• cümə axşamı, 28 mart, 21:27
  • Baku Bakı 13°C

“Uqandalılardan çətinlikləri gülərək qarşılamağı öyrənməliyik” – Könüllü

13.06.16 11:15 2060
“Uqandalılardan çətinlikləri gülərək qarşılamağı öyrənməliyik” – Könüllü
"Hər il Uqandada minlərlə insan içdiyi sudan həyatını itirir. Bu insanların çoxunun yaşı 15-dən azdır. Burada olduğumuz ilk saatlardan bizə məlum oldu ki, sağlam yaşamaq Uqandadakı insanlar üçün ən böyük xoşbəxtlikdir. Uşaqların əksəriyyəti qəbul etdikləri sudan yaranan bir çox xəstəliklərin qurbanıdırlar. Amma onlar yaşamaq üçün mübarizə aparmağa hazırdırlar. "ASAN Könüllüləri” olaraq bura gəldiyimiz ilk gündən bəri məqsədimiz birdir: bu insanların ümidli mübarizəsinə dəstək olmaq”.
Bu sözləri "Afrikaya bir sovqat - bir tәbәssüm dә sәn oyat” adlı beynәlxalq yardım kampaniyası çərçivəsində Uqandada su quyusunun qazılmasında iştirak edən "ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov dedi. Təşkilatın İdarə Heyətinin üzvü İbrahim İbrahimov ilə Uqandanın Jinja, Kamuli, İganga və bir sıra başqa bölgələrində olan gənclərimiz su quyusunun qazılmasında iştirak ediblər. Biz də onların təəssüratlarını öyrənmək və oradakı həyat haqqında az da olsa məlumat almaq üçün hazırda Afrikada olan Bəxtiyar İslamovla söhbətləşdik.

- Necə oldu ki, Uqandaya getdiniz?
- "Türk İşbirliyi və Koordinasyon Ajansı Başkanlığı” (TİKA) Bakı nümayәndәliyi, "ASAN Könüllülәri” Tәşkilatı, Bakı Türk Anadolu Liseyi vә "Könüllülük Fәaliyyәtinin Tәbliği” Gәnclәr İB-nin birgә layihәsi olan "Afrikaya bir sovqat - bir tәbәssüm dә sәn oyat” adlı beynәlxalq yardım kampaniyası çərçivəsində Uqandada su quyusunun açılması ilə bağlı iyunun 2-dən səfərdəyik.

- İçməli suya möhtac olan insanlarla birlikdəsiniz. Təəssüratlarınız necədir?

- Əslində düşündüyümüzdən tam fərqli mühitə düşdük. Bura gələrkən əsas məqsədimiz yeni açacağımız su quyusu ilə yanaşı, insanların, xüsusilə də uşaqların həyat tərzi ilə maraqlanmaq idi. Bu səbəbdən şəhər kənarlarında yerləri ziyarət edərək insanların həyatı ilə daha yaxından tanış olmağa başladıq. Təəssüf ki, ilk saatlardan gördük ki, insanların həyat şəraiti çox çətin və acınacaqlıdır. Şəhər əhalisi, xüsusilə də uşaqlar qidalanmadan, sudan qaynaqlanan bir çox xəstəliklərdən əziyyət çəkir. Gəlməmişdən öncə bu ərazidə xəstəliklərin böyük kütlə arasında yayıldığı ilə bağlı məlumatımız var idi. Amma reallıq yazılardan, eşitdiklərimizdən daha acınacaqlı idi. Buna görə də əslində özümüz də bilmədən bütün günümüzü səhər saatlarından gecəyə qədər insanların arasında, onlarla söhbət edərək keçirdik. Bəzi yerlərdə insanların, xüsusilə də uşaqların bizə qəribə baxdığını gördük. Səbəbini soruşduqda bizə dedilər ki, uşaqlar ilk dəfədir sizin dəri rənginizdə insanlar görür, buna görə də çox təəccüblüdürlər. Əsl anlaşılan məsələ o idi ki, insanların təhsil və dünyagörüşü bir yana, həyatları ilə bağlı çox böyük problemləri var idi. Amma bütün bunlara baxmayaraq, elə ilk dəqiqələrdən deməyi, gülməyi, bölüşməyi bacarırdılar. Xüsusilə də uşaqlar əvvəl çəkinsələr də, sonra özləri yaxınlaşır, söhbət etməyə başlayır, onlarla şəkil çəkdirəndə hər kəsi, bütün dostlarını çağırırdılar.

- Uşaqların sualları necə idi? Onlar nə ilə maraqlanırdılar?
- Uşaqlar bizi görən kimi "muzunqu” deyib qışqırmağa başlayırdılar, başqalarını da bizə baxmağa çağırırdılar. Öyrəndik ki, burada ağ insanlara "muzunqu” deyirlər. Görən kimi salam verib arxamızca gəlməyə başlayırlar. Özlərinə diqqət, qayğı gözləyirlər. Sadə hədiyyələrin qarşılığında necə sevindiklərini gördükdə təəccübləndik. Ən kiçik şeylərin belə onları xoşbəxt etdiyini görmək bizi sevindirir. Bizi ən çox təəccübləndirən isə onların bütün bu ağır şəraitlərə, yaşadıqları xəstəliklərə baxmayaraq, gülməyi, müsbət enerjili olmağı necə bacardıqları idi. Əsasən uşaqlar belə idi. Nə qədər qida, su çətinlikləri olsa da, üzlərinə gülən kimi gülür, sevinib-qaçmağa, oynamağa başlayırlar.

- İndiyə kimi Uqandada hansı işlər görmüsünüz və reaksiyalar necədir?
- Jinja, Kamuli, İganga bölgələrində insanların kompakt yaşadığı əraziləri ziyarət etdik, müəyyən qədər onlara dəstək verməyə çalışdıq. Su quyusunun açılışı baş tutdu və orada iştirak etdik. Açılan su quyusu 800 nəfər şagirdi olan məktəbin su ilə təmin olunmasına şərait yaradacaq. Bundan başqa, Uqandanın Dövlət Araşdırmalar İnstitutunun nümayəndəsi ilə görüş keçirdik. Əhalinin təmiz ətraf mühit, xüsusilə təmiz su ehtiyatları ilə təmin olunması məsələləri ilə bağlı müzakirələr apardıq.

- Sizcə, biz cəmiyyət olaraq Uqanda əhalisindən nə öyrənə bilərik?

- Biz inkişaf etmiş ölkələr arasındayıq. Aydın məsələdir ki, bütün cəmiyyətlər müxtəlif çətinliklərlə hər zaman qarşılaşır. Uqanda bizdən 10 illərlə əvvəl öz müstəqilliyinə çatsa da, inkişaf sürətimizi və cəmiyyətimizi müqayisə etmək düzgün olmazdı. Məsələyə ümumi baxsaq, sadəcə, bir məsələni vurğulamaq yerinə düşər ki, buranın insanları ən ağır çətinliklər, sırf sudan qaynaqlanan problemdən hər il minlərlə ölümün şahidi olurlar. Xüsusilə də uşaqlar müxtəlif qida və suyun səbəb olduğu xəstəliklərdən əziyyət çəkdikləri halda yenə də möhkəm, inanclı, müsbət enerjili olmağı bacarırlar. Şikayətlənmirlər. Həyata gülümsəməklə baxmağı bacarırlar. Bu, nəinki biz, bütün cəmiyyətlər üçün vacib amildir. Biz onlardan çətinlikləri belə gülərək qarşılamağı öyrənməliyik.

- Bəs siz orada hansı çətinliklərlə üzləşdiniz?
- Bura ekvatorial zona olduğu üçün istənilən heyvan və həşəratlara nəinki rast gəlmək mümkündür, onlarla iç-içə yaşayırıq. İqlim şəraiti münbit olduğundan zəhərli həşəratlar tək küçələrdə yox, evlərdə də qarşımıza çıxır. Amma əsas məsələ görəcəyimiz iş olduğu üçün onlara qısa zamanda öyrəşdik. Bu müddət ərzində müxtəlif viruslardan ehtiyat etmişik. Çünki şəraitə uyğunlaşmamış insanların ölümcül xəstəliyə yoluxma ehtimalı burada yaşayan insanlardan daha çoxdur. Bu səbəbdən daha diqqətli olmağa çalışırıq. Eyni zamanda, Uqandanın milli mətbəxi də bizim öyrəşdiyimiz kimi olmadığı üçün müəyyən qədər çətinlik yaratdı. Amma bunlarla yanaşı, burada həyat təhlükəsizliyi ilə bağlı vacib məqamlar da var. Demək olar ki, bütün yaşayış yerləri, istənilən ərazi və mərkəz silahlı şəxslər tərəfindən qorunur. Gecələr daha təhlükəli olduğu üçün gəzdiyimiz yerlərə diqqət etməliyik. Ümumi şəkildə deyə bilərəm ki, həm təbiəti, həm də şəraiti bir çox təhlükələri gətirir. Burada hər yerdə əli silahla gəzən keşikçiləri görmək adi haldır.

- Mətbəx baxımından çətinlik çəkdiyinizi dediniz. Uqandanın mətbəxi necədir?

- Mətbəxlərində əsas meyvələrdir. Buradakı meyvə növlərinə çox az yerdə rast gəlinir. Hər yer meyvə ağaclarıdır. Meyvələr hazırladıqları yeməklərin əsas ərzağıdır. Amma əhalinin həyat səviyyəsi aşağı olduğu üçün çox adam ən adi meyvələri belə istifadə edə bilmir. Burada yollarda qarışqa yuvaları çoxdur. Yuvaların hündürlüyü 1 metrdən başlayıb 5-10 metrə qədər qalxır. Həmin qarışqaları yığıb üzərlərinə ədviyyat vuraraq yeyirlər. Bir çox insanın seçim şansı olmadığı üçün tapdıqları istənilən şeyi qida kimi qəbul edirlər.

- Gələcək planlarınız nədir?
- İndiyə qədər istiqamətləndiyimiz yolda gördüyümüz təşəbbüsləri daha da genişləndirmək, apardığımız işləri daha böyük müstəvidə reallaşdırmaq. Gördüyümüz işlər hər zaman dəyərlərimizə əsaslanır, bunda sonra da bu qaydada davam edəcək.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər