanun qəbul edilibsə, demək onlar bunun zərərini yaxşı anlayıblar. Bizim Milli Məclisdə də belə bir layihənin müzakirəsinə ehtiyac var”. Ekspertin fikrincə, bizdə uşaqların internet klublara güclü axını müşahidə edilir: “Əgər hər hansı bir insan zəruri məqamda internet kluba üz tutsa, səs-küydən içəri daxil ola bilməz. Hay-küy klubları öz başına götürüb. Əgər monitorinq aparılsa, sübut olunar ki, uşaqlar heç də klublarda təhsilləri ilə bağlı məşğul olmurlar. Trillerə, zorakı filmlərə, erotik kadrlara baxırlar. Yəni söhbət pornoqrafik saytlardan və terrorizmi, nifrəti, müxtəlif oyunları təbliğ edən resurslardan gedir. Sosial şəbəkələrdə yayımlanan zorakı videoçarxlar da uşaqların psixikasına həddən artıq mənfi təsir edir. Bunun isə çox ziyanverici təsirləri var. Buna görə də zərərli informasiyalardan uşaqların qorunması ciddi problemə çevrilib”. E.Əliyev hesab edir ki, məktəblərdə uşaqların internetdə təhlükəsizliyini təmin edəcək mexanizmlər olduğuna, evdə valideynlərin nəzarəti ilə üzləşdiklərinə görə, onlar digər variantlara əl atır – internet klublara üz tuturlar: “Bu, onların dərs prosesini pozmaqla yanaşı psixoloji cəhətdən onlara ziyan gətirir”. «Gənc Liderlər» Uşaq Təşkilatının uşaqlar arasında apardığı monitorinq də vəziyyətə güzgü tutur: 100-ə yaxın uşaq kompüterdən istifadə məqsədlərini açıqlayaraq internetdən əxlaqsız portallardan və vəhşiliyi aşılayan oyunlardan istifadə etmək üçün yararlandıqlarını bildiriblər. İş ondadır ki, valideynlər də övladlarının internetdən mütəmadi və qeyri-normal məqsədlər üçün istifadə etdiyini inkar etmirlər. Hətta onlar uşaqlarına bu sahədə artıq qadağa qoya bilmədiklərindən şikayətlənirlər. Hər şeydə ifrata varanda... Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzün fikrincə, təklikdə heç bir nazirlik, təşkilat, internet ötürücüsü, məktəb və valideyn bu problemi həll edə bilməz. Buna görə də uşaqların internetdə təhlükəsizliyi sahəsində təşkilati və texniki – texnoloji addımların atılması vacibdir. “Təşkilati tədbirlər məktəb, valideyn, ictimai qurumların və özəl sektorların birgə fəaliyyəti ilə həyata keçirilməlidir”. Problemə psixoloqların fikri də haçalanır. “Sosial şəbəkələr müasir dövrün tələbədir və uşaqların da, gənclərin də günlərini internet qarşısında keçirmələri xeyli normaldır. Onsuz da həyatımızda maraqlı şeylər azdır, uşaqlar başlarınmı qatırlar” deyənlərlə yanaşı, internetin onları real həyatdan uzaqlaşdırdığını deyənlər də çoxdur. Psixoloq Azad İsazadənin fikrincə, virtual aləm uşaqların məsuliyyət hissini itirməsinə səbəb olur. “Virtual aləm uşaqların həyat tərzinə çevriləndə, onların faciəsi başlayır. Onlar psixoloji cəhətdən də həyata hazır olmurlar. Uşaqlar özlərini sosial şəbəkədə necə arzulayırlarsa, özlərini gerçəkdən elə hiss edir, yalnız müsbət keyfiyyətlərini göstərməyə çalışırlar. Bir halda ki qarşındakının göz yaşını və iztirablarını görmürsən, orada başqasını təhqir etmək də, alçaltmaq da asandır. Bu cür uşaqlar hətta psixoloji cəhətdən həyata hazır olmurlar, məsuliyyət hissini itirirlər”. Psixoloq Dəyanət Rzayev isə hesab edir ki, sosial şəbəkələrin ləğvindən danışmaq ümumiyyətlə, mənasızdır. Psixoloq şagirdlərin məşğul olduğu sosial şəbəkələri onlar üçün o qədər də təhlükəli hesab etmir: “Hər bir şeyin mənfi və müsbət tərəfi var. Səhv etmirəmsə, Azərbaycanda bir il ərzində 5 min adam avtomobil qəzasında həlak olur. Ancaq bu qəzalara görə maşınları ləğv etmirlər. Sosial şəbəkələr də elədir. Ancaq düşünmürəm ki, sosial şəbəkələr maşınlar qədər daimi təhlükəli xarakter daşısın». D.Rzayevin fikrincə, sosial şəbəkələrdə ünsiyyət nəinki böyüklər üçün, uşaqlar üçün də canlı ünsiyyəti əvəz edə bilməz. “İnsan nə qədər virtual ünsiyyətdə çox olursa onun üçün canlı ünsiyyət qurmaq vərdişi azalır”. D.Rzayev internetə aludəçiliyin yeniyetmələr üçün mənfi tərəfini həm də onların dərsdən yayınmasında görür. «Uşaqlar internetə çox vaxt ayıranda bu, onları dərsdən yayındırır. Sovet dövründə ona görə çoxlu alimlər yetişib ki, onlar müxtəlif dərnəklərdə məşğul olublar. İndi də uşaqlar dərnəklərə, idman klublarına getməlidirlər. Uşaqlar bəzən internetdən lazım olmayan informasiyaları da ala bilirlər. Bəzən başqa ölkələr digər ölkələrin vətəndaşlarına öz maraqlarını saytlar vasitəsilə yayırlar. Bu baxımdan uşaqlar internet təhlükəsizliyi ilə təmin olunmalıdırlar. Bu gün bizə vətənpərvərlik, güclü ordu lazımdır. Ancaq mən sosial şəbəkələrdə bu cür şeylərə az rast gəlirəm”. Psixoloqun fikrincə, uşaqların internetdən istifadəsi valideyn nəzarəti altında həyata keçməlidir. Belə ki, uşaqlara internetdən istifadə üçün limit qoyulmalıdır. “Hər şeydə ifrata varanda onun mənfi nəticələri üzə çıxır”. Gerçəkdən, problem haqqında düşünməyin vaxtı çatıb. Dövlət səviyyəsində addımlar atılmalı, uşaqların gələcəyinə yönəlik layihələr həyata keçirilməlidir. Təkcə monitorinqlər və reydlər keçirməklə problemi həll etmək təbii ki, mümkün deyil. Həm də problemin həllini təkcə internet klubların rəhbərlərinin ümidinə buraxmaq olmaz. Onlar klubların qapısına “Azyaşlı uşaqların girişi qadağandır” yazsalar belə, ciblərinin “marağını” ictimai maraqlardan üstün tutmayacaqlarına inanmaq çətindir. Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916