• cümə, 19 Aprel, 20:20
  • Baku Bakı 24°C

Çürük xislətli ənənəvi təbliğat

10.04.15 05:15 1171
Çürük xislətli ənənəvi təbliğat
Ekspertlər əmindirlər ki, Avropa Oyunları ərəfəsində müxtəlif adlar altında Azərbaycana qarşı aparılan qərəzli kampaniya iflasa uğrayacaq
Hər dəfə Azərbaycan hansısa beynəlxalq səviyyəli bir tədbirə ev sahibliyi etdiyi ərəfədə bəzi xarici təşkilatlar ölkəmizə qarşı “qara piar” kampaniyasına başlayırlar. Bunun dəfələrlə şahidi olmuşuq. Sayca 57-ci “Avroviziya-2012” musiqi yarışması Bakıda keçirilən zaman isə Qərb QHT-lərindən ibarət koalisiya formalaşdırılaraq, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı, söz və mətbuat azadlığının səviyyəsi barədə qərəzli bəyanatların səsləndirilməsinə başlanmışdı. Bununla həmin təşkilatlar ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə, Azərbaycan kimi müsəlman ölkəsinin belə bir mötəbər mədəniyyət tədbirini keçirməyə hazır olmadığını sübut etməyə çalışırdılar. Hətta bu məqsədlə ölkə daxilindəki bəzi QHT-ləri də ələ alaraq, onlar vasitəsilə əldə etdikləri qeyri-obyektiv məlumatları populyar xarici media qurumlarında tirajlayırdılar. 2010-cu ildə yaradılmış Qərb QHT-lərindən ibarət Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu da belə məsələlərdə xüsusi fəallıq nümayiş etdirirdi. Lakin Azərbaycanın bütün beynəlxalq tədbirlər kimi “Avroviziya-2012” musiqi yarışmasına da yüksək səviyyədə ev sahibliyi etməsi xarici düşmənlərimizin niyyətlərini gözündə qoydu. Bütün dünyaya sübut olundu ki, Azərbaycan təşkilatçılıq qabiliyyətinə görə dünyanın ən inkişaf etmiş ölkələrindən heç də geri qalmır. Əksinə, bir sıra hallarda onlardan üstünlüyə də sahibdir.
Amma təəssüflər olsun ki, xarici qüvvələr, eləcə də onların təsiri altında olan beynəlxalq QHT-lər bu gerçəkliklə barışmaq istəmirlər. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə xəbərlər dünya KİV-lərində yer alan andan etibarən, həmin təşkilatların ölkəmiz əleyhinə fəaliyyətində yenidən aktivlik hiss olunmağa başlayıb. Bu dəfə İdman və İnsan Haqları Alyansı adı altında bir araya gələn Amnesty International, Human Rights Watch, FIFPro – World Players’ Union, Football Supporters Europe, Supporters Direct Europe, Terre des Hommes və Transparency International Germany kimi təşkilatlar birgə bəyanatla çıxış edərək, guya ki, Avropa Oyunlarına milyardlarla pul xərclənən Azərbaycanda insan hüquq və azadlıqlarının, fikir, söz və mətbuat azadlığının məhdudlaşdırılması, müstəqil fikrinə görə insanların həbslərə məruz qalması barədə əsassız məlumatlar yayıblar. Bir sözlə, “köhnə qvardiya” yeni görkəmdə ənənəvi təbliğatına başlayıb.
Məsələ ilə bağlı “Kaspi”yə fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bu cür təbliğatın məqsədli və qərəzli xarakter daşıdığını ortaya qoyan bir çox faktların mövcudluğuna diqqət çəkib. Bildirib ki, əgər axtarış aparılsa, yeni yaradılan İdman və İnsan Haqları Alyansının indiyə kimi Azərbaycandan başqa heç bir ölkə ilə bağlı bu səpkili açıqlamasının olmadığı üzə çıxacaq. Deputat deyir ki, bu, həmin Alyansın məhz Azərbaycan əleyhinə fəaliyyət göstərdiyini sübut edən ilk amildir: “Belə təşkilatların birləşib alyans yaradan kimi ilk bəyanatını Azərbaycana həsr etməsi onun xarici mərkəzlər, anti-Azərbaycan qüvvələr tərəfindən yarandığını ortaya qoyur. Başlıca məqsəd ölkəmizin bir çox sahələrdə, o cümlədən idman sahəsində uğurlarını gözdən salmaq, bunlara siyasi don geyindirmək, Azərbaycan barədə beynəlxalq aləmdə mənfi rəy yaratmaqdır. Bir qayda olaraq, idman siyasətdən uzaq fəaliyyət növüdür. Azərbaycanda bir-birinin ardınca beynəlxalq idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Bu il Avropa Oyunları, iki ildən sonra İslam Həmrəylik Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Təbii ki, bütün bunlar Azərbaycana olan inamın, etibarın, eləcə də ölkədəki inkişafın göstəricisidir. Bununla yanaşı, Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür, öz təbii sərvətlərinin sahibidir, bu sərvətlərdən ölkənin inkişafı, yalnız milli maraqları naminə istifadə edir. Belə olan halda bu, bəzi xarici qüvvələrin qısqanclığına səbəb olur. Çünki Azərbaycanın müstəqil davranışı onların bir çox siyasi və iqtisadi gözləntilərini ölkəmizdə doğrultmur. Həmin qüvvələr də bu gözləntiləri əldə etmək üçün müxtəlif təşkilatlar vasitəsilə Azərbaycanı dünyada gözdən salmaq kampaniyası aparırlar”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli də hesab edir ki, İdman və İnsan Haqları Alyansında toplaşan QHT-lər məqsədli şəkildə Azərbaycan əleyhinə təbliğat aparmaqda ixtisaslaşmış təşkilatlardır. Onun fikrincə, 2010-2011-ci illərdə də eyni məqsədlə bir araya gələn bu təşkilatlar indi də yeni alyans adı altında qərəzli kampaniyaya start veriblər: “2-3 il bundan əvvəl də eyni məqsədlə fəaliyyət göstərən bu təşkilatların birbaşa missiyası Azərbaycan üzrə guya ki, monitorinqlər aparmaq, hesabatlar hazırlamaq, nəticələri yaymaqdan ibarət idi. Həmin təşkilatların hazırladığı “hesabatlar”da yalnız Azərbaycanı qaralamağı hədəfləyən, dezinformasiya xarakterli məlumatlar yer alırdı. Bu təşkilatlar eyni niyyətlə indi də İdman və İnsan Haqları Alyansında toplaşıblar. Nə vaxt ki paytaxt Bakı ölkəmizin adına müsbət imic gətirəcək beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir, o dəqiqə bu təşkilatlar fəallaşmağa başlayırlar. Ancaq əminəm ki, bu “fəallıq” da digərləri kimi nəticəsiz qalacaq. Çünki heç bir yalan həqiqəti pərdələyə bilməz”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər