AZE | RUS | ENG |

Uşağın tərcümeyi-halı

Uşağın tərcümeyi-halı
Louisa May Alcott

Bu hekayədə balaca Louisanın evdən qaçıb getməsindən bəhs olunur. Şəhər carçısı "Balaca bir qız itib! İtib! Altı yaşında qız itib” deyə şəhərə hay salanda Louisa onun sözlərini eşidib deyir: O məni axtarır!
 
Yetmiş il bundan qabaq, Boston şəhərində balaca bir qız yaşayırdı. Bu qız çox dəcəl idi, onun evdən qaçmaq kimi axmaq bir vərdişi vardı Bir aprel səhərində anası bu balaca Louisa May Alcottun köynəyini düymələyib qurtaran kimi o evdən küçəyə qaçdı.
Balaca Louisa dar dalandan dönüb başqa küçəyə, ordan da başqa küçəyə qaçdı. Çox gözəl hava vardı, o heç hara getdiyinin fərqində deyildi, ayaqları hara, başı da ora! Onun üçün küçədə gəzmək əsl məcara idi. Birdən o küçədə bir dəstə uşağa rast gəldi, onlar dedi ki, toplaşıb böyük zibillikdə oynamağa gedirlər. Onlar Louisadan xahiş etdilər ki, onlara qoşulsun.
Louisa öz-özünə deyirdi ki, bu uşaqlar çox yaxşı oyun yoldaşıdır. Çünki o oynayıb acanda özləri ilə gətirdikləri soyutma kartofdan və quru çörəkdən ona da verdilər. Evdə anası ona soyutma kartof versəydi o heç vaxat yeməzdi, ancaq piknik vaxtı kartofu iştahla yedi.
Louisa zibillikdə oynayıb yorulandan sonra uşaqlarla sağollaşdı, onunla mehriban davrandıqları üçün minnətdarlıq edib başqa küçələrə üz tutdu. O orda bir neçə saat boş-boş gəzdi. Bir də gördü ki, hava qaralır. Həmin anda o evlərinə qayıtmaq istədi.
O, öz gəlinciyini, özünün balaca pişiyini, anasını arzuladı! O, hara baxdısa ona tanış küçə görmədi. Bir yandan da, o çox yorulmuş, möhkəm acmışdı. O gedib bir evin qabağındakı pilləkəndə oturub küçə fanarlarını yandıran adama baxmağa başladı. Unutmayın ki, həmin vaxtlarda Bostonda nə qaz, nə də elektrik vardı. Küçələrdəki dirəklərdə fanar yandırırdılar. Louisa bir evin qabağındakı pilləkəndə oturduğu vaxt bir yekə it qaçıb onun yanına gəldi. İt onun üzünü, saçını yaladı, sonra onun yanında şöngüdü, gözlərini bu balaca qıza zillədi, sanki it düşünürdü: 
"Belə güman edirəm ki, balaca qız, sən istəyirsən ki, kimsə sənin qayğına qalsın, qulluğunda dursun”.
Yazıq Loisa o qədər yorulmuşdu ki, başını divara söykəyib yatdı. İt çox sakit idi, ulamırdı, elə bil balaca qızı oyatmaq istəmirdi.
Bir az keçmişdi ki, şəhərin carçısı gəlib ordan keçdi. O, əlindəki zınqırovu çalır, əlindəki kağıza yazılmış sözləri oxuyurdu. İtmiş bir qızın necə geyindiyini deyirdi. Louisa evdən qaçandan az sonra atası və anası onun evdə olmadığını bilmişdilər. Onlar hər yeri axtarmışdılar. Louisanın gedə biləcəyi hər yerə baş çəkmişdilər, ancaq onu tapa bilməmişdilər. Hava qaralmağa başlayanda onlar daha çox narahat oldular, nəhayət, şəhər carçısına pul verdilər ki, küçələrə düşüb car çəksin.
Louisa carçının səsini eşidən kimi oyandı. Kişi "Balaca qız itib! Balaca qız! Əynində qırmızı don, başında ağ şlyapa, təzə yaşıl ayaqqabı geyib! "Louisa kişinin sözlərini eşidən kimi öz-özünə dedi: Bu, mənəm! Mənəm! O, məni axtarır!
Şəhər carçısı Louisanın qolundan tutub onu birbaşa evlərinə apardı. Heç şübhəsiz, valideynləri onu görəndə çox sevindilər.
Mister və missis Alcott balaca qaçaq qızın evdən qaçmasından bezmişdilər. Hələ Louisanın iki yaşı olanda onlar paroxodla gəzməyə çıxmışdılar. Qəflətən balaca Louisa valideynlərinin gözündən yayınıb aradan çıxmış, gedib paroxodun mühərriki yerləşən kiçik kayuta girmişdi. Onun üst-başı çirk idi, bir az gec duyuq düşsəydilər fəlakət də baş verə bilərdi.
Louisa son dəfə evdən qaçıb gedəndən sonra valideynləri çox qorxuya düşdülər. Onun evdən qaça bilməməsi üçün onu bütün günü divanın ayağına bağladılar.
Louisa, əslində, çox yaxşı uşaq idi, evdən qaçmaq kimi vərdişi olmasaydı. O, başa düşürdü ki, evdən qaçmaqla valideynlərini çox incidir, anası ona görə çox narahat olur. O, öz anasını çox sevirdi, ona görə də divana bağlandığı həmin gün özünə söz verdi ki, bir daha anasını incitməyəcək. O evdən qaçmaq vərdişini tərgidəcək!
O gündən başlayaraq o evdən qaçmaq istəyəndə tez gedib öz otağına girir, qapını da içəridən bağlayırdı. Beynindən axmaq fikirləri qovmaq üçü o gözlərini yumur və özündən hekayələr uydururdu. Louisa görəndə ki, uydurduğu hekayə yaxşıdır, qələm götürüb onları yazırdı ki, o hekayəni unutmasın. Günlər keçdikcə o çoxlu hekayələr yazdı. 
Louisanın tez-tez öz otağına girib qapını bağlaması anasını çox təəccübləndirmişdi. Biləndə ki, qızı evdən qaçmaq əvəzinə daha evə qapılıb qalır, anası çox məmnun oldu.
Aradan uzun müddət keçəndən sonra Louisa yazdığı hekayələri və şeirləri anasına göstərdi. Anası onun yazdıqlarını oxuyub razı qaldı, ona məsləhət gördü ki, yazmağa davam etsin. Louisa anasının məsləhətinə əməl edib və Amerikanın ən yaxşı yazıçılarından biri oldu. 
Louisa çoxlu kitab yazdı, onun ən məşhur romanı "Balaca kişilər və balaca qadınlar” romanıdır.
İlk vaxtlar yazdıqları üçün Louisaya az pul verirdilər. Onun valideynləri çox kasıb idi, buna görə də Louisa başqa işlə də məşğul olurdu, gah paltar tikir, gah balaca uşaqlara dərs keçirdi. Həmişə də üzündəki təbəssümlə onu sevənlərə rahatlıq bəxş edirdi.
Vətəndaş müharibəsi başlayanda o da vətəni üçün çox narahat idi, gedib xəstəxanalardan birində tibb bacısı işlədi. Louisa o qədər çox işlədi ki, sonda özü də xəstələndi, atası gedib onu evlərinə gətirdi. Louisanın kitablarından biri onun xəstəxanadakı həyatına aiddir. O xəstəxanadan evlərinə qayıdandan sonra onun kitabları daha çox satılmağa başladı. Həyatı boytu ilk dəfə çoxlu pul gördü.
 İndi Alcott ailəsinin ən yaxşı ərzaq almağa, bahalı paltar almağa çoxlu pulu vardı! Onların səyahət etməyə kifayət qədər pulu vardı. Ancaq o səyahət etməkdənsə kitablar yazmağı sevirdi. 
Nəhayət, yalnız 50 yaında o başqa ölkələrə getmək istədi, 6 yaşı olanda yaşıl ayaqqabısını geyinib evdən qaçıb getdiyi kimi, bu dəfə də evdən çıxıb başqa ölkələrə səyahət etdi.
 
İngilis dilindən tərcümə edən: Sevil Gültən

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN