Uşaq sakit, sözəbaxandırsa, özü də təkcə oynayırsa...
"Uşaqlar
bizim gələcəyimizdir” ifadəsini işlətməyən, eşitməyən yoxdur. Bəs yaxşı, bu
cümlənin mahiyyətini tam mənası ilə anlayıb, buna əməl edib uşaqları qoruyan nə
qədər insan var? Gələcəyimizin yaxşı olması üçün bu günün uşaqlarını qorumaq,
onların təlim-tərbiyəsi ilə məşğul olmaq ən vacib şərtlərdən biridir. Amma çox
təəssüf ki, günümüzdə övladının hərəkətlərini, başqa uşaqlarla davranışını
düzgün qiymətləndirə bilməyən valideynlər də var. 0-3 yaş arasında uşaqların demək
olar ki, əksəriyyəti eyni inkişaf yolu keçir. Lakin 3 yaşdan sonrakı dövrdə hər
uşağın özünəməxsus xüsusiyyətləri formalaşır və açıq şəkildə özünü büruzə
verir. Bəzi uşaqlar çox aktiv olur, danışmağa, çoxlu suallar verməyə, dünyanı
öz üsulları ilə kəşf etməyə çalışırlar. Hətta, həddindən artıq aktiv olan, bir
yerdə dayanmayan uşaqlar olur ki, bəzən valideynlər bundan şikayətlənərək
həkimə və ya uşaq psixoloquna müraciət edir. Amma elə uşaqlar da var ki,
həddindən artıq sakit olurlar. Həmyaşıdları ilə oynamır, əlaqəyə girmir, heç
nəyə reaksiya vermirlər. Dindirməsən, dinməz, "ağzı var, dili yox” fikrinə
uyğun gəlir və çox təəssüf ki, valideynlər bunu müsbət hal kimi
qiymətləndirirlər. Hətta, uşaqları dəcəl olan valideynlər övladlarına həmin
sakit uşaqları nümunə kimi təqdim edirlər. Lakin bu məsələnin bir əmması var. Belə
ki, Amerika Sosial Həyat Dərnəyi ailədəki sözəbaxan, həddən artıq nümunəvi
uşaqların da narahatlıq doğuran məqamlarının olduğunu açıqlayıb. Dərnək
psixoloqları araşdırma zamanı aydınlaşdırıblar ki, əslində, uşağa xas olan
dəcəllik, bəzən ziyankarlıq, hansısa balacada yoxdursa, bu, həm də onun
psixologiyasındakı bəzi pozğunluqdan xəbər verir. Yəni həddən ziyadə sakit uşaq
gələcəkdə təhlükəli bir cani, psixopat, qatil ola bilər. Alimlər təbii olmayan
hər şeyin gələcəkdə fəsad törədə biləcəyini qeyd edirlər. Sakit, nümunəvi uşaq
isə heç də təbii sayılmır. Demək ki, həddən artıq sakit olan uşaqlarda da
müəyyən problemlər var. Biz də mövzunun aktuallığını nəzərə alaraq ekspertlərlə
uşaqlardakı həddən artıq sakitliyin səbəbini və bu kimi hallarda valideynlərin
nə etməli olduqlarını öyrənməyə çalışdıq.
Psixoloq Rövşən Uğur qeyd
etdi ki, hər araşdırmaya da güvənmək olmaz. Psixoloqun fikrincə, neçə uşaq
arasında, hansı ərazidə, hansı formada, hansı yaş qruplarının əsas götürülməsi
ilə aparıldığını, həmin uşaqların necə və hansı ailələrdən seçildiyini
bildikdən sonra araşdırmanın nəticəsi barədə şərh vermək olar: "Yəni istənilən
araşdırmanın hansı şəraitdə və hansı şərtlər altında aparılması vacibdir. Yoxsa
istənilən araşdırmanın nəticələrinə güvənmək düzgün deyil. Lakin bir uşaq
həqiqətən qaynayıb-qarışmırsa, sakitdirsə, içinə qapalıdırsa, onunla
maraqlanmaq və səbəbini öyrənməyə çalışmaq lazımdır. Uşaqlar iki cür - introvert
və ekstrovert olur. İntrovert uşaqla ekstrovertin davranışları, insanlarla
ünsiyyətləri arasında müəyyən fərqlər müşahidə edilir. Ekstrovert uşaqlar tam
rahat şəkildə ünsiyyətə girir və həmyaşıdları ilə qaynayıb-qarışa bilir. Həmin
uşaqlar sanki həyata 1-0 öndə başlayırlar. Amma introvert uşaqların adaptasiya
mərhələsi bir az çətin və mərhələli keçir. Bu uşaqların az dostu olur, amma
dostluqları daha möhkəm və uzunmüddətli olur. Ekstrovertlərdə isə dostlar
tez-tez dəyişə bilir. Yəni onlar hər insanla ünsiyyətə girə bilib, dostluq
qururlar”.
Psixoloq
deyir ki, ekstrovert və introvert məsələsini bir kənara qoysaq, bu zaman yerdə
qalır travma məsələsi: "Yəni uşağın susqunluğu, sakitliyi əgər genetik faktorla
əlaqəli deyilsə, demək ki, uşaq travma alıb. Uşaq həm ailədən, həm də getdiyi
bağçadan, məktəbdən, ünsiyyətdə olduğu hər hansı bir insandan travma ala bilər.
Araşdırma zamanı bu tip uşaqların ailə basqısı ilə üzləşdiyinin şahidi oluruq.
Ailə həddən artıq tələbkar olur. Yəni uşaq yalnız ailəsinin istəklərini qarşılayır.
Nəticə etibarı ilə bütün bu tələblər, istəklər uşaq üçün yük halına çevrilir.
Uşağın ilk olaraq ailə, sonra da ətrafla ünsiyyəti kəsilir. Sadəcə, nümunəvi
uşaq olmaq üçün ailənin istəklərini yerinə yetirir və uşaqda "yaxşı olduğum,
onların dediklərini etdiyim üçün ailəm məni sevir” fikri formalaşır. Beləcə,
sakit, özünə qapanan olur”.
"Bundan
başqa, fiziki zorakılığa məruz qalan, etdiyi səhvə görə cəzalandırılan uşaqlarda
da bu hal müşahidə edilir” deyən Rövşən bəy bildirdi ki, bu kimi hallar uşaqda "mən
bacarıqsızam, uğursuz biriyəm” kimi düşüncələr formalaşdırır. Bu da həyatının
növbəti mərhələlərinə, şəxsiyyət kimi formalaşmasına mənfi təsir edir. İstər
şəxsi həyatında, istər iş həyatında özünə yer tapa bilmir. Ona görə də,
valideynlər uşaqlara qarşı çox basqı etməsinlər, xüsusilə də şiddətdən uzaq
olsunlar. Övladlarına kiçik işlər tapşırıb, onların məsuliyyət hissini
duymasına kömək etsinlər. Bəzən görürük ki, böyüklər uşaqlara "polis gəlib səni
aparacaq, həkim gəlib iynə vuracaq” tipli ifadələr işlədirlər ki, bu da
yanlışdır. Bunun zarafatla deyildiyini bilirik. Sadəcə, uşaqlarda mücərrəd
təfəkkür inkişaf etmədiyi üçün bunun zarafat, ya həqiqət olduğunu ayıra
bilmirlər və bu, onlarda travma, qorxu yaradır. Bu da uşağın qapalı,
ünsiyyətdən uzaq olmasına gətirib çıxardır. Ona görə, valideynlər diqqətli
olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar. Əgər özləri öhdəsindən
gələ bilməsələr, mütəxəssisə müraciət etsinlər”.
Sosioloq Cavid İmamoğlu qeyd
etdi ki, sakitlik, hər uşaqda
müxtəlif səbəblərdən ola bilər: "Uşaq inkişafı üzrə mütəxəssislər düşünürlər
ki, uşağın hər yaş dövrünə uyğun emosional inkişaf dinamikası var və bütün valideynlər,
müəllimlər, psixoloqlar, yəni uşağın inkişafında rolu olan hər kəs bu
dinamikanı bilməlidirlər. Təəssüf ki, ölkəmizdə bu sahədə təlimlərin
keçirilməsi, təbliğat və maarifləndirmə işi aşağı səviyyədə olduğu üçün
valideynlər əksər hallarda uşaqların yaşına uyğun emosional inkişafını düzgün
qiymətləndirə bilmirlər. Onlar düşünürlər ki, uşaq sakitdirsə, özü təkcə oynayırsa və xüsusi bir aqressiya halı
yoxdursa, deməli, hər şey qaydasındadır. Əslində isə həmin uşaq zorakılığa
məruz qalmış ola bilər. Belə uşaqlarda çəkingənlik, qorxaqlıq, özünəqapalılıq, kəkələmə,
dırnaqlarını yemə kimi emosional hərəkətlər yaranır. Valideynlər daim
uşaqlarını müşahidə etməlidirlər. Əgər uşaqda bu hallardan hansısa biri varsa,
mütləq psixoloqa müraciət etməlidirlər. Düzdür, bu məsələyə fərdi yanaşmaq
lazımdır. Sakitlik hər uşaqda müxtəlif səbəblərdən ola bilər. Ancaq istənilən
halda, valideynlər övladlarının tərbiyəsi və ya psixoloji vəziyyəti baxımından,
həmişə mütəxəssisin köməyinə ehtiyac duyurlar”.
Günel
Azadə