• cümə axşamı, 25 aprel, 12:11
  • Baku Bakı 23°C

“Uşaq tamaşa zamanı darıxmamalıdır”

04.05.16 13:10 2503
“Uşaq tamaşa zamanı darıxmamalıdır”
Son bir neçə ayda Abdulla Şaiq adına Kukla teatrının əldə etdiyi uğurlar diqqət mərkəzimizdədir. Belə ki, "Oyuq” teatr studiyasının Beynəlxalq "Caz karuseli” adlı müsabiqədə əldə etdiyi qalibiyyət, 15-19 aprel tarixlərində Rusiya Federasiyasının İvanov şəhərində baş tutan XI Beynəlxalq "Muraveynik” kukla teatrları festivalındakı uğurlu çıxışı və nəhayət aprelin 27-də "Melodiya”, 28-də isə "Zəng” tamaşalarının uğurlu premyeralarından sonra teatrın direktoru və "UNİMA” Azərbaycan Milli Mərkəzinin Prezidenti Rəşad Əhmədzadə ilə görüşməyi özümüzə borc bildik.

- İlk olaraq teatrın əldə etdiyiniz bu nailiyyətlərə görə sizi təbrik edirik. İstərdik ki, söhbətimizə Kukla Teatrının son iki ayda əldə etdiyi uğurlardan başlayaq...
- Son illərdə dövlət tərəfindən bütün teatrlara göstərilən qayğı göz önündədir. Bu qayğının cavabında teatr yeni tamaşalar hazırlamaqla özünü təsdiqləməlidir. Biz də bu yöndə çox çalışırıq. Kukla Teatrının tamaşaları digər teatrlara nisbətən bir qədər qəlizdir. Çünki burada hazırlanan tamaşalar, həm uşaqlar, həm də valideynləri tərəfindən sevilməlidir. Əgər tamaşanı valideyn bəyənmirsə, övladını bir daha teatra gətirmir. Uşaqlar bəyənmirsə, teatrın əməkdaşları onu heç bir şəkildə zalda oturda bilməz. Artıq müəyyən qrup tamaşaçılarımız yaranıb ki, onlar hər həftə mütəmadi olaraq tamaşanı izləməyə gəlirlər. Həmin izləyicilər bütün tamaşalarımızı izləyiblər deyə biz də uşaqların istəyini nəzərə alıb, repertuarımızı tez-tez yeni tamaşalarla zənginləşdiririk. Hazırda bizim repertuarımızda 27 tamaşa var.
Son zamanlar respublikada keçirilən mötəbər tədbirlərin bütün teatrlara, o cümlədən Kukla Teatrına böyük təsiri olub. Bu festivallar sayəsində dünya teatrları ilə tanış oluruq. Tanımaqdan əlavə həm də festivallar tanınmaq üçün çox gözəl fürsətdir. Respublikada festivalların keçirilməsi bizim bir qədər tanınmağımıza yol açdı. Festivallar yaradıcı kollektivlərin inkişafına xidmət edir. Təsəvvür edin ki, bir neçə il bundan qabaq festivala getmək üçün dəvət gözləyirdik. Artıq 5-6 ildir ki, bizə təklif olunan dəvətlər arasında seçim edirik. Dövlət proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən teatrımızda "Oyuq” teatr studiyası yaranıb. O studiyada yaradıcı məşqlər də gedir. İncəsənət Universitetindən gələn aktyorları işə götürmək üçün ilk olaraq həmin studiyada kukla sənəti ilə yaxından tanış edirik.Belə ki, orada kuklaların oyunu, mexanizmi, danışıq tembrinin düzəldilməsi həmin studiyada mənimsənilir. Oyuq teatr studiyasının azyaşlı studiyası da var ki, bu qrup fevralda Sankt-Peterburq şəhərinə dəvət aldı. Bizim uşaqlar orada Beynəlxalq "Caz karuseli” müsabiqənin qalibi oldular. Bu ilki uğurumuz elə həmin ərəfədən başladı. Oyuq teatr studiyasının göstərdiyi tamaşa orada qran-priyə layiq görüldü. Həmin teatr studiyasına müsabiqəyə iştirak üçün gedən Selcan Müseyibova və Aylin Nəcəfli qran-pridən əlavə solo ifaya görə də birincilik əldə etdilər. Hesab edirəm ki, 9 yaşında uşaqlar üçün bu böyük müvəffəqiyyətdir. Bu uşaqlar uzun müddətdir ki, dünyanın müxtəlif ölkələrində, festivallarda iştirak ediblər və qalib olaraq geri dönüblər.
İştirak etdiyimiz digər festivala gəlincə isə, ilk olaraq onu qeyd edim ki, biz bu il 8 festivaldan dəvət almışıq. Ancaq dəvət aldığımız hər festivala da getmirik. Rusiya Federasiyasının İvanovo şəhərində baş tutacaq XI Beynəlxalq "Muraveynik” kukla teatrları festivalına gəlincə isə, o festivala getmək üçün onlar bir ay mütəmadi şəkildə bizə müraciət etdilər ki, biz də orada iştirak edək. Biz də Kamran Şahmərdanın "Ağ və Qara” tamaşası ilə festivalda iştirak etdik. Hesab edirəm ki, əgər festival beynəlxalqdırsa, tamaşa gərək öz dilində oynanılsın. Mən də öz fikrimi bildirdim. Sinxron tərcümə də var idi. Ancaq sinxron tərcüməni tamaşaçılara çatdırmaq üçün onlarda avadanlıq olmadı. Ona görə də biz də məcburiyyət qarşısında qalıb tamaşadan əvvəl annotasiyalarımızı payladıq. Bizim çıxışımız festivalın qurtarmasına bir gün qalmış oldu. Festivalda Rusiyanın tanınmış teatrları ilə yanaşı Qazaxıstan , Dağıstan və digər ölkələrin teatrları iştirak edirdi. Tamaşamız bitdikdən sonra böyük alqışlarla qarşılandı və bizi tamaşaya göstərilən münasibət orada heç bir tamaşaya göstərilməmişdi. Təxminən 15 dəqiqə tamaşaçılar ayaq üstə tamaşanı alqışladılar. Tamaşa bitdikdən sonra zala baxanda gördüm ki, bir çox insanların gözlərindən yaş gəlir. Zaldakı insanların hamısı səhnəyə, aktyorlarla şəkil çəkdirməyə, kuklaların mexanizminə baxmağa gəldilər. Tamaşadan sonra bir sıra festivallara dəvət aldıq. İndiyə kimi orada heç bir tamaşadan sonra belə bir ajiotaj olmamışdı. Müsabiqədə münsiflər heyətində əyləşən insanlar tanınmış mütəxəssislərdən ibarət idi. Onlar bildirdilər ki, biz hələ tamaşanın şokundan çıxa bilməmişik.

Tamaşamızı yüksək səviyyədə qiymətləndirdilər. Bizi digər festivallara dəvət edən insanlar həmin tamaşanı onların festivallarında da göstərməyimizi istədilər. Hətta bildirdilər ki, festivala qatılmaq üçün təşkilat komitəsi əvvəlcədən tamaşalara baxıb qəbul edirlər. Onlar bizim tamaşamızı birbaşa müsabiqəsiz festivala dəvət etdilər.

Aprel ayının 27-də "Melodiya”, 28-də isə "Zəng” tamaşalarının premyeralarına gəlincə isə həmin tamaşalar böyüklər üçün nəzərdə tutulub. Tamaşaların ikisi də Qurban Məsimovun quruluşunda hazırlanıb. Tamaşalar sözsüzdür, hər iki tamaşa musiqi və hərəkətlər üzərində qurulub. Tamaşaların premyeralarında izləyicilər müsbət fikirlər bildirdilər. Biz də tamaşaçıların rəylərini nəzərə alıb, həmin tamaşaları repertuarımıza daxil etmişik. Qeyd edim ki, mayın 14-də rejissor Anar Məmmədovun quruluşunda hazırlanan "Gözəl və bədheybət” tamaşanın premyerası keçiriləcək. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovaya məxsusdur. İlin sonunda Şarl Perronun "Qırmızı papaq” tamaşasını Qurban Məsimov quruluşunda hazırlanacaq. Hesab edirəm ki, tamaşalarımızdan həm böyüklər, həm də uşaqlar razı qalacaq.

- Rəşad müəllim, festivallar teatrın inkişafına nə verir?
- İstənilən yaradıcı kollektiv üçün festival yaradıcılıq mübadiləsidir. Bu mübadilə yaradıcı heyətin inkişafına xidmət edir. Bizim teatrda son illərdə Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 10-dan artın tamaşa hazırlanıb. Bu tamaşaların əksər rejissorları xaricdən - Rusiyadan, Gürcüstandan, Finlandiyadan dəvət olunub. Bəzi tamaşaların kuklaları Finlandiyada, bəziləri Gürcüstanda hazırlanıb. Bu illər ərzində əldə etdiyimiz nailiyyətlərdən biri də odur ki, həm ölçüsü, həm də mexanizminə görə marionet kukladan tutmuş 7 metrəyədək kukla istehsal edə bilirik. Festivalların təsiri ondan ibarətdir ki, biz də öz bacarıqlarımızı göstəririk. Artıq biz hər il 12-13 festivala dəvət alırıq. Dünyada iki tanınmış Kukla Teatrları festivalı var. Dəvət aldığımız bütün festivallarda çıxış edə bilməsək də, ildə 3-4 festivala Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gedirik və onların hamısından uğurla qayıdırıq.

- Hazırda uşaq ədəbiyyatı ilə məşğul olan dramaturqlarımız çox azdır. Tamaşa hazırlayarkən uşaq pyeslərini necə əldə edirsiniz?
- Bizim repertuarda Nizami Gəncəvidən tutmuş, Şekspirə qədər, klassikadan tutmuş müasir ədəbiyyata qədər bütün mövzulara müraciət olunur. Müraciət etdiyimiz əsərlər bədii şurada qəbul olunur. Müəyyən pyeslər var ki, o bizim teatrımız üçün klassikaya çevrilib. "Cırtan”, "Tıq-tıq xanım”, "Göyçək Fatma”, "Məlikməmməd”… Bizim teatrın repertuarını onlarsız təsəvvür etmək olmaz. Valideynlər də, uşaqlar da mütəmadi olaraq bizə zəng edib, həmin tamaşaların vaxtlarını soruşurlar. Çalışırıq ki, uşaqların zövqünü tuta bilək.

- Müasir uşaqların zövqünü tuta bilmək üçün teatrdan nə tələb olur?
- Böyüklərin zövqünü tuta bilmək üçün nə tələb olunursa, uşaqların da zövqünü tutmaq üçün onlar tələb olunur. Tərbiyəvi əhəmiyyəti olan, rəngarəng tamaşa hazırlanmalıdır. Uşaq tamaşa zamanı darıxmamalıdır. Əgər uşaq darıxırsa, heç bir qüvvə uşağı zalda oturmağa məcbur edə bilməz. Premyeralarımızdan sonra teatrın yaradıcı heyəti valideynlərlə diskussiyalar edir, onların fikirlərini öyrənirlər. Valideynlərin fikirləri əsasında təsbit edə bilirik ki, yeni tamaşa uzunömürlü olacaq, yoxsa yox. Tamaşalarımız hələlik bəyənilərək izlənilir.

- Teatr ötən həftə hazırladığı son iki tamaşanı böyüklər üçün nəzərdə tutmuşdu. Böyüklər üçün hazırlanan tamaşa hansı ehtiyacdan yaranmışdı?
- Uşaq və böyük teatrı deyəndə mən bir qədər narahat oluram. Əslində 3 yaşında uşaq var ki, gedib opera və balet teatrına baxır. 20-25 yaşında elə adamlar var ki, heç tamaşaya baxa bilmirlər. Tamaşa əsasən baxımlı olmalıdır. Əgər baxımlı olarsa, uşaq tamaşanı maraqla izləyir. Böyüklərə gəldikdə isə biz tez-tez festivallara dəvət alırıq. Uşaqlar üçün nəzərdə tutulmuş və festivallar hazırlanmış tamaşalar fərqlidirlər. «Ağ və qara» tamaşası ilə uzun müddətdir ki, festivallarda iştirak edirik. Hər festival iki ildən bir keçirilir. Bizi hər dəfə festivala dəvət edəndə eyni tamaşa ilə gedə bilmərik. Düşündük ki, artıq bizim festival tamaşalarının da yenilənmə vaxtı gəlib çatıb. Melodiya və zəng tamaşalarının hazırlanması məhz bu zərurətdən yarandı.

- Digər teatrlara nisbətən Kukla Teatrında biletlərin qiymətləri aşağıdır. 2-3 manat civarındadır. Halbuki bu teatrda aktyorlarla bərabər kuklaların hazırlanmasına da kifayət qədər xərc tələb olunur. Belə olan halda kassadan gələn pullarla teatrın xərclərini necə ödəyirsiniz?
- Ümumi götürdükdə sözünüzdə həqiqət var. "Kukla teatrı” elə bir teatrdır ki, buraya cəmiyyətin bütün təbəqələrinin uşaqları gəlməlidirlər. Istər varlı, istər orta, istərsə də aşağı təbəqənin uşaqlarının tamaşamızda iştirak etmələri üçün əlimizdən gələni edirik. Aztəminatlı ailələrin tamaşalarımızda iştirak etmələri üçün biletlərin qiymətlərini hər kəsə uyğun etmişik. Onlar uşaqdır. Hesab edirəm ki, uşaqların da əylənməyə, öz dünyalarında şənlənməyə ehtiyacları var.






Xəyalə Rəis

banner

Oxşar Xəbərlər