Ursula Le Quin haqqında çəkilmiş filmin ilk fraqmenti yayımlandı
2016-cı ildə Amerikanın gənc və parlaq
araşdırmaçı-jurnalistlərindən Arven Köri özünün və amerikalıların sevimli
yazarı Ursula Le Quin haqqında sənədli film çəkmək istədiyini açıqladı.
"Kickstarter” adlı çoxistifadəçili bir platformadan yayılan bu xəbər sürətlə
film şirkətlərinin diqqətini cəlb etdi. Körinin filmi üçün yaradılmış xüsusi
fonda çox qısa zamanda tələb olunandan iki dəfə çox məbləğdə vəsait toplandı.
Təbii ki, bu zaman kəsimində Quinin dünyasını dəyişməsi bütün Amerikanı dərin
kədərə qərq etdi, amma Köri işi dayandırmadı. "Guardian”-ın xəbərinə görə, iki
ildir maraqla gözlənilən böyük proyektin ilk işıltıları görünməyə başlayıb.
Belə ki, filmin ilk fraqmenti artıq izləyicilərin ixtiyarına verilib.
"Ursulanın dünyası” ("World of Ursula Le Guin”) adlı sənədli filmin ilk
fraqmentində Neyl Qeyman, Marqaret Etvud, Teodora Qoss kimi müəlliflərlə
müsahibələr görünür. Le Quin özü isə yazmağa başladığı zamanlardan, ədəbiyyatın
gücündən, yaradıcı prosesdən danışır. Xüsusi çəkiliş və animasiyaların
müşayiəti ilə dünyanın müxtəlif ölkələrində yazar haqqında elmi iş, araşdırma
aparanlar, yazarın sevənləri danışır, Quinin əsərlərinin izindən,
əhəmiyyətindən danışırlar.
Bu günün amansız rəqabət mühitində Quinin qazandığı
məşhurluq, nüfuz, tutduğu yer həqiqətən də, həsəd aparılasıdır. Bunu isə o,
böyük bir ömrün hesabına əldə edib. Fraqment müəllifin öz səsindən bu cümlə ilə
bitir: "Bir işi layiqincə görməyi öyrənmək bəzən bir ömür çəkir”.