• çərşənbə axşamı, 19 mart, 09:52
  • Baku Bakı 8°C

“Uşaq cəmiyyətdə böyüyür” - Mənim balam

18.11.17 11:01 9778
“Uşaq cəmiyyətdə böyüyür” - Mənim balam
Övlad Tanrı tərəfindən valideynlərə göndərilən bir nemət, paydır. Tanrının göndərdiyi bu varlığı yetişdirmək, onu sabaha hazırlamaq isə valideynlərin öhdəsinə düşür. "Uşaq evin güzgüsüdür” deyirlər. Bu məsəllə bəzi müsahiblərim razılaşsa da, bir çoxları etiraz edir. "Mənim balam” rubrikamızın bugünkü qonağı isə məsələlərə tamam başqa aspektdən yanaşır.

Qonağımız tanınmış astroloq, "Qoroskop”qəzetinin baş redaktoru Səbuhi Rəhimlidir. Onunla gözünün ağı-qarası, bircə övladı olan Nuray haqqında danışdıq. Astroloq deyir ki, övladın tərbiyəsində valideynlərin yalnız 30 faiz rolu var, digər xüsusiyyətlərinin formalaşmasında isə düşdüyü cəmiyyət rol oynayır.

- Səbuhi müəllim, övladınızı tərbiyə edərkən hansı üsullardan faydalanırsınız? Dədə-baba üsuluna üstünlük verirsiniz, yoxsa sizin öz qaydalarınız var?
- Əslində bu sualın özü ilə çox da razı deyiləm. Hər bir fərd individualdır, fərdi xüsusiyyətlərə malikdir. Misal üçün, mənim valideynlərim müəllim olub və biz ailədə yeddi uşaq olmuşuq. Bizim hamımıza ayrı-ayrı yol göstərməyiblər. Həyatda gördüyümüz, bildiyimiz, bizə dedikləri, sadəcə bu olub ki, "oxuyun”, "dalaşmayın”, "özünüzü yaxşı aparın”. Amma dünya dəyişir, dünya dəyişdikcə insanlar da dəyişir. İşimlə əlaqədar olaraq insanlarla işləyirəm. İnsanların problemini həll etmək üçün özümü onların yerinə qoymalıyam. Yoxsa mən tək Səbuhi «pəncərə»sindən məsələyə baxsam, təbii ki, bu problemləri həll etmək çətin olar. İstənilən məsələyə insanların öz baxış bucağı var. Hər zamanın öz kriteriyaları, tələbləri var. Övlad böyüdərkən təbii ki, bunların hamısını nəzərə almaq lazımdır. "Dədə-baba qaydası” deyilən bir mexanizm yoxdur. Əgər mən bir valideyn kimi nə vaxtsa nədənsə sarsıntı keçirmişəmsə və yaxud da hər hansı problem yaşamışamsa, ilk növbədə öz qorxduqlarımdan övladımı çəkindirəcəm. Amma ola bilər ki, uşaq o hadisə ilə heç vaxt rastlaşmasın. Nuray ailəmizə toyumuzdan 6 il sonra daxil olub. Ancaq bu o demək deyil ki, həyatımıza gec daxil olduğu üçün biz onu ərköyün böyütməliyik. Bu gün onu ifrat tələbkarlıqdan uzaqlaşdırmışıq, müasir gənclərin, yeniyetmələrin valideyn büdcəsini nəzərə almadan tələbetmə mexanizmini dayandırmışıq. Normal səviyyədə qorumağa çalışmışıq. İndi ideal uşaq yetişdirmək çətindir. Düzdür, cəmiyyətin özü də insanı yetişdirir.
Bu gün uşaqlar asudə zamanlarını keçirmək üçün kanallarda baxmağa bir veriliş tapa bilmirlər. Bizim dövrümüzdə humanist, tərbiyəvi əhəmiyyətli cizgi filmləri verirdilər. İndiki uşaqların baxdığı cizgi filmlərində ancaq döyüş, aldatmaq kimi hadisələr əks olunur. Bu kimi hadisələr istər-istəməz uşağın düşüncəsinə də təsir edir. Düşünürəm ki, uşaqların bu tipdə böyüməsinə başlıca səbəb uşaq telekanalının olmamasıdır. Uşaq verilişləri də ancaq nağıl danışmaq, yaxud da cizgi filmi göstərməkdən ibarət deyil. Bizdə uşaq psixoloqları demək olar ki, yox kimidir. İnkişaf etmiş ölkələrdə ən çox uşaq televiziyalarına üstünlük verirlər.

- Yəni deyirsiniz ki, valideynin övladın tərbiyəsində rolu azdır?
- Demirəm təsirsizdir. Valideyn uşağa 30 faizdən artıq təsir qüvvəsi ola bilməz. Qalanını isə insan mühitdə öyrənir. Gündəlik həyatda da görürük ki, bir ailədə böyüyən iki qardaş-bacının gələcəkdə hərəsi bir yolun yolçusu olur. Deməli ətraf mühit, cəmiyyətdə aparılan təbliğat onlara birbaşa təsir edir. Uşaq günün çoxunu məktəbdə keçirir. Orada gördükləri də birbaşa olaraq ona təsir edir. Danılmaz faktdır ki, bu gün məktəblərdə müəllimlərin əksəriyyəti qadınlardan ibarətdir. Hətta son vaxtlar idman, hərbi dərsləri belə, qadın müəllimələrə həvalə edirlər. Oğlan uşaqları kişi cinsi ilə ünsiyyətdə olmalıdır. Bir neçə dəfə şahidi olmuşam ki, uşaqlar məktəblərdə kişi müəllimdən imtina edib qadın müəllim istəyiblər. Bu, faciədir. Qadın psixologiyası, qadın davranışı başqadır. Heç olmasa, arada uşaqlar zəhmli kişi cinsinin energetikasını da götürməlidirlər. Onsuz da indiki dövrdə atalar işdə olur. Axşam övladını görməyə güclə vaxt tapırlar. Belə olan halda, tərbiyəvi ünsiyyət arxa plana keçir. Uşaq isə evdə ananı, məktəbdə qadın müəlliməni görür.


- Bəzən gün valideynlər övladlarını tərbiyə etmək adı ilə şiddət göstərirlər. Sizcə, döymək tərbiyə üsuludurmu?
- Bəzi məqamlarda razıyam, o da baxır adama. Misal üçün, "Böyük dayaq” filmində Rüstəm kişi oğluna bir sillə vurur. O sillədən sonra oğlu sanki ayılır. Demirəm ki, döymək mütləqdir. Döymək xilas metodu deyil. Hətta şiddət bəzi uşaqlarda kin yaradır və bu, onların hafizələrindən asan silinmir. Mən bir tələbə qız tanıyıram. Atası ömründə bir dəfə ona sillə vurub. Ancaq o, 4 ildir ki, atasını danışdırmır. Çünki bu çox həssas bir məqamdır. Uşaqla valideyn arasında uçurum yaranarsa, övlad bədbəxt olar. Valideynlər mümkün qədər səbrini basmalı, övlada şiddət tətbiq etməməlidirlər.

- Deyirlər, qız ataya daha çox bağlı olur. Bəs sizdə necədir?
- Bu da fərqli bir şeydir. Uşaq dünyaya göz açanda, başının üzərində valideynlərini görür. Uşağın qəlbi sevgi ilə dolmalıdır. Maddi təminat da olsa, daha yaxşı, olmasa da onun qəlbini sevindirməyin bir yolunu tapmalıdır. Hər bir valideyn istəyər ki, övladına bahalı, keyfiyyətli məhsul alsın. Misal üçün, 50 manatlıq çantaya gücü çatmır, 20 manatlığını alır. Ancaq onu elə gözəl təqdim edir ki, uşaq onu görəndə sevinir. Mən belə edirəm. Qızıma fərqli bir çanta almışam və deyirəm ki, bunu Kanadadan dostlarım göndərib. Uşaqlara dünyanın gözəl olmağını təqdim etmək lazımdır. Heç zaman icazə verməmişəm ki, kimsə övladımın yanında ölkəmiz və millətimiz haqqında mənfi rəy formalaşdırsın. Tam ifrat yalan da olmaz. Amma uşağın içindəki o sevgini öldürmək olmaz.

- Nurayla dostsunuz?
- Əlbəttə ki, dostuq. Anası ilə daha yaxındır. O, sirlərini bizimlə bölüşür, məsləhət alır. Uşaq vaxtı çox az suallar verirdi, indi isə daha çox suallar verir. Bəzən elə suallar verir ki, o sualların qarşısında aciz qalıram. Çalışıram nə yolla olursa-olsun, suala cavab tapım – tapa-tapa özüm də öyrənirəm. Uşaq dünyaya göz açanda ilk sualının cavabını valideynlərindən alır. Düşünür ki, valideynlər hər şeyi bilir və hər şeyi doğru deyirlər. Çünki alternativ variant görmürlər. Mən də çalışıram ki, ona hər şeyi olduğu kimi göstərim.

- Nurayın sosial şəbəkə ilə münasibəti necədir? Siz onun sosial həyatına müdaxilə edirsinizmi?
- Mən Nuraya müstəqillik vermişəm. Onun yalnız "İnstagram” səhifəsi var. Dostluğunda ailə üzvləri, yaxın dostları var. Bilir ki, axşam saat 9-dan sonra telefondan istifadə etmək olmaz. Whatsapp-dan da çox istifadə etməyə icazə vermirik, çünki dərsləri ilə məşğul olmalıdır. Boş zamanımızda filmlərə baxırıq, onun baxdığı filmlərə də nəzarət edirəm. "Bozbaş” mahiyyətli filmləri mümkün qədər məhdudlaşdırmağa çalışıram. Onunla birlikdə köhnə Azərbaycan filmlərinə baxırıq. Danılmaz faktdır ki, bu günün uşaqları daha çox Türkiyə filmlərinə baxırlar və bu da onların danışıqlarına təsirsiz ötüşmür. Uşaqlara milliliyi təlqin etmək lazımdır.

- Qızınız hansı bürcdəndir?
- At ilinin Əqrəb bürcüdür.

- Nurayda at ilinin xarakteri özünü büruzə verirmi?
- Təbii ki. Bu mənim sahəmdir. Nuraya öncədən deyirəm ki, sənin bürcündə bu kimi xüsusiyyətlər var, mənfiyə aparan xüsusiyyətlərin bunlardır. Məsələn, aqressiya, hökmranlıq, birincilik iddiası kimi hisslərin ola bilər – onları aradan qaldır. Nuray o qədər də bürc aludəçisi deyil. Heç vaxt gəlib demir ki, mənim dostum, yaxud sinif yoldaşım filan bürcdəndir, mənimki onunla tutmur. Bürc köməkçi vasitədir. Əsas ana xətt isə həyatda olanlardır.
- İki ildən sonra Nuray ali məktəbə sənədlərini verəcək. Onu hansı sahəyə istiqamətləndirəcəksiniz?
- Mən Nuraya sərbəstlik vermişəm. O artıq 3-cü qrupu seçib. Qoy nəyi bacarırsa, onu da oxusun. Hətta ona demişəm ki, oxumasan, yenə də başqa bir sənət taparıq. Ancaq görürük ki, çalışır.

- Bəs, bir ata kimi siz onu hansı ixtisasda görmək istəyirsiniz?
- Mən onu bir ata kimi xoşbəxt görmək istəyirəm. Ancaq qısa deyə bilmərəm ki, onu gələcəkdə filan ixtisasda görmək istəyirəm. Biz ailədə 5 qardaş olmuşuq. Biz kiçik olanda atam hərəmizə bir ixtisas "seçmişdi”. Ancaq onun dediklərinin heç biri olmadı. Hamımız müxtəlif peşələrin sahibi olduq. Mən real insanam. Hadisələrə real yanaşmağı bacarıram. Romantikaya qapılanların xəyal qırıqlığı çox olur. İnsan təki özü öz yolunu seçsin. Belə olanda, o yolun şirini də, acısı da adama təcrübə qazandırır.

Xəyalə Rəis




banner

Oxşar Xəbərlər