• cümə, 19 Aprel, 02:20
  • Baku Bakı 18°C

Uşaqlar üçün istirahət düşərgələri Araşdırma

11.06.13 08:38 19863
Uşaqlar üçün istirahət düşərgələri Araşdırma
Artıq 9 aylıq tədris ili başa çatıb və bütün ümumtəhsil məktəblərində uşaqların yay tətili başlayıb. 9 ay dayanmadan dərs oxuyan, imtahanlara hazırlaşan məktəblilər yay tətilini səmərəli keçirmək və yorğunluğu 2-3 ay haradasa dincəlməklə üstlərindən atmaq istəyirlər. Lakin ölkəmizdə məktəblilərin yay istirahətinin təşkili artıq 20 ilə yaxındır ki, bir problem olaraq qalır. Çünki SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Nəticədə istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi. Ümumilikdə 50-yə yaxın uşaq istirahət düşərgəsi bağlandı.
Valideynlər də yay düşərgələrinin yetərincə olmamasından şikayətlənirlər və uşaqların yay boyu istirahət edə bilmədiklərini deyirlər.
İmkanım yoxdur...
Övladı 20 saylı məktəbdə təhsil alan Roza Kərimovanın sözlərinə görə, uşaqları yayda istirahət müddətini məhəllədə keçirməyə məcbur olurlar: “Bizim vaxtımızda məktəblər bağlanan kimi uşaqları istirahət düşərgələrinə aparırdılar. Onlar burada dincəlir, yeni dostlar tapır və əylənirdilər. Lakin indi maddi imkanımız olmadığı üçün uşaqlarımızı təşkil olunan düşərgələrə göndərə bilmirik”.
Kəmalə Vəliyeva isə təşkil olunan düşərgələrin çox baha olduğunu bildirdi: “Mənim iki uşağım var. Hər tədris ilinin sonunda mən onları dəyişiklik olsun deyə, Aran zonasında yaşayan qohumlarımın yanına göndərirəm. Lakin onlar istirahətlərini səmərəli şəkildə keçirə bilmirlər. Düşərgələrin qiyməti isə 100 manatdan başlayır. İki uşaq 200 manat deməkdir, bu məbləği ödəməyə isə maddi imkanımız çatmır”.
Rəsmi mövqe
Xatırladaq ki, son zamanlar uşaqlar üçün yay düşərgələrinin təşkili rəsmi səviyyədə yenidən müzakirə edildi. Belə ki, parlamentin iclasında Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda uşaqların boş vaxtının rasional təşkili üçün yay düşərgələri salmağın vacibliyindən danışdı. Onun sözlərinə görə, uşaqların asudə vaxtını yaxşı təşkil etmək mümkün olsa, onları siqaret çəkmək və digər pis vərdişlərdən uzaqlaşdırmaq asanlaşacaq: "Qadağa heç vaxt nəticə vermir. Uşaqların boş vaxtının təşkili haqqında qanun layihəsi hazırlıq səviyyəsindədir və komitədə müzakirə olunur. Layihənin məqsədi səmərəli yay düşərgəsinin və məktəb dərslərindən sonra məşğuliyyətlərin təşkilindən ibarətdir. Əvvəl “pionerlər” institutu mövcud idi. Biz onu əvvəllər olduğu vəziyyətdə də bərpa etmək niyyətində deyilik. Sadəcə, pioner düşərgələrinin əhəmiyyətini vurğulamaq lazımdır. Uşaqlar bir yerdə toplaşdırdılar, onlara yaxşı tərbiyə verilirdi. Uşağın azad vaxtı olanda, o nə iləsə məşğul olmağa başlayırdı. Əgər biz uşaqların həmin boş vaxtını rasional qaydaya sala bilsək, onları lazımı istiqamətə yönəldə bilərik”. H.Rəcəbli söyləyib ki, düşərgələrin açılması və təmin olunması məsuliyyətini müxtəlif tədris müəssisələrinə vermək olar.
180 manatdan 27 manatadək
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin sədri Nazim Ağamirov bizimlə söhbətində Azərbaycanda məktəblilərin yay istirahət düşərgələrinin olmaması fikri ilə razılaşmadığını qeyd edib. Onun sözlərinə görə, İttifaq hər il olduğu kimi, bu il də məktəblilərin yay istirahətlərini səmərəli keçirmək üçün uşaq düşərgələri təşkil edib: “Son beş ildə həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində 11 min nəfərdən artıq uşaq dincəlib. Bundan başqa, həmin dövr ərzində 30 min nəfərdən çox uşaq və yeniyetmələrin valideynləri ilə birlikdə istirahətləri təşkil edilib, bu zaman aztəminatlı ailələrin, məcburi köçkünlərin, qaçqınların uşaqlarına güzəştlər olunub”. Bu il ittifaq tərəfindən təşkil olunan düşərgələr haqqında məlumat verən N.Ağamirov 1700 nəfər uşağın yollayışdan pulsuz istifadə edəcəyini bildirdi: “2013-cü ildə Həmkarlar İttifaqlarının nəzdində 4 uşaq-sağlamlıq düşərgəsi fəaliyyət göstərəcək. Həmin sağlamlıq ocaqlarında istirahəti təşkil olunacaq uşaqların sayı bu il 3400 nəfərə çatdırılacaq. Uşaq-sağlamlıq düşərgələrinin üçü Nabran istirahət zonasında, biri isə Şüvəlan qəsəbəsində fəaliyyət göstərəcək. Bunlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Olimp”, “Şahin”, digərləri “Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyasının “Aypara” və Milli Elmlər Akademiyası Həmkarlar İttifaqı Komitəsinin “Elm” uşaq-sağlamlıq düşərgələridir. Sözügedən uşaq-sağlamlıq müəssisələrinə yollayışlar ilk növbədə həmin düşərgələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək. Bu il istirahəti təşkil olunması nəzərdə tutulan 3400 nəfər uşaqdan 1700 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcəklər. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1700 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə yollayış əldə edəcək. Bir ədəd yollayışın dəyərinin 180 manat olduğunu nəzərə alsaq, işçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 27 manat ödəməlidirlər”. Dövlət rəsmisi vurğuladı ki, uşaq-sağlamlıq düşərgələri mövsüm ərzində bir növbənin müddəti 21 gün olmaqla fəaliyyət göstərəcək və uşaqların istirahətinin səmərəli təşkil olunması üçün hər cür şərait yaradılacaq.
“Dənizdə bir damcı”
Məsələyə münasibət bildirən Uşaq hüquqları üzrə müdafiə Liqasının sədri Yusif Bəkirov yay uşaq düşərgələrinin yox səviyyəsində olduğunu bildirdi. Onun sözlərinə görə, bəzi nazirliklər tərəfindən təşkil edilən düşərgələr uşaqların çox az faizini əhatə edir: “Azərbaycanda 1 milyona yaxın uşaq var və bunların 1-2 faizi istirahət düşərgələrində dincələ bilir: “Bu rəqəm obrazlı şəkildə desək, dənizdə bir damcıdır. Bu o deməkdir ki, Azərbaycanda uşaqlar kütləvi şəkildə yay düşərgələrinə gedə bilmir və istirahət etmirlər”. Liqa sədri bildirdi ki, bu problemi aradan qaldırmaq üçün tədris ili bitdikdən sonra məktəblər də 3 ay müddətinə yay düşərgələrinə çevirilməlidir.
Yay düşərgəsi və təhsil
Yay uşaq düşərgələrinin uşağın təhsilində oynadığı rol haqqında məlumat verən təhsil eksperti Əjdər Ağayev bizimlə söhbətində bildirdi ki, düşərgələrdə təşkilatlanma düzgün qurulmalı və düşərgənin məktəblə əlaqəsi olmalıdır: “Uşaqlar üçün təşkil olunan yay düşərgələrinin səmərəli olması üçün orada təşkilatlanma güclü olmalıdır. Belə ki, istirahət zamanı maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxsiyyətlərlə görüşlər keçirilməli, Azərbaycanın təbiəti öyrənilməli, ekoloji bilikləri artırmaq üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Ən əsas iş isə, məktəblə düşərgənin əlaqəsinin güclü olmasıdır. Belə təşkil olunan yay düşərgələri uşaqların inkişafına, dünya görüşünün artırılmasına müsbət təsir göstərir. Uşaqlara təbiəti sevməyi, təbiətə yaxın olmağı, onun gözəlliklərini duymaq hisslərini aşılayır. Onlar gözəl istirahət edir, intellektlərini artırırlar və yeni dərs ilinə həvəslə başlayırlar. Araşdırmalar da göstərir ki, onların fəaliyyəti bu zaman yüksək olur”.
Təhsil eksperti vurğuladı ki, yay düşərgələri sovet dönəmində kütləvi şəkildə keçirilirdi və bütün uşaqlara düşərgələrə getmək imkanı yaradılırdı: “Uşaqlar üçün yay düşərgələri ənənəvi olaraq hər il təşkil olunur. Lakin bu, sovet dövründə daha qənaətbəxş və kütləvi şəkildə idi. Belə ki, uşaqların pulsuz istirahət etmələri üçün məktəblərin həyətində belə düşərgələr təşkil edilirdi. İndi isə bu düşərgələr ayrı-ayrı nazirliklər tərəfindən təşkil olunur və ilk növbədə nazirliyin öz əməkdaşlarının uşaqları orada istirahət edirlər”.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Həmin sənədə görə isə, dövlət uşaqların istirahət hüququnu təmin etməli və bu məqsədlə müvafiq şərait yaratmalıdır.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər