• cümə axşamı, 25 aprel, 02:34
  • Baku Bakı 19°C

Çürüyən saraylar... Milyonçular məhləsi... Məmməd Araz

09.07.14 11:11 1290
Çürüyən saraylar... Milyonçular məhləsi... Məmməd Araz
Paytaxtın mərkəzi küçələrindən birini qələmə alacam bu dəfə. Gözəlliyi və təmizliyi ilə göz oxşayan, özünəməxsus ad daşıyan bir məhəllədən-Milyonçular məhləsindən bəhs edəcəm. Keçmiş “Teymur Əliyev” indiki “Məmməd Araz”dan...
Yəqin indi deyəcəksiniz ki, küçənin yazıya nə dəxli? Deyəcəm. Bir anlığa həmin küçəni gözünüzün qarşısında canlandırmağınızı istəyirəm. Necədir? Çox gözəldir, deyilmi?
Məncə də. Məsələ ondadır ki, bu gözəl və əzəmətli küçə bizim şairini aşan şeirlərə imza atan dahi Məmməd Arazımızın adını daşıyır. Nə gözəl. Qürurvericidir. Amma...
Rəhmət sənə ay Sabir. Bax burda Mirzə Ələkbərin “əmma”sı bütün işləri korlayır. Hər gün demək olar, dörd-beş dəfə gəlib keçdiyim bu yerin bir ingilis üçün qüsursuz olduğunu deyə bilərəm. Məşhur Brodvey küçəsini xatırladan “Tarqovı”mız kimi buraya da söz ola bilməz. Amma...
...bir ingilis, holland, ya da hər hansı bir əcnəbi üçün!
“Əmma”ları sadalayaq:
1. Dayanacaq məsələsi. Orda yaşayanlar yaxşı bilər, bu küçədə dayanacaq yoxdur. Sakinlər belə istəyib, çünki. Hamı varlı olduğu, qapısında bir neçə bahalı maşın saxladıqları üçün istəmirlər avtobusdan enən “20 qəpik”lik adamları görüb rəncidə olsunlar. Bu işin bir tərəfi.
2. Küçənin ön tərəfinə sonra gələcəm amma arxa tərəflərə keçəndə bu milyonluq məhlədə manatlıq adam tapmaq müşkül işə çevrilib. Belə ki, onlar üçün piyada anlayışı olmadığından maşınlar blokların pilləkənlərinin düz dibində park edilir və sən ordan keçmək üçün o yüz minlik maşının üstündən “uçmaq” məcburiyyətində qalırsan. Toxuna bilməzsən, adam səni puluyla döyər.
3. Çürüyən evlər. Bu məhəllədə xüsusilə şəxsi evlər diqqəti cəlb edir. Oy bağışlayın, dilim sürüşdü, ev dedim. Burdakılar kiçik saraylardır. Arxaik daşlarla, bahalı amma zövqsüz dizaynlarda inşa edilmiş bu evlərin hərəsinin qarşısında dünyanın ən “bərkgedən” maşınlarıyla bərabər bir də gözətçi postu da var. Bəli, bəli, gözətçi. 24 saat qorunan bu saraylarda nadir hallarda işıqlar yanır. Bizim görməmiş “zəngin”lərin kapital niyyətinə milyonlarla sərvət xərcləyib tikdirdikləri bu evlərdə əsasən kimsə yaşamır. Kiminsə bəxti gətirib hansısa səfirliklərə kirayələyib. Bu da hər ay güclü miqdarda para axını deməkdir. Yəni orta statistik azərbaycanlının xəyallarını bəzəyən rəqəmlərin on qat artığı...
Qalanları sözün əsl mənasında çürüməyə tərk edilib. Boş, səssiz amma kameraların dörd gözlə izlədiyi, güvənliyin üst səviyyədə olduğu bu villalarda çürümə gedir. Nahaq yerə deməyiblər ki, bağa baxarsan, bağ olar, baxmazsan varlının tikib kənara tulladığı boş villa...
Hə, bu bəndin nə mənə nə də heç kimə dəxli yoxdur. Amma...
...düşünəndə ki, bu ölkədə onlarla gənc bir otaq ev ucbatından kirayələrdə sürünür, yüzlərlə ziyalı xəstəliyin pəncəsində (Adil Mirseyidə, Firudin Cəlilova şəfa diləyilə), onlarla alim öz qələmini pula satır, nə var nə var birtəhər onunla bu zibil həyatı yaşayan bir arvadı və həyatın gözünün içinə bərələ-bərələ baxan dörd-beş uşağı birtəhər sürüyüb aybaşına çatdıracaq, onda tüstüm təpəmdən çıxır. Mən də hirsimi bu imarətlərdən alıram.
Bəli, bu Vətənin mamır olub qayasında bitmək istəyən şairinin adını daşıyan küçədə aşağıyla-yuxarı arasında atla eşşək qədər fərq var. Gərçi, bu faktın özü belə qələmə, sözə verilən qiymətin hansı təzadlardan ibarət olduğunu sübut edir amma yenə də...
Bu məhəllənin çörək sexlərində, marketlərində işləyənlər də “elit”dir. Azərbaycan dilində danışmırlar. Ümumiyyətlə heç kim danışmır. Burda dilimiz elə gödək və yazıqdı ki...
Dərdim bunlardan bəhs edib sizi də əsəbiləşdirmək deyil. Sadəcə ürəyimi dağıdan iki dərddən, daha doğrusu onlarla dərddən ikisini yazıram. Biri bir neçə gün əvvəl sosial şəbəkələrin birində jurnalist dostlarımızdan birinin də vurğuladığı, baxımsız Atatürk parkı, biri də...
...biri də Məmməd Araz dərdi!
Bayaqdan dərdini danışdığım küçənin adı “Məmməd Araz”dı. Amma orda nə Məmməddən, nə Arazdan nə də dahi Məmməd Arazdan əsər-əlamət belə yoxdu! Yuxarıda da vurğuladığım kimi buranın bir ingilisi öz vətənində hiss elətdirən ən gözəl yer olduğunu deyə bilərəm. Bahalı geyim dükanlarının adları, otellərin rəngbərəng reklamları sənə heç vaxt özünü Azərbaycanda hiss elətdirə bilməz! And içmək üçün bircə reklam panosu belə tapa bilməzsiniz. Mənə reklam qanunlarını sadalamaq istəyənlər, əvvəlcədən bildirim ki, mənim üçün hər şeydən əvvəl Azərbaycan gəlir. Ölkənin ən milli şairinin adını daşıyan bu küçədə ona aid nəsə olsa daha məqsədəuyğun olmazmı?!
Olar! Həm də bal kimi olar! Yetər ki, ürəyimizdən gəlsin, canımızdan çıxsın!
O biri məsələ isə Atatürk parkıdır. Nə hikmətdirsə mərkəzdən uzaqda, gözdən iraqda olan bütün parklar yenidən, demək olar, sıfırdan inşa olunur. Gözəlliyilə göz oxşayır. Zibil qutularının qoxusundan keçilməyən məkanlar indi fontanların başına yığılan insanlardan keçilmir.
Bu parkda isə belə deyil. Qədimi “Veteran çayxanası” çoxdandır ki, mini yubkalı qızların xidmət elədiyi pivəxanalara çevrilib. Parkın ortasından keçib-gedəndə sərxoş kişilərin araq qoxusu bəs deyilmiş kimi bir də polislər dəstə halında düz ortada yığılır. Keçmək üçün cənablardan icazə almaq lazımdır.
O parkdan keçəndə bir hadisəni xatırlayıram. Bir neçə il əvvəl Puşkinin büstünün açılış mərasiminə şahid olmuşdum. Yüz metrdən “orda nə baş verir” deyə yaxınlaşmışdım və gözəl bir sənət əsəri olan Puşkinin büstünü görmüşdüm, iri addımlarla da uzaqlaşmışdım ordan.
O Puşkinin heykəliydi!
Bu, Atatürk bağıdır...
Nəsə. Elə bilirəm dərdimi az da olsa ifadə edə bildim. Nə Məmməd Araz, nə də Atatürk bu cür münasibətə layiq deyil. Gəlin ümid edək ki, elə yaxın günlərdəbiri üzərindəki ağır yüklərdən, o biri isə diqqətsizlikdən qurtulub layiqli qiymətinə qovuşacaq.
İllərdir həllini gözləyən Hürriyyət bağına Nuru Paşa heykəlinin qoyulması məsələsi kimi...
Ümid edək!
Bol-Bol!!!
banner

Oxşar Xəbərlər