• çərşənbə axşamı, 19 mart, 11:01
  • Baku Bakı 8°C

“Uşağı döyməyin tərəfdarı deyiləm” – Mənim balam

20.02.17 13:14 3421
“Uşağı döyməyin tərəfdarı deyiləm” – Mənim balam

Valideyin üçün övlad əvəzsiz xəzinədir. Bu xəzinənin yerini heç nə və heç kim doldura bilmir. "Mənim balam” rubrikamızın qonağı Stund Up ustası, tanınmış aktyor, peşəkar aparıcı Fərda Amindir. Əvvəllər onu Fərda Xudaverdiyev kimi tanıyırdıq. Övlad sahibi olduqdan sonra övladının adını özünə ləqəb götürərək Fərda Amin kimi tanınmağa davam etdiyindən də xəbərdar idik.
Biz onu tez-tez televiziya kanallarında insanları güldürən, tamaşaçılara müsbət enerjisini ötürməyi bacaran bir aktyor kimi tanısaq da, müsahibimiz ata kimi çox həssasdır. Övladlarına qarşı da çox tələbkardır. Efirdəki missiyasının başqa, evdəki missiyasının tamamilə başqa olduğunu deyən Fərda Aminin övladları haqqında mətbuatda o qədər də məlumat olmadığından, biz onun yalnız bir oğul atası olduğunu zənn edirdik. Ancaq zənnimizdə yanılmışıq. Belə ki, müsahibimizin 2 oğul övladı var. Böyük oğlu Aminin 6, kiçik oğlu Mətinin isə 4 yaşı var. Ailəsini hər zaman şoudan, mətbuatdan kənar saxlayan Fərda Aminlə övladları haqqında danışdıq.
Aparıcı, aktyor, Stund Up-çı kimi yaxşı tanıdığımız Fərda Amini indi də ata kimi tanıyaq.

- Fərda müəllim, "Amin” ləqəbi götürdüyünüzü eşitdikdə, bunu hər kəs bir cür anladı. Sonra aydın oldu ki, Amin həm də sizin övladınızın adıdır.

- Amin - edilən bütün duaların sonunda Allahın qəbul etməsi üçün bir ricadır. Ona görə də böyük oğluma məhz o adı seçmişik. Mən də həmin adı eyni zamanda özümə ləqəb kimi götürməyə qərar verdim. Bu ad mənim üçün çox dəyərlidir.
- Övladlarınızı tərbiyə edərkən hansı üsuldan yararlanırsınız? Köhnə dədə-baba qaydası ilə, yoxsa sizin öz metodunuz var?

- İşlərimin çoxluğundan bütün günü onlarla maraqlana bilmirəm. Bacardığım qədər oğlanlarıma zaman ayırmağa çalışıram. Tərbiyə üsuluna gəlincə isə, uşaqları döyməklə heç aram yoxdur. Mənim metodlarım bir qədər fərqlidir. Belə ki, müxtəlif cəzalandırma metodlarım var. Əgər onlar nəsə dəcəllik edirlərsə, şiddət tətbiq etməklə deyil, əyləncə kimi baxdığı şeylərə qadağa qoymaqla cəzalandırıram. Misal üçün, kompyuter oynamağa, televizora baxmağa qoymuram. Daha çox dərsləri ilə məşul olurlar. Düzdür, hələ yaşları çox azdır, məktəbə getmirlər. Məktəbəqədər hazırlığa gedirlər. Məktəbdə onlara verilən tapşırıqlarla maraqlanıram. Bəzən olur ki, tapşırıqların içərisində şəkil çəkmək kimi tapşırıqlar verirlər. Şəkillər çəkməyi tapşırıram və deyirəm ki, bunları çəkin, axşam gələndə baxacam. Çəkməyəndə, əyləncə kimi baxdıqları nə varsa, onlardan uzaqlaşdırıram. Dədə-baba üsuluna gəlincə isə, köhnə üsulladan tək ayaq üstündə saxlamaqdan istifadə edirdim. Onu da 2 il bundan qabaq tərgitmişəm. İndi daha müasir, alternativ üsullardan yararlanırıq (gülürük). Daha maraqlı üsul tapmışam. Deyirəm ki, əgər dərslərinizi yaxşı oxusanız, özünüzü münunəvi aparsanız, büdcə daxilində istədiyiniz oyuncaqları, şirniyyatları sizə alacam. Yox əgər razılaşmamız pozularsa, sizə aldıqlarımı geri almalı olacam. Beləliklə, biz ortaq bir razılığa gəlirik.

- Avropa tərbiyəsində də məhz bu üsullardan istifadə edilir. Yəni, uşaqla anlayacağı dildə danışırsınız. Ancaq təəssüflər olsun, döymək üsulundan hələ də istifadə edənlər var. Zamanında biz də bu üsulla böyüdülmüşük. Bəs sizdə döymək tərbiyə üsuludurmu?


- Uşaq döyməyin tərəfdarı deyiləm. İndiyə qədər mənim psixologiyamda, beynimdə anamın məni necə döydüyü qalıb. Düzdür, bunlar çox dəxlisiz xatirələrdir. Bunun bir tərbiyə üsulu olduğunu hesab etmirəm. Ona görə də uşağı döymək olmaz. Çünki biz danışarkən ağzımızda "uşaq” deyirik. O nəyisə başa düşsə, təbii ki, etməz. Oğlan uşaqları gərək gözüaçıq böyüsünlər, onları gözüqıpıq böyütmək olmaz. Ona görə də döyməyi heç kimə məsləhət görmürəm.

- Bəzən sənətçilər öz sənətlərindən şikayət edirlər və çətin peşə olduğunu deyirlər. Çoxu da öz övladlarının bu sənəti seçmələrinə qarşıdır. Bəs siz necə?

- Mən indidən deyirəm ki, onları sərbəst böyüdəcəyəm. Heç bir işlərinə qarışmayacağam. Seçimi onların öz ixtiyarlarına buraxacağam. Ürəkləri hansı sənəti istəsə, onu da seçəcəklər.

- Bəs bizdə müqəddəs hesab edilən ailə qurmaq məsələsində necə?


- Allah bizə o günləri görməyi qismət etsin, inşallah. Təbii ki, ona da qarışmayacam. Böyüyəndən sonra, kamala çatdıqdan sonra özləri müstəqil qərar verəcəklər. Təbii ki, onlar da sevib-sevilməlidirlər. Əgər iki gənc arasında sevgi varsa, qarşı tərəfin də ailəsini araşdırandan sonra niyə də istədikləri olmasın. Qanun-qaydası necədirsə, elə də olacaq.

-
- Siz müxtəlif təbəqəyə məxsus insanlar tərəfindən sevilirsiniz. Bunların içərisində azyaşlı uşaqlar da var. Harasa övladlarınızla gedəndə, oğlanlarınız sizi qısqanmırmı?

- Onlarda qısqanclıq var bir az. Vaxtım olanda, uşaqları əyləncə mərkəzlərinə aparıram. Bəzən olur ki, orada şəkil çəkdirmək istəyən uşaqlar olur. Mən də həmin uşaqların qəlbini qırmıram, bir neçə dəqiqə ayırıb, şəkil çəkdirirəm. O zaman oğlanlarımın reaksiyaları dəyişir. Həmin an yaxınlaşıb böyrümə qısılırlar, ətrafımda fırlanmağa başlayırlar. Hərəkətləri ilə demək istəyirlər ki, bu mənim atamdır.
Xəyalə Rəis


banner

Oxşar Xəbərlər