• çərşənbə, 17 Aprel, 03:55
  • Baku Bakı 14°C

“Uşaqlar gələcəyimizdir”

01.06.20 09:30 562
“Uşaqlar gələcəyimizdir”
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə bütün uşaqlarımızı təbrik edirəm. Azərbaycanda uşaqlar əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq problemləri daim diqqət mərkəzindədir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Azərbaycanda indi də uşaqlara qayğı ildən-ilə artır. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Dövlətimizin başçısının Sərəncamı ilə 2009-cu ilin "Uşaq ili” elan edilməsi bu sahəyə diqqətdən xəbər verir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahının təminatı üçün zəruri tədbirlər görür.
Bu fikirlər Milli Məcisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın "Uşaqlar gələcəyimizdir” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir: "Bu, həm də Heydər Əliyev Fondunun fəaliyyətinin əsas prioritetlərindən biridir. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə”, "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin edilməsi” kimi layihələrin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahi əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü. Xüsusilə də "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlər ilə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.
Ümumiyyətlə, hökumət uşaq və gənclər üçün yaradılan imkanları daim genişləndirir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. Və əlbəttə ki, balalarımız da bu şəraitdən maksimum istifadə etməklə bilik və bacarıqlarını artırmalıdırlar. Çünki ancaq müasir dövrün tələb etdiyi peşələri düzgün seçməklə, elm, texnologiya, idman, incəsənət və digər sahələrdə uğurlar qazanmaqla Azərbaycanımızın gələcəkdə daha da güclü olmasını təmin etmək mümkündür.
Uşaq problemləri ilə məşğul olan və dövlət siyasətini bilavasitə tənzimləyən Komitənin yaradılması da uşaq probleminin həllini dövlətin əsas prioritetlərindən biri olduğunu sübut edir. Eyni zamanda, parlamentdə də Ailə, qadın və uşaq məsələləri komitəsinin olması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikası uşaq hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə - Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulmuşdur. Uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə "Uşaq hüquqları” haqqında Qanun, "Uşaqların zərərli informasiyadan qorunması” haqqında Qanun və digər qanunvericilik aktları qəbul edilmişdir.
Ümumiyyətlə, müvafiq sahələrdə görülmüş işlər sırasında ilk olaraq qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi çox vacibdir. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Nikah yaşı 17-dən 18-ə qaldırılmış, erkən nikahların qarşısının alınması məqsədilə qanunvericilikdə valideyn məsuliyyəti müəyyənləşdirilmişdir. "Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üzrə Milli Fəaliyyət Planı”, "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” Dövlət Proqramları, eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrimizin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunlar qəbul edilmişdir.
2017-ci ildə penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə ölkə başçısı tərəfindən Sərəncam imzalanmışdır. Bu sənəd, eyni zamanda, yuvenal ədliyyə sisteminin formalaşmasına da imkan yarada bilər. Bu, bizə nə verəcək? İlk növbədə, qanunazidd hərəkət etmiş uşağa cinayətkar damğasının vurulmasının qarşısını alacaq. Hər kəs səhv və cinayət tərkibli hərəkət edə bilər. Biz onu özümüzdən uzaqlaşdırsaq, o, daha da aqressivləşər, qatı cinayətkara çevrilə bilər. Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir.
Qeyd edim ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlər ilə bağlı monitorinqi aparılmışdır. Monitorinqin nəticəsində hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılmış, mütəxəssislər üçün yeni təlimlər keçirilmişdir. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmışdır. Bu, uşaq problemlərinin dəqiq statistikasını müəyyən etməklə həmin sahədə daha səmərəli qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə səbəb olacaq. Eyni zamanda, erkən nikah hallarının və uşaq əməyinin qarşısının alınması üçün maarifləndirmənin gücləndirilməsi, valideyin himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun təmin edilməsi, eləcə də müxtəlif peşələrin öyrədilməsi, məişət zorakılığının və insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlər keçirilir.
Uşaq problemlərinin həlli ilə bağlı görülən işlərlə yanaşı hazırda uşaqların mövcud problemləri də vardır. Bu gün bizi düşündürən əsas məsələlərdən biri valideyn məsuliyətidir. Müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn-övlad münasibətlərinə yeni tendensiyalar gətirir. Bu gün ən mühüm məsələlərdən biri valideynlərin övladları ilə ünsiyyətində, xüsusilə də uşağın keçid yaş dövrlərində bir sıra çətinliklərin yaranmasıdır ki, bu da ağır fəsadlara səbəb olur. Eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında valideynlər problemlərlə üzləşirlər.
XX əsrin sonlarında iqtisadi keçid dövrünün ciddi problemləri, Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizini zəbt etməsi bir sıra xoşagəlməz, mənfi sosial hadisələrin baş verməsinə gətirib çıxarıb. Bir milyon Azərbaycan vətəndaşı ölkədə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların üç yüz mindən çoxu uşaqlardır. Bu da təbii ki, uşaq problemlərini və onların hüquqlarının kobud surətdə pozulmasını yaradan amildir. Onu da qeyd edim ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan on dörd nəfəri həlak olub, iyirmisi isə yaralanıb. Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır. Ermənistan "Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətdir, ancaq təəssüflər olsun ki, Konvensiya ilə öz üzərində götürdüyü öhdəlikləri kobud şəkildə pozur.
Uşaqlar ailənin davamçısı olduğu kimi, həm də dövlətin gələcəyidir. Bu baxımdan, bütün beynəlxalq təşkilatlara səslənərək bildirmək istəyirəm ki, belə bir beynəlxalq gündə qaçqın, köçkün, terror və müharibə qurbanları olan uşaqları unutmasınlar.
Dünyanı, xüsusilə ən güclü və çoxəsrlik dövlətçilik ənənəsi olan ölkələrin COVID-19 virusu ilə mübarizə apardığı, iqtisadi böhranın bürüdüyü bir vaxtda, hətta dövlətlərin ən vacib sosial xərcləri ödəmək qabiliyyətini itirdiyi halda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün hallarda vətəndaşlarının qayğısını çəkmək seçimi edib. Dövlətimizin başçısı çıxışlarının birində deyib: "Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk”. Cənab Prezidentin bu fikirləri hesab edirəm ki, bizim hər birimiz üçün əsas məqsədi müəyyən edir. Əsas məqsəd Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsini, sağlamlığını təmin etməkdir”. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Gələcək nəsil, ilk növbədə, vətənpərvər olmalıdır, sağlam olmalı, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”.
banner

Oxşar Xəbərlər