• cümə, 29 Mart, 12:37
  • Baku Bakı 14°C

Uşaq dünyasına boylananlar

14.04.16 12:34 6591
Uşaq dünyasına boylananlar
Azərbaycanda uşaqların inkişafı və maariflənməsində uşaq mətbuatının xüsusi rolu var. Elə Azərbaycan uşaq nəsrinin təşəkkülü də uşaq mətbuatının yaranması ilə əlaqədardır. Bu sahənin uşaqların dünyagörüşünün artmasında və onların tərbiyəsində rolu danılmazdır.
Hazırda ölkəmizdə “Göyərçin”, “Elli”, “Bala dili”, “Yuva”, “Göy qurşağı”, “Sehrli dünya”, “Yemlik”, “Dəcəl balam” kimi uşaq jurnalları işıq üzü görür. Ancaq bu jurnalları əldə etmək bir qədər çətinləşib. Köşklərdə tapmaqda çətinlik çəkdiyimiz jurnalları yalnız abunə yazılmaqla ala bilərik. Jurnalların əldə edilməsindəki çətinliklərlə yanaşı, bu gün uşaqların da bu sahəyə maraqları azalıb. Yüksək texnoloji inkişaf uşaqların diqqətini də başqa istiqamətə yönəldib.
Bəs bu gün çap olunan uşaq jurnallarına tələbat hansı səviyyədədir?
“Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova bizimlə söhbətində bildirdi ki, uşaq mətbuatında əsas problem yayım şirkətlərində, köşklərdə uşaq jurnallarının satışının mümkünsüz olmasıdır: “Bu gün elə bir şərait yaranıb ki, uşaq jurnallarının köşklərdə satılması çətinləşib. Uzun müddətdir ki, bu sahədə çalışıram. Bu sahədə işlərimiz çox axsayır. Nəinki axsayır, həm də çapdan çıxan jurnallarımız uşaqlara gedib çatmır. Bir çox valideynlərimiz şikayət edirlər ki, biz jurnalları əldə edə bilmirik. Mən də onlara bildirirəm ki, jurnallarımızı yalnız abunə yazılmaqla ala bilərsiniz. Jurnallar köşklərdə olmalıdır ki, uşaqlar onu görsün, həvəsə gəlib, valideyinlərinə aldırıb oxusunlar. Əgər xoşlarına gəlirsə, ona abunə yazılmalıdırlar”.
G.İbrahimova jurnalın maraqlı olması üçün əllərindən gələni etdiklərini qeyd edir: “Jurnalda şəkillərə daha çox diqqət edirik. Çünki uşaqlar jurnallara şəkillərinə və oradakı hekayələrə görə baxırlar. Burada digər əsas məqam isə odur ki, orada yer alan nağıllar yeni olsun, uşaqlar onu oxuyandan sonra jurnalın növbəti sayını həvəslə gözləsinlər. Jurnal o qədər maraqlı olmalıdır ki, uşaq ikinci dəfə həmin jurnaldan istəsin. Biz indiyə qədər təkrar istifadə olunmuş materialı yenidən çapa verməmişik. Hər zaman çalışmışıq ki, yeni, maraqlı hekayələr yazaq. Heç bir yerdə olmayan yumorlar axtarırıq. Uşaqlar yumoru, satirik hekayələri daha çox sevirlər. Çalışırıq ki, əyləncəli üsullarla uşaqlara nəsə öyrədək. İstəyirik ki, uşaqlar jurnallara dərs vəsaiti kimi baxmasınlar. Hər dəfə oxuyanda ondan nəsə öyrənsinlər. Uşaqların beyinlərini inkişaf etdirən tapşırıqlara daha çox üstünlük veririk. Bundan əlavə, tariximizə, rayonlarımızın qədim adlarına önəm veririk”.
Gülzar nənə kimi tanınan müsahibimiz uşaq yazarları cəhətdən də xeyli qıtlıq çəkdiyini deyir: “Satış müəssisələrinə jurnalları veririk, bəzən də onlardan pulu ala bilmirik. Yazını yazırıq, onu oxucuya çatdırana qədər çox əziyyət çəkirik. Hamı bizə “can-can” deyir, amma heç kəs kömək etmək istəmir”.
Müsahibimizin sözlərinə görə, onları yaşadan uşaqların sevgisidir. “Sehrli dünya” jurnalının kifayət qədər oxucularının olduğunu deyən G.İbrahimova deyir ki, uşaqların sevgisi onların enerji mənbəyidir: “Özümüz öz başımızı saxlayırıq. Bizə bir az Mədəniyyət və Turizm Nazirliyi kömək edir. Müxtəlif məktəblərdə görüşlərimiz olur. Bizim əksər valideynlər uşaq jurnallarını çox xoşlasalar da, mağazaları gəzir, bəzən lazımsız ədəbiyyat kitabları alırlar. Bu da onlara pis təsir edir. İndi o qədər maraqsız uşaq kitabları var ki, valideynlər də kitab axtarmaqda həvəsdən düşüblər. Bizim jurnallar köşklərdə olmadıqca uşaqlarımızın jurnal oxumaq istəyinə maneçilik heç zaman aradan götürülməyəcək”.
Şairə-yazıçı Rəfiqə Məmmədovanın uşaqlar üçün nəzərdə tutulan 11 kitabı çapdan çıxıb. O, çoxsaylı uşaq şeirləri və hekayələrin müəllifidir. Rəfiqə xanım qəzetimizə müsahibəsində bildirdi ki, artıq uşaqlar haqqında roman yazmağa başlayıb: “Uşaqlar üçün o qədər şeirlər, hekayələr yazmışam ki. İndi roman yazmağa başlamışam. Zamanında daha çox gənclər və yaşlı nəslin nümayəndələri üçün yazırdım. Uşaqları o qədər çox sevirəm ki, sonra səmtimi dəyişdim. Uşaq mövzuları mənim üçün daha maraqlıdır”.
İndiki oxucuların sayının azlığından şikayətlənən müsahibimiz hesab edir ki, uşaq jurnallarını sevə-sevə oxuyanlar da az deyil: “Sovet dövründə “Pioner” qəzetində, “Günəş” jurnalında yazılarım olub. İndi isə valideynlər jurnallara abunə yazılmırlar. Uşaq yazıçılarının əksəriyyətini tanıyıram. Düşünürəm ki, bizim uşaq yazarlarımız dünya üzrə tanınmış uşaq yazıçılarından da yaxşı yazırlar”.
Rəfiqə xanım hesab edir ki, heç bir texnologiya kitabın və jurnalın yerini doldura bilməz: “Jurnal oxumağın ayrı yeri var. Jurnalı vərəqlədikcə onun o xışıltısını, səsini, iyini heç bir texnologiya əvəz edə bilməz. Uşaqlar şəkilli kitabları görəndə ona çox həvəslə yanaşırlar. Hər şey valideyndən asılıdır. Valideyn özü jurnalı, kitabı sevirsə, onu övladına da sevdirməyi bacarır. Uşaq valideynlərdə nə görürsə, onu da öyrənir. Ancaq bu gün danılmaz faktdır ki, uşaqlar həyatı dərk etməyə başlayandan internetdən, planşetlərdən istifadə etməyə başlayırlar. Zəmanə də öz sözünü deyir. Bu günün uşaqları daha çox internetə üstünlük verirlər”.
Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev isə bildirdi ki, çap mediasına hər zaman tələbat olub və olacaq da: “Virtual məkanda olan imkanlar bəzi məsələləri üstələyir. Uşaqlar üçün jurnalın üzərində yazmaq, cızmaq, yazandan sonra pozub yenidən yazmaq cəhətdən jurnallar uşaqların daha çox marağındadır. Uşaq jurnalları övladlarımızın dünyagörüşünün, məntiqinin inkişafına daha çox kömək edir. Yeni texnologiyaların inkişaf edib-etməməsindən asılı olmayaraq, bu istiqamətdə xüsusi bir proqram olmalıdır. 15-20 il bundan əvvəl bağçaların çoxu sıradan çıxmışdı. Bu gün isə cəmiyyətimiz üçün ən vacib olan tərbiyə ocaqlarından biri də bağçalardır. Uşaqların tərbiyəsində də bu bağçaların böyük rolu var. Jurnallar da onun kimi. Bu, gələcək nəslin yetişməsində önəmli, vacib bir məsələdir. Uşaq jurnallarına hər zaman zərurət var”.
Müsahibimiz deyir ki, çap mediasının tirajının azalması səbəbindən dünyanın ən qocaman nəşrləri bu gün bağlanmaq təhlükəsi ilə üz-üzədir. Lakin bu o demək deyil ki, çap mediası yox olacaq: “Uşaqların internetə meyl etməsi halları çoxalıb. Bu həm də zövq məsələsidir. Bir valideyn olaraq uşaqların kiçik yaşlarından planşet, internet aludəçisi olmalarının əleyhinəyəm. Hər şey zamanla, mərhələ-mərhələ olmalıdır. İnternetin də, jurnalların da uşaqlara nə verəcəyini açıq şəkildə görürük. Biz özümüz də uşaqlar üçün müxtəlif nəşrlərlə onların inkişafına dəstək verməliyik”.
U.Mirzəyev deyir ki, vaxtilə müxtəlif uşaq jurnalları var idi ki, onlar böyük tirajla nəşr olunurdu. Həmin jurnallarda tanınmış imzalar görünürdü: “Bu gün də uşaq şeirləri yazan yazarlarımız az deyil. Nəşr olunan jurnallar təşkilatçı tərəfindən vəsait tələb edir. Onun kağız, mətbəə xərci və digər xərcləri var. Onun yayılması üçün böyük mexanizmdən istifadə olunur. Bu sistemin bərpa olunmasında bəlkə də dövlət dəstəyinə ehtiyac var”.
“Dəcəl balam” Ailə və Uşaq İnkişaf Mərkəzi, “Dəcəl balam” ailə və uşaq jurnalının təsisçi direktoru Dilşad Musa deyir ki, onlar 5 ilə yaxındır ki, uşaqlarla bağlı müxtəlif layihələr- uşaq şənlikləri, fotomüsabiqələr, dil kursları, dərnəklər, gəzintilər, teatr günləri və s. həyata keçirirlər: “Valideynlər uşaqların həm əyləncəsi, həm təhsili, həm də inkişafı üçün çox həvəs göstərirlər. Gələcəkdə uşağını uğurlu övlad görmək istəyən hər bir valideyn onun hərtərəfli inkişafı üçün çalışır və daima axtarışdadır. Təbii ki, mən də bir ana kimi öz övladıma arzuladığım, onun üçün etmək, görmək istədiyim bütün layihələri reallaşdırıram. Həm valideynə, həm də uşağa yararlı olacaq jurnal sahəsində də boşluğu görüb, 2 il bundan əvvəl uşaqları, gəncləri, valideynləri maarifləndirmək, intellektlərini inkişaf etdirmək məqsədilə onlara məxsus, özlərini görə biləcək, sözlərini deyə biləcək “ Dəcəl balam” ailə və uşaq jurnalını dərc etmək qərarına gəldik. Və bu, çox uğurla qarşılandı. Valideynlərin jurnala bu qədər maraq göstərəcəyini düşünməmişdim”.
“Dəcəl balam” jurnalında yalnız uşaqların deyil, hətta valideynlərin də çox maraqla oxuyacağı məlumatların yer aldığını deyən müsahibimiz qeyd edir ki, jurnal ailə, uşaq, səhhət, səyahət, dəb, psixologiya, hüquqi məsləhətlər, özəl günlər, nağıllar, rəngləmələr və s. mövzuları əhatə edir. Ən əsası da bütün mövzu və məqalələr öyrədici, maarifləndirici xarakter daşıyır: “Balaca, dəcəl balalarımızın şəkilləri dərc olunan jurnal onlar üçün həm də bir xatirəyə çevrilir”.
Jurnalın təsisçisi bildirir ki, bütün problemlərə qalib gəlməyə çalışırlar: “Oxucu kütləsi var, sevənlər də var. Bəzi maddi çətinliklər olur ki, işlər ona görə ləngiyir. Jurnal çapı üçün müəyyən vəsait tələb olunur. Çəkilən xərci jurnalın qiymətinə əlavə etsək, o zaman alıcı kütləsi azalır. Hər ailə jurnalı alıb oxumaq istəyir, amma hər ailənin də sosial durumu buna imkan vermir. Bütün uşaqların, bütün ailələrin bizim jurnalı oxuması üçün çıxış yolu axtarırıq. Ümid edirik ki, bunun da hər iki tərəfə uyğun bir həll yolu olacaq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər