• cümə axşamı, 18 aprel, 21:07
  • Baku Bakı 21°C

Uşaq pulu mövzusu ətrafında spekulyativ manipulyasiyalar

09.09.19 10:30 570
Uşaq pulu mövzusu ətrafında spekulyativ manipulyasiyalar
Azərbaycanda uşaq pulu ətrafında müzakirələr süni şəkildə şişirdilərək, hakimiyyətə qarşı əks-təbliğat aparılmaqdadır. Belə bir görüntü yaradılır ki, ölkədə uşaqların sosial müdafiəsi yox dərəcəsindədir. Aztəminatlı ailələrdəki uşaqların davamlı və ünvanlı sosial müdafiə tədbirləri məqsədli şəkildə sadalanmır, sırf ictimaiyyəti çaşdıran mövqe sərgilənir. Qısası, bu məsələdən də siyasi divident qazanmaq üçün istifadə olunur. Guya mövcud reallıq belədir: müxalifət uşaq pulunun bərpasın istəyir, iqtidar isə yox…
Birincisi, ötən yazılarımızda qeyd etdiyimiz kimi, 2006-cı il 1 iyun tarixindən etibarən Azərbaycanda ünvanlı sosial yardım proqramı tətbiq olunur. Bu sistemə keçid bir yandan ünvanlılığı təmin etmək üçün idisə, digər yandan uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə bağlı idi. Həmin tarixiədək Azərbaycandaailədə adambaşına düşən orta aylıq gəlirin 16500 manatdan (3.3 AZN) az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) aylıq 9000 manat (1.8 AZN) məbləğində müavinət verilirdi.
Ünvanlı dövlət sosial yardım sisteminin tətbiqi nəticəsində aztəminatlı ailələrdəki uşaqlar daha güclü sosial müdafiə ilə əhatə olundular.
Hazırda ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələlərin üzvlərinin 50 faizdən çoxu 18 yaşınadək uşaqlardır.Bir ailəyə düşən orta aylıq yardım məbləği isə 199,15 manat təşkil edir.
Bundan başqa, bu gün ölkəmizdə sırf uşaqların sosial müdafiəsinə yönələn 10-dan çox aylıq sosial müavinət növü var. Bura, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına, beşdən çox uşağı olan qadınların uşaqlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına,Çernobıl AES qəzasıilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqlarına,valideyn himayəsindən məhrum olmuş uşaqlara, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına ödənilən aylıq sosial müavinətlər daxildir. Eyni zamanda, birdəfəlik müavinət də ödənilir ki, bura, yeni doğulan uşaqlar,Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanserqeydiyyatında olan uşaqları (ildə bir dəfə) daxildir.
Azərbaycan dövlətinin uşaqlara yönələn sosial siyasətinin əhatəliliyini isbatlayan digər faktlar da mövcuddur.
Hazırda ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər.Sığortaolunanlara üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir.
Yeri gəlmişkən, uşaqlara yönələn müavinətlərin artımı cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial paketdən kənarda qalmayıb. Aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət isə 33 manatdan 55 manata qaldırılıb. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görəmüavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət109 manatdan 200 manata çatdırılıb.
Bütün bu sadalananları bir kənara buraxıb Azərbaycanda uşaqların sosial müdafiəsinin olmaması görüntüsünü yaratmaq siyasi məqsədlər daşıyır.
Bu gün ayrı-ayrı hökumət adamlarının, hakim partiya təmsilçilərinin məsələ ilə bağlı açıqlamalarının təhrif olunması, mahiyyəti kənara qoyub bir cümlənin konteksdən çıxarılıb hakimiyyətin üzərinə gedilməsi "uşaq pulu” kampaniyasının heç də saf məqsədlərə xidmət etmədiyini göstərir.
Bəli, məsələyə daha köklü yanaşma olmalıdır. Dünyada mövcud reallıq belədir ki, uşaq pulları əsasən, inkişaf etmiş ölkələrdə stimullaşdırıcı tədbir kimi yüksək məbləğdə verilir. Yəni, məqsəd demoqrafik problemləri aradan qaldırmaq, əhalinin azalmasının qarşısını önləməkdir.
Azərbaycanda vəziyyət necədir və uşaqlara yönələn ünvanlı sosial müdafiə sistemini dəyişmək üçün zəmin varmı?
Əgər dünyadakı reallığa söykənsək, uşaq pulunun bərpa edilməsi və bütün ailələrə verilməsi Azərbaycan üçün aktuallıq kəsb etmir.
Azərbaycanda demoqrafik problem mövcuddurmu? Əlbəttə ki, yox. Ölkəmiz əhalinin 1,2 faizlik illik artımına görə Avropa məkanında ön sıralarda yer alıb. Ümumilikdə son 15 ildə əhali artımı 1,7 milyon nəfər təşkil edib. Bu yaxınlarda 10 milyonuncu sakini dünyaya gələn ölkəmiz ən yaxşı demoqrafik göstəricilərə malikdir. Əhalinin demoqrafik balansında uşaq, yeniyetmə və gənclərin faizləri yüksəkdir. Beləliklə, əhali artımını əlavə təşviq edilməsi kimi stimullaşdırıcı tədbirlərə gedilməsi zərurəti yoxdur.
Hazırda Azərbaycan hakimiyyətinin daha çox hansı yola üstünlük verməsi aydın görünməkdədir və fikrimizcə məhz bu yol daha düzgün seçimdir.
Birincisi, uşaqlara sosial müavinətlər verilərkən ailənin sosial durumu, uşaqların sayı da diqqətdə saxlanılır və ünvanlılıq prinsipi əsas meyar kimi götürülür.
İkincisi, Azərbaycanda sosial siyasətin əsasında insan amili, azərbaycanlı ailəsinin rifahı amili durur. Eyni zamanda, insan kapitalının inkişaf etdirilməsi məqsədilə əlavə resurslar təhsilə, elmə yönəldilir.
Bu il ərzində həyata keçirilən sosial müdafiə tədbirlərinə diqqət etsək, dövlətin əhalinin maddi rifahının yüksəlməsi üçün daha böyük sosial yük götürdüyünü və məsələləri köklü şəkildə həll etmək niyyətində olduğunu görərik.
Dövlət minimum əmək haqqının və minimum pensiya məbləğinin kəskin artımına gedib. Sosial rifahın yüksəlməsinə istiqamətlənən yeni sərəncamların əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, minimum aylıq əməkhaqqı cari ildə iki dəfə artırılmaqla 130 manatdan 250 manata çatdırılıb.Əmək pensiyasının minumum məbləği də bu il iki mərhələdə artırılıb və 116 manatdan 160 manata, oktyabrın 1-dən isə 200 manata çatdırılacaq.Bundan başqa, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz,dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb.
Beləliklə, hakimiyyət artan büdcə imkanlarını əhalinin sosial rifahının yüksəldilməsinə yönəltməklə Azərbaycan ailəsinin rifahının daha da yaxşılaşmasını hədəfləyib. Hazırda dövlət əhalinin maddi rifahının yaxşılaşması üçün daim artan maliyyə ödənişlərini heç bir problemsiz təmin edir.
Hədəflər sırasında əlavə resursların təhsilə, elmə istiqamətləndirilməsi əsas yerdə durur. Azərbaycanda ötən illər ərzində insan resurslarının, insan kapitalının inkişafı naminə ciddi layihə və proqramlar həyata keçirilib, minlərlə gənc dövlət hesabına xaricdə bakalavr, magistr və doktorant təhsili alıblar.
Təkcə bunlarmı? Son illərdə regionların siması tamamilə dəyişib. Ölkənin bütün yaşayış məntəqələri, bölgələri müasir uşaq bağçaları, məktəblər, xəstəxanalarla təmin edilib və təmin edilməkdədir. Yaşayış məntəqələrinə içməli su, elektrik enerjisinin fasiləsiz verilməsi təmin olunmaqdadır.
Ölkənin avtomobil yolları şəbəkəsi başdan yenilənib və əhatə dairəsi də genişlənib.
Deməli, mənzərə tam aydındır. Hakimiyyət üçün daha yüksək kompetensiyalara malik vətəndaşın formalaşdırılması və bunun üçün imkanların yaradılması prioritet təşkil edir. Əlavə resurslar təhsilə, elmə, səhiyyəyə yönəldilir, infrastuktur müasirləşir. Sağlam və rifahlı ailə modelinə tam nail olmaq üçün bütün addımlar atılır, bu siyasətin əhatə dairəsi daha da genişlənir.
Bəs bütün ailələrə uşaq pulunun verilməsi siyasətinə keçid nələrə səbəb olacaq?
İlk növbədə bu, ünvanlılığı aradan qaldıracaq, aztəminatlı ailələrə yönələn dəstək proqramlarının həyata keçirilməsi mümkün olmayacaq. Həm müavinət,həm ünvanlı yardım, həm də ailələrə dəstək proqramları paralel icra oluna bilməz. Məsələn, uşaq pulu yuxarı məbləğdə təyin olunacaqsa, ailə avtomatik ünvanlı sosial yardım almaq imkanını itirəcək.Bundan başqa, uşaq pulunun ailənin gəlirlərindən asılı olmayaraq hər kəsə verilməsi təklifi isə sosial ədalət prinsipinə ziddir. Gəlirləri yüksək olan ailələrə dövlət tərəfindən 50 və ya 100 manatın verilib-verilməməsi onlar üçün hiss olunacaq dərəcədə təsirli olmayacaq. Halbuki həmin vəsaitin aztəminatlı ailələrin təminatına yönəldilməsi daha məqsədyönlüdür.
Bir sözlə, indiki məqamda həm Azərbaycanın müsbət demoqrafik göstəricilərini, həm də sadaladığımız digər amilləri nəzərə alsaq bütövlükdə aztəminatlı ailələrin sosial müdafiəsində istifadə olunan proqramların (ünvanlı sosial yardım sistemi, özünəməşğulluq proqramları) daha çox fayda verdiyini görürük.
Deməli iki yol var, hökumət ya yüksək kompetensiyalara malik vətəndaşın formalaşdırılmasına diqqətidaha da artırılmalı və uşaqlara yönələn sosial müdafiə tədbirləri aztəminatlı ailələri əhatə etməli, indiki kimi ünvanlı şəkildə həyata keçirilməlidir. Ya da sadalanan bu effektiv yanaşmaları, o cümlədən əlavə resursların təhsilə, səhiyyəyə, elmə yönəldilməsi siyasətini axsatmalı və bütün ailələrə uşaq pulu verilməsi siyasətinə keçməlidir.
Fikrimizcə, birinci yol Azərbaycan üçün daha perspektivli və effektivdir.
Elman BABAYEV
banner

Oxşar Xəbərlər