• cümə, 19 Aprel, 05:04
  • Baku Bakı 18°C

Uşaqlar hər bir dövlətin sabahıdır

01.06.16 13:12 1624
Uşaqlar hər bir dövlətin sabahıdır
"Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur”
Heydər Əliyev
Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən düzgün formada böyüməsini özünün ən başlıca vəzifələrindən hesab etmişdir. Azərbaycan dövləti daim uşaqlara məhəbbətlə yanaşır, onların sağlam, gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışır. Uşaqların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması, inkişafı üçün həm cəmiyyət, həm də ailə məsuliyyət daşıyır.
Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin başlıca istiqamətlərini təşkil edir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün atılmış addımlar xüsusilə qeyd olunmalıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevir, onlara daim qayğı və diqqət göstərirdi. Azərbaycanlı körpələrin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övladlar kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur. Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsinə yönəlmiş, o, bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə ardıcıl islahatlar həyata keçirmişdir. Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı bütün məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Konvensiyanın müddəalarını özündə əks etdirən bu Qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.
Ulu Öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi böyüməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Uzaqgörən lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar bu ənənələrin uzun illər yaşayacağına və xalqımızın övladlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Azərbaycan Respublikasının Prezidentinin 2009-cu ilin "Uşaq ili” elan edilməsi ilə bağlı Sərəncamı dövlətin uşaqlara sonsuz qayğısının bariz təzahürüdür. Bu, uşaq siyasəti istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi üçün geniş şərait yaratmış, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin bir daha uşaqların problemlərinə cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir. Eyni zamanda ölkəmizdə uşaqların vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə birgə səylərimizin artırılması baxımından geniş imkanlar açmışdır.
Ümumiyyətlə, Azərbaycan höküməti uşaq hüquqları sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə xüsusi önəm verir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd - Uşaq Hüquqları haqqında Konvensiyadır. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ - hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, formalaşması, sağlam böyüməsinə istiqamətlənmiş bir sıra dövlət proqramları, tədbirlər planları qəbul edilmişdir.
Azərbaycan dövləti uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək strategiyasını müəyyən etmək məqsədilə Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasında Uşaq Məcəlləsinin və Uşaq Strategiyasının hazırlanmasını nəzərdə tutmuşdur. Həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılması planlaşdırılır.
2012-ci ilin may ayında qəbul edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir. Bu sənədə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi istiqamətində dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmişdir.
Uşaq sahəsində mövcud problemlərdən ən aktualı hesab edilən erkən nikah probleminin həlli məqsədilə Ailə Məcəlləsinə dəyişiklik edilərək qızların nikah yaşı 18-ə qaldırılmış və nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma tətbiq olunmuşdur. Bu istiqamətdə görülən tədbirlər, atılan mühüm addımlar bu gün öz təsirini göstərməkdədir.
Uşaq hüquqlarının qorunması istiqamətində atılan addımların, çoxşaxəli təşəbbüslərin, genişmiqyaslı layihələrin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etməliyik. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu istiqamətdə səfərbər olmasına yönəlmişdir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Talassemiyasız həyat naminə”, "Diabetli uşaqlara ən yüksək qayğı” layihələrinin reallaşdırılması, xeyriyyəçilik tədbirləri əsl şəfqət və mərhəmət nümunəsinə dönmüşdür. Heydər Əliyev Fondu və onun prezidenti insanların beyninə, düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana yox, bütün dünyaya son dərəcə gözəl bir nümunə sərgiləyir. "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” - deyən Mehriban xanım Əliyeva öz nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. O, fəaliyyəti ilə sübut edir ki, bu gün qəlbimiz daha çox insan sevgisi ilə dolu olmalıdır, bu gün uşaqlara qayğı dünyanın xilası deməkdir.
Xalqımızın milli - mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə önəmli dövlət proqramları qəbul edilmişdir. Bütün bunlarla yanaşı, uşaq hüquqlarının hərtərəfli təmin edilməsi, uşaq problemlərinin həlli bu istiqamətdə ardıcıl surətdə kompleks tədbirlərin reallaşdırılmasını şərtləndirir. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində həyata keçirilən böyük layihələrdə və müxtəlif dövlət orqanlarının cəlb olunduğu dövlət proqramlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iştirak edir. Komitəmiz tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir və bu tədbirlər ən müxtəlif istiqamətləri əhatə edir. Eyni zamanda Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən regionlarda daimi olaraq həssas qruplardan olan ailələrlə birgə işlər həyata keçirilir.
Komitə tərəfindən mütəmadi olaraq küçə uşaqlarının monitorinqi aparılır, statistik göstəricilərin əldə olunması üçün vacib tədbirlər reallaşdırılır. Komitəmiz tərəfindən həyata keçirilən layihələrdə aidiyyatı dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları ilə birgə işlərin həyata keçirilməsinə də böyük önəm verilir. Komitə tərəfindən insan alveri, uşaq əməyinin istismarı, erkən nikah hallarının, təhsildən yayınmanın qarşısının alınması və digər istiqamətlərdə şagird və ekspertlərin iştirakı ilə maarifləndirici təlimlər keçirilir. Davamlı aparılan nəzarət və maarifləndirmə təlimlərinin nəticəsi olaraq bu halların sayında gündən-günə azalmalar müşahidə edilir.
Uşaqların inkişafında, hüquqi və intellektual biliklərə yiyələnməsində Ümumrespublika Uşaq Forumlarının da rolu boyükdür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən (2009, 2011, 2014) bu forumlar uşaqların öz hüquq və mənafeləri ilə bağlı qərarların qəbul olunmasında iştirakının təmin edilməsi iə bağlı keçirilmişdir. Onlar Forumda özləri üçün maraqlı olan suallarla dövlət rəsmilərinə müraciət edir, Forumun işini idarə edir və öz hüquqları ilə bağlı istəklərini çatdıra bilirlər.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Komitə tərəfindən həyata keçirilən "Uşaqların İştirakçılığı üzrə Regional Təşəbbüs” layihəsi çərçivəsində uşaqların öz təşəbbüsləri və fəal iştirakları ilə 60-dan çox layihə həyata keçirilmişdir. Layihə çərçivəsində uşaqdan-uşağa metodologiyası əsasında 2000-dən artıq uşağa uşaq hüquqları və uşaq iştirakçılığı haqqında təlimatlar təklif edilmiş, həmçinin uşaqlar arasında uşaq hüquqları mövzusunda araşdırma aparılaraq təkliflər Milli Məclisin deputatlarına çatdırılmışdır. İnternet saytının yaradılması ilə isə uşaqların öz hüquqları haqqında daha çox məlumat əldə etmələri və forumda müzakirələrə qoşulmaq imkanları yaranmışdır. Eyni zamanda silsilə tədbirlər sırasında "İstedadlı uşaqlar festivalı” da özünəməxsus yer tutur. Festival zamanı elm, təhsil, incəsənət və idman sahələrində Azərbaycan Respublikasını beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, ölkəmizin adını ucalara qaldırmış, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılır.
Bu gün Ermənistanın işğalı nəticəsində torpaqlarımızın 20%-i işğal olunmuş, bir milyondan çox sakin qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kobudcasına pozulmuşdur. Dövlətimiz tərəfindən doğma torpaqlarını tərk etmiş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanlar üçün bütün tədbirlər görülür, xüsusilə bu çətin vəziyyətlə üzləşən uşaqların həyatını yaxşılaşdırmaq, onları himayə etmək məqsədilə tədbirlər həyata keçirilir. Bu məqsədlə 2014-cü ildə "Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitab çap olunmuşdur. Valideynlərini itirmiş, itkin düşmüş, əlil olmuş uşaqlar haqqında məlumatların yer aldığı bu kitabın hazırlanmasında məqsəd həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu gün ölkəmizdə uşaq hüquqlarının müdafiəsi yalnız müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Bu məqsədlə dövlətimiz tərəfindən ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atılır.
Müasir dövrdə, milli mədəniyyətin yad təsirlərə məruz qaldığı qloballaşma əsrində uşaqların milli-mənəvi dəyərlər əsasında düzgün tərbiyə olunması, sağlam əxlaqi mühitdə yetişməsi, kamil dünyagörüşünün formalaşması aktual məsələlərdən biridir. Qlobal mədəniyyətin formalaşdığı hazırki dövrdə uşaqların milli ruhda tərbiyəsi, tarixi ənənələrə bağlanması çətinlik yaratsa da, Azərbaycan cəmiyyəti bu problemləri diqqətdən kənarda saxlamır.
Bu gün biz əminliklə deyə bilərik ki, övladlarımız dövlət tərəfindən sonsuz qayğı ilə əhatə olunmuşlar. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Uşaqlar hər bir evin, hər bir ailənin yaraşığı, eyni zamanda da bir dövlətin, bir millətin sabahı, gələcəyidir. Gələcəyimizin möhkəm və sağlam təməllər üzərində qurulması üçün uşaqlarımızın hüquqlarını qoruyaq, onların təhsil və tərbiyəsinə, sağlamlığına daim diqqət yetirək. Onların bugünkü problemlərinin həlli Azərbaycan üçün xoşbəxt gələcəyin təməlidir.
Hicran Hüseynova,
Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
banner

Oxşar Xəbərlər