Uşaq intiharlarının sayı niyə artır?

Uşaq intiharlarının sayı niyə artır?

Cəmiyyət
23 Noyabr 2012, 12:00 1807
Son vaxtlar gənclər, xüsusilə də məktəblilərin intiharı cəmiyyətin narahatçılığına səbəb olub. Hər il Azərbaycanda onlarla yeniyetmə intihar edir. Teleqraf.com-un məlumatına görə, 2012-ci ilin 10 ayı ərzində Azərbaycanda 32 nəfər yeniyetmə intihar edib. Həyatına qəsd edənlərin 17-si oğlan, 15-i qızdır. Hələ həyatın ləzzətini dadmayan gənclər nə üçün ömürlərinin baharında həyatlarına son verirlər? Gənc olmalarına baxmayaraq həyatdan ümidlərini niyə belə tez üzürlər?

İnformasiya çoxluğu intihara sürükləyir

Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının sədri Nazir Quliyev hesab edir ki, intihara təşəbbüs edən uşaqlar hüquqlarının pozulduğu üçün canlarına qəsd edirlər. Əsasən ailədə valideynləri tərəfindən fiziki zorakılığa məruz qalanlar, cinsi zorakılığın qurbanı olanlar, erkən yaşda evləndirilənlər və eyni zamanda ətrafdakılar tərəfindən alçaldılmış uşaqlar çarəni həyatlarına son qoymaqda görürlər.

O, qeyd edib ki, bunun digər səbəbi psixoloji məqamla bağlıdır: yəni insanın özünə güvənməməsi, məktəbdə psixoloqların düzgün iş aparmaması da uşaqları intihara sürükləyir. İntiharların son zamanlar artdığını vurğulayan ekspert bunun səbəbini uşaqların daha çox informasiya almasında görür. Müsahibimiz hesab edir ki, əvvəllər uşaq az informasiya alırdı və düzgün qərar verirdi, çox informasiya alanda, insanın düzgün qərar vermək imkanı çətinləşir. ”Müasir dövrdə ölüm çox sadələşib. Əvvəllər hansısa bir qohum insan rəhmətə gedəndə uzun müddət insanlar o günü acı gün kimi xatırlayırdılar. İndi isə hər gün kinolarda, internetdə, bəzi mobil telefonlarda ölüm səhnələrinə tez-tez rast gəlinir və ölüm adiləşir, uşaqlar da buna asanlıqla əl atırlar”.
Nazir Quliyev vurğulayıb ki, bunun qarşısını almaq üçün məktəblərdə iş gücləndirilməlidir, risk qrupunda olan uşaqlar vaxtında müəyyənləşdirilməli, problemləri öyrənilməlidir. Valideyn psixoloqla, uşağın müəllimi ilə əlaqəli işləməlidir ki, uğurlu nəticə alınsın.

“Fəsil dəyişkənliyi intihar səbəbidir”

Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov hesab edir ki, ilk növbədə intihar hallarının baş verməsinə şərait yaradan payız və qış fəslinin gəlişi ilə bağlı yaranan depressiya hallarıdır. Digər bir tərəfdən, yaz və payız ayları intihar hallarının sayı çoxalır ki, bunu dünya üzrə aparılan statistika da təsdiq edir.

İkinci səbəb uşaqların təhsilə başlayandan sonra həm müəllimlər, həm valideynlər və eyni zamanda ünsiyyətdə olduğu həmyaşıd qrupları ilə konfliktlərinin sayının artma ehtimalıdır. Valideynlər və müəllimlər tərəfindən təzyiqlər təkcə təlimlə bağlı olmayıb, uşaqlara bir çox qadağa və məcburiyyətlərin tətbiqində də əks olunur. Bu konfliktlər zamanı uşaqların şəxsiyyəti ciddi basqıya məruz qalır. Uşaqlar münaşiqələrdən sonra yaşlılara etibar etmir. Xüsusən valideynlər uşaqlarının daxili aləmini bilmir və ümumiyyətlə, valideynin dünyagörüş səviyyəsinin aşağı olması və müasir uşaqlara keçmişdə özlərinin tərbiyə olunduğu kimi psixoloji zorakılıq və fiziki cəzalar tətbiq etməsi də səbəbdir.

Psixoloq qeyd edib ki, məktəb psixoloqlarının bir çoxu öz işinin öhdəsindən gələ bilmir və yaxud işləmək istəmir. Hətta işləmək istəsə belə, bir çox maddi və mənəvi çətinliklərlə üzləşirlər.
Bəzən uşaqlar öz görünüşü, fiziki imkanları ilə bağlı komplekslərə düşürlər. Valideynləri və həmyaşıdları arasında hiss edilməyən uşaq özünü tənha hiss edir və həyatda lazımsız olduğunu dönə-dönə özünə təkrar edir. Bəzən isə diqqət mərkəzində olmaq və ümumiyyətlə öz vəziyyətini ətrafdakılara başa salmaq üçün intihar yoluna əl atırlar: “Xüsusən bu davranış venaların kəsilməsi, çoxlu dərman qəbul edilməsi kimi özünü göstərir. Bunu bacardıqca effektli görüntüyə çevirməyə çalışırlar. Belə davranış tərzi nümunələri uşaqlara xüsusən internetdə şəkillərlə, filmlərdə təqdim olunur. Dəhşət filmlərinə yeniyetmələr arasında meyl yüksəkdir. Onlarda aqressivlik oyunlar və internetin təsiri ilə artır. Bu aqressiya isə psixoloji və fiziki təzyiqə məruz qaldıqda, uşağın özünə yönəlir”.

Seksual inkişaf

Asəf Kərimov vurğulayıb ki, hazırkı dövrdə uşaqlarda seksual inkişaf tezləşib. Bu isə öz növbəsində sevgi hisslərinin tez yaranmasına gətirir. Qarşılıqsız sevgi ilə rastlaşan uşaqların stress və depressiya keçirməsi və bəzən isə hisslərinin təhqir olunması onlara ağır təsir edir. Xüsusən sevgi qarşılıqsız olduqda onlar depressiyaya düşür və bütün günahı özlərinin bədbəxtçiliyində, gözəl olmamasında görürlər. Bu isə onların özlərinə real deyil, emosional qiymət verməsinə və davranışlarını neqativ emosiyalar əsasında qurmasına gətirib çıxarır.

Qanlı dövr

Psixoloq Firuzə Zeynalın dediyinə görə isə, uşaqların intihar səbəbi ilkin olaraq ailənin uşağın körpəlikdən psixoloji durumu ilə maraqlanmamasından irəli gəlir və evin hər söz-söhbəti uşağın gözü önündə baş verir. Belə hallarda uşaq psixoloji sarsıntı keçirir və uşaqda yüklənmə yaranır. Bir müddət sonra o, ailəsinin əslində heç də ideal olmadığının fərqinə varır və uşaq düşünür ki, hamının ailəsi mehribandır, amma onunku deyil, hamıda vəziyyət yaxşıdır, amma onlarda daima gərgindir. Bu halda uşaq uzun müddət “niyə mən” sualı ilə baş-başa qalır və nəticədə sarsıntı keçirir. Ona qiymətli olan hər şeyin hamıdakı kimi olmadığını dərk etdikcə, intihar fikrinə düşür.

Bundan əlavə, uşağın "qanlı dövrü" var ki, bu periodda valideynlər çox diqqətli olmalıdır. 13-18 yaş arasında uşaq istəmədən bir hərəkət edir və bundan utanır və ya kimisə sevir, uğursuz olur, həmyaşıdları ilə problemlər yaşayır, yaxud da ən kiçik bir problemdən özünü yükləyir və depressiyaya düşür. Bunu zamanında aşkar etmədikdə, uşaqda vəziyyət daha da gərgin olur və bütün bu sıxıntılardan can qurtarmaq üçün uşaq ölüm yolunu seçir.

İntihar niyyətini əvvəlcədən hiss etmək mümkündürmü?

Psixoloq bildirib ki, intihara meyilli olan insanlar bunu mütləq eşitdirir. Əgər bir insanın problemi varsa, məsələn, bakirəliklə bağlı, borclu olması və ya nədənsə qorxu. Belə hallarda intiharlar qəfil olur və bunu öncədən bilmək çətinləşir. Qarşısının alınması da nadir hallarda mümkün olur: “Amma səbəb psixoloji problemdirsə, uşaq bunu mütləq eşitdirir. “Bezmişəm bu həyatdan, özümü öldürəcəm”, “bu gecə mənim son gecəmdir”, “ölsəm ağlayarsınız”, “ölüb getsəydim canım dincələrdi” kimi cümlələr bir növ çağırışdı. Ətrafındakı insanlar buna adi cümlələr kimi yanaşır və heç kim bu cümlənin ardınca getmir. Bu çağırışa fikir verməmək sonda intiharla nəticələnir. Sonra adını qoyurlar ki, rəhmətlik əvvəlcədən hiss etmişdi... Rəhmətlik hiss etmir, o, sadəcə atacağı addımı öncədən söyləyir. Lakin ona mane olmurlar. Analar diqqətli olsunlar, uşaqlarına fikir versinlər. Ən bəsit öyrənmək üsulu usağın davranışlarıdır. Ani dəyişən əhval, daimi tək qalmaq istəyi, hər şeydən narazı olmaq, bunu dünyanın sonu kimi qiymətləndirmək, uzun depressiv hallar müşayiət olunursa, ya psixoloqa müraciət etsinlər ya da özləri vaxtında müdaxilə etsinlər”.

Müsahibimiz vurğulayıb ki, uşaqların intiharının qarşısını almaq üçün onları sağlam, problemsiz mühitdə böyütmək, yaşıdları ilə ünsiyyətə girmə rahatlığını yaratmaq, onunla maraqlanmaq, təhsilinə fikir vermək mütləqdir. İstər ata, istər ana uşaqla problemlərini bölüşərsə, uşaq da rahatlıqla ona dərdini açıb danışacaq və nəticədə sıxıntı aradan qalxmış olacaq.
AYGÜN CƏFƏRLİ