Unut məni, unuda bilsən...
Azərbaycan
Dövlət Musiqili Teatrının səhnəsindəyəm. Bəli, məhz səhnədə. 14-15 noyabr
tarixlərində Şota Rustavelli adına Tbilisi Dövlət Dram Teatrının Bakı
premyerası olan tamaşasını izləyəcəm. Nə mutlu bizə. Məhz dünyaşöhrətli
rejissor Robert Struanın quruluşunda bu tamaşa faktı ilin "teatr hadisəsi”dir desəm, heç kəs məni
qınamaz. Ancaq tamaşa "hadisə” ola bildimi? Bunu sonda siz qərar verərsiz.
"Mariya
Kallas. Dərs” tamaşası məşhur opera ifaçısı Mariya Kallasa həsr olunan
amerikalı yazıçı Terrens Maknellinin "Ustad-dərsi” pyesinin əsasında səhnələşdirilib.
Səhnədə uzununa iki ağ fon yaradılıb, bu fonda məşhurun şəkilləri əks olunur,
musiqisi səslənir, sağ tərəfdə üzərində konyak dolu badə olan royal durur. Səhnə
işıqlarının üzərində məşhurun "stulu”, skripka, notların rəfi yer alıb. Mariya
Kallas "dörd səs bir qadında” cəmləşən məşhur-dünya ulduzu kimi seyricilərə
tanıdılır və ya yada salınır.
Məşhur rejissor
Robert Strua niyə məhz Kallasa müraciət edib? "Kallas” sözünün mənası sənətə
"qul” kimi xidmət etmək, bütün şəxsi ambisiyaları unutmaq deməkdir. O, pyesdə
yeni estetik konsepsiyasını görüb, ol səbəbdən də tamaşanı "Mariya Kallas. Dərs”
adlandırıb. Bu, Robert Struanın dərsi idi. Nəzərə alın ki, tamaşanın ilk
premyerası 2013-cü ildə "Fabrik” teatr-studiyasında baş tutub. Və rejissor bu səhnədə
gənclərə "Dərs” keçməyi uyğun bilib.
Kimdir
Mariya Kallas? O, dünya opera sənətinin refermatoru, səsində dörd dünyanı cəmləşdirən
yüz ildə bir dünyaya gələ biləcək nadir tapıntıdır. Robert Strua Mariya Kallas
rolunu vaxtilə Rustavelli teatrının aktrisası olmuş, "Suramski qalası haqqında əfsanə”
filmi ilə tanınmış Lela Alibeqaşviliyə - ifadəli səhnə görünüşünə, gürcü
xarakterindən törəyən çılğın temperamentə malik aktrisaya həvalə etmişdir. Onun Kallası sadədir,
güclüdür, əvəzolunmazdır - tələbələrdən nə istədiyini bilir. O, müəllim kimi qəddardır,
onu heç bir gənc-vokalist razı sala bilmir. Lakin bu onun insani keyfiyyətlərini
şübhə altına almır. Çünki o, ən yüksək nəticəni istəyir, peşəkarlığın zirvəsindən
çıxış edir. Robert Struanın tamaşasında Kallas məhz bu cür oxunur. Onu da deyim
ki, gənc vokalçıların gözündə o eqoist, zəhlə tökən, kaprizli ifritə kimi
anlaşılır.
O isə hər
şeyini, xüsusilə yeganə sərvəti olan səsini itirmiş bədbəxt qadındır. Onun bu səsdən
yadigar qalan məşhurluğundan savayı heç nəyi yoxdur. Razılaşaq ki, bu faktlar
mütləq onun xarakterinə sirayət etməlidir. O, nə qadın kimi, nə ana kimi
yaşamağın nə demək olduğunu bilmir. Bildiyi sadəcə məşhurluğun dəqiq formasıdır
ki, illərdir o, bu formatda yaşayır.
Mariya
Kallasın səhnədə ilk tərəfmüqabili akompaniator David Darçiyadır. Onun vəzifəsi
royalda müşayiət etməkdir. Smokinq ilə süslənən oyunçu Mariya Kallasın yanında
danışmağa belə cəsarət eləmir, o mızıldayır, pıçıldayır. Yaxşı insan kimi təqdim
olunan akompaniator səhnədə sanki təqdimatçıdır. Təqdimat belə başayır:
"Mən orta yolu sevmirəm”. Özünün də dediyi
kimi Kallas, vokalçılardan da ən yüksək səviyyədə çıxış, maksimal nəticə, ideal
ifa tələb edir. Onun birinci tələbəsi-I Sopranonun (ifaçı Lela Axalaiya) səhnə
adı Sofiyadır. Dərsin Sofiya üzərində nəticəsi bu olur ki, hər bir ifaçının öz
siması, öz tərzi və şəxsiyyəti olmalıdır. Sofiya isə individuallığını itirmiş,
zəif bənzətmə ilə yaşayan çaşqın, yazıq simalı ifaçıdır. Onun üzərində apardığı
qısa dərsdən sonra məşhur Mariya Kallas gəncin gizli qalan temperamenti açmağa
nail olur. Və ona "rəssamın güclü xarakteri olmalıdır” deyib, sonucda arxasınca
"get, vaxt gələr soyuq opera səhnələrinin küncündə tənha qalanda məni yada
salarsan!” deyir. - I DƏRS.
Mariya
Kallasın hüzurunda ikinci soprano dayanıb. Al qırmızı paltar, yaraşıqlı sima,
özünə açıq-aşkar geyimi, duruşu ilə diqqətləri cəmləyən Ketevan Svanidze. Elə
bununla da o Mariya Kallasdan ilk "şillə”nı alır, o, dərsdən qovulur. Çünki
Ledi Maqbet bu görkəmdə ola bilməz. Ambisiya yaradıcılığa maneə olmamalıdır. Bu
Mariya Kallasın növbəti dərsidir. Güclü opera səsinə malik olan Ketevan
Svanidze isə çətin ariya olan Ledi Maqbetin öhdəsindən uğurla gəlir. Şekpir qəhrəmanının
bütün ehtiraslarını nümayiş etdirən gənc sopranodan Mariya Kallas daha yüksəyini
istəyir. Və gənc ifaçını qıcıqlandırır: "Siz öldürə bilərsiz? Yox? Demək siz
heç bir vaxt nə Medeyanı, nə Ledi Maqbeti oxuya bilməyəcəksiz.” - II
DƏRS.
Sonuncu
tələbə tenor səsli (bu rolda peşəkar opera ifaçısı Arçil Qoqitidze çıxış edir)
Toni Puççininin "Həsrət” operasından Kavaradossi partiyasını ifa edir. bu dəfə
digərlərinin əksi olaraq Müəllim ondan emosiyalarının gizlədilməsini
tələb edir. Arçil Qoqitidzenin ifası tamaşaçılarının alqışına səbəb olur və həqiqi
peşəkarlıq əlbətdəki qiymətləndirilir. - III DƏRS.
Bu, əgər
Robert Struanın tamaşasıdırsa, burada gərək ki, hər effekt yer alsın. Tamaşanın
gülüş qatı səhnə işçisi (David Uplisaşvili) üzərində qurulub. O, tamaşanın əvvəlində
sadəcə işini görən səhnə fəhləsidir - acıdil, Kallasın heç bir əmrinə tabe
olmayan sakit işçidir. Lakin biləndə ki, bu "Kallas”dır, tamamən dəyişir, gülərüz,
diqqətcil, hörmətcil, səmimi Kallas vurğununa çevrilir.
Tez-tez
dəyişən işıq fonu sanki Mariya Kallasın hisslərini qabardır. Sağ və sol tərəfdən
əyləşən seyrcilər sanki oyunun iştirakçısına çevrilirlər. Tamaşaçılar bu Ustad
dərsi nin iştirakçısı olurlar. Tamaşanın emosional obrazına çevrilmiş
Bellini, Verdi, Puççininin operaları, Bethoven və Qii Kançelinin musiqiləri
fikir-ideyanı tamamlayır.
Səhnə həlli
Robert Strua və Nino Kantidzeyə, səhnəqrafiya Robert Strua və Mirona Şvelidzeyə,
musiqi tərtibatı İi Sakandelidzeyə məxsus tamaşanın konsertmeysteri Viktoriya
Çaplinskayadır.
Tam qətiyyətlə
demək olar ki, rejissoru Robert Strua olsa da, bu tamaşa rejissor tamaşası
deyil. Hər bir aktrisanın arzusunda olduğu monopyesdir. Mariya Kallasın keçdiyi
dərslər rejissor tərəfindən yaradılmış münbit hadisələrdir - Kallasın məşhurluq
zirvəsini anlamaq üçün, onun səsinin əlçatmaz olduğunu sübuta yetirmək üçün. Bu
dərslərdə tələbələrin çıxışı qısa, konkret idi
və yalnız onların xarakterlərini açmağa deyil, Kallasın məşhurluq
kaprizlərini, şəxsi keyfiyyətlərini göstərmək üçün lazım idi. Dərs müddətində
Mariya Kallas Stanislavskinin sisteminindən qoparılmış öz variantını, şəxsi həyatı
və karyerasının xatirələr teoriyasını açıqlayır, fasiləsiz danışır. Bu tamaşada
yeganə oxumayan şəxs Mariya Kallasdır.
"Alqışlamaq
lazım deyil, biz teatrda deyilik, bura işləməyə gəlmişik, bura dərsdir, əllərinizi
çırmalayın və işləyin”... Dərs bitir, Mariya Kallas gedir. O, öz tənhalığına
gedir, gedərkən son sözünü deyir: "Unut məni, unuda bilsən”.
Aygün Süleymanova
teatrşünas