• çərşənbə axşamı, 19 mart, 10:46
  • Baku Bakı 8°C

Bu yükü daşıya bilirsən, şagird? - Araşdırma

22.04.17 16:48 6708
Bu yükü daşıya bilirsən, şagird? - Araşdırma

"Qızım 3-cü sinifdə oxuyur. Dərsləri o qədər ağır olur ki, uşaq bütün günü kitabla gəzir, amma yenə də çatdıra bilmir. Üstəlik, dərsə də cavab verə bilməyəndə, evə ağlaya-ağlaya gəlir. Uşağın psixologiyası pozulub. Axı, 3-cü sinif şagirdini təhsil adı ilə bu qədər yükləməyin mənası nədir? Uşaqların yaşlara görə diqqət həcmi normaları var. Bu normanı keçdikdə, məktəb ona təhsil yox, xəstəlik verir”.
Bu sözləri bizimlə söhbətində 3-cü sinif şagirdi Günayın valideyni Gülnar Məmmədova dedi. Gülnarın sözlərinə görə, proqram çətin olduğu üçün özü də uşağa kömək edə bilmir: "Mən ali təhsilli qadın, heç özüm o kitabı, çalışmaları anlaya bilmirəm. Uşaq necə anlasın? İbtidai siniflərdə şagirdlərin diqqətləri hələ yenicə inkişaf etməyə başlayır. Diqqətin imkanları 1-4-cü siniflərdə oxuyan hər uşaqda fərdi olaraq müxtəlifdir. Dərslərini yaxşı çatdıran uşaqlarda diqqətin göstəricisi orta, əlaçılarda yaxşı, çatdırmayanlarda isə daha az müşahidə olunur. Kiçik yaşlı məktəbli ancaq müəllimdən "5” almaq və təriflənmək motivasiyası ilə diqqətini toplayıb işləyə bilər”.
İbtidai siniflərdə dərslərin çətinliyindən Günay kimi bir çox valideynlər də narazıdır. Valideynlər 1-4-cü sinif şagirdlərinin normadan artıq yükləndiyindən, uşaqların dərsi qavraya bilməməyindən şikayətlənirlər.
Bəs ibtidai sinifdə dərslər həqiqətən çətindirmi? Uşaqların və valideynlərin problemini aradan qaldırmaq üçün nə etmək lazımdır? Əvvəlcə valideynlərlə söhbətləşdik.

"Uşağa ibtidai biliklər verilməli, sonra məntiq öyrədilməlidir”


Jurnalist Fərqanə Allahverdiqızının övladı ibtidai sinifdə oxuyur. O da dərslərin qəliz olduğunu deyir. Həmsöhbətimiz vurğulayır ki, dərsi uşağa izah edə bilmədikdə, müəllimi ilə telefonda danışaraq, mövzunu anlamağa çalışır: "Çətinlik olur. Mən müəllimələrə zəng edib soruşur, sonra uşağa başa salıram. Əslində eyni qaydalar, eyni tələblərdir. Amma uşaqdan dolayı yollarla cavab almağa çalışırlar. Məsələn, riyaziyyatda bizim bildiyimiz tənlikləri uşaqlara "boş xananı tap” formasında verir və necə tapmağın izahını da vermirlər. Amma tənliyi öyrətsə, uşaq boş xananı asanlıqla tapacaq. Ona görə də uşaqların hərəsi öz bildiyi kimi hesablama aparmaq məcburiyyətində qalır. Adını da qoyublar ki, məntiqi təfəkkür inkişaf etməlidir. Məncə, əvvəl uşağa ibtidai biliklər verilməli, sonra məntiq öyrədilməlidir. Savadı olmayan insanın məntiqi də olmaz”.
Valideyn Samirə Bürcəliqızı deyir ki, uşağın götürmə qabiliyyəti yaxşı olduqda, ibtidai sinifdə də heç bir problem olmur. Amma hər uşaq da eyni inkişaf etmədiyindən proqram elə qurulmalıdır ki, heç bir uşağa yük düşməsin: "İbtidai siniflərdə uşaqları yormaq mənasızdır. Uşağa yaşına uyğun, lazım olan məlumatları öyrətmək lazımdır: "Mən saat 9-dan 6-ya qədər işdə olan analardanam. Bu günə kimi uşağı hazırlığa göndərməmişəm. Oğlum mən gələnə qədər dərsini qurtarır. Amma qızım ibtidai sinifdə oxuyanda saat 12-yə qədər dərsini oxuyub qurtarmırdıq. Qızımı müəllimi daha çox yükləyirdi və götürmə qabiliyyəti zəif idi. Oğlum daha tez qavradığı üçün onunla bağlı problemim olmadı. Qızıma görə çox əziyyət çəkmişəm. Hətta ikimizin də əsəbləri pozulmuşdu. Amma oğlumun hansı dərsi keçdiyindən xəbərsizəm”.

Yüklənmiş uşaq məktəbə nifrət edir

Sosioloq Lalə Mehralı isə dərs yükü ilə yanaşı, birinci sinifdən uşaqlara dil biliklərinin öyrədilməsindən şikayətlənir. Deyir ki, dərs yükü çox olduqda onların oyuna, əyləncəyə zamanı qalmır, ağır dərs yükünün altında əzilirlər. Mənəvi ehtiyaclarını ödəyə bilməyən uşaqlara isə dərs cəlbedici gəlmir, sadəcə, əzbərçilik edirlər: "Oğlum 3-cü sinifdə oxuyur, onun və tanıdığım bütün məktəblilərin məktəbdən və dərsdən narazılığını görə bilirəm. Ağır dərslərin ilk sinifdən etibarən keçilməsi bir problem, dərslərdən evə verilən tapşırıqların çoxluğu ayrı bir problemdir. Əvvəllər xarici dil kimi rus, ingilis, alman dilləri orta məktəbdə 5-ci sinifdən etibarən keçilirdi. Amma indi uşaq məktəbə gedən gündən xarici dil tədrisinə başlayırlar. Olsun, dil öyrənmək üstünlükdür, amma bunu bu qədər çox qəliz hala gətirməyin nə mənası var? Xüsusilə rus sektorunda təhsil alan uşaqlar çətinlik çəkir, onlar 3 dili eyni zamanda öyrənməlidirlər – rus, Azərbaycan və ingilis”.
Sosioloq düşünür ki, məktəbin ilk illərindən uşaqların belə yüklənməsi, onlarda məktəbə qarşı nifrət yaradır”.

"Əksinə, uşaqlara verilən ev tapşırıqları azdır”


Valideyn Rahib İbrahimli tam əksini düşünür. Deyir ki, indiki uşaqlar əvvəlkilərə nisbətən çoxbilmiş olduqları və cəmiyyət də keçmişə nisbətən informasiya yükü ilə dolu olduğuna görə, uşaqların dərs yükünün ağır olması normaldır: "Mənim uşaqlarım 157 saylı orta məktəbdə təhsil alırlar. Uşağın dərsi necə qavraması müəllimdən asılıdır. Düzdür, uşaqları xəttə salana kimi bir az çətinlik olur. Amma ümumilikdə, heç bir problem yoxdur. Əksinə, mən bəzən tapşırıqların az olmasından şikayətlənirəm. Bizim dövrümüzlə müqayisədə uşaqların təfəkkürü daha çox inkişaf edib. Bu səbəbdən dərslərin ağır, materialların çox olması normaldır”.

"Əgər dərs uşağa ağır gəlirsə, bu, müəllimin günahıdır”


Laçın şəhər 10 saylı orta məktəbin ibtidai sinif müəllimi Gülnarə Məmmədova da uşaqların dərs yükünün ağır olması fikri ilə razı deyil. Deyir ki, uşağın dərsi normal qavraması müəllimdən asılıdır. Əgər dərs uşağa ağır gəlirsə, bu, müəllimin günahıdır: "İbtidai sinifdə uşaqların dərs yükü ağırdır. Hər şey müəllimin izahından asılıdır. Əgər müəllim uşaqlara dərsi anlaşılan şəkildə izah edirsə, o zaman uşaqlar üçün heç nə çətin olmur. Düzdür, bütün siniflərdə nisbətən qavrama qabiliyyətləri zəif olan uşaqlar olur. Amma onlarla xüsusi məşğul olduqda, hər kəs eyni dərəcədə qavraya bilir. Məsələn, müəllim əgər ana dilindən dərsi izah edirsə, keçdiyi dərsə aid bir neçə çalışmanı uşaqlar anlayana qədər onlarla birlikdə etməlidir. Müəllim dərsi düzgün, sadə şəkildə izah etməyəndə, problemlər yarana bilər”.

"Bu da dərsliklərimizin dilinə ağırlıq gətirir”

Təhsil sahəsi üzrə ekspert Məlahət Mürşüdlü deyir ki, dərsliklərin məzmununda yenilənmə zamanın tələbidir. Onun sözlərinə görə, məhz 1-ci sinif dərslikləri mütləq yenilənməlidir: "2007-ci ildən Azərbaycan təhsil sistemində ibtidai siniflərdən başlayaraq kurikulum tətbiq olunmağa başlayıb. Kurikulumun mənası yeni yol deməkdir. Bu proqramda dərsliyin məzmununda yeniləşmə zamanın tələbidir. Çünki dərsliklərimizin məzmununda yeniləşməyə ehtiyac var. Ancaq bu məzmun ibtidai sinif şagirdlərinin və onlara evlərdə dərslərini hazırlamaqda kömək edən valideynlərin qəbul edəcəyi, anlayacağı səviyyədə olmalıdır. Valideynlərlə razıyam. Bəzi dərsliklərdə çətin məsələ-misallardan, "Oxu” dərsliklərində şivədən, dialekt sözlərdən, uşaqların qavraya bilməyəcəyi şeirlərdən çox istifadə edirlər. Bu da dərsliklərimizin dilinə ağırlıq, akademiklik gətirir. Dərslik elə tərtib edilməlidir ki, uşaq bu dərsliyi bağlayıb kənara itələməsin, əksinə, sevsin. İbtidai sinif şagirdi kitabı üçün darıxmalıdır. Onları sevə-sevə açmalıdır. Ancaq təəssüf ki, bizdə bu baş vermir. Dərsliklərin qiymətləndirilməsi üzrə yeni şura yaradılıb. İnanıram ki, şura qiymətləndirmə zamanı bu faktları nəzərə alar”.

"Dərs yükü dünya standartlarına uyğun deyil”

Təhsil eksperti Kamran Əsədov deyir ki, ibtidai sinifdə oxuyan şagirdlərin tədris proqramları elə qurulmalıdır ki, məktəbli məktəbdən, dərsdən bezməsin, yorulmasın: "İbtidai sinif vahid təhsil sisteminin ilk pilləsidir. Məktəbli bu yola necə başlayırsa, sona qədər də elə davam edir. Təhsil aldığı müddətdə onda hansısa köklü dəyişikliklər edilməsi çox çətin olur. Lakin təəssüflər olsun ki, hazırda orta məktəblərin ibtidai sinfində tədris olunan proqramın ağırlıq səviyyəsi dünya standartlarına uyğun deyil. Hazırda istifadə olunan orta məktəb proqramı uşaqların intellektual, fiziki və psixoloji inkişafına uyğun şəkildə qurulmayıb, onun şəxsiyyət kimi formalaşmasında heç bir rola malik deyil. Çünki ibtidai sinif dərslikləri informasiya yükünə malikdir. Bildiyiniz kimi, Azərbaycanda orta məktəblərin birinci sinfinə gedən uşaqların heç də hamısı uşaq bağçası və məktəbəqədər təhsil pilləsini bitirmiş şəxslər deyil. Bu pillədə təhsil alan uşaqların sayı birinci sinfə gedənlərin cəmi 25 faizidir. Deməli, birinci sinfə gedən 75 faiz uşaq məktəb, dərs, oxuyub-öyrənmək kimi bir sıra digər vərdişlərə də sahib deyil. Amma onlar dərsə başlayanda hamısına eyni səviyyədə yanaşılır. Məhz bu zaman böyük sayda şagird həddindən artıq informasiya ilə yüklənir”.
Ekspert hesab edir ki, ibtidai siniflərdə istifadə olunan dərsliklərdə olan söz və cümlələrin, tapşırıqların sayı dünya standartlarından çoxdur: "Bizdə 6-7 yaşlı uşaqlar üçün yazılmış dərsliklər dünya standartlarında 14-15 yaşlılar üçün yazılmış dərsliklərə uyğun gəlir. Şagirdləri məktəbdə informasiya yükündən azad etmək üçün məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayını artırmaq və dərslikləri sadələşdirmək lazımdır”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər