“Uşaq koloniyası” ləğv olunmayacaq

“Uşaq koloniyası” ləğv olunmayacaq

Təfsilat
06 Aprel 2013, 11:36 2260
Uşaqlar cəmiyyətin gələcəyidir. Hər bir körpə dünyaya gələrkən həyata sıfırdan başlayır. Ondan sonrakı yaşamını təsir altına salan isə ya valideynləri, ya da birbaşa cəmiyyətin özü olur. Mənfi təsir altında böyüyən uşaqlar şüurlu və şüursuz şəkildə müəyyən cinayətlər törədirlər və ömürlərini Azərbaycanda “uşaq koloniyası” kimi tanınan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində cəza çəkməklə keçirirlər. Lakin son zamanlar uşaq koloniyalarında cəza çəkən yeniyetmələr üçün yeni müəssisənin təsis olunacağı gözlənilir. Belə ki, “Yuvenal ədliyyə haqqında” qanun layihəsində bu məsələ əksini tapır. Eyni zamanda bununla bağlı İslah-Əmək Məcəlləsində dəyişikliklər nəzərdə tutulur. Bəs uşaq koloniyalarını ləğvi nə dərəcədə doğrudur və bu koloniyanı nə əvəz edəcək?

Millət vəkili Fazil Mustafa “Kaspi”yə açıqlamasında bildirdi ki, hazırda fəaliyyət göstərən uşaq koloniyalarında vəziyyət ürəkaçan deyil: “Cinayət törədən uşaqlarla bağlı əsas məsələ ondan ibarətdir ki, cinayət törədən uşaq düzgün tərbiyələnsin və etdiyi səhvdən nəticə çıxarsın. Lakin təcrübə göstərir ki, cəza çəkdikdən sonra uşaqlar yenidən cinayət törədərək koloniyalara qayıdırlar. Bunun nəticəsində cinayət törədən uşaqların sayı azalmaq əvəzinə artır. Bununla mübarizə aparmaq üçün düşünürəm ki, cəza çəkən uşaqların düzgün tərbiyələnməsi naminə yeni müəssisələrin olması vacibdir”. Millət vəkilinin sözlərinə görə, yeni müəssisələrdə uşaqların təhsil alması və təlim-tərbiyə məsələləri ciddi tənzimlənməlidir: “ Mənim fikrimcə, uşaq koloniyası ləğv olunarsa yeni yaranan müəssisələrdə psixoloq xidməti xüsusi təşkil olunmalıdır və bütövlükdə burada təhsil çox yüksək keyfiyyətlə aparılmalıdır ki, cəmiyyət üçün yeni bir cinayətkar nəsli yetişdirməyək”. F.Mustafa vurğuladı ki, xarici təcrübədə uşaq cəzaçəkmə müəssisələrində cinayət törədən uşaqların sərbəstlik imkanları çox genişdir və psixoloq xidməti yüksək səviyyədə təşkil olunub.

Qanunvericilikdə dəyişiklik olmalıdır

Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov bizimlə söhbətində bildirdi ki, uşaq cinayətləri ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir və cinayət törətmiş uşaqlarla davranış böyüklərə nisbətən yumşaldılmış formada olmalıdır: “Bizim cəmiyyətdə böyüyün törətdiyi cinayəti əgər uşaq törədirsə, insanlar tərəfindən ona da eyni münasibət bəslənir. Uşaq hər hansı bir cinayəti törədirsə- fərqi yoxdur ki, törətdiyi cinayət ağır və ya yüngül olsun, bu zaman o, uşaq koloniyasına yox, reabilitasiya mərkəzlərinə yönləndirilməlidir. Burada əsas məqsəd ondan ibarətdir ki, ölkədə cinayət törədən uşaqların sayı azalsın. Buna görə də qanunvericiliyə müəyyən dəyişiklik edilməlidir ki, uşağa verilən cəza yüngülləşsin”. Y.Bəkirov düşünür ki, cəza çəkən yeniyetmələr üçün yaradılan yeni müəssisədə uşaqlar törətdikləri cinayətlərə və yaş hüdudlarına görə bölünməlidirlər: “Hazırda fəaliyyət göstərən uşaq koloniyasında hegemonluq məsələsi hökm sürür. Yəni burada ağır cinayət törədən uşaqlarla yüngül cinayət törədənlər bir yerdə cəza çəkirlər. Bundan əlavə, onların yaşları da bir-birindən fərqlidir. Yaş həddinə görə uşaqların ayrılması olduqca ciddi məsələdir. Təcrübə göstərir ki, uşaqlar cinayət törətdikdən sonra uşaq koloniyasında kifayət qədər düzgün tərbiyə edilmirlər. Koloniyadan çıxan uşaq yenidən cinayət törədərək ora qayıdır. Çünki biz, onu uşaq koloniyasında cinayətkar kimi böyüdürük və cəmiyyət üçün cinayətkar nəsil yetişdiririk. Bunun qarşısının alınması üçün yüksək səviyyədə təchiz olunmuş yeni müəssisələrin təsis olunması olduqca vacibdir”.

Koloniya ləğv olunmayacaq

Uşaq QHT alyansının sədri Nazir Quliyev isə bizimlə söhbətində “uşaq koloniyası”nın ləğv olunmayacağını bildirdi. Onun sözlərin görə, sadəcə, infrastruktur baxımından koloniyada dəyişikliklər ediləcək, oradakı uşaqlar yeni müəssisələrə yerləşdiriləcək: “ Mən artıq 10 ildir ki, bu sahənin içindəyəm və bilirəm ki, ümumi dəyişikliklə bağlı heç bir təklif və ideya yoxdur. Köhnə müəssisə çox yaxşı vəziyyətdə olmadığı üçün yeni müəssisələr tikilir. Yeni müəssisələrində dəyişiklik sadəcə infrastruktur baxımından olacaq, belə ki, müasir təmir olunmuş idman meydançası, tibb xidməti və əyləncə xidmətləri təsis olunacaq. Amma sistemdə heç bir dəyişiklik olmayacaq”.

Qeyd edək ki, Azərbaycanda 14 yaşı tamam olmuş şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.

Aygün Cəfərli