• cümə, 29 Mart, 03:34
  • Baku Bakı 7°C

Uorlikin açıqlaması nəyə hesablanıb?

23.10.18 18:30 462
Uorlikin açıqlaması nəyə hesablanıb?
ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatları hər zaman maraqla izlənilib. Çünki ölkəmiz Ermənistanın hərbi birləşmələrinin işğalına məruz qalıb və uzun illərdir mövcud status-kvo dəyişmir. Bu mənada son dövrlər ABŞ diplomatlarının Dağlıq Qarabağ məsələsi ilə bağlı açıqlamaları diqqət çəkməyə başlayıb. Belə ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin Azərbaycana səfəri zamanı BMT qətnamələrini xatırlatması, Vaşinqtonun Ermənistanda səlahiyyət müddəti bitmiş səfiri Riçard Millz torpaqların azad olunması ilə bağlı fikirlər səsləndirib. Bir neçə gün öncə isə Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtonda Atlantik Şura analitik mərkəzinin keçirdiyi müzakirələrdə sərgilədiyi mövqe diqqəti cəlb edib. O vurğulayıb ki, indiyədək heç bir rəsmi sənəddə əks olunmamış, lakin Minsk Qrupu həmsədrləri arasında vaxtilə əldə edilmiş "centlmen razılığı”nın şərtlərinə əsasən, gələcəkdə Dağlıq Qarabağda beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcəksə, onların tərkibində "nə danışıqlarda iştirak edən ATƏT-in Minsk qrupu ölkələrinin, nə də qonşu ölkələrin əsgərləri olmamalıdır”. Diplomat fikrincə, bu o deməkdir ki, Rusiya, ABŞ, Fransa və digər qonşu ölkələrin sülhməramlılarının münaqişə bölgəsinə yerləşdirilməsi istisna edilir.
Maraqlıdır, görəsən keçmiş amerikalı həmsədri danışıqları aparan tərəflər arasındakı bu "centlmen razılaşması”nı xatırlatmağa nə vadar edib?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, indi Rusiya tərəfindən özəl bir təşəbbüs var: "Bu ölkə çalışır ki, münaqişə zonasına qərb ölkələrinin yox, məhz Müstəqil Dövlətlər Birliyi, yaxud da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bayrağı altında sülhməramlıları cəlb etsin. Təbii ki, bu, ABŞ tərəfindən narahatlıqla qəbul olunur”.
R.Musabəyov əlavə etdi ki, ABŞ Rusiyanın Qarabağ məsələsində aktivlik nümayiş etdirməsinə qısqanclıqla yanaşır: "Maraqlıdır ki, ABŞ özü də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səy göstərmir. Ancaq bu təşəbbüs Rusiyanın əlinə keçməsini də istəmirlər. Onlar hesab edir ki, Rusiya bölgədə güclənəcək. Azərbaycan üçün isə əsas olan məsələni ölü nöqtədən tərpətməkdir. Hələlik görmürəm ki, ABŞ bu münaqişənin həlli ilə yaxından məşğul olsun. Hansısa həmsədrin bura gəlməsi əsas deyil. Əgər ABŞ məsələni həll etmək istəyirsə, onda qolunu çırmalayıb konkret addımlar atmalıdır. Trampı bir kənara qoyuram, ən azından dövlət katibi münaqişənin həlli ilə məşğul olmalıdır. Amma Rusiya tərəfdən münaqişə ilə bağlı prezident, xarici işlər naziri səviyyəsində maraq var. Məsələ həll olunmasa da, hər halda yüksək səviyyədə dialoqda iştirak edirlər. Lakin Trampdan soruşsalar, Dağlıq Qarabağın harada yerləşdiyini bilməyəcək”.

Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, əslində Ceyms Uorlik bu fikri Rusiyanın Dağlıq Qarabağ münaqişəsi bölgəsində öz sülhməramlılarının regiona yerləşdirməsi fikrindən əl çəkməsi üçün dilə gətirib: "Yəni, demək istəyirlər ki, ABŞ bununla razılaşmayacaq. Təbii ki, Uorlik deyə bilməzdi ki, Rusiyanın sülhməramlıları münaqişənin hər hansı bir həll edilmə mərhələsində bölgəyə yerləşdirilməməlidir. Məhz bu səbəbdən də bildirib ki, ATƏT-in Minsk qrupu üzvlərindən heç birinin sülhməramlıları münaqişə bölgəsinə yeridilməməlidir. Məsələ burasındadır ki, ABŞ-ın və Fransanın bölgəyə öz sülhməramlılarının yeridirməklə bağlı istəkləri yoxdur. Onlar bunu fiziki cəhətdən edə bilməzlər. Çünki Cənubi Qafqaz və Orta Asiya bölgəsinə Rusiya çox həssaslıqla yanaşır. Amma eyni zamanda istər ABŞ-ın Ermənistandakı səlahiyyət müddəti bitmiş səfiri Riçard Millzin işğal olunmuş torpaqlardan erməni hərbi birləşmələrinin çıxarılması haqda bəyanatı, istərsə də Uorlikin sülhməramlılarla bağlı açıqlamaları birmənalı olaraq Azərbaycanın maraqlarına cavab verir. Bölgəyə hər hansı bir ölkənin sülhməramlılarının yerləşdirilməsi bütövlükdə Azərbaycanın maraqlarına cavab vermir. Bunun nəticəsi olaraq Azərbaycan Dağlıq Qarabağla bağlı istəklərinə çatmaya bilər. Ona görə də məsələyə birmənalı olaraq rəsmi Bakı tərəfindən baxılmır. Bəzən bu kimi fikirləri irəli sürən ölkələr bundan vaz keçsələr, daha yaxşı olar. Çünki praktika onu göstərir ki, istər Yuqoslaviyada, istər Gürcüstanda Abxaziya və Cənubi Osetiya sərhədində, istərsə də dünyanın ayrı-ayrı nöqtələrində hər hansı ölkənin ordusunun guya sülhməramlı kimi iştirak etməsi münaqişələrin həllinə kömək etmir, əksinə daha da alovlanmasına və uzun illər dondurulmuş şəkildə saxlanmasına gətirib çıxarır”.
Z.Məmmədov ABŞ diplomatlarının son vaxtlar Qarabağla bağlı səsləndirdiyi fikirlərə toxunaraq əlavə etdi ki, Zbiqnev Bzejinskinin "Şahmat lövhəsi” adlı geosiyasi kitabında Amerikanın Avrasiya ilə bağlı strategiyasından danışılır: "Orada da çox aydın şəkildə Rusiyanı zəiflətmək üçün Ukrayna məsələsinə toxunulub və biz bilirik indi Ukraynada vəziyyət necədir. Kitabda eləcə də Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı böyük bir yazıya yer verilib. Təbii ki, ABŞ Cənubi Qafqazın birmənalı olaraq Rusiyanın təsiri altında olmasında maraqlı deyil və ola da bilməz. Suriya, o cümlədən Yaxın Şərqdəki və Şimali Afrikadakı digər münaqişələr, Ukrayna və Şərqi Avropa məsələsi hələ ki Amerikanın tam olaraq öz gücünü və qüvvəsini Cənubi Qafqaza və Orta Asiyaya gətirməsinə imkan vermir. Ermənistanda Rusiya hərbiçilərinin olması və bu ölkənin rəsmi Moskvadan iqtisadi və hərbi asılılığı kimi məsələlər ABŞ-a yaxşı məlumdur. Azərbaycanın İranla Rusiya arasında yerləşməsi, xüsusilə son zamanlar gündəmə gələn İran məsələsində geosiyasi baxımdan ölkəmizin ABŞ üçün əhəmiyyəti daha da artırır. Onu qeyd edim ki, Obama dönəmində ABŞ-la münasibətlər gərginləşmişdi. Çünki Obama liberallaşma və açılım siyasətini aparırdı. Amma Tramp və onun administrasiyası İranla bağlı qəti mövqe nümayiş etdirməkdədirlər. Ümumi götürdükdə isə Bakının istəyi ATƏT-in Minsk qrupu ölkələrindən artıq qəti addımların atılması, sözdən daha çox əmələ keçilməsi və Ermənistanı fakt qarşısında qoyulmasıdır. Azərbaycan öz dostlarından, tərəfdaşlarından bunu gözləyir. Hamıya bəllidir ki, Azərbaycanın istər Rusiyaya, istər ABŞ-a, istərsə də digər ölkələrə verə biləcəyi divident daha çoxdur, nəinki Ermənistanın”.


Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər