• cümə, 29 Mart, 15:40
  • Baku Bakı 14°C

Uşaqlar dini mərasimlərə yox, məktəblərə göndərilməlidir

10.09.18 19:07 757
Uşaqlar dini mərasimlərə yox, məktəblərə göndərilməlidir
Sosial şəbəkələrin həyatımızda rolu böyükdür. Təbii, yeniyetmə və gənclər də bu sosial şəbəkələrin fəal istifadəçilərdirlər. Amma təəssüf ki, sosial şəbəkələr hər zaman müsbət informasiyalar idxal etmir. Hətta deyərdik ki, şəbəkələr zərərli davranışların təbliğ olunduğu, insanları mövhumata çağıran məkanlara çevrilirlər. Son illər bəzi "dindar”lar, virtual aləmdə uşaqların təhsildən yayındırılaraq dini mərasimlərdə iştirak etməsinin vacibliyini qeyd edirlər. Bəzi istifadəçilər hətta uşaqların aşura məclislərinə getməli olduqlarını, orada təsvir edilən hadisələrin canlı şahidi olmasının tərəfdarıdır. Bəs görəsən bu nə dərəcədə düzgündür? Uşaqların təhsildən yayındırılaraq dini mərasimlərə aparılması düzgündürmü?
Uşaq hüquqlarının müdafiəsi üzrə ekspert Nabil Seyidov deyir ki, məsələyə hüquqi müstəvidə yanaşdıqda, qanunvericiliyə əsasən uşaqların belə tədbirlərə göndərilməsi qanuna zidd deyil: "Belə tədbirlərdə uşaqların iştirakı könüllü şəkildə ola bilər. Amma onların psixoloji və mənəvi sağlamlığına zərər yetirə biləcək istənilən tədbirlərdə uşaqların iştirakı yolverilməzdir. Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında” və eyni zamanda, "Əhalinin sağlamlığının qorunması” haqqında qanun onları bu hallardan qoruyur. O cümlədən BMT-nin uşaqlar haqqında konvensiyasında da bu məsələlər öz əksini tapıb. Bu cür mərasimlərdə uşaqların iştirak etməsi qanuna zidd deyil. Amma qeyd etdiyim kimi, mərasimdə uşaqların psixoloji və yaxud fiziki sağlamlığına birbaşa təsirlər olduğu üçün valideynlər övladlarını belə tədbirlərdən yayındırmalıdırlar. Sosial şəbəkələrdə belə çağırışların olması normaldır. Qanunvericilikdə bununla bağlı qadağa olmadığı üçün çağırışların qeyri-qanuni olduğunu iddia edib, hüquqi tədbir görülməsi mümkünsüzdür”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli söylədi ki, aşura mədəniyyəti əsrlərdir ki, Azərbaycan xalqının milli kimliyinin ifadəsinə çevrilib: "Təəssüflər olsun ki, son dövrlərdə bəzi qruplar aşura mədəniyyəti haqda yanlış təsəvvürlər formalaşdırır. Hesab edirəm ki, uşaqların dinimizin fəlsəfəsini, mahiyyətini bilmədən, onu dərk etmədən belə tədbirlərə aparılması və bu istiqamətdə çağırışların edilməsi yolverilməzdir. Biz dünyəvi dövlətdə yaşayırıq. Azərbaycanda dini dəyərlərin təəssübkeşi Azərbaycan dövlətidir. Hər bir uşağın öz peyğəmbərini, əhli-beytini tanıması müsbət haldır. Amma uşaqların istismar edilməsi və hər hansı bir ölkənin sifarişi ilə dini dəyərlər adı altında onların hansısa kampaniyaya yönəldilməsi yolverilməz haldır. Uşaqların elmsiz və təhsilsiz qalmasına şərait yaratmaq islamın qaydalarına ziddir. Yaxşı olar ki, uşaqlar elmə və təhsilə yönəldilsin. Yetkin yaşa çatan hər bir uşaq öz dinini, peyğəmbərini və aşura mədəniyyətini lazımi qədər tanıyacaq. İmam Hüseynin qeyri-bərabər döyüşdə göstərdiyi rəşadəti biz Qarabağda göstərməliyik. Təəssüflər olsun ki, bəzi qruplar aşura haqda yanlış məlumatlar verirlər. Uşaqlarımızın, dinin mahiyyətini anlamadan belə tədbirlərdə iştirakı yaxşı hal deyil”


Sosial şəbəkələrdə belə hallara tez-tez rast gəldiyini söyləyən Sosioloq Lalə Mehralı qeyd etdi ki, belə çağırışlara bir neçə dəfə rəy bildirmək məcburiyyətində qalıb: "Bu, insan hüquqlarının pozulmasıdır. Uşaqların tədbirdən yayındırılaraq dinə yönəldilməsi düzgün deyil. Biz uşaqların təhsil almasının vacibliyini vurğulayırıq. Bəzi "dindarlar” erkən yaşdan uşaqlarına hicab geyindirərək onları təhsildən uzaqlaşdırıb dini təhsilə yönəldirlər. Heç bu valideynlərin özləri də dini təhsilin nə olduğunu bilmirlər. Onlar uşaqlarına elmdən bixəbər, dinin dərinliklərini qavramadan bəzi adət və ənənələri cahilcəsinə öyrədirlər. Azyaşlı uşaqların ümumiyyətlə, aşura məclislərində iştirakı düzgün deyil. Orada qan çıxarmaq məsələsi var ki, bu, ümumiyyətlə, yolverilməzdir. Qafqaz Müsəlmanları İdarəsi hər il bu barədə məlumat verir. Yaxşı olardı ki, baş yarmaq əvəzinə qanvermə aksiyalarına qoşulsunlar. Qan tökməkdənsə, kiməsə qan bağışlayıb həyat qurtarmağın vacib olduğu hər il qeyd olunur. Bu barədə mətbuatda dəfələrlə yazılıb. Nəinki uşaqların, böyüklərin də belə əməllər törətməyi düzgün deyil. Körpə uşaqların başını xəncərlə kəsib şəkillərini paylaşırlar. Hər il bu ərəfədə belə şəkillər paylaşılır. Hətta valideynlər bununla fəxr edirlər. Belə mənzərələri görəndə insan dəhşətə gəlir. Düşünürəm ki, bunun qarşısını almaq üçün məktəblərdən başlamaq lazımdır. Maarifləndirmə işi burada böyük rol oynayır. Müəllimlər şagirdlərə bunun zərəri haqqında izahat verməlidirlər. Onlar uşaqlara təhsildən yayınaraq aşura məclislərində olmağın və qan tökməyin yanlış olduğunu başa salmalıdırlar. Uşaqlar özləri də bunu dərk etməlidir. Uşaqlar bizim gələcəyimizdir. Onlar özləri də belə neqativ hallarla mübarizə aparmalıdırlar. Biz valideynlər əlimizdən gələni etsək də, bəzən bunlar kifayət etmir. Elə valideynlər var ki, onlar həqiqəti qəbul etmək istəmir. Onlar qan tökməyin, zəncir vurmağın savab olduğunu düşünürlər. Belələri özünə əziyyət verməklə cənnətə gedəcəyini düşünür. Biz gələcəyi təhsildə, onlar isə belə lazımsız dini adətlərdə görür. Uşaqlarının da başını bununla doldururlar. Ona görə də tabuları yıxmaq lazımdır. Biz dini inanca həmişə hörmətlə yanaşmışıq. Amma yuxarıda qeyd etdiyim neqativ halların doğru olmadığını başa salmaq lazımdır. Önəmli olan, dinin mahiyyətini dərk etməkdir”.
Şəbnəm

banner

Oxşar Xəbərlər