• çərşənbə axşamı, 19 mart, 10:54
  • Baku Bakı 8°C

Uşağı sevməyən insan müəllim ola bilməz- Örnək

12.10.18 14:32 3504
Uşağı sevməyən insan müəllim ola bilməz- Örnək
Sənətini sevir. Deyir ki, müəllim - insanların inandığı, ən dəyərli varlıqları olan uşaqlarını etibar etdiyi şəxsiyyətdir. Belə müqəddəs sənəti sevmədən, diplom xatirinə, yaxud pul qazanmaq üçün oxuyanlar karyeralarına müəllimliklə davam etməməlidirlər. Çünki müəllimlik fədakarlıqdır, müəllim atadır, anadır... Ən əsası, gələcəyə işıq tutan şəxsdir. Bunları anlamayan müəllim ola bilməz.

"Bu uşaq "manyak”dır”

"Örnək” rubrikamızın qonağı Bakıda rahat, özünün də dediyi kimi, gəlirli işindən imtina edib, ucqar kəndə elm öyrətməyə gedən Elçin Maqsudovdur. Elçin Tərtər rayonunun Təzəkənd ümumi orta məktəbində fransız dili müəllimidir. Həmsöhbətimiz özü də kənd məktəbində oxuduğu üçün ucqar yerdə məktəbə getməyin çətinliklərini dərk edir: "Göyçay rayonunun Hacalıkənd kəndində anadan olmuşam. Elə kənd məktəbində də təhsil aldım. Maddi imkanımız yaxşı deyildi. Ona görə də çətinliklə oxuyurduq. Düzdür, kənd yerində bəzi ailələrdə imkanın yoxdursa, təhsilə o qədər önəm vermirlər. Bizdə belə deyildi. İki qardaşıq. Anamın ali təhsili yoxdur, amma bizlə çox maraqlanırdı. Qardaşımın dərsə marağı yox idi. Mən isə bir gün də məktəbə gecikmirdim. Hər gün "5”-lərimi sayır, qaib almamağı qarşıma məqsəd qoyurdum. İlin sonuna qədər bir dəfə belə qaibim olmurdu. Hamı mənə deyirdi ki, bu uşaq "manyak”dır. Amma sonda nə isə olacaq”.

"Yolumuz palçıq idi...”

Elçin deyir ki, məktəb kənddən kənarda yerləşdiyi üçün hər gün uzunboğaz çəkməylə gedirmiş: "Yolumuz palçıq idi. Kanalın üzərindən keçdikdən sonra ayaqqabılarımızı yuyub, məktəbə gedirdik. Atam fəhlə idi. Qardaşımla ona kömək edirdik. 11-ci sinifdə dedim ki, mən ali təhsil almalıyam. Hazırlığa göndərmək istədilər, razılaşmadım ki, əlavə xərcdir. Əslində qorxurdum ki, qəbul olmaram, valideynlərimin zəhməti yerə düşər. Son 4 ay hazırlaşdım və Azərbaycan Dillər Universitetinə qəbul oldum. Universitetdən sonra demək olar ki, bütün həyatım dəyişdi. Əgər kənd yerində məqsədin varsa, insana birinci növbədə valideyn dəstək olmalı, inanmalıdır. Maddi imkanın olmaya bilər, amma mənəvi cəhətdən övlada dəstək olmaq lazımdır”.

"Kənd məktəbində müəllimə hörmət edirlər”


Həmsöhbətimiz deyir ki, uşaqlarla işləməkdən, onları öyrətməkdən mənəvi zövq alır: "Uşaqlıqdan tərcüməçi olmaq istəyirdim. Azərbaycan Dillər Universitetinə sənədlərimi verdim. Tərcüməyə balım çatmadı və müəllimliyə düşdüm. Tələbəlik illərində də aktiv olmuşam. Tələbə olarkən Gənclər və İdman Nazirliyində könüllü kimi işləyirdim. Universiteti bitirəndən sonra oteldə işləməyə başladım. Oteldə yüksək maaş alırdım, amma gördüm ki, bu mənim sahəm deyil. İmtahan verərək müəllim kimi işləməyə başladım. Uşaqlarla işləmək insana mənəvi zövq verir. Təkcə maddi tərəflə iş bitmir. Pul qazanmaqdan əlavə, sənəti sevmək lazımdır”.
Müsahibimizin sözlərinə görə, kənd məktəbində şagirdlər müəllimə daha çox hörmət edir, dəyər verirlər: "İlk dəfə məktəbə gələndə çox sevindim. Çünki direktorumuz gəncləri sevir və dəstəkləyirdi. Şagirdlərin bizə olan diqqəti çox böyükdür. Hər yerdə müzakirə edir, bütün kənd gənc müəllimdən danışırdı. O qədər hörmət edirlər ki, müəllimə... Mən gələn il valideynlər qərar veribmişlər ki, fransız dilini məktəbdən kənarlaşdırsınlar və bu dil tədris olunmasın. Amma mən gələndən sonra hamı istəyirdi ki, fransız dili qalsın, Elçin müəllim uşaqlara dərs desin. Beləcə davam edirik...”

"Müəllim olmayan bu hissin gözəlliyini dərk etməz”


Son vaxtlar müəllimlik sənətində qadınların çoxluq təşkil etməsi ilə bağlı narahatlıq doğuran fikirlər eşidilir. Hətta müəllimik sənəti ailələrdə qadın işi kimi ailələrdə təqdim olunur. Elçin müəllim deyir ki, müəllimliyin qadın sənəti olduğu fikirlərini çox eşidib: "Hətta qohumlarımın belə "müəllimlik qadın sənətidir”, "kişilər başqa işlərlə məşğul olmalıdır”, "gəlirli sahə deyil” kimi fikirlərini çox eşitmişəm. İstər müəllimlik olsun, istərsə də başqa peşələr, əgər gördüyün işdə ilk olaraq maddi tərəfi güdürsənsə, heç nə əldə edə bilməyəcəksən. İşləyən insanın ruzisini Allah verir. Maddi tərəfdən əvvəl öz işini, şagirdlərlə danışığı, rəftarı sevməlisən. Uşağı sevməyən insan müəllim ola bilməz. Kişi müəllimlərin isə bu sahədə əhəmiyyəti böyükdür. Uşaqlarda belə bir xarakter var. Onlar müəllimə bənzəməyə çalışırlar. Xüsusilə oğlan uşaqları. Sənin hər bir hərəkətini, gülüşünü, üzündə olan jest-mimikalarını təkrarlayırlar. Mən uşaqları izləyirəm, görürəm ki, bəzən mənim kimi gəzir, yaxud digər həmkarlarımı təqlid edirlər. Ona görə məktəblərdə kişi müəllimlərə böyük ehtiyac var. Bu çox vacib məsələdir. Oğlan uşaqlarımız kişi xarakterli olmalıdır. Ona görə burada təkcə pulu düşünmək lazım deyil. Savadın varsa, pulunu hər sahədə qazana bilərsən. Kitab çap edə, kurs aça bilərsən. Müəllim olmaq istəyirsənsə, pulu güdməyin əhəmiyyəti yoxdur. Mən uşaqları sevirəm. 15 sentyabrda uşaqlar öz doğmalarını görürmüş kimi qucağıma qaçıb görüşürlər. İl sonunda şəkil çəkdirirlər. Müəllim olmayan bu hissin gözəlliyini dərk etməz”.

"Valideyn dərsi öyrənib gəlmişdi”

Həmsöhbətimiz deyir ki, kənd məktəbinin uşaqları fransız dilini çox sevirlər: "Fransız dilini uşaqlar maraqla qarşılayır. Tərtərdə bu dil cəmi 3 məktəbdə keçirilir. Hətta biz şəhərdə elan verdik və pulsuz danışıq klubları keçirdik. Tərtərin hər yerindən insanlar axışırdı. Fransızca danışırdım, başa düşməsələr də, diqqətlə qulaq asırdılar. Uşaqlar əvvəllər fransız dilini sevmir, "müəllim, bunlar "ğğğ” edir” deyirdilər. Mahnılarla, kinolarla bu dili öyrətdim”.
Müəllim kənd məktəbində başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: "Birinci sinifdə uşaqlar əlifbanı bilmirlər və onlara fransız dilini öyrətmək çox çətindir. Onlarda ancaq dinləmə və danışmaq bacarığını formalaşdırırıq. Mən də dəftər tutub özüm yazıram və valideynlərin köməyi ilə dərsləri öyrədirik. Sonra izah edirəm ki, evdə də valideynləri öyrətsin. Bir gün uşağa dedim ki, anana de, sənə dərsi öyrənmək üçün kömək etsin, hazırlıqlı gəl. Uşaq səhv başa düşüb və anasına deyib ki, müəllim deyir dərsi öyrən, sabah gəl. Səhər anası məktəbə gəldi. Nə üçün gəldiyini soruşdum. "Fatimə dedi ki, müəllim deyir, anan dərsi öyrənsin. Mən də öyrənib gəlmişəm” dedi. İzah etdim ki, dərsi uşağa öyrədin. Belə hadisələr tez-tez olur”.

"Xoşbəxtlik uşaqların öz əllərindədir”

Müəllim deyir ki, kənd məktəbində təhsilə maraq həddindən artıq çoxdur. Digər ucqar kəndlərlə müqayisədə məhz bu kənddə qızların təhsilinə xüsusi fikir verilir: "Kiçik bir kənddir - 50-60 yaşı var. 2-3 prezident təqaüdçüsü var. Özü də qızlardır. Cənub bölgəsində bizim dostlar var, danışırıq. Məlum olur ki, orada qızlar məktəbə gəlmir. Burada elə vəziyyət yoxdur. Qızları ilk növbədə oxutmaq lazımdır. Savadlı ana savadlı gələcək deməkdir. Bir cəmiyyətin əsasını qadınlar qoyur. Uşağı əsasən ana tərbiyə edir. Ana dünyagörüşlü və savadlı olsa, tərbiyə alan uşaq da savadlı olacaq, ən əsası, cəmiyyət sağlam olacaq. Valideynlər fikirləşməsinlər ki, qızlarının gələcəyini kimsə quracaq. Yəni, ailə qurmaqla xoşbəxt olacaqlar. Xoşbəxtlik uşaqların öz əllərindədir. Qız uşaqlarını ailə qurmağa deyil, kitaba, elmə yönəltsinlər. Onların taleyini qarşı cinsin mərhəmətinə buraxmayın”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər