• cümə axşamı, 25 aprel, 10:04
  • Baku Bakı 14°C

Uşaq bağçalarında ciddi pozuntular aşkarlanıb

17.12.13 14:09 1568
Uşaq bağçalarında ciddi pozuntular aşkarlanıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran və Masallı şəhərlərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb.
Komitədən APA-ya verilən məlumata görə, Lənkəran şəhəri, S.Vurğun küçəsində yerləşən 1 saylı və Z.Əliyeva küçəsi,24 ünvanında yerləşən 2 saylı körpələr evi-uşaq bağçalarında aparılan araşdırmalar zamanı müəyyən olunub ki, müəssisələrdə məhsulların saxlanması üçün şərait mövcud deyil, müəssisələrin anbarları istifadəyə tamamilə yararsızdır.
Müəssisələrin tibb işçiləri tərəfindən yeməklərin kalorilik, zülal, yağ və karbohidratların miqdarını hesablamalı olduğu halda buna əməl olunmur, həmçinin bişirilən yeməklərdən nümunə götürülmədən uşaqlara verilir, 1 saylı körpələr evi-uşaq bağçasının tibb işçisi ümumiyyətlə yoxdur. Bütün sadalanan faktlar "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın (AZS 747-2013) bəndlərinin tələblərinə ziddir. Belə ki, 1 saylı körpələr evi-uşaq bağçasında istifadə olunan xammalın təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikat və digər sənədlər yoxlamaya təqdim olunmayıb.
Masallı şəhəri, S.Məmmədov küçəsində yerləşən 1 saylı və Füzuli küçəsində yerləşən 2 saylı uşaq bağçalarında aparılan dövlət nəzarəti tədbirləri zamanı müəssisə rəhbərləri dövlət standartı ilə tanış olduqlarını bildirsələr də, yoxlama zamanı mövcud sənədin tələblərinin həyata keçirilmədiyi aşkar olunub.
Araşdırmalar zamanı müəssisələrin anbarlarının köhnə, təmirsiz olduğu, anbarlarda və soyuducularda məhsulların mal qonşuluğuna əməl olunmadığı müşahidə edilib. Bundan başqa hər bir müəssisədə 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalı halda, bu müəssisələrdə gündəlik menyu tərtib olunur, həmçinin tibb işçiləri xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında müvafiq qeydlər aparmır və müayinə üçün nümunə götürmür.
Soyuducularda səhər yeməyindən artıq qalmış qızdırılmış süd temperatur şəraitinə əməl olunmadan açıq şəkildə saxlanılır, südün yağlılıq dərəcəsi 2,5%, 3,2% olmalı olduğu halda, bu bağçalarda verilən südün yağlılıq dərəcəsi 0,5% təşkil edir. Bundan başqa, istifadə olunan xammalın təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müvafiq sertifikat və digər sənədlər yoxlamaya təqdim olunmayıb.
Aşkar olunmuş nöqsanlarla bağlı akt tərtib olunmuş, nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə vaxt verilib.
banner

Oxşar Xəbərlər