• cümə, 29 Mart, 14:13
  • Baku Bakı 14°C

“Biz jurnalımıza ürəyimizi qoyuruq” - Fotolar

31.10.18 09:30 5609
“Biz jurnalımıza ürəyimizi qoyuruq” - Fotolar
Son dövrlər sosial mediada dərsliklər və uşaqlara aid digər ədəbiyyat nümunələri ilə bağlı müəyyən fikirlər paylaşılır. Yazılanların çoxu da neqativ xarakterli olur. Narazılıqlardan biri də müəllifi Gülzar İbrahimovanın olduğu 2000-ci ildə böyüklər üçün yazılan "İlanlı dərənin sirri” nağılı ilə bağlı idi. Əslində uşaqlar üçün yazmaq, onların maraq dünyasına daxil olmaq elə də asan iş deyil. Çünki uşaqlara hər hansı bir kitabı sevdirmək, onların diqqətini cəlb etmək böyük ustalıq tələb edir. Biz də Gülzar xanımla əlaqə saxlayıb onunla uşaq ədəbiyyatının hazırkı vəziyyəti haqqında həmsöhbət olduq.
- Uşaqların inkişafında, mütaliəsində uşaq jurnallarının rolunu necə qiymətləndirirsiniz?
- Cəmiyyətin normal inkişafını, uşaqların dünyagörüşünün formalaşmasını uşaq jurnalı olmadan təsəvvür etmirəm. Düşünürəm ki, bu jurnallar uşaqların maariflənməsində dərslik qədər vacibdir. Məncə, məktəblərdə rus dilinə axın ona görədir ki, rus dilində uşaqlar üçün istənilən yüksək səviyyəli bədii ədəbiyyat və jurnallar var.

- Neçə illərdir ki, uşaq jurnallarına rəhbərlik edirsiniz. Baş redaktoru olduğunuz "Sehrli dünya” jurnalının növbəti buraxılışını oxucular səbirsizliklə gözləyirlər. Rəhbərlik etdiyiniz jurnalın oxuculara maraqlı olması üçün hansı işləri görürsünüz?
- Kim uşaq jurnalı nəşr etdirmək istəyirsə, o da öyrənsin (gülür). İlk olaraq jurnalın üz qabığında cəlbedici rəsm olmalıdır. Sonra da içərisində rəngarəng şəkillər yerləşdirilməlidir. Daha sonra nağıllar maraqlı olarsa, özünü uşağa sevdirər. Öyrədici müsabiqələr, krossvordlar, yumorlar və başqa əyləncəli səhifələr olarsa, uşaq hər ay jurnalı səbirsizliklə gözləyəcək. Əlavə olaraq da jurnalın üstünə kiçicik bir hədiyyə qoyularsa, bu, uşağı daha da sevindirər.
- Sizin jurnalın digər uşaq jurnallarından fərqi nədir?
- Biz, yəni rəssam, dizayner və mən jurnalımızı çox sevirik, ona ürəyimizi qoyuruq. Bu, çox vacibdir. Bizim üçün önəmli olan uşaqlara və işimizə olan sevgidir. Uşaq jurnallarında təbii ki, onlara maraqlı olan mövzulara üstünlük verilməlidir. Bunu uşaqlar özləri deyir. Görüşlərdə oluruq, onlarla söhbət edirik, arzularını öyrənirik. İstədikləri mövzuda nağıllar, hekayələr yazırıq. Abunə yazılanların fikrini soruşuruq, nə cür jurnal istəyirlərsə, onu da oxucuya verməyə çalışırıq.

- Jurnalın müəlliflərini və mövzularını necə seçirsiniz? Yəni hansı nüansları əsas götürürsünüz seçim edərkən?
- Mən özüm hər ay jurnala təzə nağıllar yazıram. Təzə nağıl uşaqların çox xoşuna gəlir. Bir də xarici ədəbiyyatlardan uşaqlar üçün nağıl və hekayələr tərcümə edirik. Nağıl ya öyrədici, nəsihətedici olmalıdır, ya da əyləncəli və gülməli. Onda daha çox uşaqların marağına səbəb olur.
- Əvvəllər Abbas Səhhət, Abdulla Şaiq kimi uşaq ədəbiyyatı yazarları vardı. Bu gün isə sanki meydan boşdur. Nə üçün bu sahədə olan yazarlar azdı, varsa, belə demək olar ki, nə böyüklər nə də uşaqlar onları tanımır. Bununla bağlı nə düşünürsünüz?
- Çünki yazan bir mənəm. Yarım saata bir nağıl yazıram. Mənim üçün ən asanı yazmaqdır. Bir kitabı ərsəyə gətirənədək kifayət qədər maliyyə xərcləyirəm, əziyyət çəkirəm. Onu bir uşağa pay verirəm. Uşaq kitabı görəndə sevincək alır əlinə, oxuyur, gecə yatanda qucağında yatır. Amma bəziləri iddia edirlər ki, "İndiki uşaqlar mütaliə etmir!”. Çünki onların özləri kitabı sevmirlər, mütaliə etməyiblər, heç bilmirlər ki, uşağa hansı bədii ədəbiyyatı vermək lazımdır ki, oxusun. Uşaq jurnalı məktəbə girə bilməz! Uşaq jurnalı köşkdə satıla bilməz. Bəs uşaq jurnalı haradan almalıdır? Məktəb rəhbərləri abunəyə kömək etməkdənsə, jurnalın satışına qadağa qoyurlar.

- Əvvəllər məktəblərdə, oxu zallarında uşaq yazarları ilə görüşlər keçirilirdi. Bu gün də bu görüşlər olurmu? Olmursa, nə üçün olmur?
- İndiki dövrdə şəhər məktəblərində yazıçı ilə görüş çox da dəbdə deyil. Şəxsən mənimlə şəhər məktəblərində görüşlər az-az keçirilir. Bir il cəmi 5 məktəbdə görüşdə olmuşam. Amma Sumqayıt məktəblərində, müasir özəl məktəblərdə və region kitabxanalarında tez-tez görüşlərə dəvət edilirəm.
- Hazırda sosial mediada dərsliklərdə, jurnallarda olan uşaq şerləri, mətnləri ilə bağlı narazılıqlar səslənir. Bu günlərdə sizin "İlanlı dərənin sirri” nağılınız da bir sosial media istifadəçisi tərəfindən tənqid edilib. Müəllif olaraq bu məsələyə fikriniz necədir?
- Elə adamlar var ki, heç bir iş görə bilmirlər, yalnız görülən işlərdə nöqsan axtarırlar. Tapmayanda da, özlərindən bir böhtan uydurub, hamını ona inandırmağa çalışırlar. Baxmayaraq ki, Təhsil Nazirliyi mənim jurnalıma abunə olmağa köməklik göstərmir, amma mən həqiqəti dana bilmərəm. Son bir neçə ildə bu qurum təhsil sahəsində həm kadr siyasətində, həm də elmi-inkişaf baxımından nə qədər yeniliklər edib. Gərək nə qədər pis olasan ki, bunu görməyəsən. Niyyəti qara adamlar isə onu görə bilmirlər. Bu cür şəxslər ətrafa pislik səpməyə, insanların qanını qaraltmağa çalışırlar. Onlardan biri mənim 2000-ci ildə böyüklər üçün yazdığım "İlanlı dərənin sirri” nağılımın bir hissəsini kopyalayıb, şantaj üçün feysbuka qoyub. Altından da yazıb ki, guya, bu nağıl ibtidai sinif dərsliyində verilib. Çoxları ona inanmasa da, inananlar da oldu. Mən feysbuk istifadəçi olmadığımdan müzakirədən bir az gec xəbər tutdum. Xəbər tutan kimi də cavab yazdım ki, nağıl 2000-ci ildə yazılıb. Böyüklər üçündür. Heç bir dərsliyə qoyulmayıb. Daha sonra Yazıçılar Birliyinin tanınmış tənqidçisi Vaqif Yusifli nağıl haqda böyük bir məqalə yazıb bildirdi ki, bu nağıl tarixi-bədii əsərdir. Onu nəinki uşaqlara, hətta böyüklərin də oxuması üçün tövsiyə edirik.
- Yaradıcılığını uşaqlara həsr edən xanımı belə söz-söhbət ruhdan sala bilərmi?
- Heç vaxt! Biz uşaqlara məhəbbətdən yaranmışıq. Bizi heç kəs ayıra bilməz. Əksinə, belə pisliklər məni daha da çox yazmağa, uşaqları sevməyənlərdən qisas almağa çağırır.
- Yaratdığınız "Sehrli dünya”nın "Youtube” səhifəsində baxış sayınız 5 milyona çatır. Bu rəqəmlə kifayətlənirsiniz, yoxsa, işinizi böyütməyi düşünürsünüz?
- Yeni planlarımız, layihələrimiz var. İnşallah balalarımız bu işimizdən daha çox sevinəcəklər. Onları sirr dolu daha gözəl nağıllar gözləyir.
Günel Azadə

banner

Oxşar Xəbərlər