• çərşənbə, 24 Aprel, 18:26
  • Baku Bakı 23°C

Uşaq filmlərinin böyük problemləri

17.06.15 13:38 2795
Uşaq filmlərinin böyük problemləri
Sovet dövründə məktəblilər yay tətillərini pioner düşərgələri ilə yanaşı, həm də ekran qarşısında keçirərdilər. Hələ ittifaq tərkibində yaşadığımız vaxtlarda “Buratino”, “Müqəvva” kimi ekran əsərləri ilə paralel olaraq, mill uşaq filmlərimizi də seyr etmək imkanı vardı. Uşaqlar ekran qarşısından ayrılmadan öz dünyalarına yaxın, psixologiyalarına müsbət təsir edən filmləri izləyir, özlərini həmin filmlərin qəhrəmanları kimi hiss edirdilər.
Son illər ölkəmizdə uşaq filmləri çəkilmədiyindən, telekanallar da köhnə uşaq filmlərinə az yer ayırdıqlarından məktəblilər tətillərdə kino ekranını mobil telefonlarla, planşetlərlə əvəzləyir, ya da kabel televiziyalarından yaşlarına uyğun olmayan filmləri, serialları və ya proqramları seyr edirlər. Hərçənd ki, əlaqədar qurumların nümayəndələri bu sahədə vəziyyətin o qədər də acınacaqlı olmadığını bildirir, filmlərin çəkildiyini, hətta ekranlarda nümayiş olunduğunu da iddia edirlər, real vəziyyət göz qabağındadır: efiri şou verilişləri zəbt edib. Uşaqlar isə onları maraqlandıran verilişlərə və filmlərə həsrət qalıblar.
Demək olmaz ki, heç çəkilmir
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov uşaqlar üçün filmlərin az çəkildiyini etiraf etdi: “Amma demək olmaz ki, uşaqlar üçün filmlər heç çəkilmir. Cizgi filmləri az da olsa, çəkilir. Kinoteatrlarda müəyyən filmlər nümayiş etdirilir. Həmçinin köhnə uşaq filmləri telekanallarda da nümayiş olunur”.
Nazirlik rəsmisinin sözlərinə görə, indi uşaqlar xarici dilləri öyrəndikləri üçün başqa ölkələrin telekanallarına baxmağa üstünlük verirlər: “Amma razılaşmaq lazımdır ki, bizim uşaqlar üçün çəkilən filmlərimiz azdır. Nazirlik bu istiqamətdə addımlar atır. Ötən illərdə çəkilən filmləri Dövlət Film Fondu bərpa edir. Həmin filmlərin texniki keyfiyyəti xeyli yaxşılaşıb. Vaxtilə rus dilində çəkilən televiziya filmləri var ki, telekanallar özləri onları Azərbaycan dilinə tərcümə edir. Bunlar da görülən işlərdir. Ümid var ki, bu sahədə vəziyyət yaxşılaşsın”.
Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov bildirdi ki, ümumiyyətlə, uşaq verilişlərinin azlığı ilə bağlı problem var və uşaq filmlərinin azlığı da bu sıradadır: “ Hətta elə TV-lər var ki, onun efirində bir dənə də olsun uşaq verilişi yoxdur. Lakin məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu gün özəl kanallar çoxluq təşkil edir və onlar maksimum dərəcədə reytinq gətirən proqramların yayımında maraqlıdırlar. Uşaq verilişləri, o cümlədən uşaq filmlərinin ünvanlandığı məlum auditoriyanın isə reklam verənləri o qədər də maraqlandırmadığı sirr deyil. Həmçinin uşaqlar üçün nəzərdə tutulmuş efir materiallarının reklam üçün istifadə edilməsi, yəni reklamla kəsilməsi də qanunvericiliklə qadağandır. Bu kimi amillər özəl yayımçıların uşaq verilişlərinə marağını azaldır. Həmçinin xüsusilə özəl yayımçıların uşaq filmlərini yaymaqla bağlı qanuni öhdəlikləri də yoxdur”.
MTRŞ təmsilçisinin sözlərinə görə, tamaşaçı auditoriyasının rəngarəngliyində maraqlı olan yayımçılar proqram səbətlərində uşaqları da nəzərə almalıdırlar: “Onu da deyək ki, özəl kanalların efirində uşaq filmlərinin ümumiyyətlə olmadığını iddia etmək də doğru deyil. Ara-sıra uşaq filmlərinə də rast gəlinir. Ümumiyyətlə isə azyaşlı auditoriyanın maraqlarına uyğun efir materiallarının yayımı ilə bağlı məsuliyyət əsasən dövlət büdcəsindən yayımlanan TV-lərin üzərinə düşür. Dəfələrlə bu istiqamətdə işləri daha da sürətləndirmək məqsədilə həmin yayımçılara tövsiyələr verilib”.
T.Dadaşov hesab edir ki, növbəti yayım mövsümlərində həm özəl, həm də dövlət büdcəsindən maliyyələşən yayımçılar bu işə daha çox diqqət yetirəcəklər.
Köhnə filmlər nə qədər çox göstərilsə...
Tanınmış kino tədqiqatçısı Aydın Kazımzadə uşaq filmləri ilə bağlı milli tariximizi vərəqləyərək, “Şərikli çörək”, “Skripkanın sərgüzəşti”, “Gilas ağacı”, “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Ögey ana”, “Şir evdən getdi” kimi uşaq filmlərinin çəkildyini xatırlatdı. Həmçinin “Qərib cinlər diyarında”, “Sehirli xalat”, “Bir qalanın sirri” nağılları, “Əzablı yollarla”, “Mən nəğmə qoşuram”, “Ağ atlı oğlan”, “Pəncərə”, “Qırxıncı qapı”, “Avqust gələndə”, “Adanı özünlə apara bilməzsən2, “Qalada tapılan mücrü” və s. filmlər də uşaqlar üçün çəkilən filmlər sırasında yer alıb: “Bu filmlər uşaqların həyatında böyük rol oynayıb. Üşaq ağ vərəq kimidir. Xüsusən yeniyetməlik dövründə uşağı hansı istiqamətə yönəltsən, o, böyüdükcə həmin istiqamətə gedəcək. Çünki o, yolunu tapa bilmir. Bu baxımdan belə filmlərin böyük əhəmiyyəti olur. Uşaqlar həmin filmlərə baxanda onların qəhrəmanlarına oxşamaq istəyirlər. Bu, onların inkişafına, zövqlərinə təsir edir. Ona görə uşaqların formalaşmasında uşaq filmlərinin, xüsusən nağılların böyük əhəmiyyəti olub. Bu baxımdan belə filmlərin çəkilişinə böyük diqqət yetirilib”. A.Kazımzadə sovet dövründə uşaq auditoriyasının olduğunu xatırlayır: “Vətən” kinoteatrı məhz uşaq filmlərini nümayiş etdirirdi. Uşaqlar məktəblərdən kinoteatrlara gedir və onlar üçün ayrıca seanslar təşkil olunurdu. O zaman ədəbiyyatda olan əsərlərin ekranlaşdırılması həyata keçirilirdi. Uşaqlar ədəbiyyatda keçdikləri mövzuları ekranlarda vizual görürdülər”. Tədqiqatçı son dövrlərdə çəkilən uşaq filmləri kimi “Qırxıncı qapı”, “Biz qayıdacağıq” ekran əsərlərinin adını çəkdi: “Ümumilikdə isə son dövrlər uşaq filmləri çox çəkilmir. Köhnə uşaq filmlərini də efrirdə adda-budda nümayiş etdirirlər. Çəkilən köhnə filmlər ekranlarda nə qədər çox göstərilsə, uşaqlar üçün o qədər xeyirli olar”.
A.Kazımzadənin sözlərinə görə, hazırda uşaqların düşüncəsinə daha çox təsir edən telekanallarda yayımlanan seriallardır: “Uşaqlar da nümunəni valideynlərindən götürürlər”.
Vaxtilə bir sıra uşaq filmlərində rol alan, hazırda kinorejissor kimi çalışan Elxan Cəfərov son 6-7 ildə demək olar ki, uşaq filmlərinin çəkilmədiyini bildirdi: “Uşaq filmləri çəkmək adi kino çəkməkdən bir qədər çətindir. Bu, təkcə uşaqların oyunu ilə bağlı deyil, həmçinin istehsalat problemləri var. “Azərbaycanfilm” kimi müstəqil addımlarımızı hələ yeni atırıq. Bizim zəngin kino ənənələrimiz var və o ənənələrin üzərində müəyyən bir nəsil yetişib və proses davam edir. Bu gün Hollivudun yüksək texnologiyası ilə istehsal olunan filmlərdən sonra uşağın “Sehirli xalat” kimi filmlərimizə baxmaq ehtiyacı yaranır. Son 10 il ərzində uşaqların “Sehirli xalat”, “Bir qalanın sirri”, “Şir evdən getdi” kimi filmlərə marağı itməyib. İnanıram ki, gələcəkdə bizdə uşaq filmləri istehsalı genişlənəcək”.
Rejissor hesab edir ki, uşaqlar üçün çəkilən filmlər nəinki bu günlə, tarixi keçmişimizlə bağlı olmalıdır. Belə ki, onlar hər hansı bir qəhrəmanımız və ya tariximiz haqqında təkcə kitablardan oxumamalı, həmin hadisələri, qəhrəmanların həyatını ekrandan da görməlidirlər: “Biz bu gün onların düşüncəsində azərbaycanlı obrazını, Azərbaycan tarixini canlandırmalıyıq”.
Rejissor bu gün telekanallarda yayımlanan teleserialların uşaqların tərbiyəsində böyük rol oynamadığı fikrindədir: “Teleseriallar daha çox evdar qadınların başlarını qatmaq üçündür. Uşaqlar da evdə valideynlərinə baxıb belə seriallara baxırlar. Ancaq bizə sırf uşaq psixologiyasına, gəncliyə ünvanlanan filmlərin çəkilməsi vacibdir. Həm də çox vacibdir ki, bu gün istehsal etdiyimiz filmlər Hollivud texnologiyası ilə rəqabət apara biləcək səviyyədə olsun. Uşaq çətinliyi, onların cəmiyyətdəki rolu haqqında danışdıqda onu uşaq çərçivəsinə salmaq lazımdır”.
Rejissor hesab edir ki, uşaq filmlərinin azlığı və ya çəkilməməsi təkcə bizim ölkəmizdə deyil, bütün keçmiş postsovet məkanında problem olaraq qalır: “Uşaqlar üçün film çəkmək çox çətindir. Onu bilirəm ki, yaxın gələcəkdə uşaqlarımıza elə uşaq filmləri çəkmək imkanımız olacaq ki, onlar: “Bu, Azərbaycan kinosudur, maraqsızdır”- deməyəcəklər. Onlar Hollivud filmlərindən və ya “Harri Potter” kimi filmlərdən daha çox öz filmlərimizə baxacaqlar. Bu gün kinematoqrafiya təkcə ideologiya deyil, həmçinin biznesdir. Biz öz yolumuzu müəyyənləşdirməli və vətənpərvərə çevrilməliyik. Vətənpərvər kimi yetişməyimizdə kinonun böyük rolu var”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər