• cümə axşamı, 18 aprel, 23:47
  • Baku Bakı 21°C

Uşaq teleefirinin monitorinqinin nəticələri açıqlanıb

25.11.14 15:40 1100
Uşaq teleefirinin monitorinqinin nəticələri açıqlanıb
Bu gün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirib.
Dəyirmi Masa iştirakçılarını salamlayan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2014-cü ilin 1 oktyabr tarixindən başlayaraq bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, ölkə ərazisində yayımlanan 9 ümum ölkə və 9 regional televiziya kanalının proqramlarının monitorinqi zamanı müəyyən olunub ki, 2011-ci ildən bu günədək uşaq verilişləri üçün ayrılan efir vaxtında önəmli dəyişikliklər olmayıb. Telekanallarda uşaq verilişlərinə ayrılan vaxtın müqayisəsi göstərib ki, uşaqlar üçün gündəlik axşam verilişlərinin translyasiya ənənəsini 2011-ci ildən bu günədək yalnız İTV həyata keçirir. Tədqiqat müəyyən edib ki, bir çox telekanallarda uşaq verilişləri həftə ərzində efirdə qeyri-bərabər paylanılır və əsasən günün birinci yarısında göstərilir.
İctimai müzakirələr zamanı millət vəkili Kamilə Əliyeva Azərbaycanda uşaq siyasəti ilə bağlı qəbul olunmuş onlarla qanun və qərarlara baxmayaraq bu gün ölkə ərazisində yayımlanan telekanallarda vəziyyətin acınacaqlı olduğunu deyib. Onun sözlərinə görə, uşaqların yaşına uyğun verilişlər hazırlanmalı və burada ilk növbədə vətənpərvərlik mövzusu prioritet təşkil etməlidir. Millət vəkili vəziyyətdən çıxış yolunu Dövlət Uşaq Telekanalının açılmasında görüb.
İctimai Televiziyanın Proqram Departamentinin direktoru Abbas Rüstəmov isə bildirib ki, təmsil etdiyi telekanalın efirində kifayət qədər uşaq mövzusu işıqlandırılır.
Prezident Administrasiyasının təmsilçisi Vüqar Səlimov “ELS”-in bağlanğıclarına hər zaman dəstək verdiyini deyərək, bu cür tədqiqatların həyata keçirilməsini təqdirəlayiq hesab etdiyini və bu istiqamətdə ictimai qurumlarla dövlət strukturlarının birgə fəaliyyət göstərməli olduğunu vurğulayıb.
Maraqlı fikir mübadiləsi ilə yadda qalan Dəyirmi Masanın sonunda ölkə Prezidentinə Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması ilə bağlı müraciətlər qəbul olunub.
Qeyd edək ki, ictimai müzakirələrdə Prezident Administrasiyası, Ombudsman Aparatı, aidiyyəti dövlət qurumlarının nümayəndələri, telekanalların Proqram Departamentlərinin rəhbərləri, tanınmış incəsənət xadimləri, qeyri-hökumət təşkilatları və KİV təmsilçiləri iştirak ediblər.
banner

Oxşar Xəbərlər