• şənbə, 20 Aprel, 03:17
  • Baku Bakı 15°C

Urmiya gölünün dörddə biri quruyub

15.07.13 10:33 1429
Urmiya gölünün dörddə biri quruyub
“Urmiya gölündəki ekoloji fəlakət İranı təhdid edir”. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu fikirləri Miyandab (Qoşaçay) və Tekab (Tikantəpə) şəhərlərini İran parlamentində təmsil edən azərbaycanlı deputat Mehdi İsazadə bildirib. O, parlamentdə çıxışı zamanı Urmiya gölünün 75 faizinin quruduğunu bildirib və bunu təhlükə əlaməti adlandırıb: “Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün dövlət büdcəsindən vəsait ayrılıb. Ancaq bu günədək hövzənin nicatı üçün heç bir vəsait xərclənməyib”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.
İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Ekoloqların sözlərinə görə, bunlar gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb. Ekoloqlar həmçinin Urmiya gölündəki ekoloji fəlakətin hövzənin şərq və cənub hissələrində duzlaqların meydana gəlməsinə gətirib çıxardığını, bunun bölgədəki bağlar və əkin yerlərini yararsız vəziyyətə saldığını, nəticədə onlarla kənd tamamilə boşaldığını bildirirlər. İran ekologiya rəsmiləri isə Urmiya gölünün quruması ilə ölkənin milli ekoloji faciə ilə üzləşəcəyini və bu vəziyyətin qonşu ölkələrə də öz təsirini göstərəcəyini bəyan ediblər. Onlar həmçinin Urmiya gölünün qurumasının qarşısını almaq üçün ciddi addım atılmayacağı təqdirdə duz tufanlarının Tehran vilayətinədək çatacağı barədə dəfələrlə xəbərdarlıq ediblər.
banner

Oxşar Xəbərlər